MƏHƏMMƏD FÜZULİNİN
ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ
Rafiq Yusifoğlu,
şair, filologiya elmləri doktoru,
professor.
Məhəmməd Füzulinin qəzəlləri, rübailəri, qitələri, tərci-bəndləri, tərkib-bəndləri, müxəmməsləri, mürəbbeləri, poemaları onun bu janrların spesifikasını, qayda-qanunlarını, poetik xüsusiyyətlərini, Şərq poetikasının bütün incəliklərini mükəmməl bilməsindən xəbər verir. Şairin hər üç dildə yaratdığı divanların dibaçələrini oxuyanda Füzulinin ədəbi görüşləri, nəzəri-estetik baxışları haqqında müəyyən təsəvvür formalaşır. Aydın olur ki, bu böyük sənətkar özündən əvvəlki ədəbi ənənələrin ən yaxşı cəhətlərini mənimsəyərək onlardan yaradıcı şəkildə bəhrələnmiş, bənzərsiz söz inciləri yarada bilmişdir.
Füzuli də Nizami kimi sözə çox böyük qiymət vermişdir. Onun fikrincə, sözün dəyəri birinci növbədə onun ilahi diktəsi ilə yaranmasındadır.
Sözə xor baxmaq olmaz, hər bir söz,
Ərşdəndir, gəlib hədiyyə bizə.
Qəlbimiz meyl edir həmişə ona,
Çünki söz nazil oldu qəlbimizə.
Ilahi feyzdən bir xəzinədir söz,
Tükənməz sərf qıldıqca dəmadəm.
Məcazi şahların gənci deyil bu
Ki, bir həbbə götürdükdə ola kəm.
Füzulinin fikrincə, "göylərdən bizə hədiyyə gələn", "qəlbimizə nazil olan", "ilahi feyzindən yaranan söz" elə bir tükənməz xəzinədir ki, onu nə qədər xərcləsən də tükənməz. Ona görə ki, bu xəzinə üstündən bircə manat götürəndə azalan padşah xəzinəsi deyil. Bu tükənməz mənalar xəzinəsinin ən qiymətli gövhəri isə sözdür. Insanlar, daha doğrusu, qələm, hikmət sahibləri bu sözlər vasitəsi ilə öz fikirlərini ifadə edir, özlərinin "nəzm və nəsr səhifələrini" həmin xəzinədən götürdükləri gövhərlərlə bəzəyirlər. Kəlam (söz) elə bir nazik sapdır ki, o xəzinənin dürrləri danə-danə bu sapa elə bir nizamla düzülmüşdür ki, heç bir məna onsuz surət ala bilmir:
Söz mənadan asılıdır, məna sözdən hər zaman,
Bir-birindən
asılıdır necə ki, cism ilə can"
Göründüyü kimi, burada məna ilə
sözün bir-biri ilə dialektik
bağlılığından söhbət
açılır. Eyni zamanda dolayısı ilə məzmun
və formanın vəhdəti, bədii formanın məzmunun
ifadə, mövcudiyyət vasitəsi olması ideyası
meydana gəlir. Doğrudan da, söz
yalnız qiymətli fikirlər ifadə edəndə
böyük əhəmiyyət kəsb edir. Çünki sözsüz heyrətamiz mənalar
sarayı ucaltmaq mümkün deyil. Başqa sözlə
desək, mənalar sarayı yalnız və yalnız sənətkar
təxəyyülü ilə yaradılan heyrətamiz söz
sütunlarının üstündə bərqərar ola bilər.
Ilahi
sözün sehrinə düşən Füzuli Allaha müraciətlə
deyir: "Uca Tanrı! Ürək necə bir
idrak sahibidir ki, həmişə o xəzinədən maarif cəvahirləri
çıxarıb ibarə sapına düzür, dil necə
bir məşşatədir ki, o sapa düzülmüş cəvahirləri
zəmanə gözəlinin boynuna həmayil edir, həm cəvahirlərə
qiymət verir, həm də gözəli zinətləndirir".
Göründüyü kimi, nəinki şeir və
poemalarında, divanlarına yazdığı dibaçələrdə
ifadə elədiyi fikir və mülahizələrində belə
Füzuli öz bənzərsiz poetik üslubuna sadiqdir. "Maarif cəvahirləri",
"ibarə sapı" ifadələri ilə oxucunu heyrətləndirən
şairin dili zəmanə gözəlini bəzəyən məşşatəyə
bənzətməsi də orijinaldır. Fikrimizcə,
burada da dövrün, zamanın gözəlinə onun öz
boy-buxununa uyğun geyim, bəzək əşyaları
seçməyin önəmi məzmuna uyğun forma
tapmağın vacibliyinin poetik şəkildə ifadəsindən
başqa bir şey deyildir.
