YEDDİNCİ GÖRÜŞ: "AĞ AYAQQABI"

 

"Ağ ayaqqabı" Mətanət Ulu Şirvanlının yeni şeirlər kitabının adıdır, bu onun yeddinci kitabıdır və əlbəttə, təəssüf edirəm ki, bundan əvvəlki şeirləri toplanan kitablarla tanış olmamışam. Amma şairi tanımaq, sevmək və onun oxucusu olmaq üçün məncə, beş-on şeiri kifayətdir. Şeirki, gərək şeir olao beş-on şeir səni özünə cəlb edə. Mətanət xanımın " ayaqqabı" kitabında belə şeirlərin sayı mən düşündüyümdən də artıqdır və indi təəssüflənmirəm ki, onun altı kitabını oxumamışam.

Niyə " ayaqqabı"? O adda şeiri oxuyuram.

 

Ana nağıl danışır...

Codlaşan əllərin sığalı sərtdi,

Xəyal kələf kimi qarışır.

Bu nağıl, yoxsamı dərddi?!

Ana nağıl danışır...

 

Nağıl yox, bir dərdin hekayətini danışır ana, "ayağında çəkmə, sarı saçlı, yosun gözlü, üzü qəmdən duvaqlı" bir qızı apardılar. Bu qız kimdir, şeirdə bilinmir, sirr olaraq qalır. Qəmdən yoğrulan bu şeirin sonu işıqlı bir notla bitir. Nağılı dinləyən qız qəfildən qalxıb "əlində çəkmələr" geri qayıdır: "Bumu səni apardı Qəm-qüssəli günlərə? Qoy dolanım başına, Qəm-qüssən mənim olsun, Bu çəkməni ver mənə". Nağıl bitir, qəmli nağıla işıq qarışır.

Mətanət Ulu Şirvanlının şeirlərində də rəngin sevinc, səadət, işıq çalarlarını görürük və deyərdik ki, bu şeirlər elə doğulanda rəng kimi doğulub. Duruluq, saflıq bu şeirlərin həmişə yol yoldaşı olub.

Şeir yaranandan bəri insana estetik zövq aşılayıb, istər qəmli olsun, tstər sevinc aşılasın. Mətanət xanımın şeirləri bu mənada qəmin də, sevinjin də, iztirabın da, nəşənin də ünvanına, məkanına vara bilir. "Sevirəm...Atılmış sarı çiçəyi, xala çevrilən böcəyi... Sevirəm... heç kimə görsənməyən, köksümdə yatan dərdimi"- bu misralar onun qəmdən yoğrulan şeirləri üçün epiqraf sayıla bilər. Qəmlənmək insanın mənəvi-ruhi vəziyyətinin bir halıdır. Təbii ki, bu qəm insan duyğularının payız fəslinə bənzər. Bu fəslin buludu, yağışı, xəzan yarpaqları, küləyi var. İnsan ürəyi də buna bənzər. Mətanət xanımın şeirlərində təbiətlə ürəyin harmoniyası məhz bu məqsədə xidmət edir- ağlayan təkcə onun qəlbi deyil, həm də "ağlayan ulduz"dur. Ağlayan təkcə gözlər deyil, bağçadakı yasəmənlərdir, bağrı qara gecədir.

Hər sevgidə bir qəm yaşayır. Ustad Füzuli deyirdi ki: "Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı, Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz". Mətanət xanımın sevgi şeirlərində də daim həsrət əlindən gileylənin bir qəlbin iztirabları canlanır. Hər halda, bu qəmlər yaşanılan, duyulan, var olan bir sevginin əlamətləridir.

 

Sarı çiçək təki elə solmuşam...

Bu sarı telləri elə yolmuşam...

Mən elə alışıb, elə yanmışam...

Sacı külləməyə külüm qalmadı.

 

Soysunlar dərimi haqqın yolunda,

Həsrətin ilan tək yatıb qoynumda.

Boş məzar axtardım, tapdım sonunda

Ay allah, gecikdim, ölüm qalmadı.

 

Taleyim bəs niyə nigaran-küskün?

Bəxtin yollarına atılır düyün.

İstədim özümçün dərəm bircə gül,

Sevgi bağçasında gülüm qalmadı.

 

Bu şeir başdan-ayağa qəm sacı üstə ərsəyə gəlib. İrad da tutmaq olar, çünki "qalmadı" rədifi sanki bir sevginin süqutundan soraq verir. Ancaq Mətanət xanımın bu qəmli ahəng üstə köklənən şeirləri az deyil və fikrimizcə, bu hisslər sevən bir ürəyin çırpıntılarıdır. Sevgi fədakarlıq tələb edir və əsil sevgi binayi-qədimdən hicrana, ayrılığa köklənib. Vüsala yetməsələr də, sevənlər üçün həyat, yaşamaq o ilahi hissi həmişə canda hifz eləməkdi. Sev-bu dünyanın pisliyindən, insanların naqisliyindən qorun. Sev - ucalığa yüksəl, aşağılara ermə. "Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam, Meydə təşviri-hərarət, neydə iəsiri səda" (Füzuli).

 

Bəxt dalınca yüyürdüm,

Xoşbəxtliklə öyündüm,

Sevildikcə sevindim,

Sevgimlə ucalmışam.

 

Dağ döşünə çıxanda,

Dərd-qəmimi yıxanda,

Dönüb geri baxanda

Gördüm ki, qocalmışam.

