Mənim müharibəm

 

Gördüklərim, düşündüklərim və ağrılarım (may, 1993, aprel, 1999)

 

Nemət VEYSƏLLİ,

Azərbaycan Dövlət Rəssamlıq

Akademiyası, redaktor

 

(əvvəli ötən saylarımızda)

 

Ermənilər bizimlə dost olublarmı?

ya

Biz ermənilərlə dost olmuşuqmu?

 

Bu barədə az məlumatı olan oxuculara onu da demək istəyirəm ki, bizim kənd - Yuxarı Veysəlli sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti erməni yaşayış məskənləri ilə - sözün həqiqi mənasında əhatə olunub. Çartaz, Sos, Məşədkənd, İsfahan. Bizim kənd ilə rayon mərkəzi - Martuninin arası beş-altı kilometrdi. Ümumiyyətlə, bizim kəndə oxşar Ağdamın, Cəbrayılın da yaşayış məskənləri vardı. Sonrakı illərin müşahidələri, təhlili onu göstərir ki, 1923-cü ildə sabiq DQMV-i yaranandan sonra da münaqişə və mübahisə ocağı olması üçün qəsdən bu cür ərazi-inzibati prinsipinə - bizim başbilənlərimiz, ata-babalarımız ermənilərin bu niyyətini, strategiyasını aydın dərk etməyiblər. İlk növbədə o illərdə imişlilər - Sarxanlı, Buludlu, Cəfərli camaatı da uzaqgörənlik etməyiblər. Bizim kəndin ətrafında, Martuniyə bitişik otlaqlarını, mal-qara, qoyun üçün nəzərdə tutulmuş təsərrüfatlarını unudublar, çəkilib aran tərəflərə gediblər. Məsələn, Şuşa, Xankəndinə bitişik erməni kəndlərinin çoxbilmiş əhalisi, başbilənləri tərəkəmə camaatının örüş kimi istifadə etdiyi min hektarlarla torpaqları zəbt ediblər, sonrakı illərdə də qarış-qarış, addım-addım, on hektarlarla qara torpaqlar Moskvanın köməkliyilə sənədləşdiriblər, ərazi-inzibati bölgüdə isə özlərinin xeyrinə həll ediblər.

88-ci ilə kimi, münaqişələrdən qabaq qəribə mənzərə yaranmışdı. Şuşaya, Xankəndinə bitişik erməni kəndlərinin əhalisi, təsərrüfatlarının üzvləri gəlib Aşağı və Yuxarı Veysəlli, Qacar, Dilağarda, Aşağı Divanalılar - bir sözlə, azərbaycanlılar yaşayan kəndlərin qulağının dibində, vaxtilə biganəliyimiz üzündən əlimizdən çıxan torpaqlarda bağlar, təsərrüfatlar, heyvandarlıq və kökəltmə kompleksləri yaradırdılar. Ötən əsrin 50, 60, 70-ci illərində yuxarılarda yaşayan erməni kəndlərinin əhalisi avtobuslarla, üstüaçıq maşınlarla, çantalarında da hasları, tut araqları onlarla Azərbaycan kəndlərinin başının üstündən keçib, qabaqlar onlara məxsus olmayan torpaqlarda əkin-biçinlə məşğul olurdular. Havalar payıza çönəndə becərilən məhsulları, turşuya qoyulmuş pomidoru, xiyarı, kələmi, kartof və soğanı da yığıb çəkilirdilər dağlara. Vaxtilə Azərbaycan bəylərinə məxsus torpaqlarda salınmış ucu-bucağı görünməyən üzüm, nar və şaftalı bağlarının hesabına emal zavodları tikmişdilər. Bu zavodlarda istehsal edilən və sabiq SSRİ-nin müxtəlif şəhərlərinə göndərilən "Martuni", "Kuropatkino", "Çeşi" adlı çaxır şüşələrinin etiketlərində bu məhsulların Azərbaycana, Azərbaycan torpaqlarına məxsusluğundan əsər-əlamət belə olmazdı.

