“Saytlar birləşməlidir” - Mahir Rüstəmli

 

"İdman ölkəsi adına iddialıyıqsa, bütövlükdə idman təssərrüfatında dəyişikliklər olmalıdır"

 

"Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin Adalet.az-a müsahibəsi.

 

- Müstəqillik dövrü idman mediasının flaqmanı olan "Futbol+” qəzeti oktyabrın 21-də 18 yaşını qeyd etdi. "Əsgər"in keçdiyi yola nəzər salaq.

 

- Uzun və çətin yol keçmişik. Təbii ki, bu yolda itkilərimiz də olub, qazancımız da, yəni fəaliyyətimizi birmənalı qiymətləndirmək çətindir. "Futbol+" yeni nəşr olunduğu vaxtlarda idman mediasında ciddi rəqabət yox idi. Meydanda iki-üç qəzet var idi ki, onlar da müntəzəm çıxmırdı. Bizim əsas özəlliyimiz onda oldu ki, fasiləsiz nəşr olunduq, statistikanı sistemləşdirməyə başladıq. Bundan başqa, o vaxtlar çoxlarının maraq dairəsində olmayan futbol üzrə ölkə çempionatına ciddi diqqət göstərdik. Əməkdaşlarımız çempionatın oyunlarından müntəzəm reportajlar hazırlamağa başladı. Bununla da yeni bir ənənənin əsasını qoyduq.

 

Bu müddət ərzində "Futbol+"dən xeyli jurnalist gəldi-keçdi, dəfələrlə kollektiv yeniləndi. Əslində bu da təbiidi. Bazarın öz şərtləri var. Belə demək mümkünsə, jurnalistika naşükür sahədi. Kim üç-beş manat artıq pul verirsə, kadr çox asanlıqla təklifi qəbul edir. 2000-ci illərin ortalarından etibarən bu baxımdan müəyyən çətinliklər hiss etdik. Yeni fəaliyyətə başlayan böyük holdinqlər bizim işçilərə elə məbləğ təklif etdilər ki, onlar bundan heç cür imtina edə bilməzdilər. Birdən-birə dörd-beş reportyorun bizdən ayrılması fəaliyyətimizdə müəyyən axsamalara səbəb oldu. Düzdü, sonradan işlər qaydasına düşdü. Bir müddət sonra yeni gələnlər gedənlərin yerini doldurmağı bacardılar.

 

Hazırda çap mediası əvvəlki nüfuzunu itirməyə başlayıb. Düzdür, bu proses dünyada da gedir, ancaq Azərbaycanda daha sürətli hal alıb. Xüsusən metro stansiyalarında qəzet satışına qadağa qoyulması ölkə çap mətbuatının mövcudluğuna cidd zərbə vurdu.

 

- Deyirlər ki, Mahir Rüstəmlinin əlinin duzu yoxdur, kimə çörək verirsə, sonra üzünə olur.

 

- Nə deyim… Belə nümunələr də var, ancaq çox azdır. Hazırda mövqeyimizə ehtiramla yanaşan, xoş münasibətdə olduğumuz adamlar, sabiq reportyorlarımız daha çoxdur, nəinki siz dediyiniz qəbildən olanlar. Bizdən gedənlərin əsas dəlili, bayaq qeyd etdiyim kimi, maliyyə məsələsi olub. Sırf mövqeyinə, baxışlarına görə bizdən ayrılan jurnalist olmayıb. Biz hər zaman jurnalistin fikrinə hörmətlə yanaşmışıq.

 

- Hazırkı kollektivlə əvvəlkiləri müqayisə etsək, nəticə necə olar?

 

- Bilirsiniz, fərqlər çoxdur. İlk növbədə indi şərait dəyişib. Əvvəl jurnalistlər daha çox redaksiyadan kənarda çalışmağa səy göstərirdilərsə, indi hamı "otaq jurnalistikası"na meyillənib. Hərçənd, bu tendensiya tək Azərbaycanda deyil, Qərbdə də hökm sürür. Ancaq bizdə daha geniş yayılıb. Onu da deyə bilmərəm ki, 10-12 il əvvəlkilər indiki şəraitdə özlərini necə göstərə bilərdilər. Hər dövrün işi ilə fərqlənən simaları olub. Sabiqlərdən elələri var ki, yeri hələ də görünür. Bir məqamı da xüsus vurğulayım ki, o vaxt orta məktəb təhsili də indikinə nisbətdə çox güclü idi. Orta məktəbdən gələn uşaqlar müəyyən səviyyə, intellektual baza ilə gəlirdilər. Onda dil bilməyənə qəribə baxırdıq. İndikilərin əksəriyyəti xarici dil bilmirlər. Azərbaycanda xeyli sayda legioner idmançının olduğunu nəzərə alsaq, dil bilməmək çətinlik yaradır.

