Mənim müharibəm
Gördüklərim,
düşündüklərim və ağrılarım (may,
1993, aprel, 1999)
Nemət VEYSƏLLİ,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, redaktor
(əvvəli
ötən saylarımızda)
Əsgər düşüncəsinin
orijinallığı ilə bağlı başqa bir epizodu da
görmüşəm. Harasa dönmüşdüm -
yoxlama-buraxılış məntəqəsinəmi, yoxsa səngərəmi.
Amma çöllük idi, ins-cins yoxdu. İşıq olmadığına görə əsgərlər
adi britvanın hər iki başına nazik məftil
keçirib onu salmışdılar çaynikin içinə.
Çaynik gurhagur qaynayırdı. Ocağın hisindən çaynikin hər tərəfi
qapqara qaralmışdı. Amma hər yeri
qaralmış çaynikin dəstəsində əsgər
barmaqlarının izlərinin yeri ağappaq idi.
Döyüşçülər gördülər ki, mən
hər iki tərəfdən məftillə bərkidilmiş britvaya,
qaralmış çaynikə diqqətlə baxıram, əl-ayağı,
üz-gözünü ocaq qarası basmış əsgər
gülə-gülə:
- Komandir,
sizə əla əsgər çayı verəcəm, - dedi.
Bəlkə də mənim bu dünyada - Şuşada, Lənkəran
və Şəkidə içdiyim çaylarla müqayisədə
əsgər çayı ən ətirlisi, ləzzətlisi
idi.
***
Daimi yaşadığım hərbi şəhərciklə
bağlı bir səhnə də yadımdadır. Hissə
komandirinin təchizat və ərzaq xidməti üzrə
müavini, polkovnik İslam Mahmudovla bağlı. Polkovnik son dərəcə şən və
zarafatcıl adamdı. Xüsusilə də
axşamlar, keyfi yuxarı olanda. Cavan zabitlər
onun kabinetinə yığışardılar. Ana dilində çətinliklə danışan
polkovnik Natəvandan, Şirvanidən, hətta Məhəmməd
Füzulidən belə şeir və qəzəl söyləməyə
cəhd göstərirdi. O, guya öz anlamında Azərbaycan
poeziya nəhənglərindən qəzəl nümunələri
söyləyirdi. Öz-özünə elə kompozisiyalar,
variantlar quraşdırırdı ki, vallah qəzəl
xiridarları - rəhmətliklər Əli Fəhmi, Əkrəm
Cəfər, Namiq Babayev də o dolaşıq, heç bir məna
kəsb etməyən "beytlərdən", "qəzəllər"dən
baş açmazdılar. Öz aləmində
Azərbaycan dilində poeziya nümunələri söyləyirdi.
Sözlər gah Azərbaycan, gah da rus dilində
səslənirdi. Deyilənlərin
hamısı kələ-kötür, pinti və
anlaşılmaz idi. Hərb aləmində
həm böyük vəzifəsi, həm də yüksək
hərbi rütbəli zabit, hər şeydən əvvəl
şirin, duzlu-məzəli insan olduğuna görə
heç kəs cəsarət edib onun "poeziya" gecələrini
tərk etmirdi. Polkovnikin kabinetində əyləşənlərin
hamısı yaxşı bilirdilər ki, İslam Mahmudovun
"poeziya" qiraətindən sonra hansı səhnə
göstəriləcək.
- Məleykə,
ay Məleykə, haradasan?
Səhərcikdə yaşayan, hərbçilərin
hamısının yaxşı tanıdığı, ana və
bacı kimi müqəddəs kateqoriyalaradək yüksələn
- Məleykə Azərbaycan qadınlarına xas ədəb-ərkanla
polkovnikin qarşısında əsgər kimi dayanırdı.
Hərbi
şəhərcikdə mülki şəxs kimi qulluq edən
Məleykə:
-
Eşidirəm, cənab polkovnik.
- Mən
bu şəhərcikdə dədə-baba qaydası ilə təndir
açmaq, çörək bişirmək istəyirəm. Təndirdə çörək bişirə bilərsən?
- Yox, cənab
polkovnik.
- Niyə?
-
Çünki ağrıyıram. Gözlərimdə yüksək
təzyiq var. Əyilib-qalxa bilmirəm, həkimlər mənə
ağır iş görməyi qadağan ediblər.
- Hə...
Hər axşam Məleykə ilə polkovnikin bu dialoqu təkrarlanardı.
