DOĞUMUN VƏ ÖLÜMÜN MÜBARƏK, YUSİF SƏMƏDOĞLU!

 

"Qalaktika" hekayələr kitabından sonra Yusif Səmədoğlunun nəsr kitabında fasilə yaranır. Bu arada o, yalnız bircə hekayə yazır ("Bayatı-şiraz"), ancaq onu çap etdirməyə müvəffəq olmur. Yalnız 1987-ci il "Ulduz" jurnalının 2-ci sayında hekayə işıq üzü görür. O zaman çox az adam Y.Səmədoğlunun belə bir hekayə yazdığından xəbərdar idi. Bu, o zamana görə çox "xatalı" hekayə idi. Çünki hekayədə QLAVLİTin asanlıqla imtina edə biləcəyi, çapına icazə verə bilməyəcəyi məqamlar az deyildi. Həmin hekayədə söhbət heç də bir cümlə, bir neçə cümlə və yaxud bir neçə abzas üstündə getmirdi, söhbət və mübahisə bu hekayənin məzmununda, mahiyyətində idi. Unutmaq olmaz ki, o zaman ədəbiyyatda sovet ideologiyası hələ çox güclü idi, sistemin arzulamadığı ədəbi qəhrəman heç cür qəbul oluna bilməzdi.

Əsərin qəhrəmanı Səbzəli dayı nə 30-cu illərin inqilabçı obrazlarına, nə "kolxoz quran, bandit tutan" personajlara, nə də zərbəçi əmək qəhrəmanlarına bənzəyirdi. Səbzəli dayı - bu bədbəxt insan restoran çalğıçısı idi. Hər gün tavada bir yumurta qayğanaq edib, öz mənasız çalğısı ilə (kontrabasda) yeyib-içənləri əyləndirən, çox zaman gülüş və ironiya hədəfinə çevrilən bu qoca zavallı müharibə illərində "Hitleri təriflədiyi üçün" (bunu zorla onun boynuna qoyurlar) üç-dörd il qazamatda yatır. Belə bir zavallı insan ədəbiyyatın qəhrəmanı ola birlərdimi? Təbii ki, sovet ədəbiyyatının "ənənələri" belə bir qəhrəman tipini inkar etməli idi. Əgər "Bayatı-Şiraz" yazıldığı dövrdə - 60-cı illərin sonlarında - 70-ci illərin əvvəllərində çap edilsəydi, belə bir möcüzə baş versəydi, sovet ədəbi tənqidi onu öz artilleriyasını gur atəşlərinə qərq edəcəkdi.

Ancaq gəlin, həmin dövrü xatırlamayaq. "Bayatı-Şiraz" hekayəsinə sadəcə olaraq bir ədəbi əsər kimi yanaşaq və hesab edək ki, elə bu hekayə 80-ci illərin sonlarında qələmə alınmışdır. Belə olan təqdirdə də "Bayatı-Şiraz" hekayəsi öz bədii-estetik dəyərin itirmir, çünki bir hekayə nümunəsi kimi o, kamil bir əsərdir. Klassik hekayələrə xas olan "xarakterik bir hadisə, yığcam bir süjet, ümumiləşdirici bir mətləb, müxtəsər, şirin, sadə söyləmə, nəqletmə üsulu" (Mir Cəlal) bu hekayənin də məziyyətlərin təşkil edir, yəni klassik hekayələrə məxsus olan bütün komponentlər "Bayatı -Şiraz"da cəmləşmişdir. Ancaq "Bayatı-Şiraz" sırf müasir hekayədir. Onu müasir hekayə kimi səciyyələndirən cəhətlər isə bunlardır: dil materialının bugünkü ədəbi dilimizin durumunu özündə əks etdirməsi, psixoloji effektin ön plana çəkilməsi (fərdin daxili aləminin bütün incəliklərinə baş vurulması) və əlbəttə, Y.Səmədoğluya məxsus sənətkarlıq priyomlarının nəzərə çarpması...

