Görüşdük nə yaxşı...

 

Səhər xanım Əhməd

Əbülfət MƏDƏTOĞLU

abulfatm@box.az

 

Çoxdan yazmaq istəyirdim, lap çoxdan. hər dəfə əlimə götürüb bir, uzağı iki vərəqini oxuduğum kitabda, daha doğrusu onun təsir dairəsindən çıxa bilmirdim. Düzünü deyim heç çıxmaq da istəmirdim. Ona görə çoxdan yazmaq istədiyim kitab haqqında yazmırdım da...

Daxilimdə bütün götür-qoylardan sonra bu qərara gəlmişdim ki, bu kitab haqqında tez-tələsik nəsə bir şey yazsam günahkar olacam. Üstəlik, yazsam artıq o kitabı rəfdə yerləşdirəcəm ona qayıtmaq bəlkə aylarla, illərlə uzanıb gedəcək. Hər halda mən düşündüklərimi, içimdə olanı redaktəsiz söylədim, daha doğrusu, kağıza yazdım. Əgər müəllif bundan inciyəcəksə, bu onun haqqıdı, heç deyə bilmərəm...

Bəli, çoxdan barəsində yazmaq istədiyim kitabla ilin son ayının tən yarısında yenə baş-başa qaldım. Əslində yazıdan öncə stolumun üstündəki kitabı elə-belə, içimin sıxıntısını ovutmaq üçün əl uzadıb götürdüm. Elə bil sinəmdən ürək yox, ağır bir daş asılmışdı. O da məni üzü aşağı çəkib halsızlaşdırırdı. O daşın ağırlığından xilas olmaq üçün götürdüm o kitabı. Götürdüm fərqinə varmadan da açdım. Gördüm ki, müəllif yazıb:

 

Bu gün keçdi beləcə,

Öldürmədi yalqızları

Dedim yerə töküləcək

Bu gecənin ulduzları.

 

Tutmadılar əlimizdən

Bilmədilər halımızdan

Xoşbəxt qaldı yadımızda

Gözəl günlərin dostları.

 

Əlini qoynundan götür

Dərddə vaxt kimidir, bitir

Bu ümidi öldür, gətir

Yoldan yığılsın gözlərim.

 

, həyatın ən sitəmli ağısı, ən sitəmli anları gözü yolda qalmaqdı. İstəyir dənizdə qərq olur... istəyir səhrada... istəyir yel aparsın, istəyir el sevgisi. Fərq etmir. O vaxta qədər ki, səni xəbərsiz aparır səndən xəbər-ətər gəlmir. Bax onda gözü yoldan yığmaq mümkünsüzlüyə çevrilir. Yaxşı ki, müəllif deyir:

 

Huşumda pərən-pərən

Adamlar, xatirələr

Sağ olun, mən gedirəm

Arzularımı yığıb.

 

Bəli, bu "sağ ol"u məmnuniyyətlə qəbul edirəm. Çünki onu deyən gözünü yoldan yığır, getdiyini bəyan edir. Bir vida nəğməsi kimi, bir ayrılıq notu kimi onu hopdururam canıma anlayıram ki:

 

Ömür deyib yaşadım

Bu sınaq-salxaq günləri

Ləçəyi tökülər kimi

Qoxladım xatirələri.

 

Məncə bu bənddə artıq niyə getməyin zərurət olduğu öz əksini tapır. Təkcə gözü yoldan yığmaq üçün yox, həm ömrün sınıq-salxaq olması üçün məhz günlərin ömrə naxış yox, isti, hətta adamın tüstüsünü təpəsindən çıxaran bir dərd yağışı yaşatdığı üçün. Mən bu misraların təsiri altında bir məqamı gözümün qabağına gətirməyə çalışıram. O da fərd olaraq payıma düşən günlərin sırası. İlahi, o günlərin az qala yarısından çox sınıq-salxaq, ya ağrı-acı yüklüdü. O günlərin ən azı yarısından çoxu vətənsizlikdi, həsrətdi, qaçqınlıqdı, didərginlikdi, Vətəndə vətənsizlikdi. Deməli, müəllif təkcə öz adından, öz dünyasından çıxış etməyib. Mənim günlərimdən ruhən xəbər tutur, ruhən məni öz günlərinin gün yoldaşı kimi görüb. isə...

