Kinoçu Anar
haqqında yazmaq
Əlisəfdər
Hüseynov milli kinomuzda Anar fenomenini araşdırıb
Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri, dəyərli əsərlər müəllifi Anarın bu günə kimi çap etdirdiyi kitabların adını saymaq adamdan vaxt və hünər istər. Görkəmli yazıçı haqqında
da az
kitab çap olunmayıb, sözsüz ki, bundan sonra
da yazılacaq və dərc ediləcək. Barəsində
danışmaq istədiyimiz
kitab necə deyərlər, nə birincidi, nə də sonuncu. Amma tanınmış alim, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Əlisəfdər
Hüseynovun qələmə
aldığı "Kinomuzda
Anar fenomeni"nin bir özəlliyi
də var. Amma bu barədə bir az sonra...
"Mən, sən, o və Anar"
"Mənə yazıçı
Anarı "Asılqanda
işləyən qadın"
sevdirib.
Mənə vətəndaş Anarı
onun yaratdığı
və uzun illər baş redaktoru olduğu "Qobustan" toplusu sevdirib.
Mənə Vətən ədəbiyyatının
təəssübkeşi olan
Anarı onun "Kitabi-Dədə Qorqud"
dastanını və
Mirzə Cəlili tədqiq və təbliğ etməsi sevdirib.
Mənimçün Anar Azərbaycan ədəbiyyatının "Ağ
limanı"dı.
Anar - Azərbaycan oxucusunun iç dünyasındakı
"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni onun üçün kəşf edən yazıçıdı.
Anar -
"Qaravəlli"dən "Səhra yuxuları"na qədər yol gedə bilən
dramaturqdu.
Anar - milli özünüdərkimizə "Qəm pəncərəsi"ndən
baxmağadək yüksələn
kinoçudu.
Bu kitab da məhz kinoçu Anar haqqındadı.
O, Anar ki, həm
yazıçı, həm
ssenarist, həm də rejissor kimi kinematoqrafa 30-dan çox bədii, sənədli və televiziya filmi bəxş edib.
O, Anar ki, milli
kinomuza yeni-yeni mövzular, obrazlar, fərqli baxış bucaqları gətirib.
O, Anar ki, Azərbaycan
kinosunun inkişafında
müstəsna xidmətlər
göstərib və göstərməkdə davam
edir.
Amma... təəssüf
ki, Anarın kino yaradıcılığı
tam şəkildə indiyədək
özünün layiq
olduğu elmi tədqiqini, dərin təhlilini, dəyərini
tapmayıb. Bəlkə də burada
"təəssüf ki"
ifadəsi yerinə düşmür. Çünki,
Anarın çoxşaxəli
fəaliyyətinin ayrılmaz
hissəsi olan zəngin kino yaradıcılığını hərtərəfli əhatə
etmək, geniş və dərin təhlilə çəkmək,
bədii-estetik məziyyətlərini,
sənətkarlıq xüsusiyyətlərini
üzə çıxarmaq,
obyektiv, layiqli
qiymətini vermək heç də asan iş deyil.
Bunun üçün kino ilə bərabər, ədəbiyyatı da dərindən bilmək, Anarın bütövlükdə
bədii və elmi-publisistik yaradıcılığına
yaxından bələd
olmaq lazımdır.
Bu mənada, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, kinoşünas
Əlisəfdər Hüseynovun
Anarın kino yaradıcılığına həsr
etdiyi "Kinomuzda Anar fenomeni" kitabı bütün parametrləri ilə həmin meyarlara yüksək səviyyədə
cavab verən dəyərli tədqiqat əsəridir.
Əlisəfdər Hüseynov bu monoqrafiyada kinoşünaslığımızda
ilk dəfə olaraq Anarın kino yaradıcılığını kompleks halında araşdırır. Müəllif istər ssenarist, istər rejissor kimi, istərsə də əsərləri əsasında çəkilmiş,
həm bədii, həm sənədli, həm də televiziya filmlərinin demək olar ki, hamısını, hətta xarici ölkələrdə çəkilmiş
filmləri belə təhlilə çəkərək
Anarın kino yaradıcılığının bitkin elmi mənzərəsini
yaradır.
Və həmin
mənzərə bizə
aydın göstərir
ki, bu kitab
heç də yalnız Anar haqqında deyil, bütövlükdə Azərbaycan
kinosu haqqındadır. Çünki milli kino tariximizin
böyük bir mərhələsini - 50 ilini
əhatə edir.
Bəli,
artıq 50 ildir ki, Anar Azərbaycan
kinosunu yaradanlardan, onu yaşadanlardan və adını onun tarixinə əbədi yazanlardandır".
Bu dəyərli fikirlər
"Kinomuzda Anar fenomeni" kitabının
redaktoru, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, dosent Vidadi Qafarovundur. Vidadi bəy
alim yoldaşının
yeni kitabını oxucuya belə təqdim edir.
"Gün keçdi"
"Qəm pəncərəsi"ndə,
"Otel otağı"nda
"Dantenin yubileyi"
və ya "Üzeyir ömrü"nün
"İmtahan"ı necə
oldu?
Xalq yazıçısı
Anarın milli kinomuzun inkişafında müstəsna xidmətləri
var, onun ssenariləri əsasında
bədii və sənədli filmlər ərsəyə gəlib. Anar quruluşçu
rejissor kimi də adını kinomuzun tarixinə yazdırmağı bacarıb,
çəkdiyi filmlər
bu gün də maraqla baxılır.