 

- Sabiqlərdən kimləri xüsusi qeyd edərdiz?

 

- Hər birinin gedişi az və ya çox dərəcədə bizə təsir edib. İlkin Xəlilov, Elnur Məmmədli, Anar Şabanoğlu, Eldəniz Yusifov, Rəşad Ergün, Elman Himayətoğlu, Vüqar Xeyrullayev, Mehman Süleymanov, Coşqun Süleymanov, Bəxtiyar Fətullayev, Ceyhun Əliyev, Atəş Sultanov, Vüsal Mahmudov kimi onlarla ad çəkə bilərəm. Hələ unutduqlarım da var. Hansılar ki, reportyorluq baxımından qəzetimizin simasını müəyyənləşdirən şəxslər olub.

 

- İlin əvvəlində xəbər yayıldı ki, ciddi maliyyə sıxıntılarınız var, hətta qəzetin bağlanmaq təhlükəsinin olduğu deyilirdi. Bununla bağlı yardım aksiyası üçün adını çəkdiyiniz keçmiş əməkdaşlarınız da daxil olmaqla idman mediasının bir çox nümayəndələri sosial şəbəkələrdə paylaşımlar etdilər. Geridə qalan aylar ərzində problem həllini tapıbmı?

 

- Kimlər ki, bizə xoş niyyətlə yardım etmək istəyirdilər, onlara minnətdarlığımı bildirirəm. Açığı, bu gün üçün elə ciddi sıxıntımız yoxdur ki, bizə yardım aksiyası başlansın. Bu gün üçün işçisinə sabit şəkildə, müəyyən qrafiklə maaş, qonorar verən üç-beş qəzetdən biriyik. Bilmirəm, sabah necə olacaq, şərait necə dəyişəcək. Deyilənə görə, növbəti devalvasiya qapıdadı (söhbət dekabrın 20-də - devalvasiyadan əvvəlki gün baş tutub – red.). Belədə başqar qəzetlər kimi, bizim də vəziyyətimiz çətin olacaq.

 

- Qəzetin hazırkı maliyyə mənbəyi əsasən hardandır?

 

- Bir neçə qaynaq var. Əsas qaynağımız, təbii ki, satışdır. Bizim qəzetə sadiq olan oxucular çoxdur. Minlərlə insan var ki, "Futbol+"i ilk gündən izləyir. Təəssüf ki, abunə sistemi bizdə lazımınca işləmir, yəni bazar ertəsi işıq üzü görən sayımızı oxucuya çatdırmaq mexanizmi yoxdur. Bu səbəbdən bir çox oxucuları sabit abunəçi siyahısına daxil edə bilmirik. Həmçinin, bildiyiniz kimi, biz KİVDF-nin layihələrinə qatılırıq. Müəyyən qədər də reklamlar olur. Beləcə, üç əsas maliyyə dayağımız var.

 

- Hansı klublarla reklam əməkdaşlığınız var?

 

- "Qarabağ" və "Xəzər Lənkəran" ilə. Bir neçə klub da bayram günlərində elan, reklam verir. Ancaq adını çəkdiyim klublarla müntəzəm, uzunmüddətli reklam anlaşmamız var. "Neftçi" ilə də əməkdaşlıq edirdik, yeni rəhbərlik gələndən sonra bu dayandı. Səbəbini özüm də bilmirəm.

 

- Qəzetdə - xüsusən də son vaxtlar - digər idman növlərinə də diqqət ayrılır. Bununla bağlı müvafiq federasiyalardan qarşılıq görürsüz?

 

- Maliyyə planında deyirsizsə, yox! Biz təmənnasız onların təbliği, fəaliyyətinin işıqlandırılması ilə məşğuluq. Elə özünüz Sərxan Musalının əməyini görürsüz.

 

Düzdür, bəzən ilin yekunu ilə bağlı keçirilən tədbirlərdə nəzərə alırlar, amma əsas etibarilə laqeyd münasibət görürük. Açığı, ummuruq da. Ancaq bir qədər diqqətli olsalar, yaxşı olar.

 

İşimizə görə nəsə ummaq gülməli olar. Müəllim və həkim işinə görə müvafiq əməkhaqqı alırsa, biz də eləcə. Hərçənd, burda məzmun fərqi də var. Həkim müştərisindən nəsə umur, müəllim də aylıq qazancı ilə kifayətlənməyib, repetitorluqla məşğul olur, bayramlarda şagirdlərdən əlavə pul yığır (gülür).