"Bayatı-Şiraz" hekayəsi 60-70-ci illər nəsri üçün çox səciyyəvi olan bir mövzuda yazılmışdır - bu da adi, sıravi insanın həyatıdır. Müəllif bu sadə və zavallı insanın necə təmiz və saf olmasını bədii tədqiq obyektinə çevirmişdir. Bu əsərlə Anarın "Dantenin yubileyi" hekayəsi arasında oxşarlar, paralellər tapmaq olar. Belə ki, hər iki hekayənin qəhrəmanı sənətdə çalışırlar, lakin istedadsız və bacarıqsızdırlar, həm də həyatda öz yerlərini tapa bilməmişlər. Hər iki hekayə gözlənilməz sonluqla-novellavari tərzdə başa çatır. Ancaq fərdi insan tipi kimi Səbzəli dayı da, Feyzulla Kəbirlinski də özünəməxsusluğu ilə seçilirlər.

"Bayatı-Şiraz" mürəkkəb struktura malik hekayədir. Bir anlığa yenə "Qətl günü" romanını xatırlayırsan. "Qətl günü" əslində, üç mikroromanı özündə birləşdirir, amma vahid süjet xəttinə malik bir roman kimi qavranılır, roman içində "romanlar" onun bütövlüyünə qətiyyən xələl gətirmir. Maraqlıdır ki, "Bayatı-Şiraz"da da hekayə içində kiçik "hekayələr" görürük. Belə bir süjetə aa hekayələrində çox nadir hallarda təsadüf olunur. Yusif Səmədoğlu bu hekayədə obrazın demək olar ki, bütün həyatını qələmə alıb. (heç də uzun-uzadı təfsilatlara gedilmədən) Vahid süjet xəttinin dörd kiçik şaxəsi nəticədə Səbzəli dayının bitkin obrazını gözlərimiz qarşısında canlandırır.

Hekayənin finalını isə heç unutmaq olmaz. İki pulu şəxs Səbzəli dayıdan kontrabasda Bayatı-Şiraz çalmağı xahiş edir və o... canını dişinə iki əlliliyin xətrinə belə bir biabırçılığa gedir.

Üz manat-iki dənə şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun xəyalı gözləri qabağında Səbzəli dayı yavaş-yavaş yol gedirdi.

Az getdi, üz getdi, sevindiyindən birdən başını yuxarı qaldırdı. Qaldırdı ki, baxsın görsün yuxarılarda nə var, nə yox?

Uca binaların zil qara siluetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi. Çünki əlli ildən yuxarı idi ki, süd yolunu görməmişdi.

Dayanıb, əlləri cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dayını ağlamaq tutdu ta ürəyi boşalanacan ağladı..."

Hekayə beləcə tragikomik bir sonluqla bitir. Və hər sətrində yazıçının öz qəhrəmanına rəğbəti duyulan hekayədə yaşadığımız o dövrki cəmiyyətin (lap elə bugünkü cəmiyyətin) bütün eybəcərlikləri böyük ustalıqla canlandırılmışdır. Daha dəqiq: o cəmiyyətin bütün gözə görünən və görünməyən aləmi onun kiçik bir guşəsinə - o balaca restorana sığışdırılmışdı...

 

III

1987-ci ildən Y.Səmədoğlu "Azərbaycan" jurnalına baş redaktor təyin olundu. O, düz 10 il baş redaktorumuz oldu.

1987-1992-ci illərdə Yusifin kabineti qarşısında həmişə bir canlanma görərdim. O illərin dərdli adamları, yerindən-yurdundan didərgin düşənlər haqqı tapdalananlar Yusif qağaya üz tuturdular. Fikirləşirdim ki, axı, Yusif Səmədoğlu nə qədər görkəmli yazıçı olsa belə bu qədər adama necə kömək göstərə biləcək? Amma Yusif Səmədoğlu iynənin ucu boyda bir güman yeri vardısa, köməyini, qayğısını əsirgəmirdi.

