Yüz ilin yalanı və həqiqətin 100 yaşı

 

Hocabəy İhsan Doğramacı fenomeni - Türk İnsanının hüdudsuz qüdrətinin və ölçüyəgəlməz humanistliyinin sübutu, qondarma "erməni soyqırımı"nı tanıtmaq istəyənlərə qarşı qoyulası aşkar dəlildir.

Erməni təbliğat maşını uydurma soyqırım məsələsinin yüzüncü ilini daha hay-küylü keçirməkdədir. Dünya ictimaiyyəti bu apreldə qulaqlarını çox möhkəm tıxamalıdır ki, var gücü ilə çığırıb həqiqəti boğmağa uğursuz cəhd edən erməni yalanının təsirinə duruş gətirsin. Hərçənd, sözdə "erməni genosid"ini tanıtmaq istəyənlərə qarşı qoyulası gerçək arxiv materiallarından başqa bir əsr yaşı olan daha bir Türk Həqiqəti də vardır - Hocabəy İhsan Doğramacı insanlıq nümunəsi. Bu örnək şəxsiyyətin apreldə qeyd olunan 100 illiik yubileyində cənnətməkan ruhunu şad etmək istəyində olan insanların sayəsində professor Məmməd Novruz oğlu Əliyevin (Məmməd Novruzoğlu) bir neçə il əvvəl işıq üzü görən "Hocabəy" kitabı bu dəfə rus dilində İsveçin paytaxtı Stokholm şəhərində nəfis tərtibatla nəşr olunmuşdur. Kitabın redaktoru Giya Paçxataşvili, tərcüməçisi Rəhim Babayevdir.

Diplomat sənəti çox qədimdir. Diplomatik fəallıq Azərbaycan tarixinin müxtəlif dövrləri üçün səciyyəvidir. Ölkəmizin beynəlxalq münasibətləri tarixi dövlətimizin salnaməsinə şanlı səhifələr yazmış bir çox diplomatın adını özündə saxlamışdır. Azərbaycan Demokratik Respublikasının 1918-ci ilin mayında Milli Şura tərəfindən təsdiq edilmiş birinci hökumətində ilk xarici işlər naziri M.H. Hacinski olmuşdur. Həmin il iyunun 4-də Azərbaycan və Türkiyə arasında sülh və dostluq haqqında bağlanmış müqaviləni Milli Şuranın sədri M.Ə.Rəsulzadə və M.H.Hacinski imzalamışdılar. Bir millətin iki dövlətinin arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən görkəmli diplomatlarımızın Fətəli Xan Xoyski ilə, Yusif bəy Vəzirovla, Cahangir bəy Əfəndiyevlə. Azərbaycanın Türkiyədə ilk səfiri İbrahım Əbilovla... davam edən siyahısında əlbəttə ki, professor Məmməd Əliyevin də mötəbər ismi keçir. Elmi, pedaqoji müstəvidə uğurları ilə tanınan Məmməd Novruz oğlu Əliyev 1992-2005-ci illərdə Azərbaycan Respublikasının Türkiyədə, 2005-2009-cu illərdə İspaniya krallığında səfiri olmuşdur.

Şübhəsiz ki, əlaqələrin inkişafı səfirliklər, səfirlər qarşısında yerləşdikləri ölkənin iqtisadi və ya mədəni tərəqqisinin ayrı-ayrı məsələlərini öyrənmək vəzifəsini qoyur. Söz yox ki, səfirin bu və ya digər xadimlərlə ünsiyyəti, yerləşdiyi ölkənin böyük şəxsiyyətləri ilə şəxsi münasibəti vacib əhəmiyyətə malikdir. Azərbaycanın Türkiyədəki ilk böyük elçisi İbrahim Əbilovun Böyük Mustafa Kamal Atatürk ilə yaxın dost olduqları məlumdur. Dövlətlərimiz arasındakı diplomatik əlaqələr tarixinin bu mühüm məqamını Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycanın Türkiyədəki səfirliyinin yeni binasının təməlinin qoyulduğu 1997-ci il 6 may tarixində çıxışında da xatırlatmışdı.

