Qonşu Gürcüstana səyahət
Salatın Əhmədli
Məktəbə gedən illərdən M.F.Axundzadə sözünü eşidəndən bu böyük mütəfəkkirə, onun əsərlərinə görə təşnə olmuşam. Məktəbin yuxarı siniflərində Axundzadənin həyat və yaradıcılığını keçəndən sonra onun əsərlərini oxumaq imkanını əldən vermədim. İlk Azərbaycan realist dramurturqu olduğunu da ədəbiyyatşünaslıqdan öyrəndim. İlk latın əlifbasının yaradılmasının təşəbbüskarı olmağını isə mətbuat tarixindən oxudum. Şərq xalqlarının inkişafını maarifçiliyinin və mədəniyyətin yüksəldilməsində görən M.F.Axundzadə əlifba islahatı aparmış, onu İstanbula gətirərək yeni əlifbanın məziyyətlərindən danışmış, çox təəssüflər olsun ki, onu qəbul etdirə bilməmişdir.
1812-ci ildə Nuxa şəhərində anadan olmuş M.Fətəli 1834-cü ildə Tiflisə köçmüş və ömrünün axırına kimi orada yaşamışdır. Dünyasını 1873-cü ildə dəyişmiş və Tiflisdə dəfn olunmuşdur.
Onun ev muzeyinin zəbt olunması, qəbirinin baxımsız olması barədə şayiələr baş alıb gedirdi. Həmişə can atırdım ki, milli dramaturgiyanın banisi, qədim Şərqin böyük mütəfəkkiri M.F.Axundzadənin heç olmasa qəbrin ziyarət etdim. Aradan 137 il keçəndən sonra (!) nəhayət ki, M.F.Axundzadənin nəinki qəbrini, həmçinin onun uzun illər yaşadığı evi də ziyarət edə bildim.
Qədim Gürcüstanın Tbilisi şəhərində iki günlük səfərimizi çox dolğun və əlamətdar hesab edirəm.
7 noyabr 2015-ci ildə biz - AzMİU-nun Qadınlar Şurası və universitetin fəal müəllimlərindən bir dəstəsi Tbilisidə olduq. Bakı-Tbilisi qatarından enən kimi otelə getmədən tədbirlərimizi keçirməyi qərara aldıq. İlk növbədə ümummilli liderimiz Heydər Əliyevin bu şəhərin mərkəzində ucaldılmış abidəsi önünə getdik və abidənin önünü güllərlə bəzədik. Abidənin önündə xatirə şəkli çəkdirəndən sonra yolumuza davam etdik.
Şəhərin görməli yerlərinə tamaşa edərkən Azərbaycanın Gürcüstandakı səfirliyinin yerləşdiyi bina diqqətimizi cəlb etdi. Bu əzəmətli binanın qarşısında dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımızı görəndə sevincimiz birəbeş artdı. Nümayəndə heyətimiz burada da xatirə fotoşəkli çəkdirdi. Səfirlikdən bir az aralı Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Bülbülə qoyulmuş abidə də diqqətimizdən yayınmadı. Biz həmin abidənin də qarşısında dayanıb fotoşəkil çəkdirdik.
Sonra biz XIX əsr Azərbaycan ədəbiyyatı tarixinə məşhur dramaturq, maarifpərvər yazıçı, materialist filosof və ictimai xadim kimi daxil olmuş Mirzə Fətəli Axundzadənin ev muzeyini ziyarət etdik. M.F.Axundzadə 40 ildən artıq Qafqaz canişininin baş dəftərxanasında Şərq dilləri üzrə mütərcim işləmişdir.
Muzeyə çatdıq. İçəri keçib muzey baxıcısı Leyla xanımla tanış olduq. O, bizim Azərbaycandan gəldiyimizi biləndə çox böyük bir həvəslə muzeyin ikinci mərtəbəsinə dəvət edib, otaqlar və orada yerləşdirilmiş eksponatlarla tanış etməyə başladı. Muzey axır illər təmirdən təzə çıxmışdı. Muzeyin yerləşdiyi bina 3 mərtəbədən və səliqəli balkonları olan 6 otaqdan ibarət idi. Muzeyin yola baxan giriş tərəfindən axan Kür çayı və yuxarıda sərt qayalıqların üstündə tikilmiş evlər görünürdü. Muzeyin balkonları incə naxışlarla bəzədilmiş, fasadı təmir olunmuşdu. Muzey II mərtəbədə yerləşir. I mərtəbəsində Azərbaycanın və Gürcüstanın bayraqları yanaşı qoyulmuşdu. III mərtəbə isə konfrans zalından ibarətdir.