Qarabağın tən ortasında, anadan olduğum kəndin bütövlükdə erməni yaşayış məskənləri ilə tam əhatə olunub, uşaqlıq və yeniyetməlik, gənclik çağlarım da məhz bu torpaqlarda keçib. Mən vicdanıma təzyiq göstərib deyə bilərəm ki, hə, ermənilər həmişə qonşularına qarşı düşmənçilik münasibəti bəsləyiblər. Mən öz gördüklərimi, düşündüklərimi yazmaq istəyirəm.

...Bütün detalları, təfərrüatları yadımdan çıxıb. Qapımızda bir neçə qoyun, camışımız vardı. Anam qatıq, nehrə ayranı, yağı, qaynanmış südün bıçaq kəsməyən qaymaq, şor düzəldərdi. Bütün sadaladıqlarımı qalın palanı olan eşşəyin belinə yükləyib yollanardım Quzey Çartaza. Kəndimizin yuxarı başından, rəhmətlik Vahid Həsənovun evinin yanından, Quzey Çartaza daş yol dönürdü. Yolun döşəməsi iri-iri və sal daşlardandı. Əslində bu yol vaxtı ilə kəl və at arabaları üçün nəzərdə tutulmuşdu. Ötən əsrin 30-40-cı illərində salınmışdı. Quzey Çartaza gedən at və öküz arabası yolu niyə məhz Aşağı Veysəllinin torpaqları hesabına salınmışdı, bu da məlum deyildi.

...Məhz bu missiya ilə həmişə gedib-gəldiyim, dayandığım həyətdə eşşəyimi zoğal ağacının gövdəsinə bağlayardım. Vallah, həyət sahibinin, erməni qadınının adı yadımda qalmayıb. Bilirsiniz, neçə ilin söhbətidi - ən azı altmış ilin. Həmin erməni qadını apardıqlarımın hamısını - damlasına qədər natural şəkildə buğdaya, alma, armud qurusuna, pula dəyişdirərdi. Üstəlik məni çaya, çörəyə də dəvət edərdi. İsti əllərini üzümdə, boynumun ardında gəzdirərdi.

Bizim kənddə su dəyirmanı olmadığına görə tez-tez Ağoğlan dərəsinə - Zadorun, Məşədkəndin, Keşkəndin dəyirmanlarına gedərdim. Adlarını çəkdiyim bu dəyirmanlardan başqa Arşevin, Sarışın və Musetin də dəyirmanları bu dərədəydi.

Yaşlı ermənilərin söylədiklərinə görə, dəyirmançı Muset kişi Böyük Vətən müharibəsi zamanı almanlara əsir düşmüşdü və onların aviasiya hissəsində təyyarə mexaniki kimi çalışmışdı. Əsir olduğu illərdə maşınların, texnikanın sirlərini yaxşı öyrənmişdi.

Ağoğlan dərəsində, çayın kənarında, Qarabulaq kəndinin Şahgəldi adlı kəhrizi də vardı. Kəhriz su dəyirmanın beş-on addımlığındaydı. İlahi, Şahgəldi kəhrizinin necə də gur axan, dupduru, dadlı-tamlı suyu vardı. Havalar soyuqlaşanda lağımlardan, su quyularından, kəhrizin və nəhəng, ilməli, ornamentli ağ daşdan olan novlarından havaya isti buxar qalxardı. On-on bir yaşlarımda gördüklərimə, o kəhrizdən su içmək, çay kənarları ilə düzülmüş "Kəhriz kompleksinə" tamaşa etmək indiki gözəllik meyarları ilə müqayisəyə gəlmir, o ayrı aləm, ayrı xoşbəxtlikdi.

Ötən əsrin 50-60-cı illərində bizim kəndin əhalisinin əksəriyyəti dən üyütmək üçün bu dəyirmanlara gedərdi. Yaşlı erməni dəyirmançıları deyim ki, bizimkilərlə özlərinkilər arasında ayrı-seçkilik salırdılar, insafən bunlar da olmayıb.

Rzalar obasının uşaqları, yeniyetmələri mal novatına, adətən, aşağılara - Əstəməz tərəfə, Tola düzünə, Füzuli-Martuni asfalt yolunun sağ tərəfinə, dərin dərələrə, uca təpələrə gedirdi. Heyvanlar çöllərdə doyunca otlayandan sonra, qarınları şar kimi şişirdi, susuzluqdan mələşirdilər.