O, bax belə
"şeir" söyləyə-söyləyə, zarafat edə-edə,
bir də baxıb görürdün "xırp" yatdı
və camaat da dağılışıb gedirdilər.
...Füzuli
qarnizon
hərbi-ərazi prokurorluğu
Şəhərcikdə milli ordu, döyüşən
ordunun şəxsi heyətindən sonra ən çox
qaynaşan, qaynar həyat tərzi keçirən Füzuli
qarnizon hərbi-ərazi prokurorluğu (1992, avqust) idi. Orduda baş
alıb gedən özbaşınalıq, könüllülər
məsələsi, qeyri-qanuni silahlı birləşmələr,
hərbi nizam-intizam, fərarilik - bir sözlə, orduda kompleks
problemlər vardı. Məhz bu
ümumxalq, dövlət əhəmiyyətli məsələləri
həll etmək üçün bu qurum
yaradılmışdı. Naxçıvan MR, Gəncə,
Qazax, Tərtər, Ağdam, Qubadlı və Lənkəranda
qarnizon hərbi-ərazi prokurorluqları da
fəaliyyət göstərirdi.
Ümumiyyətlə,
cəbhənin o biri bölgələrində gedən
ölüm-dirim mübarizəsində yenicə fəaliyyət
göstərən hərbi hüquqşünasların
işi, qarşılarına çıxan çətinliklərlə
yaxından tanış olmasam da, amma
Füzuli qarnizon hərbi-ərazi prokurorluğunun həyatı
ilə yaxından bələddim. Mən burada
köçəri, qaç-qov şəraitində
çalışan, vətənin
çağırışı ilə döyüş
bölgələrinə yollanan hərbi prokurorların
"müsbət və parlaq" obrazlarını yaratmaq niyyətindən
çox-çox uzağam. Onların əksəriyyəti
- ilk növbədə Fəzail Ağayev, Fikrət
İbrahimov, Məhərrəm Xəlilov, Sunasi Qasımov,
Zöhrab Kazımov, Şahin Əliyev, Məhəmməd
Alıyev, Hücrəddin Hacıbalayev, Əli Mahmudov, hətta
İmran Turabov belə çox çətin, dözülməz
məişət şəraitində yaşayırdılar, fəaliyyət
göstərirdilər. Termosları,
açılıb-bükülən çarpayıları
köhnə, sınıq-salxaq "jiquli"nin
baqajnikində olardı. Hər yüz metrdən bir
açılan baqajniki, baqajnikin içi fil qulaqlarını
xatırladan örtüyünün altında nələr
yoxdu: dondurulmuş mal əti, tuşonka, balıq konservləri,
kartof, soğan, çəngəl, bıçaq. Hərbi prokurorlar təsadüfdən-təsadüfə
əllərinə düşən spirtli içkiləri də
maşınlarının baqajnikinə atırdılar.
Baqajnikdə səyyar, çöl şəraitində işləmək
üçün açılıb-bağlanan stol,
stul da olardı. Sınıq-salxaq, qluşu
telindən çıxan qara tüstü yollarda qəribə-qəribə
mənzərə yaradırdı. İçi
ağzına qədər dolu baqajnik bilinmirdi özüyeriyən
bufetdirmi, kafedirmi, avtodükandımı? Nə isə...
...Qırx
illik jurnalistik fəaliyyətimlə bağlı çox
adamlarla oturub-durmuşam. Xudu Məmmədov, İmam Mustafayev,
Sarvan Salmanov, Şamama Həsənova, Qızqayıt Həsənova.
Görüşdüyüm, söhbət və dostluq etdiyim
insanların sırasında mədəniyyət və incəsənət
xadimlərinin adlarını da çəkə bilərəm:
İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Rasim
Ocaqov, Bəhram Mansurov, Fazil Nəcəfov və s. və i.a.
Bu adamlar haqda oçerk, konsert-oçerk, məqalə
və hətta sənədli povestlər də yazmışam.
Çəkməçi və papaqçıya,
rejissor və aktyora, dənizçi və çilingərə
də rast gəlmişəm. Amma,
Füzuli qarnizon hərbi-ərazi prokuroru Fəzail Rüfət
oğlu Ağayev kimi orijinal, son dərəcə maraqlı,
fenomen yaddaşa malik adamlara nadir hallarda rast gəlmişəm.