Belə parlaq nümunələrdən biri də professor Məmməd Əliyevin dünya şöhrətli alim-pediatr, Türkiyənin məşhur elm və ictimai xadimi, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, maarifçi, xeyriyyəçi, Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Vəqfinin rəhbəri olmuş professor İhsan Doğramacı ilə dostluq münasibətləriydi. Gözəl qələmi ilə tanınan Məmməd Novruzoğlu bu dostluğa hələ professor İhsan Doğramacının sağlığında mükəmməl ədəbi abidə qurmağa başlamış, onun həyatı və fəaliyyətinə həsr etdiyi kitabı isə qəhrəmanının vəfatından (2009-cu il) az sonra (2010-cu il) işıq üzü görmüşdür. Bu səbəbdəndi ki, türk xalqının aydınlarının dərin ehtiram əlaməti olaraq onaverdikləri ləğəblə eyni "Hocabəy" adını daşıyan həmin kitabda prof.dr. İhsan Doğramacı haqqında söhbət indiki zamanda, sanki sağmış kimi gedir. Əslində insanlığa örnək və həmişəcavan olan, əsrlər boyu yaşayacaq, tərənnüm ediləcək saleh əməllərin sahibi, qudsal ideyaları, humanist arzuları ilə təkcə Türk Dünyasının deyil, bütün bəşəriyyətin inkişaf yoluna işıq salan fenomen şəxsiyyət haqqında bunca mükəmməl yazılmış kitabda vəfatının heç bir ili tamam olmamış felin keçmiş zaman şəklində söz açmaq qədirşünaslıqdan uzaq bir təhkiyə kimi qiymətləndirilə bilərdi. Çünki Hocabəyin millətə əmanət etdiyi mirasın verdiyi fayda haqda, təməlini qoyduğu cahanşümul işlərin vəd etdiyi perspektiv barədə həmişə gələcək zaman, özü də qəti gələcək zaman feli ilə danışmaq və yazmaq daha doğrugur.

Kitabın arxa üz qabığına yerləşəcək ölçüdə qısa təqdimatda müəllif öz qəhrəmanı haqda ən zəruru məlumatları verir:

...Dünyada tibb və təhsil çevrələrində HOCABƏY kimi tanınan prof. dr. İhsan Doğramacı uzun müddət Beynəlxalq Pediatriya Assosiasiyasının (İPA) İcra Komitəsinə və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİSEF) İcra Şurasına başçılıq etmiş, 1946-cı ildə Dünya Səhiyyə Təşkilatının qurulmasına imza atmışdır. Dünyada tibbə, təhsilə, sülhə, mədəniyyətə böyük xidmətlərinə görə Professor Doğramacı dünya dövlətlərinin əksəriyyyəti tərəfindən 250-yə yaxın orden-medallara layiq görülımüş, İngiltərə, Fransa, Almaniya, ABŞ, Yaponiya, Türkiyə, Azərbaycan, İsveç, Finlandiya da daxil olmaqla, 30-dan çox ölkənin universitetinin Fəxri Doktoru, 25-ə yaxın milli pediatriya cəmiyyətinin Elmlər Akademiyasının Fəxri Üzvü seçilmişdir.

Türkmənelinin Ərbil şəhərində zəngin və soylu bir Osmanlı ailəsində dünyaya gəlmiş İhsan Doğramacı ailəsində, Ərbil ibtidaiyyəsində, Beyrut Amerikan Kollecində, Bağdad, İstanbul tibb fakültələrində, Harvard və Vaşinqton universitetlərində mükəmməl təhsil gördükdən sonra , həyatını Türkiyədə müasir tibb vəı təhsil sistemi yaratmağa həsr etmişdir.

Hocabəy İhsan Doğramacı Türkiyədə siyasi partiyalar tərəfindən təklif edilmiş nazir, baş nazir, ölkə prezidenti vəzifələrindən imtina etmiş, alimlərin alimi,müəllimlərin müəllimi kimi qəbul edilən Hocabəy olmağı üstün tutmuşdur. Ailəsinin böyük maliyyə imkanlarını və istedadını səfərbər edərək, dünyada şöhrət qazanmış Hacəttəpə və Bilkənt universitetlərini qurmuş, ölkəsində ən müasir tələblərə cavab verən tibb və ali təhsil sistemini yaratmışdır.

Həyatda ikən Türkiyədə, Azərbaycanda heykəlləri, büstləri qoyulmuş, adına İhsan Doğramacı beynəlxalq mükafatları təsis edilmişdir. Hocabəy dünyanın ən xoşbəxt insanı idi. O, öz həyatı ilə isbat etmişdir ki, həqiqi xoşbəxtlik böyük vəzifələrdə, böyük var - dövlətdə deyil, insanlara, insanlığa xidmət edərək, onların sevgisini, dərin hörmətini qazanmaqdadır.

Hocabəy həqiqi xoşbəxtliyin yolunu-formulunu kəşf etmişdir. Əsil xoşbəxtliyin almaqda deyil, verməkdə olduğunu göstərmişdir. O, malik olduğu hər nəyi varsa-biliyini, zamanını, enerjisini, var - dövlətini millətinə, insanlara verməıklə həqiqi xoşbəxtliyə nail olmuşdur.