Günün duran vaxtı uşaqlı, böyüklü, mal-qaramız, qoyun-quzumuzla birgə axışardıq Keşkənd kəhrizinin üstünə. Kəhrizin başına təkcə Veysəlli camaatı yox, eləcə də Keşkəndin biçinçiləri, bağda-bostanda çalışan kolxozçuları da gələrdilər.

Mənbəyini kəhrizdən götürən arx qırağı bostan, tut ağaclarıydı. Özümüz də, mal-qaramız da kəhrizin bumbuz, indi həsrətini çəkdiyimiz suyundan doyunca içirdik. Hətta, çox vaxt qara camışımızı kəhrizin lap aşağısında, axırıncı novunda başdan-ayağa yuyurdum, çimizdirirdim. Yuyulandan, çiməndən sonra camışın qalın dərisi par-par parıldayardı. Özümüz də, heyvanlarımız da iri, qol-budaqlı, bir az da əldən-ayaqdan uzaq tut ağaclarının dibində dincələrdik.

Novata gedən yeniyetmələrin, erməni biçinçilərinin, bağban və dəryazçılar günün duran vaxtı sərin kəhriz üstünə, tut ağaclarının dibində toplaşması qədim meydan teatr səhnələrini xatırladırdı. Ermənilərin topası ayrı, bizimkilərinki isə ayrı olardı. Onlar tut bağlarının içərilərində, biz isə nisbətən qıraqda süfrə açardıq. Keşkənd kəndinin üstündə qonşularımızla eyni süfrə arxasında oturduğumuz, deyib-güldüyümüz yadıma düşmür. Bəlkə də olub, amma yadıma düşmür. Hərdən həm erməni, həm də bizim ağsaqqalların təşəbbüsü ilə hər iki milləti təmsil eləyən cavanlardan ibarət güləş yarışı, komanda təşkil edilərdi. Güləş yarışmasında neçə nəfərin iştirak etməsi şərt deyildi. Amma seçilib meydana çıxacaq cavanların sayı hər iki tərəfdən eyni olardı. Məsələn, beş nəfər azərbaycanlı, beş nəfər də erməni. Qeyri-rəsmi hakim də müəyyənləşərdi, ermənilər tərəfdən deyək ki, Suren, biz tərəfdən isə Məhəmməd. Təvazökarlıqdan uzaq olsa da, günorta vaxtı Keşkənd kəhrizi üstündə təşkil edilən bu güləş yarışmasında, sözsüz, mən də iştirak etmişəm. O günlərdən uzun illər keçsə də, bir səciyyəvi məqam yadımdan çıxmayıb. Güləş "yarışında" erməni cavanları açıq-aşkar uduzsalar da, cığallıq edirdilər, heç nədən dava salırdılar və erməni ağsaqqalları da onların tərəfini saxlayırdı. Həmişə də erməni dığalarının çirkli boyunlarının ardından iy, qoxu gəlirdi və məhz buna görə də güləş zamanı olmazın əzabını çəkirdim.

Ermənilər primitiv şəkildə təşkil edilmiş güləşdə guya ədalətsiz uduzduqlarını bəhanə edib bizi, mal-qaramızla birgə "kəhrizlərinin" üstündən qovurdular.

- Gedin, öz torpaqlarınıza, öz kəhrizinizin üstünə, orada da dincəlin. - deyirdilər.

Amma, əslində bu kəhrizin üstündə qonşularımızdan daha çox, bizim camaatın istirahət etməyə haqqı vardı. Çünki bu kəhrizi araya-ərsəyə gətirən çoxsaylı quyular məhz bizim - Yuxarı Veysəllinin torpaqlarında qazılmışdı. Kəhrizə kimi, lağını tam düzənliyə, bayıra çıxana qədər uzanan quyular bizim on hektarlarla bərəkətli torpaqlarımızı zay etmişdi. Quyular qazılan yerlərin arasında, böyür-başında heç nə əkmək mümkün deyildi. Bu belə.