O, Füzuli rayonunun Qaradağlı kəndində, müəllim
ailəsində anadan olub. Orta məktəbi
bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq
fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Füzuli qarnizon hərbi-ərazi prokuroru təyin
edilməzdən qabaq (1992) Bakıda, Respublika Prokurorluğunda
mühüm işlər üzrə müstəntiq vəzifəsində
işləyib.
Qarabağ müharibəsinin qızğın
çağında, ölümlərin çox olan vaxtı,
qələbələrimiz və məğlubiyyətlərimiz
olanda belə - o, orijinal düşüncəsi, intellekti,
baş verə biləcək hadisələrin qabaqcadan,
peyğəmbərcəsinə diaqnozunu söyləməyi
bacaran bir şəxsiyyət kimi hamını heyrətləndirirdi. O, savadlı
hüquqşünas olmaqdan savayı, həm də gözəl
dilçi, ədəbiyyat bilicisidi. Onun rəhbərlik
etdiyi Füzuli qarnizon hərbi-ərazi prokurorluğu, onun cavan
əməkdaşları fərarilik edən, hərbi
nizam-intizamı pozanları cəzalandırmaqla yanaşı,
müharibənin qızğın çağında eşqə
düşən, ailə qurmaq istəyən hərbçilərə
toy-büsatı da qururdu. Prokurorluğun əməkdaşlarını
ərzaq, meyvə-tərəvəzlə təmin etmək
üçün elə köçəri şəkildə
qaldıqları ərazidə bostan salırdı. İndi o illər, 1988-ci ildən ta 1993, 1994-cü
illər haqda, o qarışıq və dolaşıq dövr
haqda fikir söyləmək çox asandı. Hətta, o illərin, o dövrki hadisə və əhvalatların
içində, mərkəzində olan bir insan kimi - ətrafda
nələrin baş verməsi aydınlığı ilə,
dəqiqliyiylə dərk edə bilmirsən - ictimai və
siyasi burulğanların içində itib-batırsan.
Füzuli qarnizon hərbi-ərazi prokurorluğu
yarandığı ilk gündən ağır və məşəqqətli
həyat yolu keçib. Orduda hərbi nizam-intizam qaydalarına əməl
edilməsini təmin etməyə çalışan əməkdaşlar,
dələduz və orduya təsadüfən düşən
adamlar tərəfindən girov götürülürdülər,
üstlərinə silah çəkiblər, hədə-qorxu
gəliblər.
Mən hərbi prokurorluğun həyat, məişət
şəraitini gözlərimlə görmüşəm. "Kabinet"lərində
çarpayıları ilə yazı,
iş stolları da yanaşı olurdu. Əllərində
çəkic, balta, dişlərində mismar özlərinə
"kabinet", indiki ləhcə ilə desək,
"ofis", "kabinetin" qapı və pəncərələrini
düzəldirdilər. Cinayətdə
şübhəli bilinən hərbiçiləri
"jiquli"lərinin nimdaş salonunda, qaranlıq dəhlizlərdə
dindirirdilər. Sənədlərlə
dolu qalın qovluqları da həmişə qoltuqları
altına alıb, itib-batmasın deyə, qolları ilə bərk-bərk
sıxardılar.
Yolu bu tərəflərə düşənlər hərbi
prokurorluğun üstünə "yeməkxana" sözləri
yazılmış vaqonlarını dərhal
tanıyırdılar. "Özüyeriyən" vaqon-yeməkxana
bir müddət Füzuli şəhərinin girəcəyində
fəaliyyət göstərdi. Sonralar mən
onu Daşburunda, Xalac kəndində də görmüşəm.
Hərbi-operativ vəziyyətdən
asılı olaraq vaqon-yeməkxananın funksiyası tez-tez dəyişilirdi.
O bəzən vaqon-kabinetə, iclas zalına, istirahət
otağına da çevrilirdi. Prokurorluğun özləri
kimi, onların, vaqon-yeməkxanalarının da
ünvanları tez-tez dəyişilirdi: Füzuli şəhəri,
Haramı düzü, Daşburun, Bəhrəmtəpə... Bəzən
vaqon-yeməkxana büsbütün unudulurdu - kim
harada gəldi - Tofiq kişinin bufetində, təndirxanada,
Ağcabədiyə gedən yolun kənarında,
Allahyarlıda, Ergidə, Məhərrəmin yeməkxanasında...
çörək yeyirdilər.
