ONLAR TƏKCƏ
YAZMAĞI YOX, DOSTLUQ ETMƏYİ DƏ BACARIRDI
Hüseyn Abbaszadə Böyük Vətən müharibəsi
iştirakçısı olub. Tank qoşunları hissəsində
xidmət edib. Ukrayna ərazisində gedən döyüşlərdən birində
ağır yaralanıb.
Xeyli müddət hərbi hospitalda müalicədən
sonra döyüş qabiliyyətini itirdiyi üçün ordudan tərxis edilib. Oğlunun yolunu gözləməkdən
gözünün kökü
saralan ananın qapısı nəhayət
ki, oğul üzünə açıldı.
Bakının keçmiş Kamo
küçəsindəki eni
on, uzunu uzağı
30 qarış olan dar dalanda yerləşən
həyət evlərinə
salamat gəlib çıxsa da, xeyli müddət sərbəst hərəkət
edə bilmədi.
Əl ağacına dayaqlanıb
ağır addımlarla
yeriməli oldu. Umu xala isə elə
hey "buna da min şükür", deyib
ona və özünə toxtaqlıq
verirdi. Dualarının müstəcəb olduğuna görə sevinci yerə-göyə sığmırdı. Oğluna qulluq
eləməkdən yorulmurdu.
Gündə bir xörək
bişirirdi ki, ağzı dada gəlsin.
Bir müddət Hüseynin həyatı bu minvalla davam etdi, vaxt-bivaxt qohum-qardaş göz aydınlığına gəldi.
Sonra evdə boş-bekar oturmaqdan sıxılmağa
başladı.
O zaman Yazıçılar İttifaqında fəaliyyət
göstərən ədəbiyyat
dərnəyinə yazıçı
Yusif Əzimzadə rəhbərlik edirdi. Hüseynin
ilk üz tutduğu ünvan gənc yazıçıların toplaşdığı
ünvan oldu. Adil Babayevlə də orada tanış oldular. Adil o zaman "Kommunist" qəzetinin redaksiyasında
çalışırdı. Ədəbiyyat həvəskarı
cəbhəçidən sözgəlişi
nə işlə məşğul olduğunu
soruşanda Hüseyn yenicə ordudan tərxis olunduğunu, bir ayağını çəkə-çəkə gəzdiyindən münasib
iş tapmadığını
söyləyir. Bu zaman Adil "bizim redaksiyada ədəbi işçi yeri boşdur", - deyir, - Əli müəllim (xalq yazıçısı Əli
Vəliyev "Kommunist"
qəzetinə rəhbərlik
edirdi) çox qayğıkeş, xeyirxah
insandır. Sabah redaksiyaya gəl, birlikdə gedib onunla görüşək.
Elə bilirəm, nəticəsi müsbət olar.
Əli Qara oğlunun alicənablığı
Hüseyn Abbaszadəyə
də yaxşı məlum idi. Cəbhə böl-gəsindən
göndərdiyi yazılarının
ara-sıra Azərbaycanın
baş mətbuat orqanında çap olunması buna sübut idi.
Etrəsi gün Hüseyn redaksiyada Adillə görüşüb baş
redaktorun qəbuluna yollanırlar. Əli müəllim onlarla
ətraflı söhbətdən
sonra, Hüseynə işə düzəlmək
barədə ərizə
yazmağı təklif
edir. Baş redaktor ərizəni alan kimi,
üzərinə müvafiq
dərkənar qoyaraq ümumi şöbəyə
göndərir. Hüseynin əlini
sıxıb, "sabahdan
işə çıxa
bilərsən" - deyir.
Beləliklə, Adillə Hüseyn "Kommunist" qəzetinin redaksiyasında, fəqət
ayrı-ayrı şöbələrdə
bərabər çalışırlar. O qədər
qaynayıb-qarışırlar ki, Teatr institutunun
yeni açılan teatrşünaslıq fakültəsinə
birlikdə sənədlərini
təqdim edib, tələbə adını
qazanırlar. Onların kurs
yoldaşlarından biri
də Turan xanım Cavid idi.