Çox
gözəl bir nəzmdir kim, vermiş
ustadın əli,
Hüsni-məzmunu ibarətlə bu cür zinət ona.
Hüsn zəncirinə
hər kəs bağlanıb olmuş əsir,
Çoxları şəklinə heyrandır, çoxu məzmununa.
Füzulinin
türkcə divanının dibaçəsində söz
haqqında söylədiyi mülahizələr də çox
mənalı və düşündürücüdür:
O
düri-dürci-"ənə əfsəh" ki, hikmət
dayəsi,
Şeir şəhdiylə ləbi-canpərvərin tər
qılmamış.
Şeir
bir ziyvərdir, əmma biz kimi naqislərə,
Ol ki, kamildir, onu möhtaci-ziyvər qılmamış.
Digər
bir beytdə isə Füzuli şeiri bəzəyi gözəllik
olan bir məşuqa bənzədir:
Şeir
bir məşuqidir, hüsni-ibrət ziyvəri,
Canü dildən nazənin məhbublər aşiqləri.
Bütün bu deyilənlərdən aydın olur ki,
Füzuli sözə nəinki insana zövq və səfa verən,
onu duyğulandıran, həyəcanlandıran,
düşündürən, fəaliyyətə sövq edən
bir vasitə kimi, eyni zamanda canlı, əbədiyaşar bir
varlıq kimi baxır.
Füzuli şeirdə təkcə ifadəyə, bədii
təqdimata, sənətkarlıq xüsusiyyətinə deyil,
mənaya da böyk diqqət verməyin vacibliyini dönə-dönə
vurğulayır, elmlə sənətin birliyini ədəbi
uğurların rəhni sayırdı. Böyük şair
türkcə divanının dibaçəsində
yazırdı: "Zira ki, elmsiz şeir əsası yox divar
olur və əsassız divar qayətdə bietibar olur".
Füzuli
şairlərin dalınca gedənləri yoldan azanlar hesab eləyənləri,
şeirdən alınan zövqü qəbahət sayanları
tənqid edərək yazırdı:
Şeir
zövqündən olmayan agah
Əhli-nəzmi məzəmmət eyləməsin.
Kəndi
cəhlinə etiraf etsin,
Hər kəramətə sehr söyləməsin.
Farsca
divanının dibaçəsində isə bu məsələ
ilə bağlı fikirlərini Füzuli özünəməxsus
bir şirinliklə, sətiraltı mənalarla belə ifadə
edirdi: "Elə ki, uşaqlıq dövründə dünya
karxanasına etibar nəzərilə baxdım, maarif kəsb
etmək gözəlini özümə məşuqə etdim.
Onunla eşqbazlıq zamanı hərdəm bir
fitri şövqümün hərəkətverəni istedad
üzündən məni nəzm məhəbbətinin
qapılarına çəkirdi. Amma maarif
kəsb etmək qeyrəti mən (qadağan - R.Y.) eləyirdi
ki, hərçənd bu gözəl ürəyəyatandır,
madam ki, elm-kamal təhsilinə manedir, - yaxşı deyildir.
Bu dövr keçdikdən sonra bir gün şeir söyləmək
bacarığının nəsihət verəni yalqız
oturduğum otağa gəlib dedi ki:
Istəsən
çatmaq kəmalın övcünə qıl səy kim,
Etməsin məğbun səni naqislik ilə hümmətin.
Olma qane
elmdə hər rütbəyə çatsan da, bil,
Səyin artdıqca bu yolda artacaqdır qiymətin.
Burada Füzuli iki yol ayrıcındadır. Bir yandan "maarif kəsb
etmək gözəlini özünə məşuqə eləməsi",
digər tərəfdən "fitri şövqünün hərəkətverəni
istedad"ın onu "nəzm məhəbbətinin
qapılarına çəkməsi" şairi seçim
qarşısında qoymuşdur; Füzuli bilir ki, elm çox
vacib bir məsələdir, ondan imtina eləmək olmaz, ancaq
onu da yaxşı bilir ki, "şeir fəziləti də
ayrı bir elmdir və kamal növlərindən mötəbər
bir növdür. Bunu inkar edənlər onun
zövqünə vaqif olmayanlar və şeir söyləməyə
qadir olmayanlardır".
Şair fikrini izah eləmək üçün deyir ki,
səfralı ağız qəndin şirinliyini bilmirsə,
günah qənddə yox, onun özündədir. Daha sonra o, "gözəli
gözəl, çirkini çirkin olan söz" haqqında
Peyğəmbər kəlamını xatırladır və
yazır ki: "Bir kimsə yaxşı düşünsə
dərhal anlar ki, gözəl sözün gözəl
xüsusiyyətləri vardır. Birincisi, onu
söyləyənin könlü heç bir qızıl sərf
etmədən, bir zərər görmədən fərəh
və zövq duyur. Ikincisi, şeir
yazanın adı şeir vasitəsi ilə aləm səhifəsində
əbədi olaraq qalır. Üçüncüsü
budur ki, onun nəzmi özgələrə də şadlıq
və zövq verir.
