Mənim müharibəm
Gördüklərim,
düşündüklərim və ağrılarım (may,
1993, aprel, 1999)
Nemət VEYSƏLLİ,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, redaktor
(əvvəli
ötən saylarımızda)
1994-cü
ilin aprelində Cavid Cəlilovun ali məktəbdən
çıxarılması və bundan sonrakı prosesləri
araşdırmaq üçün hərbi qəzetin rəsmi əməkdaşı
kimi dəfələrlə Neft və Kimya Akademiyasına
getdim. Səhv etmirəmsə, deyəsən
iqtisadiyyat kafedrasının müdiri, Ramiz adlı bir şəxslə
(Səmədov) söhbət etdim. O, mənə tələbə
Cavid Cəlilovun tədris müddətində dərsə
davamiyyəti, verdiyi imtahanlar, kəsirləri haqda tam, geniş
məlumat verdi. Təkrar
göndərişlər, imtahanlar. Amma iki, üç dəfə
görüşdükdən sonra Ramiz müəllim hiss etdi
ki, bu kəsir məsələsi, Cavidin məktəbdən
çıxarılması - nə isə bu sorğu-sual -
Allahın arxasında ona məlum olmayan mətləblər
var. Ali məktəbin müəllimi daxilən nə
düşündüklərini tam aydınlığı ilə
büruzə verməsə də, hiss edirdim ki, o bu
mövzudan, Cavidin məktəbdən çıxarılması,
bu epizodlarda neqativ halların olub-olmaması söhbətlərindən
yaxasını kənara çəkir. Hətta
o, sonralar heç bu mətləblər ətrafında
danışmaq, məni maraqlandıran suallara cavab verməkdən
də boyun qaçırdı.
Artıq Bakıda çox da qala bilməzdim. Qarabağda
qızğın döyüşlər gedirdi. Bu məsələni araşdırmaq
üçün redaktorun mənə verdiyi müddət də,
artıq sona çatmışdı.
Amma
özlüyümdə müəyyən etmişdim: əlimə
fürsət düşən kimi bu mövzunun üstünə
yenidən qayıdacam. Sonralar iş elə gətirdi ki,
gözləmədiyim halda belə bir fürsət əlimə
düşdü və bu müddətdə öyrəndim ki,
Əlövsət müəllim oğlunun ali
məktəbdən çıxarılmasına, qayıdıb
kəndə gəlməsini özünün, ailəsinin
böyük faciəsi kimi qəbul edib.
"El-oba içində biabır oldum. Camaat məni
barmaqla göstərəcək. Bax, deyəcəklər,
bu da adını kişi qoyub, oğlunu
oxutdura bilmədi. Beş-üç manat ucundan
uşaq qalıb ortalıqda".
Tanış-bilişlərin dediklərinə görə
əvvəllər ünsiyyətcil, deyib-gülən kimi
tanınan insan bu hadisədən sonra dönüb olmuşdu
qaradinməzin biri. Öz-özünə deyinirdi: "Kənd arasına
çıxa bilmirəm. Axı, mən ali
məktəbdə yaxşı oxumuşam. Cavid
məktəbdən qovulub, bu mənə ləkədi".
Ölkədə müharibə gedirdi. Cavid isə ay
yarım idi ki, kənddə idi. Anası
Əsmayılın bişirdiyi isti və dadlı xörəkləri
yeyir, tər-təmiz mələfəsi olan
yorğan-döşəkdə yatırdı. On səkkiz yaşlı bu yeniyetmə həsrət-həsrət
Padari, Qərət, Top, Zeylər dağlarına, bu
dağların sinəsindəki meşəlikləri seyr
edirdi. Zəyzit çayı isə Baş
Zəyzit kəndini tən yarıya bölürdü. O
bu çayın hər yarğanına, harada iti
axdığına, harada əyildiyini, burulduğunu,
balıqların harada gizləndiyinə yaxşı bələddi.