İstədim Tanrıdan soruşam,

Görən niyə doğulmuşam?!

Gördüm cismimi kölgə tək,

İlahi, demə yoxmuşam.

 

Ölmək, dirilmək, var olmaq, yox olmaq - Füzulidən gələn bu motivlər neçə əsrdir ki, sevgi şeirlərimizdə müxtəlif variasiyalarda öz əksini tapır.

Onun sevgi şeirlərini təkcə bu məhdud qəm çərçivəsində anlamaq doğru olmazdı. Əgər sevənlər murada yetmirlərsə, bu təkcə iki insanın faciəsi deyil. Çox istərdim ki, Mətanət xanım böyük məhəbbət şairi Füzulini dönə-dönə oxusun. Böyük məhəbbətin poetik incəliklərinə varsın. "Amandı, titrətmə kirpiklərini, Asılıb qalmışam baxışlarından" - bunu da Mətanət xanım yazıb və elə bilirəm, Füzulidən dərindən aşina olsa, onun sevgi şeirlərində bu tipli obrazlı deyimlərlə tez-tez rastlaşarıq. İndi isə başqa bir şeirinə müraciət edək:

 

Düşün, ya da mən düşünüm,

sevgimiz haqqında.

Bu göy üzü altında

nə mən,

nə sən tək deyilsən.

Anla, bu sevgi yasaq!

Qaçaq,

bu sevdadan qaçaq

dünyanın o başına.

-Yox, gülüm, yox, sevgilim,

Düş dünyanın yedəyindən,

-Məgər görmürsən,

dünya əyilib?!

Sallana-sallana qalmışıq

ətəyindən.

 

Dünyada ağlayan sevgilər, kama yetməmiş ürəklər o qədər çox ki, bəlkə elə onun əyilməyi də bu nakam sevgilərdəndi?

Mətanət xanım dünyanı seviro təkcə "Əyilən dünya"ya deyil, gözəlliklərlə, saf sevgilərlə dolu dünyaya da bağlıdır. Yəni dünyanın qəmli üzünü seyr etdiyi kimi, gülər üzünügörür.

 

Çiçəklər boynunu büküb gözləyir,

Təbiət oyansın, bülbül oxusun.

Mələklər səmadan bizi izləyir,

Bu dünya sevinsin, kədər yox olsun!

 

Mətanət xanımın şeirlərində Tanrıya inam güclüdüronun lirik qəhrəmanı ən qəmli çağlarında, çıxılmaz yollara varanda üzünü Tanrıya tutur. ("Bu dolu dünyada yalqızam, yetim, Dolubdu qəlbimə eşqi xilqətin). Elə bir şeiri var ki, orada hətta "Allah öldürsün məni" deyir və əlbəttə, bu şeir xalq inancından gəlir. Ən üzüntülü günlərində də o, Tanrını yanında görür. Hansı hərəkətinə görəsə "tanrım, məni bağışla" deyir. Onun şeirləri içərisində Tanrı ilə bağlı ən kamili "Allah dərgahına"dır.

 

İlahi, bəxtimi qətrə-qətrə,

Misqal-misqal niyə yazdın?

Mən yuxumu düz gördüm,

Bəndə tərsinə yozdu.

 

Nə yerə, nə göyə sığıram,

Yadelliyə, dönüm gedim.

Yer kürəsi mənlik deyil,

İcazə ver, çıxım gedim.

 

Tut əlimdən apar məni,

Apar Baba dağına.

Bu gün qətl günümdü

Qoy Allah dərgahına.

 

Mətanət Ulu Şirvanlının " ayaqqabı" kitabı Azərbaycana, Azərbaycan bayrağına, Xocalıya, Qarabağa, Ataya, Anaya həsr olunan şeirlərlə açılır. Təbii ki, bu ənənəvi mövzularda təzə söz demək çətindir. İstər-istəməz bu şeirlərə ənənəvi təşbehlər, ifadələr axıb gələcək və Mətanət xanımın şeirlərində də bunun izlərini görürük. Amma bu şeirlərdə sünilik duyulmur, təbii hisslər aparıcıdır. "Rəssam, ürəyimə Azərbaycan bayrağı çək, Azərbaycan heykəli tək Qoy ucalsın ürəyimdə, Sənə qurban ürəyim də Azərbaycan!". "Şamaxı" şeiri Mətanət xanımın doğulduğu torpağa ülvi məhəbbətin ifadəsi kimi diqqəti cəlb edir.

 

Üz tutub gedirəm Şirvana sarı,

Dağların üstüylə dumana sarı,

Şirvan əzəməti, dağlar vüqarı,

Ucalıq zirvəsi-anam Şamaxı,

Salam, Şamaxı!

 

Yenə kövrəkləşib doldu gözlərim,

Ağlama, de sənə nolu, gözlərim.

Deyirsən, silinib yoldan izlərim?

Səninçün cığıram, yolam, Şamaxı,

Salam, Şamaxı!

 

Təbii ki, Mətanət xanımın yeni şeirlər kitabında onun ən yaxşı şeirləri ilə müqayisədə az da olsa, ortababları, hətta bu kitaba düşməyi lazım bilinməyən nümunələr də var. Məsələn, "Əsir" şeiri kimi. Amma ümumən, " ayaqqabı" Mətanət Ulu Şirvanlını sözə dirilik bəxş etməyə çalışan bir şair kimi tanıdacaq... Uğurlar arzulayıram!

 

Ədalət.-2015.-16 dekabr.-S.7.