Adil hələ Tiflisdə "Sovet Gürcüstanı" qəzetində işləyərkən onun şair könlünü Gülnar adlı bır qız ovsunlaşımdı. Anasını erkən itirdiyindən nənəsi Dilbər xanımın himayəsində böyüyürdü. Adilin nənəsi Güllü xanımla Gülnarın nənəsi Dilbər xanım həmyaş, həm də qohum idilər. Hər ikisi də dünyanın o üzünü, bu üzünü görmüşdülər. Nikolay padişah taxtda ikən Kür çayının sahilində yerləşən füsunkar Tiflisdə sayılıb-seçilən ailələrdə xoş dövran sürmüşdülər. Rus çarını devirənlər bir gün getsə də, varlıqlarındakı xanım-xatınlıq necə varsa, eləcə qalmışdı. Uzun qış gecələrində şirin söhbətləri, xoş xatirələri paylaşa-paylaşa, bəzən axşamın şərini sabahın xeyrinə calayardılar. Aralarındakı səmimiyyətə çoxu həsəd aparardı. Bəlkə elə o üzdən gündəlik həyatda qara kabusların dolaşdığı dönəmlər, daha dəqiq desək, otuzuncu-qırxıncı illər, onlar üçün o qədər də ağrı-acılı keçmədi. Həqiqətən, yaxın çevrən güvənli olanda, sıxıntı aləmi bürüsə də dünya gözündə daralmır. Güllü nənə neçə vaxtdan bəri Gülnara göz qoymuşdu. Adil nəvəsinə belə bir abırlı-ismətli qız arzulayırdı. Bir axşam Şeytanbazardan üzü yuxarı Xutsişvili küçəsinin yoxuşunu qalxıb nənəsi ilə birgə Dilbər xanımgilə gedəndə Adil bilmirdi ki, qonaq getdiyi evdə ilk baxışdan bir qızın sevdası şair könlünün küləklər açıb-bağlayan qapısından içəri girəcək. O anda qəlbindən keçən duyğularını dilə gətirməsə də, evə dönərkən gündəliyinə cəmi bir misra yazdı: "Bir göyərçin kimi, qondun qəlbimə"...
Bunu təsadüfən xatırlamadım. Adil anası Xeyransa xanımla Bakıya köçsə də, qarşıda onların Tiflisə səfəri gözlənilirdi. El adəti ilə elçi gedəcəkdilər. Anası tədarükünü görüb yola hazırlaşanda Hüseyn Adili tək qoymadı. Qatara minib bərabər Gürcüstana getdilər. Elçilər öz işlərini görüb şad-xürrəm qayıdanda, Hüseyn dostuna deyib ki, sən toyu ləngitmə. Belə gözəl-göyçək qızı çox gözlətmək olmaz.
O zaman toylar indiki kimi təm-təraqlı olmazdı. Hərə öz evində, həyətində ən yaxın adamlarının iştirakı ilə ailə həyatı qurmalarını qeyd edərdi. Hüseyn Abbaszadə mənə danışardı ki, bir axşam Adilin xalası Həcər xanımgildə yığışdıq. Onların mənzili geniş idi. 30-40 adam rahat yerləşərdi. Adil həmin həyətdə ikiotaqlı mənzil kiralamışdı. Adillə bərabər bir kimik təmir işləri aparıb otağı qaydaya saldıq, qonaqların siyahısını tutduq. Toy məclisi çox gözəl keçdi.
Deyirlər ki, 1949-cu ilin yanvarı Bakıda yaman qarlı-şaxtalı keçib. Yeni ilin ilk ayının üçüncü günündə Təzə Pir məscidindən bir qədər aşağıda yerləşən keçmiş Pyotr Montin küçəsi, ev 30-da gəlin havası səslənənda qonum-qonşu hava soyuq olsa da eşiyə çıxıb bəylə gəlinə xeyir-dua verib. Hüseyn müəllim deyərdi ki, məclisə dəvət olunanları bir-bir özüm xəbərdar etmişdim.
