BU RAMİZ KƏRƏM, ANCAQ ÖZÜNƏ OXŞAYAN ŞAİR

ƏDƏBİ HƏYAT

 

Ramiz Kərəm şeirsevən oxuculara yaxşı tanışdır. Əlbəttə, bu oxucuların sayı çox deyil, yəni Ramiz Kərəm öz adaşı Ramiz Rövşən kimi məşhur olmayıb. Amma Ramiz Kərəm də oxunulası şairdironun şeirləri poeziyada özünəməxsus, heç kimə bənzəri olmayan bir şairin varlığından xəbər verir. Cəmi ikicə kitabı çıxıb və 30 ildən artıq şeir yolunun yolçusu olan bir şairin iki kitabının çap olunmağı bir qədər təəccüblü görünür. Onun yaşıdları iki yox, ən azı 7-8 kitabın müəllifidirlər. Amma Ramiz Kərəmin "Mən sözdən asıldım" (2015) şeirlər kitabını oxuyandan sonra qətiyyən təəccüblənmədim, hətta təəssüflənmədim. Lap elə düşündüm ki, elə bu kitab da onu istedadlı bir şair olduğunu sübut edir.

"İstedad" kəlməsini işlətdim, dahi Füzulinin bu kəlamını xatırladım: "Ver sözə ehya ki..." Ramiz Kərəm Sözə dirilik verməyə, onu adilikdən qeyri-adiliyə aparmağa can atan şairlərdəndir və onun istedadı elə bu məqamda üzə çıxır. Bu mənada Ramiz Kərəm öncə adını çəkdiyim adaşı Ramiz Rövşənə oxşayır. Elə qeydlərimə də Ramiz Kərəmin Ramiz Rövşənə həsr elədiyi şeiri ilə başlamaq istəyirəm:

 

Mən beş-üç şairin badına getdim,

Tanrı ömrümüzə ömür calasın.

Niyə demədiniz Ramiz Kərəmə

Getsin bağ becərsin, bostan sulasın.

 

Nərdivan axtardım sözə çatmağa,

Niyə demədiniz gedib azarsan.

Bir deyən olmadı sənlik deyil bu,

Birdən əlin çatar, şeir yazarsan.

 

Yenə bu dan üzü sözdən asıldım,

Keçdi kəndir kimi söz boğazıma.

Yenə bu ilgəyə verdim boynumu,

Əlimlə keçirdim öz boğazıma.

 

Çəkin aşağıdan nərdivanları,

Belə asılmağa həvəsim gəlir.

Söz adam öldürmür, adam dirildir,

qədər yellənsəm, nəfəsim gəlir.

 

Bu şeir heç qeyri-təvazödən, yalançı səmimiyyətdən doğmayıb, şairliyin necə əzablı günlər yaşatdığını yalnız ŞAİR olanlar bilər. Çünki "Söz adam öldürmür, adam dirildir".

Ramiz Kərəm yazırsa, nədən yazırsa, məhz Sözü diriltməyə, onu şeirə, şeiri poeziya mənzilinə çatdırmağa can atır. Yox, Sözlə oyun oynamır, söz oyununa aludə olmur, sadəcə, qəlbində doğan duyğunun rəsmini çəkməyə çalışır. XXI əsr fikir, düşüncə əsridir, amma fikrin, düşüncənin hisslərlə yoğrulması, ürəyin beyinlə müttəfiqliyi həmişə ön sırada dayanıb. "Bir az rahatlıq, bir az səksəkə, bir az ciddi, inamlı, bir az məzhəkə qarışıq" XXI əsrdə yaşayırıq, "bir əlində gül dəstəsi, bir əlində avtomat", "bir yanında ümid, bir yanında ümidsizlikg dilində haqq, əməlində haqsızlıq" yaşayır bu əsrdə. İnsani hisslərin korşaldığı, şouların meydan suladığı, sevgilərin az qala tükəndiyi bir əsrdə Sözlə, şeirin havası ilə nəyəsə ümid bəsləmək olarmı? Əlbəttə, ulu Nizaminin o məşhur kəlamını yada salsaq, Sözün qələbəsinə inamımız sarsılmayacaq: "Bu xəlvət pərdəsini açan zaman əlbəəl, Çöz oldu bu cahanda cilvələnən ilk gözəl". ulu Nizaminin bu vəsiyyətidir ki, onun böyük şeir məkanında bapbalaca bir guşəsi olan Ramiz Kərəm deyir ki:

 

Min illər boyu kimsə,

Dünyaya üz tutub

haqq deyib dinsə,

yarpağı yamyaşıl

Bir ağac bitəcək bir qəbrin üstdə.

neçə min ildən sonra da yenə,

Gündoğandan günbatana

İnsanlar gedəcək,

O günəş eşqinə, o nur eşqinə.

 

Ramiz Kərəmin şeirlərində təbiətdən gələn bir saflıq var. Təbiət onun misralarında olduğu kimidir. Təsəvvür edin, kənddən şəhərə köç edən bir şair öz təbii stixiyasından, yəni malik olduğu o təbii duyğulardan-biçənək ətrindən, dağ, çəmən, bulaq, kol, bənövşə qoxusundan, çoban tütəyinin yanıqlı sədasından ayrılır, şəhərə üz tutur. Amma şəhər onu dəyişdirmir. Hərçənd ki, mənsub olduğu "səksənincilər" kimi bir kasıb kişinin köhnə daxmasını, nehrə yağının yaxmasını, motal şorunun dürməyini şəhərin göydələnlərinə, bahalı ya ucuz restoranlarından uca tutur, bütün varlığı ilə kənd adamı olduğuna inanırsa, burada qeyri-adi heç yoxg Əgər Ramiz Kərəm kimdir sualı verilsə, təxminən cavabı bu olar ki, təbiət kənd stixiyasından ayrıla bilməyən, harada olsa, yazsa, dünyaya göydən ötən qərib durnaların, çoban oxumalarının, duyğulu kənd gecələrinin, boz torağayların, bağrı çatlayan atların, qızılgül koluyla dərdləşən oğlanın, saz havasının qəlbində oyatdığı duyğulardan boylanır. Hərçənd ki, qəribə səslənər, bir az yeseninvari ahənggNarahat ruhun, özünü dərk etməyə bununla da dünyanı dərk etməyə can atan bir şairin axtarışları.

