MƏHƏMMƏD FÜZULİNİN ƏDƏBİ-NƏZƏRİ GÖRÜŞLƏRİ

 

Rafiq Yusifoğlu,

şair, filologiya elmləri doktoru,

professor.

 

(əvvəli ötən sayımızda)

 

Məhəmməd Füzulinin ədəbi mühitlə bağlı mülahizələri də maraqlıdır. "Leyli və Məcnun" poemasının "Bu ərzi-ədəmi qüdrətdir və üzri-fiqdi-qüvvətdir" adlı ilk bölməsində oxuyuruq:

 

Bir dövrdəyəm ki, nəzm olub xar,

Əşar bulub kəsadi - əsar.

 

Ol rütbədə qədri-nəzmdir dun,

Kim küfr oxunur kəlami mövzun.

 

Bir mülkdəyəm ki, gər udub qan,

Məzmuni-ibarətə çəkib can,

 

Min riştəyə türfə ləl çəksəm,

Min rövzəyə nazənin gül əksəm,

 

Qılmaz ona hiç kim nəzarə,

Derlər gülə xar, lələ xarə.

 

"Bir dövrdəyəm ki nəzm olub xar" deyə şeiri anlamayan mühitdən gileylənən şair o ümidlə yaşayırdı ki, "Gəncineyi-nəzm gizli qalmaz, Sanman günəş olsa nur salmaz" və inanırdı ki, şeirin qədir-qiyməti yenə də özünə qayıdacaqdır. Bunun üçünsə sənətkarın özündən çox şey asılıdır.

 

Dövran istər ki, xar ola nəzm,

Biizzəti etibar ola nəzm.

 

Mən müntəzirəm verəm rəvacın,

Bimar isə eyləyəm əlacın.

Ol nəfyi-kəmali-hikmət eylər,

Lazım bilirəm xəsarət eylər.

 

Təmiri-xərabə talibəm mən,

Inşəallah ki, qalibəm mən.

 

Buradan belə məntiqi nəticə çıxarmaq olar ki, mühiti nizama salan, onun xəstəliklərini müalicə edənlər sırasının önündə yenə də şairlər, alimlər dayanır. Insanların mənəvi-əxlaqi tərbiyəsində ədəbiyyatın, şeir-sənətin rolu danılmazdır. Cəhalətdən yaxa qurtarmaq üçün ədəbiyyat çox qüdrətli vasitələrdən biridir. Məhz elə buna görə adamların ayılmağından qorxan bir para hakim dairələr zaman-zaman şeiri, şairi, ziyalını gözdən salmaq istəmişlər.

Füzulinin əsərlərinin, xüsusən nəsrinin dili bir qədər çətindir, indiki zamanda gənclərin onu bütünlükdə anlaması asan məsələ deyil. Lakin "Salam verdim, rüşvət deyildi deyə almadılar" məsəli, onlarca misralar, beytlər elə bil ki, elə bu gün yazılıb. Birheç zaman unutmaq lazım deyil ki, ədəbi dilimizin inkişafında Füzulinin əvəzsiz xidmətləri olmuşdur. F.Köçərlinin sözləri ilə desək: "türk dilinə rövnəq verən və onu xarü xaşakdən təmizləyib bir göyçək və səfalı çəmənə bənzətməklə biz türklərin boynuna böyük minnət qoyan" (Firidun bəy Köçərli, Azərbaycan ədəbiyyatı, 1-ci cild, Bakı, 1978, s.85) da məhz Füzuli olmuşdur. Dilimizin təmizliyi, ifadəliliyi, şeirin nüfuzunun bərpa olunması yolunda çox əziyytlər çəkən, "Məndə tövfiq olsa ol düşvarı asan eylərəm, Novbahar olğac tikəndən bərgi-gül izhar olur" - deyən Füzulu öz əsərləri ilə ədəbiyyatımıza bir bahar havası gətirmiş, onu laləzara döndərmişdir...

Füzulinin ədəbi janrlara, xüsusən qəzələ, onun poetik xüsusiyyətlərinə, ifadə imkanlarına münasibəti məsələsi də orijinaldır:

 

Ğəzəldir səfabəxşi-əhli-nəzər,

Ğəzəldir güli-busitani-hünər.

Ğəzali-ğəzəl seydi asan degil,

Ğəzəl münkiri əhli-irfan degil.

 

Ğəzəl bildirir şairin qüdrətin,

Ğəzəl artırır nazimin şöhrətin.

 

Könül, gərçi əşarə çox rəsm var,

Ğəzəl rəsmin et cümlədən ixtiyar

 

Ki, hər məhfilin ziynətidir ğəzəl,

Xridməndlər sənətidir ğəzəl.

 

Ğəzəl de ki, məşhuri-dövran ola,

Oxumaq da, yazmaq da asan ola.

