Mənim müharibəm

Gördüklərim, düşündüklərim və ağrılarım (may, 1993, aprel, 1999)

 

 

Nemət VEYSƏLLİ,

Azərbaycan Dövlət Rəssamlıq

Akademiyası, redaktor

 

(əvvəli ötən saylarımızda)

 

Medalın tərs üzümövcuddur: ermənilər azərbaycanlılarla bir süfrə arxasında otura-otura, "axber", "qonşu" deyə-deyə bizə arxadan nizə sancdılar. Havadarlarına, neçə illərdən bəri gizlin-gizlin yığdıqları silahlara söykənə-söykənə dedilər ki, çıxın bu torpaqlardan, daha bu yerlər bizimdi. Tarixən özlərinə aid, məxsus olmayan ərazilərə iddia qaldırdılar. Diplomatik görüşlərdə, beynəlxalq məclislərdə, Avropada, Asiyada elə hey qışqırırlar ki, biz haqlıyıq. Üstəlik də ana və bacılarımızı girov götürürlər, ocaqlarımızı, evlərimizi yandırırlar. Əsrlərin süzgəcindən keçən, ağrı və acılarımızı, fərəhli və kədərli günlərimizi divarlarında, tağ və ornamentlərində yaşadan abidələrimizi vəhşicəsinə dağıdırlar, bizi keçmişimizdən məhrum etmək istəyirlər. Minlərlə, yüzlərlə azərbaycanlılardan, vətəndaşlarımızdan biri olan, Azərbaycan Milli Ordusunu, ölkəmizin vətəndaşlarından birini təmsil edən polkovnik-leytenant Rövşən Əkbərov indi neyləməliydi? Hər halda bu ölkədə erməni azğınlığına, vandalına qarşı cavab verən bir kişi tapılmalıydı, ya yox? Başqalarını deyə bilmərəm, amma mən "Azərbaycan ordusu" qəzetinin Qarabağ üzrə xüsusi müxbiri kimi bu tarixi günü - beş yanvar 1994-cü ili çox yaxşı xatırlayıram. Onu da xatırladıram ki, o günü Azərbaycan ordusu sıralarından şəhid, yaralananlar da oldu. Polkovnik-leytenant Rövşən Əkbərovun komandalığı altında qoşunlarımız hücuma keçdilər, itki verdilər və nəhayət, neçə vaxtdan bəri ordumuzun ümumi hücum xəttini ləngidən, cəbhədə bərabərlik xəttinə xələl gətirən "Yaşıl tala" deyilən yer azad deyildibu qələbədən hamı sevindi.

Bayaq təsvir etdiyim "Yaşıl tala" əməliyyatından sonra həmin istiqamətdə Kürdmahmudlu, Alxanlı kimi kəndlərimiz, Haramı düzünün əhəmiyyətli mövqeləri beş-altı aylıq işğaldan sonra azad edildi. Əsgərlərimiz, zabitlərimiz - bir sözlə, bütün Azərbaycan xalqı azad edilmiş torpaqların sevincini yaşadı.

 

Hərbi müxbirya bir neçə başqa mətləblər haqda

 

Peşəkarlara yaxşı məlumdur ki, mətbuatda bölgə, xüsusi müxbir ştatlarından əlavə, birvar - birbaşa baş redaktora tabe olan əməkdaş. Qəzetdəmi, jurnaldamı çalışan bu sayaq jurnalist şöbələrdən, redaktor müavinindən yan keçib yazılarını, yazmaq istədiyi mövzuları birbaşa baş redaktorla məsləhətləşir, hazırladığı materialları da məhz onun stolunun üstünə qoyur. Mən bu yazımda bu cür ştatların, ancaq mətbuatda mövcud olan ştatların birinin digərindən fərqli cəhətlərindən uzun-uzadı söhbət açmayacam. Əslində istər milli, istərsə də dünya mətbuat tarixinə yaxşı bələd olanlar yaxşı bilirlər ki, bu ştatlar arasında ancaq tük nazikliyində fərqlər mövcuddur. Amma bu vəzifələrin arasında ana, şah xətdə var: xüsusi müxbirlər həmişə çöllərdə də, qaçda-qovdadır. Bir az da bölgə müxbirinmi, xüsusi müxbirinmi, birbaşa baş redaktora tabe olan jurnalistinmi canında gərək çölçülük, cəngavərlik olsun. Bəzən o işi və fəaliyyətilə bağlı elə gərgin, gözlənilməz məqamlara düşür ki, gərək belə gərgin vəziyyətlərdən çıxış yolu tapa bilsin.