Bu yerdə çevirdiyim vərəq mənə bu misraları oxudur.

 

Yoxluğumdan hamıdan tez

Kim xəbər tutacaq görən?!

Kim ilk dəfə zəng edəcək,

Ya mesaj alacaq görən?!

 

Kimin sıxılacaq canı?!

Deyəcək ki, bu qız hanı?!

Qarışdırıb yuxusunu

Narahat yatacaq görən?!

 

Qapımı kim sındıracaq?!

İşığı kim yandıracaq?!

Məni kim oyandıracaq?!

Həyata satacaq görən?!

 

Elə bu yerdə suallardan qaçmaq üçün bir anlıq dayanıram. Çünki haqlı tutumlu suallar adamı divara dirəyir, cavab tələb edir. Cavab vermək üçün elə-belə, qısa məsələ deyil. Bu cavablarla fürsət qazanmaq olar, qışdan çıxmaq yox. Yəni müəllifin içdən gələn sualları içi içimdən gələn cavablara hesablanır. Onu isə ancaq özü dilə gətirmək gücündədi. Oxucu isə ən yaxşı halda təxmin edə bilər. Zənnimcə, bu misralar mənim demək istədiyimi açıqlayacaq.

 

Sən öldün axırda

Ölüb düşdün Gözümdən

Qəlbimdən çıxan kimi

Gəlib düşdün gözümdən

 

Yaram, yoxam bilmirəm

Kimsən daha bilmirəm

Sənə baxa bilmirəm

Yerin boşdu gözümdə.

 

Hamı ölür, tək qalır

Hamıya ölmək qalır

Gizli bir istək qalır

Bir cüt yaşlı gözümdə.

 

Müəllifini hələ sizə təqdim etmədiyim, amma çoxlarınızın təxmin etdiyimiz, barəsində çoxdan yazmaq istədiyim kitabın adını məncə indi deməyin məqamıdı.

Çünki məhz bu misralardan sonra kitabın adı özünü təqdim edir deyir ki, "Görüşməyənədək". Həqiqətən mən kitab boyu bütün misraların arxasında bir duyğunun, bir istəyin hakim olduğuna dayanıb növbəsini gözlədiyimi büruzə vermədən, oxucunu nəzarət altında saxladığımı fəhm etdim. Gördüm ki, yəni oxucunu özünəməxsus bir durumda izləyən poetik həm canlı, qanlı fikir heç nəyə müdaxilə etməsə , mənə hər sözü həzm etdirir, hər fikri hopdurur.

Deməli, bu artıq o sözü, o fikri yazan qələmin, onun müəllifinin istedadının gerçək gücüdü. Və o güc sahibi oxucu olan mənlə görüşməyənədək desə də, əslində sözü ilə görüşür, fikri ilə görüşür. Mən də o görüşün təsiri altında demək istəyirəm ki, doymadım kitabı mənə bağışladığı şirinlikdən, ləzzətdən, hətta qəribəliklərdən. Ona görə də mən "görüşənədək" deyirəm və görüşmək arzulu Səhər Əhmədin misralarıyla ifadə etməyə çalışıram.

 

...Bir səhər də açıldı

Otağıma gün düşür

Bu gecədən də çıxdım

Şükür, yenə min şükür.

 

Şükürlər olsun ki, bizim böyük sözümüzün, böyük ədəbiyyatımızın çağdaş nümayəndələri arasında Səhər Əhməd də var.

 

Ədalət.-2015.-16 dekabr.-S.6.