Pediatriyada olduğu kimi, iqtisadiyyatda da dahi olan Hocabəy İhsan Doiğramacının ailəsinin maddi imkanları ilə qurduğu fondlar və yaratdığı Bilkənt holdinq vasitəsilə Hacəttəpə, Bilkənt universitetlərinə, başqa təşkilatlara və şəxslərəindiyə kimi etdiyi yardım 6 milyard dollara yaxındır.

İbadət kimi çalışan, çalışaraq dincələn,liderlik-təşkilatçılıq dahisi olan Hocabəy İhsan Doğramacı son dərəcə təvazökar, comərd, vəfalı, yaradıcı, dostcanlı xarakteri ilə, şəxsiyyəti ilə, sözün tam mənasında gənclərə, insanlara, insanlığa örnək olmuşdu...

XVII əsr ispan mütəfəkkiri Baltasar Qrassian "Kamillik elmi" fəlsəfi traktatında görkəmli ərlərin qarşılıqlı rəğbətinə belə tərif verib: "Qəhrəmanla dostlaşmaq qəhrəmana xas xüsusiyyətdir. Bu sirli və gözəl xüsusiyyət təbiətin möcüzələrindən biridir. Ürəklərin və xarakterlərin oxşarlığı mövcuddur. Rəğbətin başlanğıcı hörmətdir, sonra bu, artaraq heyranlığa, axırda isə bağlılığa çevrilir. Rəğbət olan yerdə nəyə isə inandırmaq üçün sözə, əldə etmək üçün isə zəhmətə ehtiyac yoxdur. Rəğbətin iki-məlum və məchul növü vardır, hər ikisi yüksək ruh üçün xoşbəxtlikdir. Rəğbəti hiss etmək, duymaq, anlamaq, fərqləndirmək və qazanmaq böyük məharət tələb edir. Belə əsrarəngiz meyl öz - özünə yaranmasa,heç bir inadlı səy onun yaranmasına kömək edə bilməz".

M. Novruzoğlunun Hocabəyə olan rəğbətinin kökündə duran birinci səbəb əgər hamıda simpatiya oyadan və hər yerdən görünən həqiqət-İhsan Doğramacı fenomeni idisə, digərləri də vardı: Xüsusi qeyd etməyə dəyər ki, müəllif də, qəhrəmanı da alimdirlər. Təsadüfi deyildir ki, M. Novruzoğlu Hocabəyin elmin,təhsilin, mnaarifçiliyin inkişafına göstərdiyi təmənnasız xidmətləri təqdim etməklə yanaşı, prof.dr. İhsan Doğramacını Nobel mükafatı laureatı, lazerin yaradıcılarından olan akademik Alfred Kastlerlə, serb ixtiraçısı Nikola Tesla ilə müqayisə edir,onların oxşar və Hocabəyin xeyrinə olan fərqli cəhətlərinin altını cızır.

Rəğbət doğura biləcək başqa bir xüsusiyyət mahir diplomat olan M. Novruzoğlunun eyni müstəvidə Hocabəyin də diplomatiya məharətini alqışlamasıdır. Siyasətə qarışmasa da, Hocabəy İhsan Doğramacının iyerarxiya intizamına riayət etməsi, fantastik ikna etmək (insanları inandıra bilmək) gücünə və fateh xarakterinə malik olması, dövlət xadimləri, siyasətçilər, millət vəkilləri ilə münasibət qurmaq bacarığı, çətin adamlarla deyil, problemlərlə mübarizə aparması, təhlükələri çox əvvəldən hiss edib lazımi tədbirləri zamanında almaq uzaqgörənliyimüəllif tərəfindən xüsusi vurğulanmışdır.

M. Novruzoğlunun fikrincə, dahilər haqqında yazılmış ən uğurlu kitablar onları çox yaxından tanıyan, onlarla çox səmimi münasibətdə olan insanlar-dostları tərəfindən yazılmış kitablardır. Məmməd müəllimin qol qoyduğu, məsuliyyəti altına çiyin verdiyi işin uğurlu alınacağına kitabın qəhrəmanı özü də inanmış, müəllifi də inandırmışdı. Hocabəyin öz bacısı qızı, eyni zamanda əmisi nəvbəsi olan Faxirə xanıma söylədikləri M. Novruzoğluna sanki qol-qanad verir, onu daha şövqlə işləməyə ruhlandırır.: "Faxirə, ingilis səfiri mənim həyatım haqda bir kitab yazmışdı, bu kitab 6 dilə çevrildi... İndi Məhməd Novruzoğlu mənim həyat hekayətimi daha geniş şəkildə yazır. Burada əsas fərq ondadır ki, ingilis səfiri bir yabançıdır, Məhməd Novruzoğlu bizim ailəmizin üzvüdür".

 

(ardı var)

Ədalət.-2015.-10 dekabr.-S.5.