 

- İdman qəzet və saytlarında başqa idman növlərinə diqqət ayrılmamasının səbəbi kimi də bu məsələ göstərilir. Siz nə düşünürsüz?

 

- Mənə elə gəlir ki, ölkədə başqa idman növlərini işıqlandırmaq üçün bacarıqlı kadrlar çox azdır. Heç olmasa, 5-10 idman növünün qayda-qanunlarını bilən, mübarizənin axarından baş çıxaran jurnalistlər barmaqla sayılacaq qədərdir. Hamıya futbol çox cəlbedici görünür. Bu sahəyə yeni qədəm qoyanlara elə gəlir ki, əlinə qələm alan kimi futboldan yazıb, məşhurlaşacaq. Nəzərə alsaq ki, hər kəs ən azı uşaqlığında futbol oynayıb, elementar qaydaları bilməsi təbii sayılmalıdır. Qalan idman növləri ilə bağlı vəziyyət isə belə deyil.

 

- Vəziyyət belədir ki, məhəllədə, dost-tanış arasında aparılan futbol müzakirəsində fərqlənən şəxs özünü potensial idman jurnalisti sayır. Beləliklə, müəyyən müddət keçdikdən sonra bu sahəyə üz tutur.

 

- Məncə, bizdə saytlar həddən artıq çoxdur. 9 milyonluq ölkə üçün bu qədər saytın mövcudluğu normal deyil. Hətta iki idman telekanalı da artıqdır. Axı o kanallarda əsasən xarici futbol təbliğ olunur, ölkə idmanının, futbolunun aktual problemləri müzakirəyə çıxarılmır. Mənim səlahiyyətim olsaydı, kanalların birində bütünlüklə ölkə idmanına yer verərdim.

 

Üç-dörd il əvvəl elə bir dövr oldu ki, klub rəhbərləri 10-15 saytın yaranmasında maraqlı oldu, onları maliyyələşdirdi. Bu arzuolunmaz mərhələ idi. Hesab edirəm ki, təmərküzləşmə getməli, saytlar birləşməlidir. Belə olarsa, bir-iki nəfərdən ibarət saytlar daha da böyüyər, onların çəkisi artar, belədə reklam cəlb etmək də asanlaşar.

 

Fikir verdizsə, İdman Araşdırmalar Mərkəzinin sorğusuna qatılan 48 media nümayəndəsindən "İlin idman jurnalisti" nominasiyasına cavab yazan 46 jurnalist 28 nəfərə səs verib. Belə çıxır ki, bu ölkədə ilin idman jurnalisti adına 28 potensial iddiaçı var. Absurddu!

 

- İAM-ın "İlin qalibləri" layihəsindən söz düşmüşkən, böyük rezonans doğuran bu səsvermənin nəticələrini necə qiymətləndirirsiz?

 

- Məsələn, İlkin Xəlilov bu ada layiq idi, ancaq özünün də qeyd etdiyi kimi, 5-10 il əvvəl, bacarığını bütünlüklə ortaya qoyanda. Bu seçimi daha gənc jurnalistlərin ona jesti kimi qiymətləndirirəm. Hesab edirəm ki, ümumilikdə İlkinin bu ada haqqı çatırdı. Bu münasibətlə onu təbrik edirəm. Əvvəl qələmi vardısa, indi də televiziyada danışmağa dili var.

 

İlkin mənim yetirməmdir, jurnalistikaya gəlişi hələ də yadımdadır, hətta Dəvəçinin (indiki Şabran) sabiq prokuroru Habil Qurbanovla vatman kağızına yazdığı müsahibəsi də...

 

Yeri gəlmişlən, sorğuda mənə səs verənlərə təşəkkür edirəm. Sadəcə, onu demək istəyirəm ki, son illərdə fəal jurnalistika ilə məşğul deyiləm, əsasən qəzetin təşkilati məsələlərini həll edirəm.

 

Məncə, "ilin idman jurnalisti” nominasiyası daha da təkmilləşdirməlidir. Elə bir mexanizm düşünmək lazımdır ki, nə reportorun, nə araşdırmaçının, nə də statistikin əməyi unudulsun.

 

"İlin futbol məşqçisi" nominasiyasında da ciddi fikir ayrılığı yarandı. Bir qism Qurban Qurbanovu, bir qism də Roman Qriqorçuku ilin ən yaxşı mütəxəssisi sayır. Nə demək olar? Bu da bizim jurnalistlərin "çoxrəngli" düşüncə tərzinin məhsuludur.