 

Füzuli obrazlı şəkildə qəzəli "hünər bostanının gülü" adlandırmaqla demək istəyir ki, gözəl, könüllər oxşayan qəzəlllər yazmaq hər şairin işi deyil. Onun fikrincə, qəzəl şairin istedadının dərəcəsini müəyyənləşdirmək meyarı, eyni zamanda "xridməndər sənəti"dir. Ondakı incə mənanı ancaq şeir xridarları anlaya bilərlər.

Füzulinin qəzələ üstünlük verməsi təkcə bu janrın poetik ifadə üstünlüyünə görə yox, həm onun yayılma imkanının genişliyi ilə əlaqədardır. Həcmcə kiçikliyi, az sözlə dərin məna ifadə etmək imkanları olduğu, xanəndələrin dilinin əzbərinə döndüyü üçün qəzəllə şairin "məşhuri-dövran" olması çətin deyildir.

Fikrimizcə, Füzulinin "Dərd şairin sərmayəsidir" qənaəti çox maraqlıdır. Buradan belə nəticə çıxarmaq olar ki, şeirin qida mənbəyi real həyat hadisələri, insanın daxili dünyası, onun çəkdiyi əzab iztirablardır.

"Söz"rədifli qəzəli Füzulinin ədəbiyyat, şeir sənəti haqqında nəzəri-estetik görüşlərini öyrənmək üçün daha çox material verən mötəbər bir sənət incisidir. Bu qəzəl adi qəzəl deyil, qəzəl formasında yazılan fəlsəfi düşüncələrdir.

 

Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,

Bu sirdir kim, olur hər ləhzə yoxdan var söz.

 

Artıran söz qədrini sidqilə qədrin artırar,

Kim miqdar olsa, əhlin eylər ol miqdar söz.

 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

 

Bir nigari-ənbərinxətdir könüllər almağa,

Göstərir hərdəm niqabi-ğeybdən rüxsar söz.

 

Xazini-gəncineyi-əsrardır hərdəm çəkər,

Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

 

Olmayan ğəvvasi-bəhri-mərifət arif degil,

Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar - söz.

 

Gər çox istərsəm, Füzuli, izzətin az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

 

Füzulinin anlamında "yoxdan var olan", xalqa insanın daxili dünyasının sirlərini açan söz şairin istedadının göstəricisi, meyarıdır. Sözünün qədir - qiymətini bilən adam əslində elə öz qədrini də artırmış olur. Üzü pərdəli gözəl bir nigara bənzədilən söz hamıya yox, yalnız onu duyan, dəyərləndirməyi bacaran adamlara öz sehrli üzünü göstərir. Mərifət dənizinin qəvvası olmayanlar heç zaman söz incilərinin sahibinə çevrilə bilməzlər. Sözdə "ölünü diriltmək", cansıza can vermək, insanı əbədi yaşatmaq qüdrəti vardır. Qəzəlin son beytində irəli sürülən fikir aydınca göstərir ki, Füzuliöz sənət müəllimi Nizami kimi bədii yaradıcılıqda az sözlə dərin məna ifadə etməyə, lakonizmə böyük əhəmiyyət vermişdir.

"Padişahi-mülk" qitəsini oxuyanda adamın yadına müasir Amerika siyasətçilərindən birinin bu sözləri düşür: "Prezidentin hakimiyyəti dörd ildir, qələm isə daim hakimiyyətdədir"... "Hər sözü bir pəhləvan olan" Füzuli sənəti neçə-neçə şahları, xanları, hakimləri, prezidentləri yola salıb, özü isə daim hakimiyyətdədi, milyon-milyon yeni ürəkləri fəth eləməklə məşğuldu:

 

Hər sözüm bir pəhlivandır kim, bulub təyyədi-həqq,

Əzm qıldıqda tutar təcrid ilə bəhrü bəri.

 

Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz,

Qansı mülkü tutsa, dəyməz kimsəyə şurü şəri.

 

Payimal etməz onu asibi-dövri-ruzigar,

Eyləməz təsir ona dövrani-çərxi-çənbəri...

 

Başqa ölkələri işğal eləyən fatehlərin əzab-əziyyətinə mübtəla olan xalq ona nifrət edirsə, söz sultanının qoşunu ürəklərə sevgi, sevinc duyğuları bəxş edir. Elə buna görə qəlbində "Məcnundan füzun aşiqlik istedadı" olan Füzuli daim sevilir, sevdalı könüllərdə əbədi yaşayır.

Füzuliyə görə söz dərin mənalı, yığcam, düşündürücü, sirayətedici olmalı, insanların mənəvi kamilləşməsinə kömək etməlidir. Nəinki Füzulinin bədii əsərləri, həmçinin onun söz, poeziya sənəti haqqında fikirləri, hazırladığı nəzəri-estetik prinsiplər zamanın sınağından çıxmış, öz dəyərini heç zaman itirməmiş itirməyəcəkdir.

 

 

Ədalət.-2015.-16 dekabr.-S.6.