Muzeyi seyr edərkən olduğumuz otağa ağsaçlı, nurani bir xanım daxil oldu. Bələdçimiz Leyla xanım bizi onunla tanış etdi: "Tanış olun, muzeyin direktoru Leyla xanım Əliyevadır. "Leyla xanım bizimlə çoxdan gözlədiyi doğmaları kimi görüşdü. Bizim gəlişimizdən çox məmnun olduğu üz-gözündən görünürdü. "Sizə mane olmayım," - deyib öz otağına keçdi. Giriş otağında M.F.Axundovun büstü qoyulub. Dövrün ziyalılarının şəkilləri səliqə ilə çərçivəyə salınaraq sıra ilə divara vurulmuşdu. Eyni zamanda Azərbaycanın görkəmli şəxsiyyətlərindən M.Ş.Vazehin, Q.B. Zakirin, N.Nərimanovun, Ü.Hacıbəyovun, Həsən bəy Zərdabinin, C.Məmmədquluzadənin, Niyazinin və b. şəkilləri də muzeydə öz əksini tapıb.
Otaqlardan biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, o biri isə Azərbaycan və Gürcüstan dostluğuna həsr olunmuş ekspozisiyalardan ibarətdir.
Girişdən muzeyin ən böyük otağına - qonaq otağına keçirik. Bələdçimiz Leyla xanım bizim diqqətimizi çərçivəyə salınmış bir şəklə yönəltdi. Şəkildə yemək stolu, stullar, qab dolabı və divardan asılmış ayı dərisi nəzərimizi cəlb etdi. Bu şəkil M.F.Axundovun yaşadığı dövrdə rəssam tərəfindən çəkilmişdi. Həmin şəklə əsasən qonaq otağı yenidən xüsusi bir zövqlə təşkil olunmuşdu. Başdakı divarın önündə kreslo, yanında isə balaca mizin üzərində tikiş maşını qoyulmuşdu. Maşın Mirzə Fətəlinin qızı Nisə xanıma aiddir. Bələdçimizin dediyinə görə, burada Axundov ailəsinin işlətdiyi məişət əşyalarından yalnız bir çay padnosu (sinisi) qalıb. Padnos taxtadan dördkünc formada hazırlanmışdı.
Bundan başqa muzeydə dramaturqun ailəsinə mənsub kiçik, qədim xalçalar, su bardağı, divar sobası, naxışlı oymalarla işlənmiş yaraşıqlı qab-qacaq dolabı göz bəbəyi kimi qorunur. Tikiş maşını qoyulan yerdə yaylı kreslonun yanında kiçik samovar, dəmkeşə qoyulmuş çaynik diqqəti cəlb edir.
Otaqlardan birində divardan asılmış şəklin yanında oxuyuruq: "Puşkin, Şevçenko M.F.Axundzadə kimi sənətkarları ona görə sevirlər ki, bu ölməz bədii söz ustaları öz əsərləri ilə xalqların xoşbəxt həyat uğrunda birgə mübarizəsinə kömək etmişlər".
Öndəki eksponatda M.Fətəlinin orden və medalları əks olunub; onların sayı 7-dir. Digər yerlərdə qoyulmuş mizlərin şüşəli altlıqlarında dramaturqun əlyazmaları, ona məxsus sənədlər, kitablar qorunub saxlanılır. Ortadakı otaq ədibin iş otağı olub. Bu otaqda onun şəxsi əşyaları, yazı masası, kitab dolabı, divar saatı və o vaxtın ən güclü lampası hesab edilən 30-luq lampa var. Burada eyni zamanda Axundovun müxtəlif vaxtlarda və müxtəlif dillərdə çap olunmuş əsərlərinin üz qabıqlarının sürətləri nümayiş etdirilir.
Giriş otağının yanındakı otaqda, ortada Bakının XX əsrin əvvəllərində yaradılmış afişa sütunu qoyulub. Bu sütun üzərində dramaturqun pyeslərinin teatrda tamaşaya qoyulması haqqında olan afişalar yer alıb.
Muzey 2013-cü ildə Azərbaycanın qeyrətli oğulları tərəfindən başdan-başa təmir olunmuş və demək olar ki, tam yenidən yaradılmışdır.