O həyəcanlı illərdə Y.Səmədoğlu Azərbaycan Xalq Hərəkatının liderlərindən və ilhamvericilərindən birinə çevrilmişdi. Azərbaycan Xalq Cəbhəsi rəsmi dairədə bir təşkilat kimi qeydiyyatdan keçəndə Y.Səmədoğlu necə də sevinirdi. Onun buna haqqı vardı. Çünki xalq meydana yığılanda Yusif Səmədoğlunu da tribunada görürdü, əslində, Xalq Cəbhəsi Yusif Səmədoğlu kimi xalqın böyük ziyalılarının dəstəyi ilə yaranmışdı. Amma sonralar Y.Səmədoğlu ilə "bəylər" arasında bir anlaşılmazlıq və soyuqluq yarandı. Bu, Yusifin təqsiri deyildi. "Qətl günü"ndə insan psixologiyasının alt qatlarının belə bədii sözün işığına çıxaran Y.Səmədoğlu üçün 5-3 liderin hansı məssəbə qulluq eləməsi və hansı iddialar ilə yaşaması o qədər də müşkül deyildi. Ancaq Yusif Səmədoğlu siyasət meydanından çəkilmədi, Milli Məclisdə, ali kürsülərdə və beynəlxalq aləmdə öz sözünü dedi və bununla sübut elədi ki, kəskin yazıçı ağlı nəinki insanların, hətta insanlararası, dövlətlərarası münasibətlərin də dərinliklərinə baş vurmağa qadirdi.

ıv

 

"İncə dərəsində yaz çağı" hekayəsinin sonluğunu xatırlayıram: "Sayalı arvad... elə bu vaxt başı üzərində səhərki uğultunu eşitdi. Başını yuxarı qaldırıb seyrək buludlardan aşağıda uçan səhərki vertolyotu gördü. Əgər Qara dağ yerindən qopub Sayalı arvadın üstünə gəlsəydi belə qorxmazdı. İçi-içalatı, sümükləri birdən don tutub, onu qara qızdırmalılar kimi titrəməyə saldı. Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:

- Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadır. Başına dönüm, ay doxtur. O da hökumət adamıdır, kolxoz qurub, bandit tutub! Əylə!..

Sayalı arvad çox qaçdı, amma vertolyota çata bilmədi. Üzüqoylu çəmənliyə yıxıldı".

Bu səhnə mənim fikrimcə, analoqu olmayan bir səhnədir.

Hekayə yetmişinci illərin sonlarında dərc edilib. Elə bir vaxtda ki, sovet quruluşu hələ ən böhranlı çağına gəlib çatmamışdı. Doğrudur, daha Xuruşşov dövründə olduğu kimi kommunizm illüziyaları, ideal cəmiyyət arzuları insanları məşğul eləmirdi, amma sosializm deyilən quruluşa inam hələ sarsılmamışdı. Sosializm bir SİSTEM kimi dünyaya meydan oxuyurdu. Ancaq bu sistemin və quruluşun gec-tez dağılacağına, hətta yerlə-yeksan olacağına inananlardan və bunu gözləyənlərdən biri də Yusif Səmədoğlu idi. "Böyük kommunizmin sabahına mən, Sadə xatirə tək gəlməyəcəyəm" deyən Səməd Vurğunun oğlu Yusif Səmədoğlu...

Cəmiyyət artıq qütbləşməyə doğru gedirdi. "Bakıda bütün ölü dirildənlərin ən böyüyü" rayonun "ağası" Salahovun bircə zəngi ilə vertolyotla onun baldızını sağaltmağa gəlir. Amma kolxoz quran, bandit tutan "hökumət adamı" Çərkəz kişi unudulur. Söhbət ondan getmir ki, Çərkəz kişinin dərdinə, xəstəliyinə əlac yoxdur, bu gün-sabahlıqdır, söhbət ondan gedir ki, sosializm idealları puç olmuş və indi özünə qarşı çevrilmişdir.

Yusif Səmədoğlu cəmiyyətdəki hərc-mərcliyi, xaosu, təbəqələşməni və bütün bunların doğulduğu fəlakətləri bir yazıçı kimi hiss edir və görürdü. O, işıqlı ideallardan" yaza bilmirdi və yazmadı da...

