KƏMALƏDDİN QƏDİM
Kəmaləddin Qədim şairdi. Sözün əsil mənasında şairdi. Çağdaş ədəbi mühitin dərdlər məhəlləsində yurd-yuva qurmuş şairlərimizin biri də Kəmaləddin Qədimdi.
Şairi dövr, yəni zaman, məkan, yəni
sosiyal mühit yerişdirir - fikriylə şərikəm.
Onunla da şərikəm ki, bütün şairlər özlərindən
çox yaşadıqları mühitə daha çox
oxşayırlar. Şairlik
bir peşə deyil. Hər adam da şair
ola bilmir. Yəni şeir yazmağı
bacaranların hamısına şair deyilmir. Şairlik oxumaqla, elm almaqla da olmur. Şairlik vergi də deyil, hərçəndi ki,
çoxları şairliyin Tanrı tərəfindən
verildiyini söyləyirlər. Şairlik
elçilikdi, söz deməyə məhkim edilmiş dərd
elçiləridi məncə. Bir də bu
dünyanın ən ağır yüküdür şairlik.
Küçələrə atılmış,
yetimlər evinə verilmiş, qocalar evinə qovulmuşlara bənzəyən
dərdlərə sahib çıxmaqdı şairlik.
Adi insanlar öz fərdi dərdlərini çəkə bilmədikləri
halda, şairlər yerin-göyün, bəşərin dərdini
çəkməkdən zövq alan
sahibsiz və qərib insanlardılar. Ziddiyətli
görünən bu fikri başqa xalqların şairlərinə
şamil etməzdim. Bu fikir bizim xalqa məxsusdur.
Əks halda Eldar Baxışa, Ağamalı Sadiqə, Akif səmədə,
Şaiq Vəliyə,Murad Köhnəqalaya, və nəhayət
Adil Mir Seyidə sahib çıxardıq.
Ömrünü-
gününü Azərbaycan ədəbiyyatına həsr
etmiş, milliyətcə Gürcü olub, Azərbaycanca
düşünüb yazan, ədəbiyyatımıza misilsiz
tərcümələri ilə xidmət edən Giya
Paçxataşvillini demirəm hələ...
Şairlik oyun-oyuncaq, şöhrət mənbəyi
deyil.
Çoxlu sayda "şairlər" var ki, kitablarının
sayı ilə, qalınlığı ilə,
ölüm-zülüm qazandıqları "şair"
adıyla qürrələnir, tanışlarının və
ya pullarının hesabına az qala
dünyanın bütün dillərinə tərcümə
olunub yeri gəldi-gəlmədi lovğalanmaqla məşğuldular.
Belə şairləri dərd doğmayıb.
Onlar dərdin nə olduğunu belə
anlamırlar və qısa zaman kəsiyində dəbdən
düşmüş ayaqqabı kimi zibil yeşiklərinə
atılırlar.
Bu
pessemist fikirlərdən sonra qeyd etmək yerinə düşərdi
ki, bütün bunlarla yanaşı, böyük ümidlər
verəcək yeni bir nəsl formalaşmaqdadı
. Adama elə gəlir ki, Azərbaycan
poeziyasında yeni era baçlayacaq.
Şairi boy-buxunuyla yox, sözüylə tanıyarlar. Şairlər
var ki, şeirləri ilə o qədər nəhəng
görünürlər, özlərini görəndə heyrətlənirsən
ki, bu balaca cəsədə bu boyda şairlik necə
sığışıb?
Şairləri qrupa da bölürlər. El şairi, təsəvvüf
şairi, məhəbbət şairi, nəğməkar
şair, satirik şair və s. Bir də var bəşəri
şair. Bu zirvəni isə hər kəs fəth edə
bilmir...
Qayıdaq mətləbə. Bir nümunə ilə başlayaq Kəmaləddin
Qədimin portet mənzərəsinə:
Canım,
bircə kəlmə sözə dəymərəm,
Qabaqdı, bir kəlmə "OL" məndən qabaq.
Tək elə
yer olsa, göy olsa nə qəm,
Ot məndən
qabaqdı, kol məndən qabaq.
Bu
çapar könlümə, atdı könlümə,
Yaddı sən çəkənlər, yaddı
könlümə.
Nə
sağım, nə solum yatdı könlümə,
Sağ məndən
sonradı, sol məndən qabaq.
