Mənim müharibəm
Gördüklərim,
düşündüklərim və ağrılarım (may, 1993, aprel, 1999)
Nemət VEYSƏLLİ,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, redaktor
(əvvəli
ötən saylarımızda)
Arxa cərgədən nə vaxt qalxmışam,
kürsüdə çıxış edən natiqin əlindən
mikrofonu nə vaxt almışam və zalda əyləşənlərə
nə demişəm - heç nə yadımda qalmayıb. Bir də
ayılıb görmüşəm ki, Azad qadın heykəlinin
yanındayam. Məndən başqa, mənə
ürək-dirək verən, həmrəylik göstərən
füzulilər də yanımdaydı.
İndiki düşüncələrimə görə o
zamanlar - Azad qadın heykəli (abidənin müəllifi Fuad
Əbdürrəhmanovdur) həndəvərində var-gəl
edəndə, bir insan, vətəndaş kimi nələr
itirdiyimi bütün ağrıları, acıları ilə
dərk etmirdim. Bədənimdən axan qan hələ
isti idi, yaralarımın yeri soyumamışdı. Vətənin işğal edilməsi faktının,
torpaq itkisinin ağırlığını, bu itkinin
heç nə ilə müqayisəyə gəlmədiyini
duymurdum. Sən demə, torpaq, od-ocaq itkisi
- bütün dərdlərdən, faciələrdən
üstünmüş.
... Yolboyu, Füzuliyə qədər nə haqda
düşünmüşəm, hansı suallara cavab
axtarmışam - heç bunlar da yadımda qalmayıb.
...Xatirələri,
yurdlu-yuvası, evi, ocağı, təndiri və arzuları
erməni vandalına məruz qalan veysəllilər fəhlə
yataqxanasını xatırladan rayon mərkəzindəki orta
məktəbin soyuq divarlarına
sığınmışdılar. O cür mərd, heç
vaxt düşmən qabağından qaçmayan camaatın
beli qırılmışdı, qadınların,
qızların ala gözləri yerə dikilmişdi. Xəcalətlərindənmi, düşdükləri
vəziyyətin anlaşılmazlığından idimi -
kişilər donub qalmışdılar. Zavallılar
nə qadınların, nə də uşaqların
üzünə baxa bilmirdilər. Bu kişilər 1988-ci
ilin fevralından, düz 1992-ci ilin fevralına kimi - düz
dörd il idi ki, səngərdə, gərginlik
içindəydilər. Sosun, Məşədkəndin,
Çartazın, qulaqlarının dibindəki Martuninin
özündənrazı, təkəbbürlü
dığalarının atmacalarına, daş və tüfəng
davasına məruz qalmışdılar. Erməni kəndləri
tərəfindən üzük qaşı kimi mühasirəyə
alınan Yuxarı Veysəlli camaatı düz dörd il idi ki, səngərlərdə, kol-kosun dibində
keşik, olmazın əzablarını çəkirdilər.
Azərbaycanın başqa bölgələri -
Qaradağlı (Martuni), Zabux (Laçın), Kərkicahan (Xankəndi),
Süleymanlı (Cəbrayıl), Seyidlər (Zəngilan),
bütövlükdə Şuşa kimi, nə rayon mərkəzindən,
nə də Bakıdan həlledici kömək görmədilər.
Başbilənlərimiz Bakıda, Gəncədə,
Naxçıvanda, necə deyərlər, daha vacib işlərlə
məşğuldular. Vətən isə erməni
işğalçılarının ayaqları altına
atılmışdı, vətən tikə-tikə,
parça-parça olmuşdu.
Qardaşımı
Füzulidə, pərən-pərən olmuş veysəllilərin
arasında tapa bilmədim. Bu hadisələrdən
çox-çox qabaq, başqa bir qardaşım Beyləqanda
yaşayırdı. Düşündüm
ki, yəqin Nizami oraya üz tutub.
Qardaşımı,
onun beş nəfər azyaşlı
uşaqlarını Beyləqanın beşinci şöbəsində
sağ-salamat görəndə bir az təsəlli tapdım. O
soyuq qış gecəsi, beş nəfər
uşaqla, ailəsi ilə Yuxarı Veysəllidən bura necə
gəlib, hansı nəqliyyat vasitəsi ilə gəlib -
ağılasığmazdı. Qardaşımın
özünün, qorxmuş, sarsılmış
uşaqlarının üzünə baxmaq mümkün
deyildi.