Qonşu Çartaz kəndinin fəndgir və uzaqgörən kolxoz sədri də Yuxarı Veysəlli camaatının yararlı torpaqlarının gözü, əkin-biçin, bağçılıq üçün sərfəli olan Tola düzündə də belə bir əməliyyata əl atmışdı. Ta Qızıl qayaya kimi uzanıb gedən bağları, Çevorkaqan istirahət mərkəzini içməli su ilə təmin etmək üçün həmin ərazidən on kilometrlərlə ərazini yarıb gedən, sözün həqiqi mənasında, torpağı yararsız hala salan quyular qazmışdılar. Biz o zamanlar uşaq və yeniyetmə idik. Bu quyuları torpaqlarımızın tən ortasından qazmağı onlara kim, hansı təşkilat icazə vermişdi, bilmirəm. Yuxarı Veysəllinin o vaxtkı kolxoz sədrimi, Füzuli rayon rəhbərlərimi, bunları da bilmirəm.

Sabiq Vilayətin rəhbərləri sonralar bu kiçik, öz işi-gücü ilə məşğul olan kəndə daha böyük problemlər yaratdılar. Ümumi əkin sahəsi qıt olan kəndin Tola düzü deyilən böyük bir ərazini DQMV-nin bağ və təsərrüfatlarını ziyanvericilərdən qorumaq, dərman və gübrə səpmək üçün xalq arasında "kukruznik" adlanan təyyarələr üçün aeroport meydanı yaratmaq fikrinə düşdülər. Maraqlıdı, niyə məhz inzibati-ərazi baxımından başqa bir rayona tabe olan kəndin torpağı seçilmişdi. Bu da başadüşülən deyildi. Çox axmaq və mənasız təşəbbüsdü: niyə belə bir aeroport meydanını ərazicə Yuxarı Veysəllidən qat-qat böyük olan Çartaz kəndinin torpaqlarında axtarmırdılar? Hətta, Yuxarı Veysəllidə Tola düzünün ermənilərlə aeroport meydanı kimi istifadəyə verilməsində razılıq verənlər də tapılıb. Bu işə razılıq verən, razılıq aktına imza atan veysəllilərin kimlər olduğunu, adlarını, soy-adlarını yaşlı nəsil nümayəndələri yaxşı xatırlayır. Erməni aviasiya mütəxəssisləri Tola düzünə rabitə qurğuları, hətta göydə uçan quşun hərəkətlərini belə izləyən antenalar, ekranlar, havanın dəyişməsini dərhal bildirən həssas cihazlar da quraşdırmışdılar və onu da deyim ki, istədiklərinə də nail olmuşdular.

Sabiq DQMV-nin fəndgir və uzaqgörən rəhbərləri, qonşu Çartaz kəndinin kolxoz sədri gözümüzün qabağındaca torpaqlarımızı zəbt etdilər. "Kukuruznik"lər sutkada dəfələrlə havaya qalxır, Vilayətin təsərrüfatlarını dərmanlayırdı.

Maraqlıdır ki, o zamanlar Füzuli rayon, kənd təsərrüfatı mütəxəssislərinə, torpaqlarına cavabdeh olan rayon partiya komitəsi, onun Əlahəzrət birinci katibi hansı mövqe tutmuşdu, bilinmir? Sabiq DQMV-nin hiyləgər, Moskva ilə yaxşı əlaqələr quran rəhbərləri, əlbəttə, Veysəllidə nisbətən savadsız, bu işin sonralar hansı fəsadlar törədəcəyini aydınlığı ilə dərk edə bilməyən kəndin bəzi fəallarını, ağsaqqallarını aldada bilərdilər. Bəs o böyüklükdə Füzuli rayonu, onun rəhbərləri, ziyalıları haraya baxırdılar?

Bu dünya xali deyil. Buna oxşar başqa bir fikri də yada salmaq istəyirəm. Deyiblər, buynuzsuz qoçun qanı yerdə qalmaz. Veysəllidə Tola düzünün aeroport meydanı kimi istifadəsinə etiraz edənlər də tapılıb. Bakıda, Xankəndində edilən hədə-qorxu, təzyiqlərə baxmayaraq razılıq aktına imza atmayanlar da olub. Veysəlli camaatı arasında onların adları hamıya yaxşı məlumdu.

...Günlərin bir günü Veysəlli camaatı - ağsaqqallı, qarasaqqallı bir yerə toplaşıblar, deyiblər ki, daha bəsdi. Biz Ağalar bəyin, Aslan Yüzbaşının, Məşədi Soltanalının törəmələriyik.

 

(ardı var)

 

ədalət.-2015.-10 dekabr.-S.5.