ZƏLİMXAN YAQUB

 

Onu milləti sevir, Türk dünyası sevir. Onu poeziya sevərlər, Azərbaycanı tanıyanlar sevir.

Yunus adını Yunis İmrə, Nizami adını Gəncəvi, Vaqif adını Molla Pənah, Ələsgər adını Aşıq Ələsgər, Səməd adını Vurğun... möhürlədiyi kimi, Zəlimxan adını da Zəlimxan Yaqub möhürlədi. Ad möhürləmək hər adama qismət olmaz, əfəndim...

 

Həyatda hər kəsin öz qiyməti var,

Hər baş zinət olmaz taca dünyada.

Alçaqlıq insana bir sənət deyil,

Ucalıq yaxşıdı uca dünyada.

 

Düşsə yüz əmələ, girsə min dona,

Olarmı qarğadan yaşılbaş sona?

Koroğlu deyilməz korun oğluna,

Olmaz hər Əzizdən xoca dünyada.

 

Ocağı, alovu, közü yaşadar,

Bulağı suyunun gözü yaşadar.

Yaşatsa söhbəti, sözü yaşadar,

Cavan Zəlimxanı qoca dünyada.

 

Onu mən də sevirəm. Bir şair, bir insan, bir dost kimi mən də sevirəm onu. Zəlimxan Yaqubu "sevməyənlər" ona qibtə və paxıllıq edənlər də az deyil. Onların adlarını sadalamağa ehtiyac yoxdur. Onların arasında sıravi adamlar yoxdur. Onlar bir az siyasətçilər, bir az yazarlar, bir az da boşboğazlardı.

Zəlimxan Yaqubu bütöv bir xalq sevdi. Necə olur ki, hər ağzına çullu dovşan yerləşməyən ağzını açanda "Xalq" deyir, amma xalqın bu qədər sevgisini qazanmış bir şairə ağız büzürlər? Məntiq hər şeyin qarşısına qoyulmuş nidadı. Xalq Zəlimxanı Səməd Vurğunu sevdiyi qədər sevdi. Buna hər birimiz şahidik...

Aşıq Avdı Qaymaqlının 100 illik yubileyində aparıcı Zəlimxan Yaqub idi. Çıxışçıların biri də mən idim və həmin çıxışım Zəlimxan Yaqubun çox xoşuna gəlmişdi. O, tədbirdən sonra məni bağrına basıb: "Nə qədər səmimi və şirin bir çıxış söylədin", - deyərək təbrik etdi. Bu azmış kimi, oğlu ilə Gəncədən ötərkən (onda mən Gəncədə işləyirdim) oğluna söyləmiş ki, gəlin haqqında danışdığım, dostumuz Məmməd Dəmirçioğluna salam verək. Elə də etdilər. Ustad mənə zəng edib harada olduğumu soruşdu. Gəncədə olduğumu söylədim. "Dəmirçioğlu, bizi qarşıla, səninlə görüşmək istəyirik", - dedi. Məni oğlu və sürücüsü ilə tanış etdi, oğluna söylədi ki, haqqında danışdığım Dəmirçioğlu bu kişidi. Bir gözəl məkan seçdilər, mükəmməl bir süfrə açıldı. Sonda hesabı vermək üçün irəli çıxmaq istədim. Qoymadı, "bu qonaqlığı mən sənin o çıxışının şərəfinə verirəm", - dedi...

Bunu Xalq Şairlərinin hamısı edə bilməz. Bunu Səməd Vurğun edə bilirdi, bir də Zəlimxan Yaqub edə bildi. "Qarnım üçün deyiləm, qədrim üçünəm", - deyib dədələr. Bax bu səbəbdən Zəlimxan Yaqub əlçatmazdı. Bax bu səbəbdən Zəlimxan Yaqubu xalq sevdi.

Sözümün canı budur ki, xalq kimi sevdiyini gözəl bilir. Göz qamaşdıran titullarla, təltif və medallar bolluğu ilə xalq sevgisi qazanılmaz.

Mən məsuliyyətimlə deyirəm, Zəlimxan Yaqub, əbədiyaşar şəxsiyyətlər sırasındadır. Onu əbədiyaşar edəcək amil təkcə onun şəxsi keyfiyyətləri deyil. Bu danılmaz bir həqiqətdir ki, Zəlimxan Yaqub, adının və soy adının hərifləri sayında cildlikləri ilə sənət dünyamıza öz yaradıcılığını qoymuş bir şairdir.