 

Alma ağacıydım, sevə bilsəniz,

Qızıl almalarım tökülərdimi?

Yazın qış çağında, çiçək çağında

Quşlar budağımdan çəkilərdimi?

Sevə bilsəydiniz -

Yarpağım öpərdi əllərinizdən,

çiçək səpərdim başınız üstdən,

Ağca güllərimi sevəmmədiniz.

 

Bu narahat ruh alça ağacına dönür, bu ağaca biganələrin laqeydliyindən sınıxır. Köhnə dəyirmanların dərdini çəkir: "Köhnə kişiləri zaman üyütdü, Dayandı, sənin çarxın işləmir".Meşələrin şahı palıdın aqibətinə acıyır: "Səni belə yıxdılar, meşələrin şahı palıd. Bu adamların işidi, Qınama Allahı palıd". Bəxtinə açılacaq bir qapı həsrətindədir: "yerini öyrəndim axır-bir sal daş dibindədi".Və ürəyinin içinə boylanır:

 

Halımı soruşma, halım hal deyil,

İnanma sözümə, ağzım fal deyil,

Axtarma yükümü, yüküm bal deyil,

Axtarsan içində zəhər taparsan.

 

Baxsan ürəyimə yolda yorulmuş,

Yalmanı dolaşmış, nalı qırılmış,

Yəhəri dağılmış, çidar vurulmuş

Bir cıdır həsrətli kəhər taparsan.

 

Mən sevinc əkdikcə qəm rişələndi,

Gördüyüm ələklər çoxdan ələndi.

Çox da ki, bu adam deyib-güləndi,

Təbəssüm altında qəhər görərsən.

 

Bu narahat ruh Anasının başdaşısı önündə qəmli düşüncələrə dalır, kədərli bir Ana şeirinin özülü qoyulur: "Şəkildən ana olmaz, qədər əziz olsa da, bu çəpərdən, bu daşdan, bu çınqıldan, bu qumdan, bu güldən ana olmaz".

Amma elə düşünməyin ki, Ramiz Kərəm nostalji şairdir, ötən günlərin xiffətini çəkir bu duyğuları şeirə gətirir. Onun şeirlərində öncə qeyd etdiyim kimi, özünü dünyanı dərk etməyə çırpıntılar duyulur. Deyə bilərik ki, özünü dərk edən insan, dünyanı da dərk edə bilər poeziyada şairlər elə bu yolun yolçularıdır. Hərçənd ki, dünyanı sonacan dərk eləmək mümkün deyil, amma əsas odur ki, hər şair öz anlamında buna can atır. Ramiz deyir ki:

 

Bu yerə sevgimiz, göyə sevgimiz,

Bir sarı sünbül tək bitirir bizi.

Bir gün doğuluruq, bir gün ölürük -

qədər yaşasaq, sevgi quluyuq,

Dünyaya sevgilər gətirir bizi.

 

Ramiz Kərəmin sevgi şeirlərində yalan yoxdu, təsəlli var, ümid var. Əslində, o, sevgidən, şəxsi, intim duyğulardan deyil, sevginin ruha gətirdiyi gözəlliklərdən, insanı yaşadan həm onu daim nigarançılıq içində saxlayan hisslərdən yazır. "Əvvəli ümid, sonu aldanış olan" bir sevginin gözəlliyi nədədir? Sevən adam üçün ayrılıq da gözəlmiş, onda ki:

 

Gecələrə bir xatirə deyərsən,

Çiçəkləsə, budağını əyərsən,

Al bu dərdi, köynək kimi geyərsən,

Qazanc budu, bölə-bölə ayrılaq.

 

Bu yazıda Ramiz Kərəmin şeirlərindəki təşbehlərdən, metaforalardan, digər bədii təsvir vasitələrindən söz açmaq olardı. Amma misal gətirdiyimiz şeir parçalarından da hiss olundu ki, onun şeirlərində Sözü ehya eləmək missiyası poetik incəliklə nəzərə çarpır, xüsusilə, metaforik düşüncə tərzi bu şeirlərin canına hopub.

 

Bərəsində gözləyən var hər ovu,

Göz açmamış düşür ömrün qırovu,

Bir budaqda çimir aldıq bir hovur,

Quş gözündə yuxu kimi yaşadıq.

 

Ümidlərdə şallaq izi, qan izi,

Hər addımda ömür kəsir, can üzür,

Uzaqdakı çiçəklərdən dan üzü,

Meh gətirən qoxu kimi yaşadıq.

 

Ramiz Kərəm əlli yaşa üz tutub,

Yolu gedir, dağa-daşa üz tutub,

Axan suya, uçan quşa üz tutub,

Bir qəribin ahı kimi yaşadıq.

 

Ramiz Kərəmə - Ramiz Rövşənin, Ramiz Qusarçaylının adaşına onu arzu edək ki, Sözə, onun poetik ruhuna, "Bu Vətən göyünə, isti torpağa, Demək istədiyim bir-iki söz var" andına sadiq qalsın...

 

Ədalət.-2015.-26 dekabr.-S.15.