Göylər də, buludlar də onun istək və
arzularını yerinə yetirirdilər: birdən
dağların başına duman çökür, bu mənzərə
sona çatmamış ağ dumanlar qeybə
çəkilir, qara buludlar dərin və uzun dərələrin
üstünü çətir kimi tuturdu. Göz
qırpımında sel-su aləmi başına
götürürdü. Yeddi minə
yaxın əhalisi olan və bir-birinə bitişik kəndlərin
camaatı mal-qarasını tövlələrə doldurur,
çöldə-bayırda qalıb islanmasın deyə
toyuq-cücələrini hinə kişləyirdilər.
Damları qırmızı kirəmitdən evlər, həyətləri
payalara bərkidilmiş meşə çırpıları
ilə çəpərlənmişdi. Evlərin
damları məktub şəklindəydi.
Qırmızı kirəmitlərin birləşdiyi,
qovuşduğu yerlər ağ dəmirlə
haşiyələnmişdi. Ağ dəmirdən
hazırlanan haşiyələr həm evin damına
yaraşıq verirdi, həm də kirəmitləri bir-birindən
aralanmağa, küləyin ziyanından qoruyurdu. Bu xalq, bu millət binnət olandan, yaranandan
üzü bəri təbiətlə, həyatla qaynayıb
qarışandan bəri - Şəki dulusçuları, şəbəkə
və şirniyyat virtuozları xalqımızın xidmətindədir.
İlahi, Baş Zəyzitin adi ustaları, adi
çay daşından, çürümüş, ilk
baxışda heç nəyə yaramayan meşə
ağaclarından, odunundan nələr yaratmayıblar? Sinəsində min illərin hadisə və əhvalatlarını,
daşqın və gur sellərin fəsadlarını
özündə qoruyub saxlayan çay daşları, adi divar,
təndirxana və oturacaqların ətrafını bəzəyib,
müxtəlif formaya düşüblər.
Cavidin dağlardan, dərələrdən, isti ana
qucağından ləzzət almağı uzun çəkmədi. 1993-cü il
oktyabrın 28-də onu hərbi komissarlığa
çağırdılar. "Atası axır-əvvəl bu
sənin borcundu, - dedi, - get". Bir az
doluxsunan kimi oldu. "Heç nədən
qorxma, qismətin nədir, o da olacaq". Anam
ağlamadı, nənəm ağladı".
Bir ay təlim mərkəzində qaldım. Özümüzünkülərlə
yanaşı, burada qardaş ölkələrin hərbi təlimatçıları
da bizə döyüş, silahlarla necə rəftar etməyin
qaydalarını öyrədirdilər. 93-cü
ilin dekabr, 94-cü ilin yanvar, fevralın ortalarına kimi
çətinliklər yaşadım. Orada
altı gün qaldım. Fevralın 15-dən
sonra bizi qaldırdılar Murova".
Hacıkənd tərəflər, Murov dağ silsiləsi
Cavidin Şəkidə, doğma kəndlərini əhatə
edən dağlardan da uca və əzəmətliydi. Ayrı zaman,
dinc günlər olsaydı, Cavid cavan kimi gərək bu yerlərə
tamaşa etməkdən zövq alaydı. Təəssüf
ki, Cavid bu yerlərə naqolay vaxtı gəlmişdi. Artıq Kəlbəcər döyüşlərinin
qızğın çağıydı.
Bu fikir
min dəfələrlə deyilib: insanı mühakimə etməzdən
qabaq gərək özünü onun yerinə qoyasan. Belə bir vəziyyətə düşsəydim, mən
necə hərəkət edərdim? On səkkiz
yaşı təzəcə tamam olan Cavid belə
qanlı-qadalı diyara, Murovun sərt və amansız
soyuqlarına öyrəşməmişdi. Üstəlik də ümumiyyətlə Kəlbəcərdə
hərbi vəziyyət bizim xeyrimizə inkişaf etmirdi.
Bunu müharibədən, döyüş
taktikasından az-maz xəbəri olanlar da yaxşı bilirlər.
