DƏMİRİN ZƏRİF ŞEİR
DÜNYASI
Adı Dəmirdir bu şairin. Tovuzun Çeşməli kəndində dünyaya göz açıb. Dəmir möhkəm, ağır kimyəvi elementin adıdır. Bərkdir və bu səbəbdən həmişə insan dözümündən söz düşəndə onu dəmirə bənzədirlər. Mən Dəmir Çeşməlini də belə möhkəm, qətiyyətli bir insan kimi tanıyıram. İxtisası da hüquqşünasdır. Amma onun şeirlərini oxuyanda bu qətiyyətli, möhkəm xarakterli insan gözlərim qarşısında zərif, kövrək hisslərlə yaşayan bir şairə dönür.
Dəmir Tovuzun şeir-sənət mühitində boy atıb. Şeirlərində xalq ruhunun, folklor poetikasının təsiri danılmazdır. Hətta o qədər ki, xəyalımda onu əlinə saz tutub aşıq mahnılarını şövqlə oxuyan görürəm. Amma Dəmir Çeşməli xalq poeziyasından, aşıq şeirindən nə qədər bəhrələnsə də, bu günün şairidir. Necə ki, qocaman bir ağacın hələ də qurumayan budaqlarının yerində təzə, yaşıl pöhrələr boy atır, yəni bu pöhrələr o ağacdan əmələ gəlir. Dəmirin bütün yaradıcılığı qoşma, gəraylı üstündə kök atır və Dəmir hər şeirində çalışır ki, kökünə sadiq qalsın, amma hər şeirində də təzə söz deyə bilsin.
Dəmirin şeirlərində üç əsas mövzu var: Məhəbbət, Təbiət və İnsan. Hansı daha önəmlidir, bunu demək çətindir, çünki onun Məhəbbət şeirlərində Təbiətdən gələn saflıq, duruluq var. Bu məhəbbət şeirlərinin qəhrəmanı İnsandır-sevən, sevilən insan. Təbiət şeirlərində insan sevgisi duyulur. Təbiətlə İnsan bir-birindən ayrılmır. İnsandan danışan şeirlərində də Məhəbbətin, Təbiətin səsi gəlir.
Burda ağac gördüm çiçəkləmişdi,
Yarpaq budaq üstə ləçəkləmişdi.
Burda bir qız vardı... göyçəkləmişdi...
Axtardığım yerdə itirdim səni.
Dərələr uzanır üzü yuxarı,
Zirvənin göz yaşı çayın axarı,
Örüşdən qayıdır çoban naxırı,
Axtardığım yerdə itirdim səni.
Göydən yerə sevgi töküləsiydi...
Həsrətim çarmıxa çəkiləsiydi.
Yolumuz yenidən çəkiləsiydi,
Axtardığım yerdə itirdim səni.
Məhəbbət, Təbiət və İnsan...bu şeirdə necə də vəhdət təşkil edir. İndi bu üç mövzunu ayrı-ayrılıqda nəzərdən keçirək.
MƏHƏBBƏT. İnsanın, sevən qəlbin ən ali, ən zərif və həm də ən müqəddəs hisslərini ifadə edən məhəbbət, sevgi poeziyamızın əsrlər boyu tükənməyən, hər dəfə yeni çalarlarla zənginləşən ən başlıca mövzusu olmuşdur. Şairlər dünyaya, kainata, həyata, gözəlliklərə və əlbəttə, sevdikləri qadına məhəbbətin gözü ilə baxmışlar. Dəmir Çeşməli də bu məhəbbət şairlərindəndir. Onun şeirlərində bizim əksər sevgi şeirlərinə xas olan hicran, ayrılıq, iki insan arasında baş verən üzüntülü anlar, həsrət və həm də ümid motivləri diqqəti cəlb edir. Bir sevgi nağılı ilə qarşılaşırsan. Bir az qəmli, bir az da ümid doğuran nağıl. Hər halda, insan öz sevgisini unutmursa, bu sevginin eşqilə ümidlənirsə, səadətini bu yolda tapırsa, yaşamaq gözəlləşir onun üçün. Lap ortada ayrılıq da olsa.
Qaynayıb daşardın mənsiz,
Həddini aşardın mənsiz.