Almadım
vecimə şah oğlu şahı,
Köləsi olmadım, sevdim Allahı.
Mən
könlüpaşanın biriyəm axı,
Olmaz kölə məndən, qul məndən qabaq.
Özünü
özündə gəl də ram elə,
Həm ovam, həm də ki, ovçuyam elə.
Mən
ana bətnindən yolçuyam elə,
Görünür
həmişə yol məndən qabaq...
Çox zaman şairi bircə misrasından tanımaq
olur. Bu poetik nümunə şairin həm də
avtobioqrafiyasıdı. Tək bu şeirlə
onun hardan gəlib, hara getdiyini müəyyənləşdirmək
olur. Bəzi hallarda ədəbi
mövzularda qarşı durma fikirlər meydana gəlir. Klassik şeir ənənələrini bəyənməyənlər
yeniliklər dalınca qaçır, Avropa, Çin, Yapon
üslublarına meyillənir, klassik şeir növlərini
köhnəlik adlandırırlar.
Moderinizmi, sürrial, sərbəst şeir növlərini
anlamayanlar isə əksinə olaraq onları qınaq atəşinə
tuturlar. Elə
buradaca gözəl alimimiz Vaqif Yusiflinin bir fikrini
xatırladım: (qoşma, gəraylı neyləsin ki,
sözbilməzlər əlində urvatdan düşür). Zəif qoşma, gəraylı və digər klassik
şeir yazan şaircikləri unudun. Onlar
haqda söhbət belə gedə bilməz. Söhbət şairdən gedir.
Əslində
mən bu fikirlə razıyam ki, kim
özünü hansı izmdə yaxşı ifadə edə
bilirsə, elə də yazmalıdı. Sərbəst vəzndə
mükəmməl yazan şairlərimiz də az
deyillər. Bunu ancaq alqışlamaq
lazımdı. Amma klassik ənənələrimizə
istehza etmədən. Bu gün klassik ənənələrimizə
sədaqətlə, uğurla xidmət edən şairlərimizin
biri də Kəmaləddin Qədimdi. "Allahu Əkbər"
şeirənə nəzər salaq:
Bir kitab
nazil olub, gizlin deyil, aç, oxu,
La
İlahə İllallah, Allahu Əkbər deyir...
Gör nə
vaxtdı dünyanın elə yarıdan çoxu,
La
İlahə İllallah, Allahu Əkbər deyir...
Harada bol
sünnisi, harada kəm şiəsi,
Harada cəm sünnisi, harada cəm şiəsi?
Gör
neçə əsrdi ki, sünnisi, həm şiəsi,
La
İlahə İllallah, Allahu Əkbər deyir...
Çoxu
elə bilir ki, başının hər qəzası,
Tanrıdandı,
nə vaxtsa cəzası var, cəzası...
Bu şah
oğlu şahın da öz "rəhmi", öz
"rizası",
La
İlahə İllallah, Allahu Əkbər deyir...
Ovçuya
bax, ovçuya, hələ ova bax, ova,
Kim salacaq
tora, kim, kim dönəcək girova?
Birisi
qaça-qaça, birisi qova-qova,
La
İlahə İllallah, Allahu Əkbər deyir...
Bunun
harası bəşər, bunun harası bəndə,
Bığ yeri tərləyən də, başı gora əsən
də.
Altda
başı kəsilən, üstdə başı kəsən
də,
La
İlahə İllallah, Allahu Əkbər deyir,
Harda
salam-məlik var, deməli ərik çıxıb,
Bir salamla aradan qulluq, köləlik çıxıb.
Ərzə
meydən oxuyan dünyaya şərik çıxıb,
La
İlahıə İllallah, Allahu Əkbər deyir...
Xeyiri kimdən
gəlir, dərdi-bəlası kimnən,
Toyu kimnən çalınır, tutulur yası kimnən?
Zülmə,
şərə baş əyən umur xilası kimnən,
La
İlahə İllallah, Allahu Əkbər deyir...
Allahu Əkbər deyənləri sadalamaqla şair
çox mətləblərə toxunur və bunu
xırdalamağa ehtiyac duymuram.
Çox
hallarda məni də sufi şairi kimi səciyyələndirirlər.