Əlbəttə, bütün bunlar, bunlar və buna
oxşar hadisə və səbəblərin heç biri əsgəri
mövqelərini atıb qaçmasına haqq
qazandırmır. Cavid bu dağların ətəklərinə,
dərin dərələrə hansı yollarla gəlmişdisə,
elə həmin yollarla da bu yerləri tərk elədi. Gəncəni keçib Başzəyzitə gəldi
və atası, kənd müəllimi Əlövsəti də,
vicdanlı vətəndaş kimi, çox
çıxılmaz vəziyyətə saldı. Gələcəkdə bu sakit, işi-gücü,
kasıbçılığı ilə məşğul olan
bu ailənin faciələri elə bu andan başladı.
"Atam düz iki gün məni evə buraxmadı. Qohumların,
tanışların evində qalırdım. Eşitdim
ki, tez-tez deyirmiş: "Vallah onu fərari kimi həbs edəcəklər,
prokurorluğa verəcəklər". Allah kəssin
o günləri ki, mən keçirirdim. Atam
özünə rahatlıq tapa bilmirdi. Bütün
günü papiros çəkirdi, həyətdə var-gəl
edirdi. Bir gün o, sərt şəkildə məndən
soruşdu: "Nə qərara gəlmisən?".
Bir söz demədim. Onun nə
demək istədiyini yaxşı anlayırdım. Komissarlığa getdim, artıq bu neçənci dəfəydi,
təzədən hərbi formanı əynimə geydim.
Bu o vaxt idi ki, hərbi biletimi də "N" saylı hərbi
hissədən, Murovdan cəbhəyə göndərmişdilər. Dəqiq
yadımda qalmayıb, deyəsən, hərbi
komissarlığın həyətindəmi, yoxsa elə
yollardamı təkrar qaçdım. Məni
təzədən Şəkidə "oblavada" tutdular və
yaxşıca da döydülər".
Az bir
zaman kəsiyində Cavidin başına xeyli iş gəlmişdi.
Ali məktəbdən xaric edilmişdi,
pulsuzluğun, ayrı-seçkiliyin acı üzünü
görmüşdü. Təkrar edirəm,
üstəgəl "N" saylı hərbi hissə, Murov və
nəhayət, o Murovun soyuğuna, şaxtasına dözməyib,
hərbi hissəni özbaşına tərk etmişdi.
94-cü il fevralın axırlarından ta
aprelə qədər "oblavaya" qədər, demək
olar ki, o yaşına uyğun olmayan ağır və
sarsıdıcı günlər keçirmişdi və belə
günlər hələ də davam edirdi. Bütün
bu sadaladığım faktların heç də
hamısı Cavidin xeyrinə işləmirdi, ona
başucalığı gətirmirdi. Burada
hərbi mükəlləfiyyətli vətəndaşın Vətən,
xalq qarşısında borcu məsələsi də
ortalığa çıxır. Bütün
bunlara görə Cavid hərbi cinayətlər, müharibə
gedən bir ölkədə məsuliyyət də
daşıyır. Bunların hamısı
faktdır, deyilənlərə görə fakt da çox tərs
şeydi. Amma, hansısa nadanın, hərbi qayda-qanunlara
məhəl qoymadan hərbiçimi, zabitmi atasının
gözləri qarşısında, nümunəvi Azərbaycan
müəlliminin gözü qarşısında Cavidi döyməsi,
təhqir etməsi bütün mənəvi və hüquqi əndazələrdən
kənara çıxır. Fantaziyanıza, xəyallarınıza
bir az genişlik verin - bu səhnəni təsəvvür
edirsinizmi? Çağırışçıların,
tay-tuşlarının, ata-anasının, qoca nənəsinin
yanında döyülən Cavidin ürəyində, beynində
nələr keçdiyini duymaq çətin deyil.
