5-ci qəhrəmanı Rey
Kərimoğlu
Qarabağ savaşından 20 il sonra "Döyüş Tarixi"ni qələmə almağa qərar verdi. Dövrü mətbuatda, eləcə də qəzetimizdə silsilə yazıları ilə çıxış edən Qarabağ qazisi, tanınmış jurnalist və ən əsası yazdığı xatirələrindən də kəsərli söz sahibi olan Rey Kərimoğlundan söhbət gedir. Rubrikamızın budəfəki qonağı ilə dəyərli söhbətlərimiz reallaşdı. Müsahibənin məğzindən yəqin ki, oxucularımız agahdır. Elə isə sizi yeni qonağın yeni "Döyüş tarixi" ilə tanış edirəm:
Rey Kərimoğlu 90-cı illərdə qara torpağımızda gedən döyüşlərə fədakarlıqla can atan şəxslərdən biri olub. Şirin Mirzəyevin batalyonunun kəşfiyyatçısı olan Rey Kərimoğlu danışmaqdansa qələmə güc verməyi üstün tuturdu. Qələm adamının yazmağa üstünlük verməsi də normaldır. Mətbuatı işıqlandıran yazılarını təkrar danışmağın nə dərəcədə effektivlik verməyəcəyini izah etmək çətin olsa da, hər halda peşəkar jurnalistin xatirələrlə dolu yazılarını mənə təqdim etməsi və bunların üzərində işləməyi təklif etməsi rubrikanın fərqli səhnəsini yaradacağıma işarə idi.
Rey Kərimoğlu əvvəlcə bildirdi ki, döyüş tarixində iz qoymaq qürurverici hissdir: "Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız kəşməkəşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə Milli Ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım.
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsidir. İndi bu səhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, bu səhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamilə oxunmaz hala gəlmədən..."
Bizim dəstə Xocavənd rayonunun Əmralılar, Kuropatkin və Muğanlı kəndlərində oldu. Amma biz əsasən Əmralıların müdafiəsində dayanmışdıq. Hər gün axşam ermənilərlə qısa və ya uzun müddətli atışmalarımız olurdu, amma onlar cürət edib hücuma keçmirdilər. Yazdıqlarımdan savayı, həmin səfərdən mənim yaddaşımda yalnız qırıq-qırıq epizodlar qalıb, bəlkə də yadda qalanları yazsam, heç kəs heç nə anlamayacaq. Amma iki məqamı mütləq qeyd etməliyəm. Bunlardan biri Əbülfət Hüseynov və onun qardaşları ilə.
Əbülfət qəhrəman İbad Hüseynovun böyük qardaşıdır. Bu qardaşları ən ağır zamanda yanımızda gördük. Əslində Əbülfət hələ Azərbaycan cəmiyyətinin tanımadığı çox böyük bir qəhrəmandır. İkincisi isə döyüşçü dostumuz Araz Hüseynovla tanışlığımdır. Hərbi maşınla Əmralılara ilk dəfə gedəndə gecənin ölü sakitliyini Arazın həzin və şirin səslə oxuduğu xalq mahnıları pozurdu...
Mahnı demişkən, hələ "Sıravi Əhməd", "Azərbaycan əsgəri" hərbi mahnıları yaranan qədər biz Şirin Mirzəyevin batalyonunda öz mahnımızı yaratmışdıq. Yaratmışdıq deyəndə, mahnını sözləri və musiqisini Ağdamın Saybalı kəndinin rotasından olan Mahir vardı, o, qurub-qoşmuşdu.
Bir qızıl quş kimi göyə yüksələn,
Azğın düşmənin bağrını dələn.
Milli ordumuzdur, milli ordumuz,
Adınla
fəxr edir odlar yurdumuz...
Yadımda qalan elə budur. İnsaf naminə deyim
ki, yaxşı da musiqisi var
idi. Mahir indi Rusiyada yaşayır.
Əmralılarda döyüşdən savayı
yadda qalan hadisələrdən Bağbanlar
rotasından olan Fəxrinin aşpazlıq keyfiyyətinin üzə çıxması oldu. Könüllü olaraq səfər boyu aşpazlığı
öz boynuna götürən Fəxri
çox dadlı xörəklər bişirirdi.