Əbədi
şadlığın şərabı üçün
Sözdən özgə cahanda yox saqi.
Sözün
ölməzliyinə söz yoxdur,
Biz gedərsək də söz qalar baqi.
Zaman göstərdi ki, Füzuli öz mülahizələrində
nə qədər haqlı imiş. Sözü yaradanlar
özləri dünyadan köçsələr də, söz
həmişə yaşayır, nəsillər bir-birini əvəz
etsə də, söz qocalmır ki, qocalmır, daim ürəkləri
riqqətə gətirir, insanları
düşündürür, həyəcanlandırır,
onların yaxın dostuna, məsləhətçisinə
çevrilir.
"Füzulinin
lirikası" (Bakı, 1965) adlı sanballı
monoqrafiyanın müəllifi, professor
Mirzağa Quluzadə Füzulinin ədəbi-nəzəri
görüşləri haqqında da ilk dəyərli tədqiqat
müəlliflərindəndir. O, "Füzulinin şeir
haqqında nəzəri görüşlərinə dair"
adlı məqaləsində çox doğru nəticəyə
gəlir ki, Füzuli böyük mütəfəkkir alim,
istedadlı nəzəriyyəçi kimi öz ədəbi
inkişaf istiqamətini, həmçinin müasir
dövrün və gələcək ədəbi hərəkatın
inkişaf yolunu nəzəri görüşləri ilə
işıqlandırmışdır. Nizami kimi
Füzuli də ədəbi hərəkata həm bədii
yaradıcılıq təcrübəsi, həm də elmi
fikirləri ilə rəhbərlik etmişdir. Lakin müəllifin "Şeirin mənşəyini
dinə bağlamaq Füzuliyə söz sənətini iftira və
böhtanlardan qorumaq, onu həyata, insanlara fayda verən mənəvi
bir nemət kimi müdafiə etmək üçün lazım
olmuşdur" qənaəti bir qədər mübahisə
doğurur. Sovet ideaologiyasının təsiri
altında yazılan bu fikirdən belə çıxır ki,
guya Füzuli dinə inanmamışdır və sözün
ilahi vergisi olması haqqında söylədiyi fikirlər ona
yalnız şeiri fanatiklərdən qorumaq üçün lazım
olmuşdur. Əslində isə belə
deyil. Çünki təpədən-dırnağa
iman sahibi olan Füzuli həyatı, şəxsiyyəti və
yaradıcılığı ilə ulu Allaha, onun Rəsuluna nə
qədər sədaqətli olmasını dəfələrlə
sübut etmişdir. Ancaq almin
"Füzuli söz sənətini ədalətsiz
hücumlardan qorumaq üçün böyük cəsarətlə
çətinliklərə və əzablara qatlaşır,
ruhdan düşmür, tarixin ona tapşırdığı vəzifəni
şərəflə yerinə yetirirdi" fikrinin
doğruluğu qətiyyən şübhə doğurmur.
"Rindü Zahid"əsərində də dahi
Füzulinin şeir sənətinə münasibəti
aydınca duyulmaqdadır. Atası Zahidin "Sən Allahın
və Peyğəmbərin caiz görmədikləri (rədd
etdikləri) nəzmi bəyənirsən.
Yalançılıqda ifrat etdikləri üçün şəriət
əhli şeirin adını məzəmmətlə yad
etmişlər" sözlərinə oğlu Rindin verdiyi
cavab çox məntiqidir və hiss olunur ki, mükalimədən
bir vasitə kimi istifadə edən Füzulu atanın yox,
oğulun tərəfindədir.
Rind deyir:
"Ey Zahid, "Biz ona şeir öyrətməmişik"
ayəsinin məzmunundan belə məlum olur ki, şeir
Peyğəmbərdən başqasına Allah təlimidir. Odur ki, şeirə həqarətlə baxmaq səhvdir.
"Şübhəsiz hikmət olan sözlər
də vardır ki, şeir cümləsindəndir" hədisinin
mənasından belə anlaşılır ki, Peyğəmbər
şeiri bəyənirmiş. Odur ki,
şeiri məzəmmət etmək həyanın
azlığına dəlalət edər. Bilməlisən
ki, şeirdəki faydalı yalan zərər verən nəsrdən
yaxşıdır".
"Şeirdəki faydalı yalan zərər verən nəsrdən
yaxşıdır" qənaəti Aristotelin şeiri tarixdən
daha ciddi hesab etməsi fikri ilə səsləşməkdədir.
(ardı var)
Ədalət.-2015.-15 dekabr.-S.6.