Qayıdıram bayaqkı söhbətinin əvvəlinə - 21 may 1993-cü ilə - mənim "Azərbaycan ordusu" qəzetinə bölgə müxbiri təyin edilməyimin tarixinə. Cəbhənin qaynar nöqtəsində - hərbi müxbiri kimi onun statusu məlumdumu? Səhər, günorta, axşam yeməyini o, harada yeməlidir? Çörək yeyəcəyim hərbi hissə, səyyar yeməkxana yeri müəyyən edilmişdimi? Cəbhə dairəsində hər cür ekstremal vəziyyətə düşə bilərdim - tapançam, avtomatım, ümumiyyətlə özümü müdafiə etmək üçün şəxsi silahım vardımı? Döyüşlər böyük bir ərazini əhatə edirdi. Füzuli, Beyləqan, Ağdam və Tərtərg fikrim vardı hərdən yolumu Murova, Hacıkəndə, Daşkəsənə salım. Nəqliyyat vasitələri olmadan bu yolları necə qət edəsən?

Və ən vacibi, bu mənim hərbi müxbir kimi ən əsas və birbaşa vəzifəmdi: yüz kilometrlərlə uzanıb gedən cəbhədə baş verənləri redaksiyaya, hansı yolla, hansı rabitə xətti ilə çatdırmalıydım? Bir vardı təcili, təxirəsalınmaz xəbərlər, bir də vardı nisbətən ləngiyə bilən materiallar.

Reportajları, müsahibə və məqalələri Füzuliyə, Bakıya gedib-gələn hərbçi, mülki şəxslərlə qabaqca öz evimə göndərirdim. Həyat yoldaşım həmin materialları makinada yazırdı və böyük oğlumla Ceyhun Hacıbəyli küçəsində yerləşən redaksiyaya çatdırırdılar.

Bunlar məlum, bunları birtəhər yoluna qoymuşdum. Bəs cəbhədə baş verən təcili, təxirəsalınmaz xəbərləri redaksiyaya necə çatdırım? MN-nin orqanında, rəsmi dövlət qəzetində bu xəbərlər oxuculara çatdırılmalıydı. Hərbi nizamnamə qaydası ilə bu məsələlər yoluna qoyulmasa da, sağ olsunlar rabitəçilər, hazırladığım təcili xəbərləri Bakıya, redaksiyaya çatdırmaqda onlar mənə yaxından köməklik edirdilər.

Hə, bu problemlərlə bağlı bir məqamı da yaddan çıxarmışam: 93-cü ilin mayından ta həmin ilin axırına kimi, yadımdan çıxıb, bəlkə 94-cü ilin əvvəlinə kimi, bütün zabitlər kimi, ərzaq pulu əvəzinə, bizə elə ərzağın özünü natural şəkildə - kartof, soğan, dondurulmuş mal əti, ət məhsulları, makaron, vermişel, buğda yarması, qreçka, hətta pomidor tomatı da alırdıq. MN-nin bu vacib əmri cəbhədə olan zabitlər tərəfindən razılıqla qarşılandı, onlar bir az ailələrindən, övladlarının dolanışığından arxayındılar.

Deyəsən uzun söhbətimizin ana xəttindən bir az uzaq düşdük. Düzünü deyim ki, Azərbaycan jurnalistlərinin, ədiblərinin Böyük Vətən müharibəsindəki fəaliyyətinə, etiraf edirəm, o qədər də dərindən bələd deyiləm. Amma İlya Erenburqun, Konstantin Simonovun, Qrossmanin, Polevoyun 1941-1945-ci illərdəki müharibəyə həsr edilmiş yazılarına yaxşı bələdəm. Hətta, Hitler alman əsgərlərinə əmr vermişdi ki, Erenburqun yazısı çap olunan qəzet əllərinə düşən kimi dərhal yandırılsın.

Hətta dünya şöhrətli yazıçı Ernest Hemunquey (1899-1961) Amerikada, Kubada orijinal həyat tərzini atıb, əvvəlcə qırmızı xaç xətti ilə amerikalılardan ibarət könüllülər dəstəyinə qoşulub, İtaliya cəbhəsinə gedir, orada yaralanır.

1921-ci ildə Torontonun "Star" qəzetinin tapşırığı ilə yenidən Avropada peyda olur. Mussolinin Roma marşını, yunan-türk münaqişəsini işıqlandırır. Hərbi müxbir kimi (1930) dörd dəfə İspaniyaya gedir. Vətəndaş müharibəsindən materiallar hazırlayır.

1944-cü ildə hərbi reportyor kimi Fransaya gedir, müttəfiqlərin Normandiyaya desant tökmələrində, Parisin azad edilməsində iştirak edir. 02.07.1961-ci ildə özünə qəsd edir.

Hyuston Çörçill isə Böyük Britaniya qoşunlarının tərkibində Afrika cəngəlliklərində, Hindistanda ağır hərbi müxbir missiyasını yerinə yetirib.

Adlarını çəkdiyim bu iki şəxsiyyət hərbi müxbir kimi fəaliyyət göstərdikləri dövrdə həm də külli miqdarda pullar qazanıblar. Çəkdikləri əziyyətlərə görə dünyanın ən nüfuzlu ədəbi mükafatlarına layiq görülüblər. Amerika yazıçısı İspaniyada gedən vətəndaş müharibəsini vicdanlı və obyektiv şəkildə təsvir etdiyinə görə müharibə mövzusunda yazan "Ən yaxşı yazıçı" adına layiq görülüb.