Amma etiraf edim ki, mən qatı dindar deyiləm,
dini ona görə sevirəm ki, o, Allahı sevməyi öyrədir.
Mən isə Allahı dinin qorxu və tamah
aspektindən yox, Eşq məqamından dərk edirəm.
Bu fikri bir neçə dəfə söyləmişəm. İçində
Allah olmayan adamdan şair olmaz, Allahı dərk etmədən
özünü dərk etmək mümkün deyil. Və ya əksinə. Özünü
dərk etmədən şeir yazmaq da mümkün deyil.
Baxın:
Tanrım,
verdiyin qüdrətdən
Bilib açaram sirrini.
Doqquz
aylıq bir zülmətdən
Gəlib açaram sirrini.
Şərt
kəsilər şərt üstündən,
Çəkərəm bir xətt üstündən.
Dərd də
gələr dərd üstündən,
Gülüb açaram sirrini.
Özümü
başdan çıxarram,
Gözümü
yaşdan çıxarram,
Çörəyi
daşdan çıxarram,
Bölüb açaram sirrini.
Dürdanən
dürründü ölüm,
Ən uzun hürründü ölüm.
Gizlinin
sirrindi ölüm,
Ölüb açaram sirrini.
Qəribə görünə bilər. Yalnız şairdə ola bilər bu qədər ərk. Buna bənzər fikirlərə çox şairlərdə
rast gəlmək olar. Mən isə belə
düşünürdüm:
"Hər
zərrəsi müəmmadı,
Allahı
sirri saxlayır..."
Kəmaləddin Qədim isə onun sirlərini
açmağa inanır. Şairlər yeganə varlıqdırlar
ki, Allah onların xətrinə dəymir. Və
inanıram ki, Kəmaləddinin bu ərkindən hətta
xoşu da gəlib. Şair bütün
sadalamalardan sonra məqama yetişir və Allahı da
inandırır ki, ən böyük sirr ölümlə
açılır və sonluqla açarı kilidə sala
bilir.
Şair eşq əhlidi. Şair sevgisi mükəmməl
olur. Şairi eşq və sevgi
yaşadır. Eşq və sevgi bitən
yerdə şairin ölümü başlayır.
Yaşının kamillik dövründə mübtəla
olduğu ilahi eşq, qutsal sevgi onu şair kimi yenidən
dünyaya gətirdi sanki. Ötən il təqdimatına
yığışdığımız "Allahı sevsəydin,
məni sevərdin" kitabı bir sevgi epopeyasına bənzəyirdi
desəm yerinə düşərdi. Bir nəfəsə
bir şeir yazmaq olar. Amma bir nəfəsə
bir kitanın yazılmasına heç zaman inanmazdım,
gözlərimlə şahidi olmasaydım. Şair kitab boyu pünhan sevgilisini bütün
varlığı ilə sevir, nur topası
adlandırdığı bu daş ürəkli varlıq
üçün bütöv bir şair ömrü
yaşayır və ölür.
Mən sənin
beş günlük qonağın idim,
Qonağı
sevsəydin, məni sevərdin...
Bir cür
imtahanın, sınağın idim,
Sınağı
sevsəydin, məni sevərdin...
Zirvəyəm,
dumanı, çəni çəkirəm,
Çəkə
bilirəm ki, yəni, çəkirəm...
Mən ah
çəkmirəm ki, səni çəkirəm,
Sən
ahı sevsəydin, məni sevərdin...
Sənlə
baş-başadı günah, yan-yana,
Yanan elə
suçdan, günahdan yanar...
Aləm
sinov gedir günahdan yana,
Günahı
sevsəydin, məni sevərdin...
Bu sevmək
bu qədər gücmü, sevmədin,
Ya gecmi gəlmişdim,gecmi, sevmədin...
Heçmi
sevilmədin, heçmi sevmədin,
Sən
axı sevsəydin, məni sevərdin?..
Dünya
yalan deyil, xeyir, sən yalan,
Daha şərsən
yalan, xeyirsən, yalan...
Sevdiyim
Allahdı deyirsən, yalan,
Allahı
sevsəydin, məni sevərdin...
Şair burada ilahi sevgini Allah səviyyəsinə qədər
ucaldır. Mən çox yaxşı bilirəm ki, o ismi
pünhan şairi sevsəydi, bu şeir yaranmazdı. Burada sevgi insanlıq dairəsindən
çıxır, mələklər sevgisinə qovuşur.