Qardaşımla bağlı bu əhvalatdan
çox-çox sonralar, qonşumuz Balaş dayını
Sumqayıta bitişik "Nasosnı" deyilən qəsəbədə
görmüşəm. Gördüm deyəndə veysəllilərin
yasında iştirak edib Bakıya qayıdanda onu beşmərtəbəli
binanın divarlarına söykənən vəziyyətdə
gördüm. Balaş dayı məni
görən kimi ağladı və məni də kövrəltdi.
O, dünyanın düz vaxtı, Veysəlli işğala məruz
qalmazdan qabaq, Rzalar obasında bizimlə qonşu idi. Mənim nənəm Sənəm, babam Allahverdi, atam
Bayramlı, anam Nənəxanım Mustafayevlər nəsli-kökü
ilə qonşuluq etmişdilər. Balaş
dayı qonşu olmaqdan savayı, həm də bizim üçün
- Rzalar obasının uşaq və yeniyetmələrinin əzizi,
havadarı idi. Şair və aşıq təbiətli
bu insan duzlu-məzəli söhbətləri, zarafatları ilə
kənddə məşhurdu. 50-60-cı illərdə,
uzun qış gecələrində Balaş dayı
uşaqlı-böyüklü Rzalar obasını, növbə
ilə hər axşam bir evə yığar, onlara
"Aşıq Qərib", "Əsli və Kərəm"
dastanlarından parçalar, qollar söyləyərdi. Deyəsən, hərdənbir Aşağı Veysəllidə
yaşayan rəhmətlik Aşıq Vəli də bizim obaya gələrdi.
Balaş dayı yastı balabanı ilə
Aşıq Vəlini müşayiət edərdi. Əzabları, Qara keşişin ona etdiyi zülmlərə,
bu səhnələrin təsirindən obanın qız-gəlinləri
kövrələr, yaşlı qadınları
ağlıyardılar. Kürsülü,
birmərtəbəli evi də təpənin ən
hündür yerində - dağın zirvəsindəydi.
Səsi, harayı həmişə
dağların başından eşidilərdi. Gecə-gündüz
hərəkətdəydi - gah quzu boyda hinduşkaları
otarardı, gah da malı, qoyunu
örüşə ötürərdi.
Balaş dayının anası - Əziz nənə mənim
bu dünyada gördüyüm ən səciyyəvi, nurlu və
həlim təbiətli Azərbaycan qadınıydı. İlahi, o,
bizimlə, obanın uşaq və yeniyetmələri ilə
necə mehriban, səmimi danışırdı. Həmişə
də çalışırdı ki, az əhəmiyyətli
şeylər üstündə dava-dalaş salan, ipə-sapa
yatmayan gəlinləri, qadınları sakitləşdirsin. Əziz nənə dalaşan arvadların arasına
girən kimi dərhal hərə öz evinə çəkilərdi.
Üz-gözündən nur, təravət yağan
Əziz nənənin iki oğlu, qızı, nəvə-nəticəsi
vardı. Bu qədər qohumun, yaxınlarının
içindən o, yalnız kiçik oğlunu - Balaş
dayını seçmişdi, onunla birgə
yaşayırdı. Balaş dayının kəndin
seçilmiş adamları ilə - müharibə veteranı
Muxtar Əliyev, Gəray və Mirzə Sadıqov
qardaşları, Talış kişi, Tutu
Mehdiyeva ilə duzlu-məzəli, şirin zarafatları haqda
camaat arasında indi də rəvayətlər, nağıllar
danışılır.
Balaş dayı Nasosnının beşmərtəbəli
köhnə binasının divarlarına söykənmişdi,
yazıq görkəmdəydi. Balaş dayını
hər tərəfi bataqlıq, milçəyin
vızıldadığı yerdə görəndə, onun
dağların o üzündə qalan, cəh-cəlalını
xatırlayanda bağrım çatladı. İndi, biz neyləyək, Vladimir Poznerin dediklərinə
əməl edək - torpaqlarımızı ermənilərə
bağışlayaq? İti ağıla, istedada, poetik və
dərin düşüncəyə malik Vladimir Pozner əgər
belə kövrək və bəşəri duyğulara
toxunursa, bu cür mürəkkəb, dərin təhlil tələb
edən mətləblərdən belə asanlıqla söhbət
açırsa, gərək Balaş dayının, Azərbaycanda
erməni işğalı nəticəsində taleyi
qırılan minlərlə insanları nəzərə
alaydı, onların aqibəti haqda düşünəydi.