Onun bütün şeirləri sazın fövqünə yüksəldi, Ələsgər sözü qədər saza sevilə bildi. Bu həqiqəti dana biləcək bir adamı təsəvvür etmirəm. Şair bəs nəyi ilə qalır xalqın yaddaşında, ədəbiyyat tarixində? Bu kateqoriyaların hamısını aşıb keçmiş sənətkardı Zəlimxan Yaqub.

 

Dünya mənə qucaq açdı, gəl dedi,

Mən dünyaya dərdi-sərlə gəlmişəm.

Öyrənmişəm uduzmağı, udmağı,

Atmaq üçün qoşa zərlə gəlmişəm.

 

Qış dolanıb, bahar gəlib, yay düşüb,

Qismətimə çeşmə düşüb, çay düşüb.

Hər gecəmə bir qoşmadan pay düşüb,

Hər günümə bir əsərlə gəlmişəm.

 

Çox əlləşib sellər məni apara,

Qoymamışam ruhu candan qopara.

Salam verib əlimdəki qabara,

Alnımdakı axan tərlə gəlmişəm.

 

Bir ömrüm var, bir meydanım, bir atım,

Sazdı, sözdü malım, mülküm baratım.

Cıdırlarda mənzil kəsən Qıratım,

Hər yarışdan bir zəfərlə gəlmişəm...

 

Bir hadisə kimi gəldi Zəlimxan Yaqub. Dədə Şəmşirdən, Osman qağadan, Hüseyn Arifdən üzü bəri bütün görkəmli şəxsiyyətlərin sevimlisi idi. Sonra, özü xalqın sevimlisinə çevrildi. Həmişə xalqın yanında oldu, ağacın, daşın, quşun, bulağın, çayın yanında oldu şair. Hər kəs də öz sevgisini əsirgəmədi ondan. Təbiət sevdi, vətən sevdi, xalq sevdi şairini. Şairlik budur, əfəndim! Şairlik evində oturub metafora zənginlikləri axtaran, Yapon xokkularından, İspan və Avropa sürrializmindən, modernist əllaməçilərdən çırpışdırmalar etmək deyil.

 

Şair dağ çayıdı, başı bəlalı,

Özünü o daşa, bu daşa çırpar.

Olmaqçün dünyanın dərdindən halı,

Başını tarixə, yaddaşa çırpar.

 

Vətən Məcnunudu, safdı, dəlidi,

Millətin bayraq tək qalxan əlidi,

Şairə öz xalqı "Can" deməlidi,

Yaxın istəməsə, yad daşa çırpar.

 

Sevinir yetirib, bitirəndə xalq,

Ağlayar çiyninə götürəndə xalq.

Böyük istedadı itirəndə xalq

Bir dizə çırpanda, beş başa çırpar.

 

Zəlimxan Yaqub heç zaman özünə, dilinə, mədəniyyətinə, xəlqiliyinə, sazına, sözünə və səmimiyyətinə xəyanət etmədi. Zəlimxan Azərbaycan təbiətini, cəmiyyətini, ədəbini, ərkanını tərənnüm etdi. Heç bir söz hoqqabazlığına meyl etmədi. Hər misrasını ürəyinin süzgəcindən keçirdi, eşqi ilə yoğurdu, sevgiləriylə cilaladı:

 

Çöldə çiçək oldum, çəməndə naxış,

Şimşəkdə od oldum, buludda yağış.

Sirli bir göz gördüm, nurlu bir baxış,

Çevrildim çeşməyə, qarışdım çaya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Mən min il əvvəldə gələ bilərdim,

Min ildən sonra da ölə bilərdim.

Zamanı başqa cür hesablayardım,

Vaxtı başqa cürə bölə bilərdim.

Düşüb sən doğulan həftəyə, aya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Səsini eşitdim, səsdən səs aldım,

Şaqraq gülüşündən güc, həvəs aldım.

Sən nəfəsim oldun, mən nəfəs aldım,

Muştuluq verdilər Günəşə, Aya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Neçə dinsizləri dinə gətirdim,

Qurudum, sünbülü dənə gətirdim.