Hətta bir dəfə uşaqlardan kiminsə ad günü idi, adama bir
stəkan əntiqə
qırmızı şərab
da tapıb verdi bizə.
Əlbəttə, batalyonumuzun qərargah
rəisi Fəxrəddin
Rəcəbovun bilməməsi
şərtilə. Özü
də biz çaxırı
başımıza çəkəndən
sonra bərkdən gülüb dedi:
- Ay evi tikilmişlər, çaxır bizə haramdı ey!
Sonra da qayıdıb dedi ki, "eybi yox, müharibədə
olar, indi burda halal-haram axtarmayacağıq ki!"
Cəbhədə döyüşən
OMON silahdaşlarımız
Milli Ordu yaranana qədər Azərbaycan torpaqlarını, vətəndaşlarını ilk zamanlarda milis, 1990-cı ildən isə Daxili İşlər Nazirliyinin nəzdində yaradılan OMON (XTPD - Xüsusi Təyinatlı Polis Dəstəsi) qoruyurdu. Sirr deyil ki, həm milis, həm də OMON-un sıralarından yüzlərlə insan torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verərək şəhid oldular. Azərbaycanın tanınmış jurnalisti Salatın Əsgərovanı qətlə yetirən erməni dəstəsini də qəhrəman OMON-çular xüsusi bir əməliyyatla ələ keçirdilər. OMON-un fəaliyyəti o qədər effektli idi ki, ermənilər hər bir OMON-çuya görə xüsusi mükafat vəd etmişdi. Amma bir nəfər də olsun OMON-çunu nə əsir götürə, nə də cəsədini ələ keçirə bilirdi.
Belə bir məqamda xəbər gəldi ki, sovet qoşunlarının hərbi hissəsinin rus əsgərləri Xocavənd (Martuni) istiqamətində beş nəfər OMON-çunu əsir götürüb və onların ermənilərə verilməsi üçün danışıqlar aparılar. Xəbəri alan kimi Şirin Mirzəyev özü rəhbərlik etməklə ermənilərin kompakt yaşadığı Xocavənd rayonunun mərkəzinə girib OMON-çuları azad etmək üçün batalyonun zabit heyəti ilə birlikdə təcili bir əməliyyat planı hazırladı. Əməliyyat planından az adam xəbərdar idi.
Sovet qoşunlarının (onların böyük əksəriyyəti ruslar idi) bütün Qarabağ ərazisinin komendantı əsasən Xankəndində otururdu, yəni əsas qərargahları orada idi. Şirin Mirzəyevin əməliyyat planına uyğun olaraq əvvəlcə hansısa səbəbdənsə Ağdama gələn (adətən, rus zabitləri ailələri ilə birlikdə bəzi şeylər almaq üçün çox vaxt o dövrün ən zəngin alış-satış yeri olan Ağdam bazarına gəlirdilər) komendantın müavininin ailə üzvləri çox sakit şəkildə girov götürüldü. Sonra Şirin Mirzəyev komendantın müavini ilə görüşüb, ailəsinin onun əlində olduğunu və onların azad olunması üçün şərtini deyir. Şərt bu idi ki, komendantın müavini ona məxsus BTR-lə Şirin Mirzəyevlə birlikdə Xocavəndə (Martuniyə) gedib OMON-çuları azad etməlidir. Yalnız OMON-çuları sağ-salamat Ağdama gətirəndən sonra ailə-uşağı komendanta veriləcək. Komendantın razılaşmaqdan başqa çarəsi qalmır...
Beləliklə, Şirin Mirzəyev, kəşfiyyatçı Əlabbas İsgəndərov komendantla birgə onun BTR-ində, eyni zamanda BTR-in ruslardan ibarət sürücüsü və atıcısı Xocavəndə yola düşürlər. Əlabbas deyir, onlar Xocavəndin girəcəyində sovet əsgərlərinin dayandığı postu maneəsiz keçib, düz Xocavəndə çatırlar. Mirzəyevgil ora çatanda artıq ruslar OMON-çuları ermənilərə verməyə hazırlaşırmışlar. Həyətdə bir dəstə, binanın içərisində isə bir neçə erməni gözləyirmiş. Dağlıq Qarabağın komendantının müavinini görən zabit və əsgərlər farağat forması alırlar. İlk reaksiya isə Şirin Mirzəyevi tanıyan OMUN-çulardan birindən gəlir: "Ay Allah! Bu Şirin Mirzəyevdir!"