Təklənib yaşardın mənsiz,
Səni belə xatırladım.
Bəzən bir ani xatirə ürəkdə tufan qoparır. Lirik qəhrəman-sevən aşiq ayrılığa sığınır.
"Durnalar" mahnısı düşməz dilinnən,
Gözlərin doymadı durna selinnən,
Əlbət bir də dönər Kərkük elinnən,
Durnalar qayıtdı...durnam dönmədi.
Dəmirin bayatılarından da sevgi çiçəkləri ləçəkləyir. Bu bayatılar onun xalq poeziyasına, bayatı janrına bələdliyindən xəbər verir. Dörd misrada sevən qəlbin hissiyyatını, nigaran ruhun çırpıntılarını təsvir etmək şairdən ustalıq tələb edir.
Aşiqəm, gələn gəlsin,
Dərdimi bölən gəlsin.
İtirmişəm özümü,
Yerimi bilən gəlsin.
Əzizim qönçədi gəl,
Təbrizdi, Gəncədi, gəl.
Könlüm sənin önündə,
İncədən incədi, gəl.
Məhəbbətin son akkordu "Yaşayır məhəbbət" şeirində ifadə olunur. Bütün bu ayrılıqların, umu-küsülərin sonunda yaşıl işıq yanır. Yaşamağa, sevməyə dəyər!
Buluddan ayrılıb, yağmağı qalıb,
Üfüqdən boylanıb doğmağı qalıb,
Bir də ürəyimdə doğmağı qalıb,
Yaşayır, məhəbbət ölməyib hələ.
TƏBİƏT. Dəmir Çeşməli təbiətə valeh olan şairdir. Xüsusilə, gördüyü mənzərələr: başı qarlı dağlar, dərin dərələr, gur axan çaylar, pərişan söyüdlər, ilin fəsilləri, çeşmələr onu ilhama gətirir. Onun "Dağlar" gəraylısı ən gözəl, nümunə göstərilməyə layiq təbiət şeirlərindəndir.
Kimsəsi yox, kimi vardı,
Yolu azıb, cığır dardı,
Libası, kəfəni qardı,
Bükülüb ağlara dağlar.
Yan-yana düzülüb düzü,
Qibləyə boylanır üzü.
Var olsun neçəsi... yüzü,
Söykənib dağlara dağlar.
Başqa bir şeirində isə "Aparın dağlara məni" deyir:
Seli sellənib gözləyir, Gülü güllənib gözləyir, Daşı dillənib gözləyir, Aparın dağlara məni". O, təbiət şeirlərini təkcə peyzaja, lövhə təsvirinə meyl eləmir, həm də təbiətlə insan qəlbi arasında harmoniya axtarır. "Bir qönçə qızardı, güldü üzümə, Bir baxış boylandı , baxdı gözümə, Yumru tumurcuq söz verdi sözümə, Çiçək açasıydı, açmadı bu yaz".
İNSAN. Dəmirin bütün şeirlərinin qəhrəmanı yaşamaq, yaratmaq, sevmək, sevilmək eşqilə çırpınan insandır. İlk növbədə bu insan Vətənini, elini, obasını sevir.
Yoldan yola, əldən ələ,
Qatılıb belədən belə.
Adı düşüb dildən dilə,
Çarmıxa çəkilən Vətən
"Haça Qaya" adlı lirik poemasında Dəmir möhtəşəm təbiət abidəsi olan "Haça Qaya" önündə düşüncələrini oxucularla bölüşür. Vətən, onun qədim tarixi, dağları, qayaları haqqında təəssüratlarını söyləyir. Dəmirin "Nələr çəkdim" şeirində bir insan ömrünün nigarançılığı, ömür yolunda rast gəldiyi haqsızlıqlar xatırlanır. Amma şeirlərində nə qədər nigarançılıq, şikayət "çiçəkləsə"də biz həyata bağlı bir insanın obrazını görürük. Və sözümüzü də onun bu misraları ilə bitiririk:
Başına dolanaram,
Gözünə dönərəm mən.
Oduna qalanaram,
Közünə dönərəm mən,
Söz sevgilimdi mənim.
Qoy Sözlə Şair arasında bu sevgi həmişə yaşasın...
Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru
Ədalət.-2015.-3 dekabr.-S.7.