 

- "Futbol+" olaraq siz nə əcəb belə bir layihə keçirmirsiz?

 

- Biz ilin ən yaxşı futbolçusunu və idmançısını seçirik. Açığı, dediyiniz tipli layihə bir qədər əziyyətli işdir. Gündəlik işimizlə uzlaşmaz. Mən bu haqda çox əvvəllər fikirləşmişəm. Mükəmməl forma kimi qala-gecə təşkil olunmasını istəmişəm. Yəni çoxlu nominasiya olsun, tədbirdə bayram əhval-ruhiyyəsi hökm sürsün, jurnalistlər əylənsinlər. Bunun üçün də sponsor yardımı lazımdır. Bu iş bir qəzetin, bir qurumun imkanları daxilində deyil.

 

- 2015-ci il Azərbaycan idmanında…

 

- Təzadlı il oldu. İlk 6 ayla sonrakı 6 ay bir-birindən kəskin fəqləndi. İlk 6 ayda ölkədə Avropa Oyunlarına ciddi hazırlıq getdi və orda yaxşı nəticələr qazandıq, Müxtəlif növlər üzrə aparıcı ölkə təmsilçilərinin turnirə əsas heyətlə qatılmadığını unutmadan komanda hesabında ikinci yeri tutmaq yüksək nailiyyət hesab olunmalıdır. İlin ikinci yarısında bir çox idman növlərində ciddi maliyyə problemləri yaşandı. Cüdoda problemlərin nəticəsi kimi rəhbərlik dəyişdi, basketbolda "Qala" sıradan çıxdı, voleybolda 8 qat ölkə çempionu "Rabitə" dağıldı və başqa bu kimi neqativ hallar yaşandı. Eləcə də Sovet dövründə və müstəqilliyin ilk illərində müəyyən nəticələr qazandığımız həndbolun durumu təəssüf doğurur.

 

İdmanın ayrı-ayrı nazirlərdən, komitə sədrlərindən asılı olması arzuolunmaz haldır. idman özünü dolandıran sahəyə çevrilməlidir. İdmanda struktur yenilənməsi olmalıdır, rəhbərlik baxımından yeni ideyalar ortaya qoyulmalıdır. Əhalini idmana, idman zallarına gəlməyə sövq edəcək mexanizm qurulmalıdır.

 

- Bunun üçün nə kimi təklifləriniz var?

 

- Səhv etmirəmsə, ölkədə 40-dan çox olimpiya idman kompleksi var. Gəlin görək, insanlar onlardan rahat şəkildə istifadə edə bilirmi?! Bir çoxu pullu fəaliyyət göstərir, bəziləri isə təyinatından kənar məqsədlərlə - sauna, istirahət mərkəzi kimi istifadə olunur.

 

Biz idman ölkəsi adına iddialıyıqsa, bütövlükdə idman təssərrüfatında dəyişikliklər olmalıdır. Daha çox insanın idmanla məşğul olmasına şərait yaradılmalıdır. Bu təqdirdə hazırda Topaz məntəqələrinin qarşısında rast gəldiyimiz mənzərə olmayacaq. Yeniyetmə və gənclər pis işlərə qurşanmayacaq.

 

Süni əngəllər aradan qaldırılmalıdır. Ölkə idmanında formalaşan məktəblər var ki, konkret olaraq seçim prosesində onlara müraciət olunur. Digər bölgələrə də nəzər salmaq lazımdır. Ola bilməz ki, ordan yaxşı idmançılar çıxmasın. "Milliləşdirmə”nin səviyyəsinə fikir vermək lazımdır, bizdə bu proses hədsiz geniş vüsət alıb.

 

- "Milliləşdirmə”son illər ölkə idmanının ən ağrılı yeridir. Elə Avropa Oyunlarında da cüdo xaric, digər idman növlərində xeyli sayda legionerlə təmsil olunduq. Bundan başqa, il ərzində Rio de Janeyro Olimpiadasına lisenziya qazananların da, demək olar, 80 faizi "milliləşdirilmiş” idmançılardır.

 

- Qeyri-ənənəvi idman növlərini qoyaq bir kənara, elə növlər var ki, bizdə onların əsaslı məktəbi formalaşıb. Bu növlərdə əcnəbilərin xidmətindən istifadə etməyə ehtiyac yoxdur. Sanki statistikaya işləyirik, plan doldururuq. Bu, bəsit yanaşmadır. Zənnimcə, postsovet məkanında bizim qədər "milliləşdirmə”yə müraciət edən ikinci bir ölkə yoxdur.

 

Sahib ƏSƏDBƏYLİ

Ədalət.-2015.-29 dekabr.-S.4.