Könlümdə nə varsa sənə gətirdim,

Mənim yollarımı kəsə bilmədi

Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Məcnun da, Kərəm də, Fərhad da mənəm,

Məcnuna, Fərhada qanad da mənəm.

Ölüm də, sevgi də, həyat da mənəm,

Şükür Yaradanın verdiyi paya,

Səni sevmək üçün gəldim dünyaya.

 

Şükür Yaradanın verdiyi paya - bu millət üçün Zəlimxan Yaqubu gətirdi dünyaya.

İnanın ki, bu dediklərim tam səmimidir. Bu bir şəxsiyyətin yersiz mədhi, təmənnalı tərifi deyil.

Bəziləri Zəlimxan Yaqubu "Saray şairi" adı ilə töhmətləməyə çalışırlar. Belə insanları sevmirəm və hətta belələrini əli ətə çatmayanlar hesab edirəm. Bu yaxınlarda eyni çamuru Səməd Vurğuna da atırdılar. Mən bir daha vurğulayıram, xalqın bu qədər sevgisini qazanmış şəxsiyyətlərə çamır atanlar bu millətdən deyillər. Sovetlər dönəmində Leninə, Çapayevə, Stalinə... o qədər əsərlər yazmış böyük şairlərimiz olub ki, onda gərək onları da kanyuktur damğasıyla damğalayaq.

Zəlimxan Yaqub millətini, dövlətini, dövlətçiliyini hər kəsdən daha çox sevir. Həmişə onun yanında olmuş, dərdinə ağrımış, sevincinə fərəhlənmiş bir xalq şairidi. Zəlimxan zirvəsinə çata bilməyən bir kəsin onun haqda yanlışlıqlar söyləməyə haqqı yoxdur.

Sözün nə olduğunu biz də bilirik. Kimin kim olduğunu da gözəl bilirik. Azərbaycan xalqı zaman-zaman öz möhtəşəm dahilərini yetirməkdədir. Həmin dahilərə zaman-zaman çamur atanlar da, çəməndə çiçəklə bərabər qanqalın bitdiyi kimi, bitməkdədirlər.

Zəlimxan Yaqub, böyük olduğu qədər də sadədir. O, öz sevgisini də nifrətini də şeirləri, yaradıcılığı ilə söyləyir. Onun kiməsə çamur atdığını görmədim. Çünki o, sevgidən doğulmuş, eşqlə mayalanmış bir şairdir.

 

Sevgidən doğuldum, sevdim, sevildim,

Məni sevə-sevə öldür, İlahi.

Allahın gücünü sevgidə bildim,

Məni sevə-sevə öldür, İlahi.

 

Sellərə çevrilim, kükrəyim, axım,

Buluda çevrilim, gurlayım, axım.

Ətəkdən boylanım, zirvəyə baxım,

Məni sevə-sevə öldür, İlahi.

 

Şirindi sevilən hər gün, hər saat,

Dünya gözəli tək gəl mənə naz at.

Kül olmaq ölümdü, köz olmaq həyat,

Məni sevə-sevə öldür, İlahi.

 

Çəmənin üstündən əsən meh elə,

Çiçəyin gözündən öpən şeh elə.

İstər nökər elə, istər şah elə,

Məni sevə-sevə öldür, İlahi.

 

Qara saçlarıma sevgi dən olsun,

Mən bir sünbül olum, sevgi dən olsun.

Elə ölümüm də sevgidən olsun,

Məni sevə-sevə öldür, İlahi.

 

Həvəsim önündə əsrlər azdı,

Eşqimin yanında sular dayazdı.

Məni sevə-sevə yaşatmaq azdı,

Məni sevə-sevə öldür, İlahi.

 

Şair, Allaha ərki olan bəndələrdi. Zəlimxan Yaqubun bütün duaları xoş məramlıdı. Xalqına, millətinə bəşəriyyətə əmin-amanlıq diləməkdən ibarətdir. Qəribə görünsə də, Allahdan ölüm də arzulanır. Adətən ölüm arzusunu ya düşmənə, ya ən pis adamlara, ya da ən zülmlü günlərdə insan özünə arzulayır. Burada ölüm arzusu daha kamil bir zirvəyə ucalmışdır. Belə ölüm ölümsüzlük deməkdir və şair öz arzusuna çatmağa tələsməməlidi. Hələ yaşamaq lazımdı...