Amma gəlin reallığı da unutmayaq. Bu real həyatdı və şairi bu əzablara
görə qınayanlar da tapılır.
İçim
sən doludu, çölüm sən dolu,
Səni
hönkürəcəm, səni, bu saat...
- deyən şair, reallığa qayıdır,
öz içinə dözə bilmir, hönkürtülərlə
içindən azad olmağa çalışır.
Yaşımın,
başımın nə çağıdır gör,
Yalandan, kələkdən keçib mənimki.
Bir simurq
quşuyam əmrə müntəzir,
Bir
yanmış lələkdən keçir mənimki...
Şair şeir yazmır, öz içini oxuyur,
yaşantıları qətrə-qətrə sözə
çevrilir, etiraf məqamına yetişir.
Sən də
anla məni atam balası,
Nədən
bu sevgiyə yadam, balası...
Adam
balasıyam, adam balası,
Huridən,
mələkdən keçib mənimki...
Amma mən
inanmıram ki, o bu sevgidən azad ola
bilib...g
Kəmaləddin bəyin bütün şeirləri səmimi
və mükəmməl alınır. Biz şeirin
strukturuna, kompozisiyasına diqqət edirik və
görürük ki, burada zərgər dəqiqliyi, söz zənginliyi
duyğu poeziyası, yəni poetik dil və üslub bir
şair zövqü ilə cilalanıb.
Hiss olunur
ki, o şeir yazanda heç bir çətinlik çəkmir.
Elə bu səbəbdəndir ki, bu gün ən
məhsuldar şairlərin biridir. Əslində
çox şeir yazmaq da igidlik deyil. Amma
gözəl şeir yazmaq əsil igidlikdi. Nə
yaxşı ki, Kəmaləddin həm də gözəl
şeirlər yazır.
Adam
öləndən artıq,
Durandan yetim qalır.
Özündən
özgəsinə,
Varandan yetim qaır.
Sol gedir,
sağdan olur,
Cənnət tək bağdan olur.
Gör
neçə dağdan olur,
Arandan
yetim qalır...
Dünya
ki var o vaxtdan,
Başına dar o vaxtdan.
Əl
üzür Qarabağdan,
Turandan
yetim qalır...
Düşür
belə, bax, düşür,
Haqq üzülür, haqq düşür.
Tanrıdan
uzaq düşür,
Qurandan
yetim qalır...
Bu yazı xeyli uzana bilərdi. Bundan qısa da yazmaq
olardı. Amacımız Kəmaləddin Qədimi
ədəbi mühitə tanıtmaq da deyil. Onun imzasını tanımayan qələm adamı
yoxdur. Bu bir könül işi idi.
Dostumun könlünü ala bildimsə nə mutlu mənə...
Günlərin
birində, 1996-ci ilin qızmar yay günündə Akif Səməd
mənə zəng edərək belə söyləmişdi:
"Dəmirçioğlu, yaxşı kişilərlə
oturmuşuq. Qonaqlığı mən verirəm.
Amma deyəsən pulum çatmayacaq,
özünü yetir. Əvəzində səni
gözəl kişilərlə tanış edəcəm".
Hadisə yerinə tez çatdım, Akifi əhatə
etmiş maraqlı insanlarla qovuşub məclisi xeyli
uzatdıq. Kəmaləddin Qədim o
günün yadigarıdı. Elə bu günə qədər
də könül dostluğumuz davam edir...
Şairin
bir şeir nümunəsi ilə sağollaşırıq:
Dünya,
yaxamdan əl çəkib,
Daha sonumu
yazıram...
Dağ
çəkirəm sinəmdəki,
Dağa,
sonumu yazıram...
Çatmır
başa çəkilməyən,
Paşa-paşa çəkilməyən.
Dağa-daşa
çəkilməyən,
Aha sonumu
yazıram...
Şərt
üstündən şərt kəsirəm,
Təzə bəla, dərd gəzirəm.
Qarşı
gəlib də vəzirə,
Şaha,sonumu yazıram...
Qurtarıram
bir can belə,
Çox yandım ucundan belə.
Bezdim ucuzundan belə,
Baha sonumu yazıram...
Ədalət.-2015.-7 fevral.-S.10.