"Özümü
saxlaya bilmədim, qeyri-ixtiyari dedim:
"ata, vaxtında o deyilən pulu, o zəhrimara qalmış
pulu düzəltsəydin, heç məni məktəbdən
çıxarmazdılar, heç bu müsibətlərə də
düşməzdim, gördün başıma nələr gəlir".
Oğlunun belə amansız və reallığa söykənən
sözlərini eşidən, dağ suyu kimi təmiz,
düzlük və ədalət mücəssəməsi olan
müəllimin içini-içalatını yandırdı. Bir
anlığa müəllimin gözləri qaraldı,
başı gicəlləndi. "İlahi,
mən bu dünyada niyə yaşayıram? Sağ ol,
oğlum, üzün ağ olsun, gör həyatımı,
gələcək planlarımı bunun boy-buxunu, gələcəyi
ilə bağlayan bir adam kimi nələr eşidirəm?"
Onsuz da bu
neçə ayda onda artıq can, taqət
qalmamışdı. Pulsuzluq və
kasıbçılıq ucundan atamın oğul, ümumiyyətlə
övladları qarşısında
başıaşağı olması faciədir. Övladların irilmiş və kövrək
gözlərinə baxa bilmirsən.
Gözlərini sağa, sola qaçırdı. Bir anın içində
yaşla dolan gözlərini cib dəsmalı ilə sildi.
Daxilən, mənən oğlunun bu
sarsıdıcı, ürək ağrıdan sözlərindən
sonra Əlövsət müəllim bu geniş, aylı,
ulduzlu dünyada özünə yer tapa bilmirdi, yaşamaq həvəsi
oldu.
"Təqribən üç ay yarım fasilədən
sonra yenidən cəbhəyə, Füzuliyə
qayıtdıq. Aprelin 23-də Şəkidən
çıxdım. Bir müddət
müxtəlif təlim mərkəzlərində qaldıq.
Yenidən Füzuli bölgəsinə,
Haramıya getdik.
Heç
vaxt atamın üzünə ağ
olmamışam. Amma bu hərəkətlərimlə
onun başını aşağı elədim. Atam
kövrələndə həmişə deyərdi: sizin
xatirinizə arzularımın üstündən xətt
çəkmişəm. Bizim tərəflərdə
belə şeylərə çox pis baxırlar. Atam da
bunu çox yaxşı hiss edirdi".
***
Elşad,
Cavidin qardaşı: - Atam Cavidin silahından, silahla necə
davranacağından yaman nigarandı. Deyirdi, əlindən
xata-zad çıxar ha, ehtiyatlı ol.
Zərnaz
Cəlilova, Əlövsət müəllimin həyat
yoldaşı: - İyirmi il bir yerdə
yaşamışıq. Ondan zərrə qədər
də inciməmişəm, incikliyim olmayıb. Son zamanlar yaman papiros çəkirdi, papirosu papirosa
calayırdı.
Fikrət
Bağırov, Əlövsət müəllimin kiçik
qardaşı: - Heç nə hiss eləmirdim. Amma əvvəlki
adam da deyildi, çox siqaret çəkirdi.
Özü də "Astra". Üç günün içində
saçları da töküldü. Tez-tez deyirdi:
"Cavid, qaçma, adımı eldə-obada biabır eləmə.
Döyüşdə həmişə qabaqda get. Bizim Allahımız var, bizə heç nə
olmayacaq". Hamıya da inamı vardı.
Zərnaz
Səlimova, Cavidin anası: - Onu zülmlə saxlamışam.
Kömür yandırmışıq, meşədən
odun, zoğal yığıb onu böyütmüşəm.
Atası Əlövsət Bağırov APİ-nin
fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə
bitirib. 1980-1995-ci illərdə kənddə məktəb
direktoru işləyib. Məktəb
direktorluğundan öz ərizəsi ilə
çıxıb. Respublikanın əməkdar müəllimi,
əlaçı maarif işçisi, həmişə
yazı taxtasının qabağında, mel
əlində olub.
(ardı var)
Ədalət.-2015.-8
dekabr.-S.5.