"İncə dərəsində yaz çağı", "Bayatı-şiraz", "Astana"... Bu üç hekayə "Qətl günü" romanından öncə yazılıb və əgər belə demək mümkünsə, onlar "Qətl günü"nün çox yaxşı məşqləridir. Hətta mənə elə gəlir, bu hekayələrin hər birinin romanın yazılmasında müəyyən rolu olmuşdur. Onların hər biri müstəqil hekayədir, amma bu hekayələrin üçünün də bir-biri ilə bu və ya digər dərəcədə bağlılığı var. Eyni zamanda, öncə dediyim kimi üçünün də bir yerdə "Qətl günü" ilə "qohumluğu" çatır.

Yusif Səmədoğluya məxsus təhkiyə tərzi, təsvir ustalığı, nəsr ahəngi həm hekayələrdə, həm də romanda davam etdirilir. İdeya-məzmun planında yanaşıldıqda isə bu bağlılıq daha çox hiss olunur. İnsan faciələri: ləyaqətin alçaldılması, mənəviyyat böhranı, cəmiyyətin çıxılmazlığa yol alması, ölüm və qətllərin labüdlüyə çevrilməsi romanda da, hekayələrdə də diqqəti cəlb edir.

"Dərd də azar kimi gələndə batmanla gəlir" "Qətl günü" romanı bu fraza ilə başlayır. "Dünya duracaq yer deyil, ey can səfər eylə" (Nəsimi) - Yusif Səmədoğlunun bu məşhur romanı dünya və insan haqqındadır. Dünyada isə əsrlərdir ki, lokal və qlobal müharibələr, hakimiyyət uğrunda amansız çarpışmalar, ölüm-dirim savaşları baş verir - "Dünya yaşıyor hərb ilə qovğalar içində" (M.Hadi). tanrının yaratdığı insanlar bir-birinə qənim kəsilirlər - "Yalnız deyil insanlara, vəhşilərə sorsan, Onlar belə insandakı vəhşiliyə heyran" (H.Cavid). Bəşəriyyət tərəqqiyə, sivilizasiyaya doğru irəliləyir, insan zəkasının yaratdığı nəsnələr çox şeyi dəyişdirir, ancaq isandakı əzəli-əbədi xasiyyətlərin bir çoxu dəyişilməz qalır. Dünya yenə gücün, zorun, mənə-mənəliyin, işğalçı müharibələrin cəngində inləyir. "Qətl günü" romanı bu mənada bir çağırış-haray təsir bağışlayır. İnsan həyatındakı ahəngdarlıq, ritm və harmoniya pozulanda o, nəfsin, tamahın və qəbahətin qulu olur. Şərqin böyük mütəfəkkiri Cəlaləddin Rumi (1207-1272) yazmışdı ki: "Nəfs üçküclü bir tikandır, nə vəziyyətdə qoyursan qoy, yenə sənə batacaqdır".

Romanda əbədi Xeyir-Şər mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə elə Dünyanın yaranışından üzü bəri gələ-gələ bitmək bilmir. İctimai quruluşlar, cəmiyyətlər və saysız-hesabsız insan nəsilləri bir-birini əvəz edir, amma mübarizə davam edir. Hər dövrün, hər epoxanın, bəlkə də hər günün öz Hörmüzü və Əhriməni olmuşdur. Bu əbədi döyüşdə Şər həmişə güclü olmuş, amma bəşəriyyət Xeyirə, İşığa inam bəsləmişdir. "Qətl günü" də bu mənada istisna deyil və bu mövzu - Xeyir-Şər mübarizəsi onun da başlıca konflikti kimi müəyyənləşə bilər.

Ancaq romanın mahiyyətini yalnız bu istiqamətdə aramaq doğru olmazdı. Doğrudur, romanda şər həmişə aparıjı qüvvədir - yazıçı sanki bir-birini təkrar edən üç dövrdən söz açır - hər dəfə məmləkətin ən gözəl insanları məhv olur, şairlər edam olunur, kütləvi insan qırğınları baş verir, şər meydan sulayır - sanki Dünyanın Xeyir-Şər mübarizəsi elə bu model üzərində qurulubmuş. Ancaq Şərin törədiciləri olan qüvvələr bircə-bircə tarixin yaddaşından silinir, gözəl insanlar isə tarixə, yaddaşa köçürlər. Yusif Səmədoğlunun "Qətl günü"ndə eyni model təkrar olunur.