Şirin Mirzəyev dərhal ona işarə edib ki, danışmaq olmaz. İmkan tapan Əlabbas da OMON-çulara pıçıldayıb ki, buradan çıxana qədər heç nə danışmasınlar. Qanuni formada OMON-çular komendantın müavininə təhvil verilib, o da onları BTR-rə mindirib, birlikdə sağ-salamat Ağdama qayıdıblar. Şirin Mirzəyev də vəd etdiyi kimi, komendantın ailəsini sağ-salamat ona qaytarıb...
Ağdərənin Umudlu kəndinə gedirik...
Artıq dekabrın sonları idi... Bizi Əmralılardan təcili geri çağırdılar. Heç dincəlməmiş, çirkli paltarlarımızı belə dəyişməmiş Ağdam aeroportuna yola düşdük. Şirin Mirzəyev dedi ki, Ağdərənin Umudlu kəndinə gedəcəyik. Umudluya kömək lazımdır...
Bizim rotadan - Muğanlı kəndindən Faiq Bəhrəmov, Oktay Hüseynov, Rəhman Cəfərov, Raqil Hüseynov və Vahid Şirinov 1991-ci il dekabrın 27-də, Şıxbabalı uşaqlarından Nail, Ramiz, Rəmiyyədin (Rəmiş deyirdik biz ona), Valeh Rəhimov və mən digər mirzəyevçilərlə birgə bir neçə gün sonra, 1992-ci il yanvarın ilk günlərində Umudluya uçduq... Muğanlı kəndindən isə Faiq Bəhrəmov, Oktay Hüseynov, Rəhman Cəfərov, Raqil Hüseynov və Vahid Şirinov 6-cı postda, Ramiz, Rəmiyyədin, Valeh Rəhimov və mən isə 11-12-ci postlarda dururduq. Postdan sonra Naillə Valeh İbiş kişinin, Ramiz, Rəmyəddin və mən isə Yahya kişinin evində yatıb dincəlirdik.
Postumuz düz Sərsəng su anbarının üstündə idi. Ermənilərin bu tərəfdən kəndə hücumu gözlənilmirdi, olsa-olsa kəşfiyyatçıları, ya da "diversant"ları bu istiqamətdən gələ bilərdi. Onu da yüz faiz biz görəcəkdik... Bizim post 8-ci posta baxanda elə də təhlükəli deyildi, ən təhlükəli 8-ci post idi... Umudluya çatanda Nail öz xahişi ilə elə o 8-ci posta getmək istədi, əvvəlcə batalyonumuzun Umudludakı dəstəsinin komandiri baş leytenant Fəxrəddin Rəcəbov razılıq vermədi, amma Nailin təkidli xahişindən sonra o da razılaşdı. Əslində Şirin Mirzəyevin batalyonunun əsgərləri Umudluda dekabrın 21-i döyüşündən sonra oradan getmək istəyən, səhv etmirəmsə, "Şıx" batalyonunun əsgərlərini əvəz edəsi oldu... Onlardan biri Umudlunu tərk edəndə bizdən şəhid olmuş əsgərin qanını almağı xahiş etdi...
23 dekabr - sevgi gecəsi
Dekabrın 23-də Bakıda yaşayan sevdiyim qızın doğum günüydü. Hər dəfə ya Bakıya gedər, ya da telefonla danışardım onunla. Amma indi nə gedə, nə də zəng edə bilirdim. Uşaqlar vəziyyəti anlamışdılar, amma neyləmək olardı. Axşamçağı uşaqlardan kimsə dedi ki, Bakı ilə, Ağdamla əlaqə saxlamaq üçün Əmralılarda bir Ağdam nömrəsi var. Yəni sifariş verib Bakı ilə danışmaq olar. Ancaq bilmir işləyir, ya yox. Telefon, səhv etmirəmsə, kənd sovetinin binasında idi.
