UNUDULMAĞA ÜZ TUTAN JANRLAR VƏ
UNUDULMAZ ŞAİR HÜSEYN KÜRDOĞLU
(əvvəli
ötən sayımızda)
Çağdaş ədəbiyyatımızda tez-tez
rast gəlinən, çap və təqdir edilən satirik şeirlər də vardır. Bu şeirlərdə
cəmiyyətdə kök
salan rüşvətxorluq,
eybəcərlik və
s. tənqid atəşinə
tutulur. Burada araqatanların, çuğulların,
mərdimazarların, haqqı
olmadığı halda
xalq adından danışanların, insanlara
ləkə vurmağa
çalışanların, böhtanla məşğul
olanların ümumi obrazı yaradılır.
Hüseyn Kürdoğlunun da bu sayaq
satirik şeirləri çoxdur. Onlar şairin "Bu dünya
bir karvan yolu" (Yazıçı,
1989) kitabında toplanmışdır.
"Sən hara, mən hara", "Düdük Səlo",
"Həmzəbala və
Qəmzəxatın", "Qurama", "Gizlənir",
"Altdan-altdan", "El adından", "Yamaqlar",
"Bu dağda gədələr
köhlən oynadır"
və s. maraqla oxunur. Şeirlər mətbuatda çap olunduğundan nümunələr
verməklə kifayətlənirik:
Başını əyə-əyə,
"Başüstə" deyə-deyə.
Yağlı yerə, rütbəyə,
Çatırsan altdan-altdan...
Kürdoğlunu rişxənd ilə
süzənlər,
Sinəsinə dəmir-dümür düzənlər.
Eldən
ayrı süd gölündə üzənlər,
Kürsülərdə el adından danışır.
Özləri də bilir sönmüş oddular,
Zərrəcən iş görüb
dağcan uddular.
Bunlar da bir cürə
antipoddular,
Antipod deyəndə
mırıldaşırlar.
Çoxdur quyu qazıb qurğu quranlar,
Böhtan qılıncıyla qəsdə
duranlar.
Dədələr adına ləkə vuranlar,
Qabardıb döşünü dədələnməsin.
Nümunə kimi göstərdiyimiz şeirlərindən də
göründüyü kimi
Hüseyn Kürdoğlu
həcv, satira, yumor motivli şeirlərini
qoşma, gəraylı,
təcnis, qəzəl,
dördlük janrlarında
yazmışdır. Yuxarıda dediyimiz
kimi, şairin bu qəbildən olan şeirləri indiyə kimi nə çap olunub, nə də tədqiq edilib. Odur ki, bəzi təhqiramiz həcv və satirik şeirlərini çıxmaqla,
bəzisini burada verməyi münasib bildik. İnanırıq ki, çoxu
yumorla yazılan, həqiqətdən xəbər
verən bu şeirlər oxucuların
diqqətini cəlb edəcək, yaddaşları
təzələyəcək, şairin həyat və yaradıcılığındakı
bəzi örtülü
məqamları açacaq.
HAMI FALA BAXDIRIR
Aman
Allah, gör nə günə qalmışıq,
Alim, şair
gedir fala baxdırır.
Filosoflar
falçılıqdan söz
açır,
Eləsi var, kora, lala
baxdırır.
Neyləsən də nur zülmətə qarışmır,
Yaxşı, yaman bir-birinə sarışmır.
Taleyini aşiqindən soruşmur,
Nişanlı qız ay camala baxdırır.
Tələ qurub ayaq altı eşənlər,
El malını yeyib-yeyib
şişənlər.
Baxtı
dönüb uca taxtdan düşənlər
Fal açdırır,
istiqbala baxdırır.
Baxıcıya bəxşiş verir
naşılar,
Yapalaqlar
öz tayına qoşular,
Bir-birindən şübhələnən qonşular,
Vay-həşirlə itmiş mala baxdırır.
Yol uzundur dünyanın düz vaxtına,
Yalan çıxır
hökmranlıq taxtına.
Ana var ki, itkin
oğul baxtına,
Ana var ki, cah-calala baxdırır.
Zəkasıyla bu zülməti
yaran yox,
Şeytanların tilsimini qıran
yox,
Bu dünyada bir fərqinə varan yox,
Kim harama, kim
halala baxdırır.
Köçmək gərək daha
yer üzündən,
Nur tükənib
ağlın qoca gözündən.
Bir gözəl də Kürdoğlunun sözündən,
Ürəyinə düşən xala baxdırır.
Fəlakətdir, hamı fala baxdırır.
MƏŞƏDİXUMAR DOSTLARA
Düşgünlərə kar eyləməz nəsihət,
Əriş-arğac söyəndə də içillər.
Sözün odlu qırmancına
dolayıb,
Təpə-dırnaq döyəndə də içillər.
Bu qıtlıqda yağlı
tikə tapılmır,
Soğan-çörək yeyəndə də
içillər.
Ədalət.-2015.-7 fevral.-S.14.