Bəs əgər təkrar olunursa, onda bu əsər hansı bədii özəlliyilə seçilir? Həmin əbədi mövzuya Y. Səmədoğlu orijinal tərzdə yanaşmışmı? Dünyanın əbədi modelində yeni olan nədir?

"Qətl günü" romanı barədə söz açan müəlliflər təbii ki, bu əsərin Azərbaycan nəsrində maraqlı bir ədəbi hadisə olduğunu qeyd etmişlər. Mən Anarın bu fikri ilə tam razıyam ki: "Mənim fikrimcə, bu romanın meydana çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə malikdir. "Qətl günü" - müasir ədəbiyyatımızın həqiqət günündür".

Bu fikirdə mənim demək istədiyim həqiqətin özəyi var. "Qətl günü" doğrudan da ədəbi fakt çərçivəsindən qat-qat əhəmiyyətlidir. Y. Səmədoğlu yeni tipli Azərbaycan romanı yaratmışdır. Burada Qərb epik romanına məxsus monumentallıqla Qərb romanlarına xas olan polifonizm vəhdətdir.

Yenilik ondadır ki, yazıçı əbədi Xeyir-Şər süjetinə orijinal təfəkkür tərzilə yanaşır. Yusif Səmədoğlunun yalnız bir hekayəsində - "220 №li otaq"da "yazıçı mövqeyi" deyilən bir məqamla qarşılaşmaq olar. Qalan heç bir nəsr əsərində bu mövqe bilinmir və ümumiyyətlə, yazıçının işi "mövqe" nümayiş etdirmək deyil. Yazıçı mövqeyi onsuz da əsərin ümumi ruhunda hiss olunmalıdır. Bunu plakata çevirmək doğru deyil. "Qətl günü"ndə növbənöv insan faciələri gözlərimiz qarşısında canlanır, Xeyir və Şəri təmsil edən qüvvələrin kimliyi və tənasübü də məlumdur. Y. Səmədoğlu öz böyük ustadı Mirzə Cəlilə məxsus bir soyuqqanlılıq nümayiş etdirir. O, Şəri pisləmir, Xeyiri də təbliğ etmir - o, oxucuya ancaq həqiqəti şərh edir. Bu baxımdan Y. Səmədoğlu dünyanın ən nəhəng sənətkarlarının yolunu davam etdirir.

"Dostoyevski öz əsərləri ilə nəyi demək istəyir, nəyi təbliğ edir və nəyi inkar edir? Açıq şəkildə heç nəyi! Həyatda və təbiətdə olduğu kimi. Təbiət öz rəngarəng polifoniyası ilə, müxtəlif hadisələri ilə nəyi təbliğ edir, nəyi təqdir edir? Heç nəyi? Onun hadisələrinin hamısı bərabər hüquqludur. Dostoyevski dünyasındakı hadisələr və qəhrəmanlar da onun üçün bərabərhüquqludur. Lakin oxucu üçün onlar bərabərhüquqlu ola bilməzlər, çünki oxucuda aksioloji yanaşma, hər şeyi dəyərləndirmə, hər bir münaqişəni həll etmə istəyi daha güclüdür. Yazıçı oxucunun bu istəyinə cavab verməlidir, yəni ziddiyyətləri hansısa şəkildə həll etməli və suallara hansısa şəkildə cavab verməlidir" (M.Baxtin. "Dostoyevski poetikasının problemləri" kitabından, Bakı, 2005, səh.15).

"Qətl günü", sovet dövrü ədəbiyyatının artıq öz magistralından kənara çıxdığı dövrdə yazılıb (1981-1984). Doğrudur, 60-80-ci illərdə sovet ideologiyası ötən onilliklərlə müqayisədə öz başlıca funksiyasını - "qalib sovet adamı"nın obrazını yaratmaq missiyasını əvvəlki tərzdə reallaşdıra bilmirdi.

 

ədalət.-2015.-11 dekabr.-S.5.