Muzeyin zəngin kitabxanası var. Muzeyin
direktoru Leyla xanım Əliyeva ilə
görüşümüzdə mən Bakıdan
apardığım kitabları muzeyin kitabxanasına hədiyyə
etdim. Çox hörmətli alim,professor "Respublika" qəzetinin
baş redaktoru Teymur Əhmədovla Cənubi-Şimallı Azərbaycan
ədiblərinin əsərlərini toplayıb 3 cilddə nəşr
etdirmişdik. I cild poeziyadan, II cild nəsrdən, III cild isə pyeslərdən
seçmələr idi. Leyla xanıma
bağışladığım kitablar içərisində
III cildi ona təqdim etdim. Kitabı səhifələyən
nurani qadının gözləri kitabın ilk səhifəsində
yer almış Axundzadə sözünə sataşdı.
Diqqətlə gözlərini yazılar üzərində
gəzdirdi. Biləndə ki, III cild Axundovun pyeslərilə
başlayır, sevincindən gözləri yaşardı,
kövrək səslə dedi: "Siz əgər mənə
qiymətli bir əşya hədiyyə etsəydiniz bu
kitabın mənə bəxş etdiyi xoşbəxtliyi verə
bilməzdi". Onun üzü-gözü
xoşbəxtlikdən şəfəq kimi şölə
saçırdı. Birdən gözlərinə
kədər kölgəsi qondu. Ondan səbəbini
soruşdum. Leyla xanım dedi ki, bizim Azərbaycan uşaq
ədəbiyyatına çox böyük ehtiyacımız
var. Uşaqlarımıza uşaqlara aid ədəbiyyat
tapıb verə bilmirik. Biz də öz növbəmizdə
kitabxanaya imkan daxilində kitab göndərəcəyimizə
söz verdik.
M.F.Axundzadənin
ev muzeyindəki kitabxana Tbilisdə yeganə
Azərbaycandilli kitabxanadır. Muzeydə həmçinin
incəsənət qalereyası və "Monsleur Jordan"
kafe-ədəbi kitabxanası yerləşir və orada M.Fətəlinin
mumdan hazırlanmış heykəli qoyulub. Bələdçimiz Leyla xanım bizə muzey
haqqında böyük sevgi hissilə məlumat verirdi. Əvvəlcə onu gürcü qızına
oxşatmışdım. Fikirləşdim
ki, Azərbaycanca öyrənib ki, gələn qonaqlara məlumat
verə bilsin. Sonra biləndə ki, Leyla əslində
Leyla xanımın nəvəsidir, məndə xoş bir ovqat
yarandı. Bax, əsl sevgi, xalqına məhəbbət
budur. Nəvə Leylanın M.F.Axundovun
muzeyində çalışması, gələn qonaqları
həvəslə, ətraflı məlumat verməsi bu ailənin
mütəfəkkir filosof Axundzadənin böyük sevginin təzahürü
idi. Onu da qeyd etmək yerinə düşər
ki, muzeyin nəzdində Gürcüstan azərbaycanlılarının
Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzi də
M.F.Axundzadənin şərəfinə onun adını
daşıyır.
Ekspozisiyalardan
birini M.F.Axundzadənin böyük rus şairi A.S.Puşkinin
ölümünə həsr elədiyi "Şərq
poeması"nın əlyazması ilə
və "Peterburskiy listok99" (6 iyun 1880 q. str 2-3) sərlövhəli eksponat təşkil
edir. Digər eksponat isə "Ədəbiyyatsevərlər
görkəmli dramaturq M.F.Axundzadə ilə
vidalaşır" adlanır. Burada
dramaturqun məzar və məzarı ətrafında xeyli
adamların olduğu şəkillərdə öz əksini
tapıb.
Tədbirimiz başa çatmaq üzrə idi. Muzeylə,
divarlarında böyük Fətəlinin ruhu
dolaşdığı evindən, orada zəhmət çəkən
insanlardan ayrılmaq nə qədər çətin olsa da,
ayrılmalı idik. Hər şey vaxta tabe
olsa da, vaxt heç nəyə tabe olmur. Ayrılmalı
idik ki, yenidən bura qayıdaq, burada gördüklərimizi həm
dərk edək, həm də dostlara, əbəbiyyatsevərlərə
danışaq.