Əlbəttə, burada xaçpərəst, dünyada
gedən siyasi amilləri də diqqətdən
qaçırmaq olmaz.
Bəşəri
və millətlərarası dostluq haqda nə qədər
fikir və mülahizələr yüyürtsək də, bir
həqiqət məlumdu: erməni millətçilərinin,
Ermənistan Respublikasının siyasi dairələrinin, son
iyirmi ildə xalqımızın başına gətirdiklərini
unutmayacağıq. Heç bir azərbaycanlı,
Azərbaycan vətəndaşı işğal faktı ilə
də razılaşmayacaq. Biz,
sözsüz, ermənilərlə qonşuluq edəcəyik,
bu taleyin, baxtın işidir, bundan qaçmaq olmaz. Amma biz bundan sonra ermənilərlə dostluq edəcəyikmi?
Bunu, əlbəttə, gələcək
göstərəcək.
Döyüşlər, diş
ağrısı
və gördüklərim...
Bölgə müxbiri işlədiyim illərdə bir
müddət, lap uşaqlıq çağlarından Beyləqanda
yaşayan qardaşımgildə, sonralar isə hərbi sirr
baxımından adını çəkmək istəmədiyim
başqa bir yerə köçdüm. Sözün
düzü, rayon mərkəzindən döyüşlər
gedən mövqelər çox uzaqdı. Hər səhər
cəbhə xəttinə, döyüşlərin intensiv
aparıldığı yerlərə gedib çatana qədər,
üç, dörd, hətta beş nəqliyyat
vasitəsi dəyişirdim. Ən azı 50-60
kilometr yolu qət edirdim. Həm də təzə
məskunlaşdığım yer informasiya toplamaq, cəbhədə
gedən prosesləri izləmək baxımından da əlverişliydi.
Qarnizon hərbi-ərazi prokurorluğu, hərbi
polis, təchizat və xidmət sahələri də bu ərazidə
yerləşmişdi. Hərbi bölgə
müxbiri kimi təzə yerim cəbhə xəttinə
yaxın idi. Burada, qabaqlarda gedən gərgin
döyüşlərin ritmi, nəfəsi, uğurları və
məğlubiyyətlərimiz aydın hiss edilirdi. Qarnizon hərbi-ərazi prokurorluğunun, hərbi
tribunanın əməkdaşları tez-tez döyüş xəttinə
yollanırdılar. Hərbi şəhərciyin
tez-tez taybatay açılan göy darvazasından ərzaq və
təchizat, xidmət sahələrinin zabit və əsgərlərinin
maşınları girib-çıxırdı. Hərbi tibb personalı da burada idi. Yanacaq-sürtkü materialları məntəqəsində
qulluq edən zabit və gizirlər, çörək zavodunun əsgər
və texniki mütəxəssisləri, hərbi yol polisi - bir
sözlə, qabaqda gedən döyüşlər, bu
döyüşlərin uğurlu olub-olmaması yaxınlarda
yaradılmış bu xidmət sahələrinin fəaliyyətindən
asılı idi. Ümumi gərginliyi,
stressi canlarından çıxartmaq üçün,
döyüşlərin şaqqaşaraq getdiyi bir vaxtda hərbi
şəhərcikdəki əsgər və zabitlər
aralarında voleybol, futbol yarışları da
keçirilirdilər.
Qarnizon hərbi-ərazi prokurorluğunun yerləşdiyi
binanın zirzəmisində, istintaq altında, qaupvaxtda
düşən fərarilər isə çərçivəsi
armaturlu nəfəslikdən həsrət-həsrət
bayıra baxırdılar.
Neçə vaxtdan bəri baxımsız qalan, uçuq
və sökük bir binada əsgər və zabitlərin,
mülki ustaların köməkliyi sayəsində
özümə "kabinet" düzəltdim. Dəmir
çarpayı, yorğan-döşək, yazı stolu məsələsi
də həll edildi.
Bəxtimizdən
93, 94, hətta 95-ci illərin qışı yaman sərt və
soyuq keçirdi. Bəzən gecələr
çölə-bayıra çıxırdım. Adını çəkmək istəmədiyim yer
qaldığım kazarmadan xeyli aralıydı. Gecənin tən yarısı başdan-ayağa
geyinirdim. Bəs tabel silahlarımı -
tapançamı, avtomatımı neyləyim? Naəlac qalıb onları da özümlə
götürürdüm. Silahımın
itməsindən, oğurlanmasından ehtiyat edirdim.