Gələnlər isə Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Qabil İmamverdiyev, Mirmehdi Seyidzadə, Adil Nəcəfov, doktor Hilal, Məmməd Rahim, İslam Səfərli imiş. Məclisi tar-kamanın müşayiəti ilə müğənni ulağa Məmmədov aparırmış.
Hüseyin Abbaszadə bir neçə il sonra Solmaz xanımla ailə həyatı quranda mən artıq dünyaya gəlmişdim. Bizim ev albomuzda maraqlı bir foto şəkil var. Hüseyn müəllimin oğlu İlqar bələkdədir və mən əlimdəki şüşədən ona süd verirəm. Heç bilmirəm onu ki, onu altmış il əvvəl kim çəkib. Amma mənim üçün çox xoş xatirədir.
Yadımdadır ki, sonralar atam Dram teatrında ədəbi hissə müdiri işləyirdi. Hüseyn Abbazadə isə "Pioner" jurnalında ədəbiyyat şöbəsinin müdiri idi. İk dəfə "Pioner" jurnalını da bizə o gətirib. Axşamlar atam teatra gedəndə məni də özü ilə aparardı. Uşaqlığım böyük yazıçıların, aktyorların, rejissorların əhatəsində keçib. O zaman teatr ziyalıların toplaşdığı ən sevimli yer idi. Hər tamaşaya bir neçə dəfə baxardılar, müzakirə edərdilər. Hüseyn Abbaszadə də əvvəllər şeirlər yazardı. Amma sonralar daha çox nasir kimi tanındı. Maraqlı povestlərin, romanların müəllifi kimi şöhrət tapdı. Onun əl yazmalarının ilk oxucularından biri də atam olub. Tez-tez biz onlara gedərdik, onlar bizə qonaq gələrdi. 1965-ci ildə Hüseyn Abbaszadə "Ədəiyyat qəzeti"nə baş redaktor təyin edildi. Hüseyn müəllimin təklifi ilə atam qəzetdə tənqid şöbəsinin müdiri, sonra isə baş redaktor müavini oldu. Əl-ələ verib çox oxunaqlı qəzet çıxarırdılar.
Ömrünün son illərində atam Yazıçılar İttifaqında işləyirdi. Xəstə vaxtlarında Hüseyn müəllim tez-tez ona baş çəkər, demək olar ki, hər gün telefonla keyfini xəbər alardı. Adil Babayev haqqında onun bir neçə xatirəsi mətbuatda dərc olunub. O yazır ki, 1977-ci il iyununda Peredelkinoya yaradıcılıq evinə gedirdim. Adilə zəng vurdum, söhbət elədik. O, təzə şeirlər yazdığını, yeni kitabını çapa hazırladığını dedi. Mənə yaxşı yol arzuladı. Bir aydan sonra Bakıya qayıdanda eşitdim ki, vəziyyəti ağırdır... Son dəfə evlərinə gedib ona baş çəkdim. Yeni kitabının çapa göndərildiyini dedi. Dedim ki, inşallah, kitab hazır olana kimi sən də ayağa qalxarsan...
"Azərnəşr"də nəşr
edilən yeni kitabının adı "Ümid sərvləri" idi.
Nə yazıq ki, kitab
işıq üzü görəndə Adil Babayev artıq
dünyasını dəyişmişdi. Adil
Babayev haqqında yazdığı xatirələrinin
birini Hüseyn Abbaszadə
bu sözlərlə bitirmişdi:
"Bizim dostluğumuz
həm də ailəvi idi. Biz
Adillə qardaşdan da
yaxın idik".
Ədalət.-2015.-7 fevral.-S.3.