Böyük Britaniyanın ən böyük vətəndaşı isə siyasi mövzulara həsr edilmiş məruzə və çıxışlarına, hərbi jurnalistlik fəaliyyətinə görə beynəlxalq Nobel mükafatına layiq görülüb.

gHərbi müxbir təyin ediləndən də qabaq, Azərbaycan Yazıçılar İttifaqında işlədiyim müddətdə də, 13 fevral 988-ci ildən ezamiyyət və məzuniyyətlərimin hesabına tez-tez münaqişə zonalarına gedirdim. Təvazökarlıqdan uzaq olsa da, münaqişə zonasındakı yerli əhali, təşkilatlar, el ağsaqqallarını yaxşı tanıdığıma görə, onlar da məni yaxşı tanıyırdılar. 93-cü ilin mayına kimi dəfələrlə Laçında, Qubadlıda və Ağdamda olmuşdum. Dəfələrlə Şuşada, gözəl ziyalı Namiq Babayev, Şuşa rayon icra hakimiyyətinin başçısı Vaqif Cəfərovla görüşmüşdüm. Prezident Elçibəyin tapşırığı ilə rəhmətlik Afiyəddin Cəlilovun sədr olduğu komissiyanın tərkibində Qubadlı, Zəngilan, Güləbirtə getmişdim. Həmin səfər vaxtı sonralar Milli Qəhrəman fəxri adına layiq görülmüş Əliyar Əliyevlə görüşmüşəm. Onun uca boyu, enli kürəyi, sal qaya təsiri bağışlayan sinəsi, sakit təbiəti, oturuşu, duruşu hələ də gözümün qabağındadır.

Yalan olmasın o narahat, təhlükəli günlərdə Laçını eninə-uzununa dolaşmışam. Bakıda xəbər yayılmışdı ki, ermənilər yaylaqlarda, dağlar massivində İmişli və Biləsuvar təsərrüfatlarına məxsus qoyun sürülərini, avtomat gücünə sürüb aparıblar. Çobanların alaçıqlarını isə yandırıblar. Vertolyotla dağ massivini dolaşdım. Sadınlar, Quşçular, Hacılar, Miriş və Alxaslını, Qarıqışlaq və Zabuxda tut yemişəm. Dərin-dərin dərələri, Həkəri çayında göy rəngli mərmər parçalarını xatırladan çay daşlarının ara-bərəsi ilə şütüyən, rəqs edən balıqların tamaşasına dayanmışam.

Qubadlıdan gedən yolun üstündə, dağların sinəsində "Qayğı" adlı qəsəbə salınmışdı. Memarlar yerli relyefi də nəzərə almışdılar: müasir şəkildə layihələşdirilən binalar, dağların bir parçası, davamı kimi təqdim edilmişdi. Həkəri çayının gur səsi, şırıltısı qabaqca dağlarda, sonra da bu evlərin divarlarında, damında əks-səda verirdi. Əsrlərdən bəri tikdiyimiz, qurub-yaratdıqlarımız bir yana, son illər Laçın tərəflərdə, Laçının dağlara söykənən məhəllələrində, Ağdamın Şahbulaq daş karxanasına gedən yollarda, Füzulinin "Çın qobu" deyilən tərəflərində tikilənlər, başdan-başa yeniləşən, müasirləşən Xocalı da hələlik qaldı ermənilərə. Adını kişi qoyan, özünə hörmət edən azərbaycanlı, Azərbaycan vətəndaşı gərək ermənilərin belə təhqirlərinə dözməsin. Təəssüf ki, biz buna dözürük, nə vaxtacan, bilmirəm.

Demək istədiyim odur ki, mülki şəxs kimi bu böyük əraziyə yaxşı bələddim. Konkret olaraq bir rayonun o birindən fərqi, vərdişlər, adət-ənənələr, siyasiictimai burulğanlar, zəif və güclü tərəflərig mahiyyətcə 93-cü ilin mayına kimi mən mülki adamdım, mülki jurnalistdim. 93-cü ildə əynimə hərbi forma geyindim, zahirən, formaca oldum hərbi journalist. Qəbul edilmiş bəşəri mənəvi meyarlara görə müharibəni təbliğ etməzlər. Ali insani qanunlara görə cəmiyyət, insanlar bu addımı müsbət qəbul etmir. Amma müharibənin, ordunun sərt qanunları da mövcuddu: bilmədiklərini öyrədirlər, öyrənmək istəmirsənsə - səni buna məcbur edirlər. Doyunca yatmaq, dincəlmək istəyirsən, amma ortalıqda vətən var. Vətənin taleyini bir kisə kartof kimi çiyinlərinə ata bilmirsəng

... etməli, 52 yaşımda mən bu özümləşməni, bu mərhələni keçməliydim. Sözsüz, bu prosesdə üç il sabiq Sovet ordusu sıralarında qulluq etməyim dadıma çatdı.

 

(ardı var)

Ədalət.-2015.-4 dekabr.-S.5.