Tərs kimi o axşam kazarmada heç kəs yox idi. Nə əsgərlər,
nə də növbətçi zabit və həkimlər.
Müharibə idi, hər an vəziyyət
dəyişirdi. Görünür onları qəfil
"həyəcan" komandası ilə harasa, hansı
tapşırığısa yerinə yetirməyə
getmişdilər. Həm küləkqarışıq
soyuq idi, həm də dişlərimin, damağımın ətinin
ağrısından ağlım başımdan
çıxırdı. Dişlərim, dişlərim
damaqqarışıq o qədər bərk
ağrıyırdı ki, o soyuq gecədə tez-tez ayağa
qalxır, diş pastasını diş şotkası ilə
damarlarıma sürtürdüm. Bərk
üşüyürdüm, üstümdəki adyal,
sırıqlım da köməyimə çatmırdı.
Ağrılarım o qədər kəskin idi
ki, başımın, beynimin ağrıları bir-birinə
qarışmışdı, dəli olmaq dərəcəsinə
çatmışdım. Heç nə
yadımda qalmayıb. Gecənin o vaxtı, gecə saat
bir idimi, iki idimi, hansı zabitsə mənə
yaxınlaşıb, maşını haradan tapıb, o məni
uzaq Xalac kəndinə, stomatoloqun yanına necə aparıb,
ağrıyan dişimi kimə, necə çəkdirib -
heç biri yadımda qalmayıb. O yadımdadır ki, düz
bir həftə əllərimlə ağzımı yumurdum -
dişimin qan çanağına donmuş yerinə soyuq dəyməsin
deyə.
İstər sabiq SSRİ dövründə qulluq etdiyim
(1961-1964), istərsə də müstəqillik illərində
(1993-1999) əyninə adi əsgər forması geyinməyin nəyə
qadir olduğunu görmüşəm. Müharibə, Qarabağ
münaqişəsi təkcə top, tüfəng, tank
döyüşü deyil Əsgər, ordu həyatına bələd
olanlar yaxşı bilirlər ki, döyüşə,
hücuma atılan şəxsi heyət, gizir və zabitlərimiz
bu məqamda necə fiziki və mənəvi əzablardan, mərhələlərdən
keçir. Ümumiyyətlə, müşahidələrimə
söykənərək belə qənaətə gəlmişəm
ki, dünyada ən ağır əmək əsgər əməyidi.
Gözlərinizin qabağına gətirin - əsgər
bütün günü, gecə-gündüz səngər
qazır, kazarmanı təmizləyir, hərbi texnikanı
döyüş vəziyyətinə gətirir, kartof,
soğan soyur, xörək hazırlayır, formasını
qaydaya salır. Mən onlarla, yüzlərlə
əsgər görmüşəm və onların fəndgirliyinə,
işin çəmini bilməyinə, döyüş
vaxtı qeyri-adi, ağılasığmaz qərarlar
çıxarmaqlarına qibtə etmişəm. Azərbaycan əsgəri adi günlərdə də,
məişət şəraitində də istedadlı və
səriştəlidi. 94-cü ilin yazı
çox yağıntılı keçmişdi. Fəslin əlverişliliyindən istifadə edən,
şəxsi heyətinin əksəriyyəti Qubadlı
rayonundan olan "N" saylı hərbi hissənin əsgərləri,
elə kazarma divarlarına bitişik, kiçik bir torpaq sahəsində
bostan salmışdılar. Xiyar, pomidor,
yemiş və qarpız cızlarını elə bil sapın
üstünə düzmüşdün. Şitillərin
arasını elə bil yüz dəfə
ölçüb-biçmişdin. Pomidorların
məhsulla dolu gövdəsi məhz bu məqsəd
üçün hazırlanmış kiçik dirəklərə
bərkidilmişdi. Kənardan
baxırdın yetişmiş qarpızlar, ay parçasına
dönmüş yemişləri elə bil əllə
torpağa, cızların içinə düzmüşdün.
Yan-yana, böyür-böyürə. Qəflətən əmr verildi, "N" saylı
hərbi hissənin şəxsi heyəti hücuma
atıldılar. Amma əsgərlər o
qaçaqaçda, qaçda-qovda bostanın kənarına
basdırılmış taxta lövhəyə bu sözləri
yazmağı unutmamışdılar: "N" saylı hərbi
hissənin əsgərləri bu bostanı əkdilər, becərdilər,
təəssüf ki, meyvələrini yeməyib getdilər".
(ardı var)
Ədalət.-2015.-15 dekabr.-S.6.