Gedib o telefonu tapdıq, tərslikdən işləmirdi. Ermənilər kəndi top, raket və güllə atəşinə tutanda naqillərin xeyli hissəsi qırılıb sırandan çıxmışdı. Uşaqlar təklif elədilər ki, gəlin qırılmış naqilləri birləşdirək. Tez kənddə bu işə baxan bir nəfər də tapdılar. Bir sözlə, posta dayanmayan bütün döyüşçü dostlarım bu prosesə qoşuldu. Gecə 12-yə işləmiş telefon artıq hazır idi.
Bakını sifariş verdik: 25 10 41... Özümüz də inanmırdıq. Telefon çağırırdı. İndi də o səs qulaqlarımdadır. Di gəl, götürən yox idi. Öz-özümə dilxor oldum, bu qız niyə götürmür!? Bilmirmi ki, mən zəng edəcəm? Aha, budur dəstəyi götürdülər. Qalın və amiranə bir kişi səsi dəstəyin o başından "alo" dedi. Atası idi! Səsimi çıxarmadım.
Bu vaxt telefonçu qızın səsi gəldi, "ay qardaş, sifariş vermisən, danış də!" Heç nə demədim, sakitcə dəstəyi asdım. Uşaqlar başıma yığışdılar:
- Ə, nooldu?
- O deyildi! - astadan
dilləndim.
Yenidən Bakını sifariş
verdim! Telefonçu qız məni və nömrəni tanıyıb dedi:
- Ay rəhmətliyin oğlu, zorla düşmüşdük
Bakıya, sən də danışmadın.
Niyə danışmadın axı?
Yenə susdum. Axı mən onu necə başa salaydım?
Bu dəfə də
düşdük Bakıya. Yenə
atası götürdü:
- Alo!
Uşaqlar hərəsi bir
tərəfdən düşdü
üstümə ki, qorxma, danış! Zarafat deyil, o qədər əziyyət çəkmişdik.
Ürəkləndim!
- Salam, axşamınız xeyir, Nahidəni olar?
- Sən kimsən? Neynirsən Nahidəni?
- Reyəm! Ad gününü
təbrik edəcəm...
Sözüm ağzımda qaldı:
- Bir də bura
zəng eləmə, avaranın biri avara! Duud, duud,
duud...
Artıq
öldü var, döndü yoxdu!
Təkrar sifariş verdim. Bu dəfə telefonçu qız heç bir sual vermədi,
deyəsən, danışığımızı
eşidib, məsələnin
nə yerdə olduğunu anlamışdı.
- Alog - bu dəfə
özü götürmüşdü,
ürəyim əsdi...
Dəstəkdən bir də səsi gəldi:
- Alooo! - Mənəm! Ad günün mübarək!
- Səhv düşübsüz...
Və yenə
dəstək asıldı.
Uşaqlar dil-boğaza qoymurdu:
- Nooldu?
- O idi?
- Nə dedi?
- Heç nə, - dedim sakitcə. - Heç nə demədi.
O gecə Nahidəni yuxuda görmədim...
Bu hər şeyin
heçnəyi deyil. Qazinin
emosianal və tərəddüdsüz döyüş
çıxışlarından bir
parçadır desəm daha doğru alınar. Belə demək
mümkündürsə Qazinin yüzminlərlə
qəhrəmanı bir araya
toplaşaraq budəfəki "Döyüş tarixi"
batalyonunu yaratdı. Xatirələrlə dolu batalyon. Nə qədər
çətin bir dövr
olduğunu anlamışıq, ancaq sözü gedən
hadisələrin daxilində olmaq başqa bir dünyadan xəbər verir.
Bu nə axirətdir, nə də Yer kürəsi. Hər halda
yaradıcı insanlar daha
yaxşı başa düşərlər
nasiri. Rey Kərimoğlunun
heyrətamiz savaş hekayələrindən
bir parçanı diriltmək böyük fərəh və
yaradıcılıq tələb edir. Dediyinə
görə, Qarabağ xatirələri
haqqında onlarla yazılarım xatirə
janrında olsa da bu əsgər xatirəsi deyil,
döyüş dramıdır. Hər halda başa düşən
çoxdan söhbətin mənasını
tutub. Oxuculara
oxumağı tövsiyə edib,
anlamağı arzu edirəm.
Rüfət Soltan
Ədalət.-2015.-16 dekabr.-S.5.