Füzuli
qarnizon hərbi-ərazi prokuroru, ədliyyə
polkovnik-leytenantı Fəzail Ağayevlə bir süfrədə
əyləşmək, çörək yemək - bu o demək
idi ki, beş, on dəqiqə xoş anlar
yaşayacaqsan. Sərrast, dəqiq fikir və
düşüncələri ilə həmsöhbətini,
süfrə arxasında əyləşənləri həmişə
özünə cəlb edirdi. "Nemət
müəllim, sənin əziz canın üçün"
kimi girişdən sonra gah hüquq sahəsindən, gah da
insani münasibətlərdən söhbət açardı.
İşi-gücü başından aşan, bütün
günü ac qalan prokuror vaxt tapan kimi - yeməkxanayamı,
bufetəmi və ya nə bilim qəlyanaltıyamı girən
kimi, ofisiantı yanına çağırırdı və
deyirdi: "Nəyin var tök stolun üstünə, acından
qırılırıq".
Əgər süfrəyə qoyulmuş göy-göyərtinin
içində bir dənə olsun belə saralmış
keşniş, vəzəri, ya da reyhan yarpağını
görən kimi o saat xidmətçini yanına
çağırırdı.
- Ə, ferma, bu nədi, göyü yaxşı təmizləyin
də, əl-ayağınızı pişik yeyib.
Bizim
hamımızı, tale, vətənin başının
üstünü alan təhlükə birləşdirmişdi.
İlahi, o zamanlar hərbiçilər bir-birinə
qarşı necə də diqqətli, həssasdı: hərbi
jurnalisti, həkimi, hüquqşünası, aşpazı da. Müharibəni təbliğ etmək niyyətindən
çox-çox uzağam. General-mayor
Yaşar Aydəmirovun əyin-başı nimdaş olan, soyuqdan
bədəni tir-tir əsən əsgəri görəndə
necə qəhərləndiyini, gözləri dolduğunu da
görmüşəm. General-mayor
beş-on dəqiqənin içində soyuqdan donan əsgərə
qət-təzə sırıqlı tapdı, onu
yaxşı-yaxşı yedirtdi, içirtdi. Həmin əsgərin birbaşa komandirini
tapdırdı, hərbi qanunların bütün qrafaları
üzrə cəzalandırdı, sonra da "çoxmərtəbəli"
sözlərə qərq etdi.
Belə bir səhnəyə Naxçıvanda,
"N" saylı hərbi hissədə də rast gəlmişəm. 1995-ci il
idi. Türk döyüş generalını Naxçıvanda
müşayiət edənlərin arasında mən də
vardım. Türk döyüş
generalı əsgər yeməkxanasına baş çəkdi.
...Aşpaz - əsgər başdan-ayağa su, qan-tər
içindəydi. Yalın, corabsız
ayaqları çirkli su ilə dolu əsgər çəkmələrinin
içindəydi. Türk döyüş generalı, qan
qardaşımız Azərbaycan əsgərinin belə
acınacaqlı, dözülməz görkəminə
baxdı, baxdı və dözə bilmədi, kövrəldi:
- Belə
əsgər saxlamazlar, qerdeşim, - dedi.
Onu müşayiət edən azərbaycanlı hərbiçilərin
görkəmi həsəd aparılası deyildi.
Sözsüz, mühasirə, döyüş həmrəyliyi
adamları mehribanlaşdırır. Hücuma keçirsən,
geri çəkilirsən, silahdaşının
ölümü, onun solğun gözləri - dünyanın ən
əzablı səhnələrini yaşayırsan.
Əslən gəncəli Şahin Əliyev möhkəm
kino həvəskarı idi. Bəlkə də
"kino həvəskarı idi" ifadəsini onun haqqında
söyləmək ədalətsiz olardı. Şahin dünya kinematoqrafiya aləmində məşhur
olan rejissorların - Fellininin, Kurosovanın, Berqmanin,
Konçalovskinin dramaturji baxımdan mürəkkəb lentlərini
haradansa tapıb gətirərdi Beyləqana, Daşburuna.
"Onlar əsgərlərin arxasınca gedirdilər",
"Sıravi Raynisi tapın", "Yorulmuş atları
güllələyərlər, elə deyilmi?".
İşi-gücü o qədər çox olardı
ki, dünyada ən böyük arzusu - doyunca yatmaq idi. Daima yuxulu,
qızarmış gözlərini ovxalayardı.
(ardı var)
Ədalət.-2015.-16 dekabr.-S.6.