Gürcü
dostlarımız, iki gündə bizdən ayrılmayan Natiya və
onun ömür-gün yoldaşı Levan bizə öz
doğma şəhəri Tbilisi haqqında, ümumən vətəni
Gürcüstan haqqında həvəslə, ağızdolusu
danışan, rusca ləhcəsi bilinməyən mehriban
Şaron bizi gözləyirdi. İndi gedəcəyimiz
növbəti ziyarət yerimiz, müqəddəs ruhların pərvəriş
tapdığı Axundzadənin və onun əzizlərinin
uyuduğu müsəlman qəbiristanlığı idi. Qəbiristanlığa yol bir qədər
enişli-yoxuşlu idi. Ora getmək
üçün avtobusla dağlara qalxan kanat yoluna getməli
idik. Dağın zirvəsindən
aşağı pilləkənlərlə da xeyli
aşağı düşməli idik. Payız
fəsli olduğuna baxmayaraq bəxtimizdən Gürcüstana
xas olan yağıntıdan və Bakıya xas olan dəli
küləkdən əsər-əlamət yox idi. Tbilisi dağların ətəyində yerləşdiyindən
dağlar şəhəri nazlı bir gəlin kimi
ağuşuna alaraq onu soyuqdan qoruyurdu. Dağdan
aşağı xeyli yol getdik. Aşağıdan
isə dağın döşünə qalxmaq
üçün güc lazım idi. Bizsə
qatardan enən kimi həsrətlə gözlədiyimiz yerləri
ziyarət edəcəyimizdən yeməyə belə razı
olmamışdıq. Yeməyi gürcü
dostlarımızın təkidinə baxmayaraq axşama
saxlamışdıq. Nə bilmək
olardı. Bəlkə sabah
yağış yağar, tədbirimiz, ziyarəimiz baş
tutmazdı. Odur ki, fürsəti əldən
vermək istəmirdik. Qəbiristanlıq Nəbatət
bağında, dağın döşündə yerləşirdi.
Piyada getmək üçün həm xeyli vaxt
lazım idi, həm də yorulmuşduq. Natiya bizə
matarola sifariş verdi. Təxminən
2 kilometrlik yolu 10 dəqiqəyə qalxdıq. Yaxşı ki, piyada getməmişdik. Yoxuşu acqarına çıxa bilməzdik. Nəhayət illərlə həsrətində
olduğumuz dramaturqun məzarını ziyarət edə
bildik.
Nəbatət bağı əsl cənnəti
xatırladır. Göz işlədikcə yamyaşıl
çəmənlər, yaşılyarpaqlı ağaclar
göz oxşayırdı. Onların
içində yarpaqları xəzan rəngində olan
ağaclar insan axını içində kürən adamlar
kimi sıradan boylanırdı. Günəşin
batmasına lap az qalırdı.
M.F.Axundzadənin uyuduğu bu bərəkətli torpaqda
onunla yanaşı ömür-gün yoldaşı Tubu
xanım, oğlu Ələsgər və qızı Nisə
xanım da uyuyurdu. Axundzadənin məzar daşı üzərində
onun hərbi mundirdə tuncdan büstü qoyulmuşdu. Əlini alnına dayaq etmiş, fikrə qərq
olmuş böyük mütəfəkkir bəlkə də
xalqının bir zamanlar cahillik içində
çabalamasına acıyırdı. Onları
qəflət yuxusunda oyatmaq üçün yeni-yeni
mövzular tapıb əsərlər yaratmaq istəyirdi.
Onun əbədi fikrə getdiyini əks etdirən
büstü önündə xeyli dayandıq, ruhuna dualar
oxuduq. Dilimdən bu kəlmələr düşdü:
"Allah sənə rəhmət eləsin Mirzə Fətəli!
Allah sənə rəhmət eləsin Mirzə Cəlil! Allah sizə rəhmət eləsin ölülər!"
Ancaq onlar ölü deyildir. Onlar
həmişəyaşardırlar. Ölülər
izsiz-soraqsız bu dünyadan köçənlərdir. Axundzadə ilə Mirzə Cəlili bir ideya birləşdirirdi.
Milləti qəflət yuxusundan oyatmaq, onları
cahilliyin, cəhalətin cəngindən qurtarmaq, maarifləndirmək.
Buna gücü çatmayan Axundzadə elindən,
torpağından ayrı düşmüş, qərib məzarıstanlıqda
sanki küsərək, inciyərək dağlara çəkilmiş
fikir-xəyala qərq olmuşdu. Mirzə Cəlil
isə qəlbən millətin halına yanmış, "Bu
qədər yazırıq, deyirik, bu millət oyanmır ki,
oyanmır" - deyə-deyə o dünyaya küskün getdi.
Sabir də həmçinin "Əcnəbilər
seyrə balonlara gedir, biz hələ avtomobil minməyiriz"
deyib təəccüb içində əli üzündə
qaldı.
(ardı var)
Ədalət.-2015.-4 dekabr.-S.5.