"Kinomuzda Anar fenomeni" kitabının
müəllifi, əvvəlcə
istedadlı jurnalist, sonralar isə araşdırmaçı alim
kimi imzasını tanıda bilən Əlisəfdər Hüseynov
Xalq yazıçısının
bu sahədəki fəaliyyətini demək
olar ki, ilk dəfə sanballı şəkildə tədqiq
edərək belə qənaətə gəlib:
"...Anarın kinematoqrafiyası
milli mədəniyyətimizin
tarixində maraqlı
bir səhifəyə
çevrilərək ekran
təfəkkürümüzün inkişafında öz missiyasını yerinə
yetirməkdə davam edir. Bu gün kinoşünaslığımızda "Anarın qəhrəmanları",
"Anarın ekran dili", "Anarın üslubu" anlayışları
var və bu anlayışların işlənmə dairəsi
təkcə kitablarla,
tədqiqatlarla məhdudlaşmır.
Bu anlayışlar həm
də kino yaradıcılığı praktikasının
müasir durumunu, inkişaf tendensiyalarını
müəyyənləşdirən dəyərlər kimi düşüncə, axtarış,
ifadə meyarlarına
çevrilir..."
Anar kinematoqrafiyamıza
ssenarist kimi gəlib. 1969-cu ildə rejissor Şamil Mahmudbəyov yazıçının
ilk kinossenarisinə "Torpaq,
dəniz, od, səma" adlı bədii film çəkib.
1973-cü ildə isə ekranlara yazıçının "Gürcü
familiyası" adlı
məşhur hekayəsi
əsasında çəkilən
"Gün keçdi"
filmi çıxıb.
Mərhum rejissor Arif Babayevin çəkdiyi
"Gün keçdi"
milli kinomuzun şedevrlərindən sayılır.
Sonrakı illərdə Azərbaycan
kinosunun və bütövlükdə mədəniyyətinin
qazandığı "Dədə
Qorqud" (1957, quruluşçu
rejissor Tofiq Tağızadə), "Dantenin
yubileyi" (1977, quruluşçu
rejissor Gülbəniz
Əzimzadə), "Ötən
ilin son gecəsi"
(1983, quruluşçu rejissor
Gülbəniz Əzimzadə),
"İmtahan" (1988, quruluşçu
rejissor Gülbəniz
Əzimzadə), "Əlaqə"
(1989, quruluşçu rejissor
Cahangir Zeynalov), "Təhminə" (1993, quruluşçu
rejissor Rasim Ocaqov), "Otel otağı" (1996, quruluşçu
rejissor Rasim Ocaqov), "Cavid ömrü" (2006, quruluşçu
rejissor Ramiz Həsənoğlu), "Sübhün
səfiri" (2012, quruluşçu
rejissor Ramiz Həsənoğlu) bədii
filmləri lentə alınıb.
Diqqətli oxucular və kino həvəskarları sadalanan filmlərin siyahısında "Uzun ömrün akkordları
" və "Qəm
pəncərəsi" kimi
ekran əsərlərinin
adlarını görməyincə
təəccüblənə bilərlər. Yox, həmi filmlər
məqalə müəllifinin
yadından çıxmayıb.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Anar kinossenari yazmaqla kifayətlənməyib,
bədii filmlərə
quruluş da verib. Xalq yazıçısı öz ssenarisi əsasında "Uzun ömrün akkordları"
(1981) və "Qəm
pəncərəsi" (1987) filmlərini çəkib.
Kinematoqrafçılarımız müxtəlif illərdə
Anarın ssenariləri
əsasında sənədli
və televiziya filmləri də lentə alıblar. "Qobustan"
və "Dədə
Qorqud dühası"
(Rejissor Oqtay Mirqasımov), "Daş saatın səsi" (Rejissor Nicat Bəkirzadə),
"Bu-Səttar Bəhlulzadədir"
(Rejissor Ramiz Axundov) və digər filmləri buna misal göstərmək
olar.
Yeni kitabında Anarın kinomuzdakı fenomenini araşdırmağa nail olan
Əlisəfdər Hüseynov
Xalq yazıçısının
bu sahədəki xidmətlərini belə qiymətləndirir: "Anarın
kinomuza film-duet ("Gün
keçdi"), bayopik
("Uzun ömrün
akkordları", "Qəm
pəncərəsi", "Cavid ömrü",
"Sübhün səfiri")
janrlarının yaradıcısı,
kameodan ilk istifadə edən rejissor ("Dantenin yubileyi"), müxtəlif təhkiyə
tərzlərini (bədii,
elmi, publisistik) bir üslubda sintez edən kinoçudur. Təkcə elə bu sadalananlar onun kino tariximizdəki yerinin yüksəkliyinə
və əbədiliyinə
zəmanətdir. Və ustadın
öz orijinal ideyaları, ssenariləri ilə bundan sonra da kinomuza
dəyərli töhfələr
verəcəyi şəksizdir".
"Kinomuzda Anar
fenomeni" kimi son dərəcə maraqlı
bir kitabın müəllifi Əlisəfdər
Hüseynovun bu sonuncu cümləsi görkəmli yazıçının
milyonlarla oxucusunun, onun yaradıcılığını
müxtəlif aspektlərdən
araşdıran alimlərin
də arzusu kimi qəbul edilə bilər.
Ədalət.-2015.-26
dekabr.-S.6.