Tanınmış türk yazarın 100 illiyi Bakıda keçirildi

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli türk yazıçısı dramaturqu Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva türk ədəbiyyatı tarixində yazıçı, dramaturq, publisist, sənətşünas kimi tanınan Haldun Taner Cümhuriyyət dövrü türk ədəbiyyatının ən tanınmış simalarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, Haldun Tanerin yazdığı əsərlər bu gün istər mövzu, istər janr cəhətdən öz aktuallığını itirmir. Bunun nəticəsidir ki, onun anadan olmasının 100 illiyi beynəlxalq səviyyədə qeyd olunur. TÜRKSOY-un 2015-ci ili Haldun Taner ili elan etməsi bu çərçivədə keçirilən tədbirlər sənətkarın təbliğində böyük rol oynayır.

Azərbaycan ziyalılarının, oxucularının Haldun Taner yaradıcılığına göstərdiyi diqqəti, marağı, hörməti vurğulayan G. Baxşəliyeva bildirib ki, ədibin 100 illiyi ilə əlaqədar Türkiyədə keçirilmiş teatr əsərləri yarışmasına Azərbaycandan 16 əsərin göndərilməsi buna bariz nümunədir.

Tədbirdə institutun türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Xalidə Qafqazlının "Haldun Tanerin yaradıcılıq yolu” , aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının "Haldun Tanerin hekayə yaradıcılığı”, kiçik elmi işçisi Xanım Abdullayevanın "Haldun Tanerin dramaturgiyasına dair bəzi mülahizələrmövzularında məruzələri dinlənilib

 

 

Ədalət.-2015.-15 dekabr.-S.7.