"Sənət adamları bir olsalar..." - Ülviyyə Həmzəyeva

 

Millət vəkili, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın Adalet.az-a müsahibəsi.

 

- Ülviyyə xanım, YAP tərəfindən namizədliyinizin irəli sürülməsi sürpriz olaraq qarşılanmışdı. Seçkilər sonrası da sosial şəbəkələrdə ən çox müzakirə olunan məhz Siz idiniz. Buna təəccüblənənlər vardı, sevinənlər ...

 

- Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyimin irəli sürülməsi məni çox sevindirdi. Çünki bizim ailədə hər kəs bu partiyanı onun qurucusu Ulu Öndər Heydər Əliyevi dəstəkləyirdi. Atamın hərbçi kimi Naxçıvanda qulluq etdiyi dönəmdə hərbi hissəyə gələn Ümummilli Liderimiz Heydər Əliyevin hərbi hissəyə üçrəngli bayrağımızı asdırması Sovet hərbçilərinin bayrağımızın altından keçərək oranı tərk etmələri gözümün önündədir.

Təəcüblənmək lazım deyil məncə. Mən bundan əvvəl IV çağırış Naxçıvan MR Ali Məclisinin deputatı olmuşam. Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatı Siyasi şurasının Qadınlar şurasının üzvü seçilmişəm.

Sevinənlər yəqin ki, var. Yəqin müşahidə etmisiniz ki, yeni adı çəkilən hər bir insana qarşı diqqət daha çox olur. Hələ həmin insanı siyasətçi kimi yox, rəssam kimi tanıyırlarsa...

 

 - İndiyədək partiyanın inkişaf strategiyasında kimi işlər görmüsünüz?

 

- Yeni Azərbaycan Partiyası çox müdrik bir partiyadır. Bu gün ətrafında yetərincə intellektual, savadlı, vətənpərvər insanları toplaya bilmişdir. Partiya sıralarında olan hər bir üzv kimi mən gördüyüm işlərdə partiyanın ideya məramını öndə tutmağa çalışıram. Partiyanın işinə hər hansı töhfəm olursa, bu məni sevindirir.

 

- Bioqrafiyanıza nəzər saldıqda Naxçıvanda gənc rəssamların tanidılması istiqamətində geniş işlər gördüyünüzün şahidi oluruq. Milli Məclisdəki fəaliyyətinizdə necə, bu məsələyə xüsusi diqqət ayıracaqsınızmı?

 

- Bu gün cəmiyyətimiz gənc rəssamları tanımaq üçün cəhd göstərmir. Öndə olan, tanınan rəssamlar gənc istedadların qarşısını öz şöhrətləri ilə kəsiblər. Mənə elə gəlir ki, gənclərə dəstək mütləq lazımdır. Gələcəkdə mənim tərəfimdən bu, hər zaman olacaq. İstedadı tapmaq ictimaiyyətə təqdim etmək lazımdır. Necə ki, biz gənclərə təkan verib, üzə çıxarıblar, bizim borcumuz bu ənənəni davam etdirməkdir.

 

- Azərbaycan rəssamlığında mövcud problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

 

- Sənət adamları bir olsalar, bütün problemlər aradan qalxar. Güc birlikdə qarşılıqlı hörmətdədir. Rəssamlarımız öz sənət ailəsinə yad adam qəbul etməməli bir- birini dəstəkləməlidirlər. Naxçıvan rəssamları arasında bu gün bu prinsip hökm sürür.

 

- Naxçıvan Rəssamlar Birliyi olaraq yeni start götürən mövsümdə hansı mövzulu sərgiləri, müsabiqələri keçirməyi düşünürsünüz?

 

- Biz artıq 2016 ildə keçiriləcək "Naxçıvan-bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalına hazırlaşırıq. Ötən festivallarda olduğu kimi bu dəfə bir çox xarici olkədən rəssamların iştirakı gözlənilir. təbii olaraq qarşıdan gələn ildə bir çox sərgilərimiz yeni layihələrimiz var. Ölkəmiz üçün əlamətdar günlərə həsr olunmuş sərgilər, ölkə xaricində müsabiqələrimiz müxtəlif səpkili digər sərgilərimiz olacaq. Ümumiyyətlə, Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda daim sərgilər keçirilir. İlin elə bir həftəsi ola bilməz ki, sərgi salonumuz boş qalsın. Hətta məcbur olub bəzi sərgiləri növbəti ilə keçirməli oluruq. Bu günə kimi bir çox xarici rəssamların da sərgisini təşkil etmişik. Təbii ki, bütün bunlar Muxtar Respublika rəhbərliyinin dəstəyi ilə mümkün olub.

 

 Qeyd edim ki yeni ildə biz rəssamlara Muxtar Respublika rəhbərliyi tərəfindən edilən möhtəşəm bir hədiyyənin - Bəhruz Kəngərli adına "Rəssamlar Parkı”nın açılışını səbirsizliklə gözləyirik.

 

- Necə fikirləşirsiniz, deputat fəaliyyətiniz fərdi yaradıcılığınıza təsir göstərəcəkmi?

 

- Hər bir sənət siyasidir. Çünki hər bir sənətkar hansısa dövlətin ərazisində yaşayır, dövlətin müəyyən bir idarəetmə prinsipləri var insan da öz fəaliyyətini bu prinsiplərə uyğun qurur. Bəziləri guya siyasətdən kənar olduğunu göstərmək üçün "mən siyasətdən uzaq sənətlə məşğulam" ya "bu, mənə aid deyil" deyir. Əslində, elə bunu deməyin özü bir siyasi mövqedir. Yazıçı, şair yaxud jurnalist olsun, fərqi yoxdur, bu peşə sahiblərinin hər biri cəmiyyətlə dialoq halındadır. Ona görə bunun mənim sənətimə hər hansı təsir göstərəcəyini sanmıram. Ola bilsin ki, bir az vaxt azlığından əziyyət çəkdim. Amma sənətçinin ilhamı gəlibsə, necə olur-olsun, ideyasını reallaşdıracaq.

 

Sahib ƏSƏDBƏYLİ

ədalət.-2015.-18 dekabr.-S.3.