O dağlara gəlməyimdən keçdi tay...

 

... xəyanət divardan asdığımız,

çərçivəyə salınmış şəkildi.

ər arvadına xəyanət edir,

arvad ərinə...

oğul-qız da hər ikisinə...

Qarabağın hesabı

Qiyamətdə çəkilməyəcək.

... kişilər əkdi,

arvadlar doğdu.

doğulanın çoxu

Ramzan Kadırovdu,

Şamil Basayevsiz...

... ilin yarısı matəmdi,

yarısı bayram.

hər üç aydan bir

amnistiyadır...

çeçenlərlə bizim

bircə fərqimiz var,

bizdə satqınların üzünə

evlərinin qapısı açıqdı,

onlarda qəbiristanlığın...

 

 

***

 

Karvan getdi, dalınca bax,

Bu kəsərsiz qılınca bax.

Yorğana bax, balınca bax,

Yatırtdı nağıllar bizi.

 

Bəxt karxana sərər, görməz,

Yetişməmiş dərər, görməz...

Allahdan gün görər-görməz,

Səbətə yığırlar bizi...

 

Göy çəkdi, yer bilmədi,

Biçən biçdi, vər bilmədi.

Anasına ər bilmədi,

Bilmədi oğullar bizi...

 

fərqi var - erkək, dişi,

Tərgitməyək bu vərdişi.

Qurutmağa dəyməz, kişi,

Onsuz da sağırlar bizi...

 

***

 

özəlləşdirilmiş apteklərdə

saxtası əslindən seçilməyən

dərmanlar

avtomat gülləsindən bahadı.

onsuz da ölüm həmişə vaxtsızdı,

yanlarımızda, qollarımızda

iynələrin açdığı deşikdən

daha kiçik, daha ağrısızdı.

hücuma keçərkən

köksümüzü deşib keçən

güllələrin açdığı

deşik ağrı...

 

***

 

Xoşbəxt günlərimiz harda qurtarır,

Nahaq çəkdirirdin sən, bu hasarı.

Bütün icazələr burda qurtarır,

Niyə aşmalıyam mən, bu hasarı?

Quru xəyallarda yaşayır adı,

Əkmədin, gözləmə biçində heç .

Hər şey bu sarayın hasarındadı

Girsəm tapacam içində - heç .

 

Tənhalıq ömrümə ələyir qarı

Qonaqsız evlərdə dərd var, azar var.

İndi göy üzünün mələyi - qarı,

Endi yer üzünə, yerdə hasar var...

 

Eh, giley-güzardı axırda sevgi

Kağız çiçəkləri quşdan kiçikdi.

Vallah, şişirdirsən, bu xırda sevgi

Üst-üstə qoyduğun daşdan kiçikdi...

 

Sənsiz ölməmişəm illər uzunu,

Arvad söhbətiymiş məni ağrıdan.

Niyə bilməmişəm, illər uzunu,

Hasar həsrətiymiş məni ağrıdan...

 

Qılıqlı nəfəsə, sevdalı səsə

Ölüm ayağında çatdım həmişə.

Dünyadan umdum, istədimsə,

Hasara bükülü tapdım, həmişə...

 

Deyirdim ki, bəlkə çıxdı qanadım,

Göylər yurd yeridi, yer yuvasızdı.

Yaxşı ki, uçmağa yoxdu qanadım,

Yaxşı ki, bu hasar darvazasızdı...

 

***

 

adımız təkcə

yardım siyahılarında,

çörək pulu cədvəlində deyil.

...biz varıq bu ölkədə,

qar üstündə zənci kimi...

 

 

***

 

Açdım hər sirrimi yoldan keçənə,

Yüz başa bir sınıq qoldan keçənə.

Didilmiş yun qalır koldan keçənə,

Yazdım şeirləri mən nahaq yerə.

 

Bir çöp itkisinə çoxdu göynəyən,

Aclara var ki, toxdu göynəyən.

Mənim dərdlərimə yoxdu göynəyən,

Yazdım şeirləri mən nahaq yerə.

 

Bülbüldən matahdı millətə, bayquş

Neyləsin ləkəli qeyrətə bayquş?

Biz vətənə yükük, qürbətə bayquş,

Yazdım şeirləri mən nahaq yerə...

 

Yolsuz yolçuların itiyi sözdü,

Dağılmış evlərin kötüyü sözdü.

Şair balasının yediyi sözdü,

Yazdım şeirləri mən nahaq yerə.

 

Götürüb daş kimi atdılar məni,

Keçi qiymətinə satdılar məni,

Qoyun sürüsünə qatdılar məni,

Yazdım şeirləri mən nahaq yerə.

 

Yel vurur, sovrulan külümə heyif,

Sevə bilmədiyim ölümə heyif,

Əlli il çəkdiyim zülümə heyif!

Yazdım şeirləri mən nahaq yerəg

 

Kim bilir, qayğısız yerdə doğulsam,

Gülərəm doyunca dərdə, doğulsam.

Mən şair olmaram, bir doğulsam,

Yazdım şeirləri mən nahaq yerə...

 

***

 

Dərd qovurdu, qəddim, boyum qurudu

Dərdli sinəm oyum-oyum qurudu.

Dəhnəm uçdu, selim-suyum qurudu,

Gözlərimi silməyimdən keçdi tayg

 

Kaman kimi gərilmişəm Vətənsiz,

Sarfa-sarfa dərilmişəm Vətənsiz,

Yüz yol ölüb-dirilmişəm Vətənsiz,

Birdəfəlik ölməyimdən keçdi tayg

 

Sozüm yoxdu yerə enmiş meymuna,

Məclislərdə şirə dönmüş meymuna.

Çox əyildim itə minmiş meymuna,

Bu hikmətə gülməyimdən keçdi tayg

 

Vahid Əlifoğlu zillətə düşdü,

Qısıldı yadlara, minnətə düşdü.

Mənim qismətim qürbətə düşdü,

O dağlara gəlməyimdən keçdi tay...

 

***

 

Bu dünyadı, gün yazır,

Dağa-daşa çən yazır.

Bəndə pozur, bəndə yazır,

Fələyin adıymış elə...

 

Cələdədi sirr, quş gəlməz,

Tora, dənə hər quş gəlməz.

Yüzün yandır, bir quş gəlməz,

Lələyin adıymış elə...

 

Fırlan görüm, təkər şeytan

Uçuruma çəkər şeytan.

Şah iblisdi, nökər şeytan,

Mələyin adıymış elə.

 

Yollara bax, yol ağıdı,

Yolçu getmir, dərd dağıdı...

Torpaq qutu qapağıdı,

Bələyin adıymış elə.

 

Ovcumda gözüm, itmədi,

Gözümdə izim itmədi...

Ha tutdum, üzüm itmədi,

Ələyin adıymış elə...

 

***

 

anam yuxuma gırır,

92-ci ildə

torpağa tapşırdığım anam...

saçları xınalı,

qıpqırmızı paltarda,

yəqin evimizi yandırıblar...

 

***

 

səsindən bilirəm ki,

arvadım qocalıbdı.

on beş ildi,

üzünə baxa bilmirəm...

 

***

keçən günlər,

keçən günlər...

ortasına daş atılmış

göl kimidi...

 

Ədalət.-2015.-26 dekabr.-S.14.