Zəlimxan Yaqub şair doğulub, şair kimi də sevgilərlə getməyi arzu edir.

 

Açılmaq gül kimi aydın,

Açılıb-solmayan varmı?

Boz-bulanlıq göylər kimi,

Boşalıb-dolmayan varmı?

 

Qəmli kimdir - boyun bükən,

Dərdli kimdir - qan-yaş tökən.

Ey saçına sığal çəkən,

Saçını yolmayan varmı?

 

Dörd yanımız hasar, barı,

Gün əritməz yatan qarı.

Biz gedirik, qəbrə sarı,

Bizimlə olmayan varmı?

 

Kamil insan üçün ölüm dərki belə olur. Yazımızı qətiyyən bədbin notlara kökləmək niyyətində deyiləm və sadəcə Zəlimxan yaradıcılığı məni sellər-sular kimi ora-bura çalxalayır. Zəlimxan Yaqub, dünyanın hər üzünü yaşamış, yaşadıqca müdrikləşmiş bir şairdir. Ola bilsin bu şeirləri lap gənc vaxtı yazıb. Amma şair üçün ölüm deyilən bir şey yoxdur...

Zəlimxan ömrünü saz ömrünə də bənzətmək olar. Saz Türkün genindən, qanındın canından mayalanmış, ən qədim sözümüzü, dastanlarımızı, laylalarımızı mədəniyyətimizi, əxlaqımızı, məişətimizi qoruya-qoruya zaman-zaman tarixlərə ötürmüş, bu dövrümüzə diri gətirib çıxarmış maddi və mənəvi sərvətimizdi. Saza ağız büzənlər Türkdən deyil. Sazın sinəsinə ucala bilməyən şeir Türk şeiri ola bilməz. Onu demək istəmədik ki, bütün şeirlər sazın fövqünə ucalmalı, ucalmadısa şeir deyil. Əsla. Yollar çox olduğu qədər üslublar da çoxdur.

Zəlimxanın yolu sazın sinəsindən başlayıb, pərdə-pərdə uzaqlardan gələli də uzaqlara getməkdədir.

 

Bu sazdımı, ovsundumu,

Telə bax, Allah, telə bax!

Pərdə üstdə dalğalanan,

Tülə bax, Allah tülə bax!

 

Bir dəlisov atdı yenə,

Haqqa çataçatdı yenə.

Yeri göyə qatdı yenə,

Zilə bax, allah, zilə bax!

 

Uçan dağım, dərəm oldu,

Yanan bəndim, bərəm oldu.

Mahmud döndü Kərəm oldu,

Külə bax, Allah, külə bax!

 

Nəfsi təzə, nəğməsi tər,

Xan Əslinin düyməsi zər.

Açılıbdı gümüş kəmər,

Belə bax, Allah, belə bax!

 

Ürəyimi qəm eləyən,

Bağrımı şan-şan eləyən,

Məni Zəlimxan eləyən,

Elə bax, Allah, elə bax!

 

Elə bu yerdəcə elimiz, obamız yadıma düşdü. Avdı babanın qaxac barmaqları şirmayı sədəfli pərdələrdə var-gəl eylədi, Göydaq, Sarıbulaq yaylaqları yadıma düşdü.

 

Dillən, ay "Qaraçı", aman günüdü,

Qoyma yaxaladı duman dağlar.

Səsinlə silkələ, qaldır yerindən,

Fikir dəryasına cuman dağları.

 

Hanı Aşıq Cünün, gəlmir avazı,

Səslənmir havası, dillənmir sazı.

Köçüb Koroğlusu, gedib Eyvazı,

Salıb bu həsrətə zaman dağları.

 

Sevinci dünyadan qəmlər silməsin,

Ürəklər bir daha ağrı bilməsin.

İnsanın qəlbinə dağ çəkilməsin,

Yaxşılar görməsin yaman dağları.

 

(Ardı var)

 

P.S. Yazı çapa gedəndə acı bir xəbər eşitdik... İnanmadıq... Amma nə edə bilərik... Bu xəbərlə də barışmalı olduq... Ruhu şad olsun... Sözü, işıqlı siması - Sözü və özü - onu tanıyanların yaddaşında həmişə yaşayacaq!

 

Ədalət.-2015.-26 dekabr.-S.10.