Fərid Mansurov:"2002-ci ildə dünya çempionu
olsaydım, olimpiadanı qazana bilməzdim"
Azərbaycan idmanının ən parlaq səhifələrindən
birini şübhəsiz ki, Fərid Mansurov təşkil edir. 2004-cü ildə
Afina Olimpiya Oyunlarının qalibi olan əfsanəvi güləşçi
həmçinin 2007 və 2009-cu illərdə keçirilən
dünya çempionatlarının qızıl
medallarını qazanıb. Fərid
Mansurov 2004-cü ildə Azərbaycan Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə "Şöhrət"
ordeni ilə təltif edilib. O, hazırda Azərbaycan
Güləş Federasiyasının Gənclər üzrə
vitse-prezidentidir.
Adalet.az-ın "Fəxri kürsü"
rubrikasının növbəti qonağı Fərid
Mansurovdur.
"Formada olanda psixoloji amilləri də
üstələmək olur"
-Fərid
bəy, qarşıdan I Avropa yay Olimpiya Oyunları gəlir...
-Çox
xoş haldır ki, bu yarış ilk olaraq Azərbaycanda
keçiriləcək. Bu böyük idman
bayramıdır. İdmançılarımız
öz üzərinə düşən vəzifəni layiqincə
yerinə yetirməyə çalışmalı, maksimum sayda
medal qazanmalı, bayrağımızı yüksəltməlidirlər.
- Güləş
yığmalarında heyət müəyyənləşib?
- Hələ
müəyyənləşməyib. Heyəti
indidən açıqlamaq düzgün olmazdı.
-London yay
Olimpiya Oyunlarından sonra yunan-Roma yığmasının
baş məşqçisi Salih Bora istefaya göndərildi. Bir müddət onun köməkçisi Şaban
Donat komandaya rəhbərlik etdi. Daha sonra
isə yığmanın baş məşqçisi postuna Cəmşid
Xeyrəbadinin rəhbərlik etdiyi iranlı məşqçilər
korpusu gətirildi. Bundan sonra yığma
komandada nə dəyişdi?
-Bu
federasiya rəhbərliyinin qərarı ilə baş verən
dəyişiklikdir. Türkiyəli məşqçilər
korpusu komandamızla öz təcrübəsini
bölüşdü. Cəmşid Xeyrəbadi
də kifayət qədər tanınmış, güclü mütəxəssisdir.
Son iki dünya çempionatında ən yüksək nəticəni
Saman Təhmasibi göstərdi ki, o, ard-arda 2 gümüş
mükafat qazandı. Azərbaycan yunan-Roma güləşi
yığması 2010, 2011 ci illərdə keçirilən
dünya çempionatlarında Həsən Əliyev və
Rövşən Bayramovla qızıl medal
qazanmışdı. 2012-ci il olimpiya
ili olduğundan dünya çempionatı keçirilmədi. 2013 və 2014-cü illərdəki mundiallarda isə
qızıl olmayıb. Hər halda baş
mükafat əldə olunmalıdır.
-2004-cü
il Afina yay Olimpiya Oyunlarında sizin
çıxışınız yarışların son
günlərinə təsadüf edirdi. Sizə
qədər 3 bürünc qazanılmışdı, ancaq
qızıl medal yox idi. Bu da Azərbaycan
idman ictimaiyyətini çox qayğılandırırdı.
Avqustun 25-də - olimpiadanın sonuna 4 gün
qalmış mübarizəyə qoşulanda hansı hissləri
keçirirdiniz?
-Artıq
çempionluğumdan 11 ilə yaxın vaxt keçib. Ancaq o gün indiki kimi yadımdadı. 3 bürünc qazanılmışdı,
yığma komandamıza mütləq qızıl medal
lazım idi. Finala çıxarkən
fikirləşirdim ki, mütləq qələbə
qazanmalıyam. Məsuliyyyət çox
böyük idi. Bir tərəfdən olimpiya
yığmamıza qızıl medal lazım idi, digər tərəfdən
də özüm çempion olmağı çox istəyirdim.
Şükürlər olsun ki, final
görüşündən alnıaçıq
çıxdım, qızıl medal qazandım.
-Sizin rəqibiniz
də kifayət qədər güclü idmançı idi. Həmin
görüşədək üç dəfə onunla
qarşılaşıb, məğlub olmuşdunuz...
-Bəli,
bunadək Şərəf Əroğluya 3 dəfə uduzmuşdum. Ümumiyyətlə,
Afina Olimpiadası mənim üçün revanş
görüşləri ilə xeyli əlamətdar oldu.
Yarımfinalda 2002-ci il Dünya
çempionatının finalında məğlub olduğum
İsveç idmançısını məğlub etdim. Rəqiblərimin
arasında qardaşımın 1996-cı il
dünya çempionatında məğlub olduğu bir İran
təmsilçisi də vardı. Onunla
görüşdə qazandığım qələbəylə
də bir növ qardaşımın revanşını
almış oldum.
-Final
görüşündə üzərinizdə belə bir
psixoloji təzyiq vardı ki, "yenə də
bacarmayacam"?
-Formada
olanda psixoloji amilləri də üstələmək olur. Mən final görüşünə tam hazır
idim, məğlubiyyət haqda fikirləşmirdim. Özümə təlqin etmişdim ki, mütləq
qalib gələcəm.
"Biri
var "dünya çempionatının gümüş mükafatçısı",
biri də var "dünya çempionu"
-2007 və
2009-cü illərdə dünya çempinatının qalibi adına yiyələndiniz. Hər
iki final görüşü çox çətin
alındı. Qələbələri
çox çətinliklə, cüzi fərqlə
qazandınız. Bu qələbələrdə sizin
hansı üstünlüyünüz son anda öz
sözünü dedi?
-Final mərhələsi
elədir ki, idmançı hər cəhətdən hazır
olmalıdır. Mənim dünya
çempionatlarındakı nəticələrimə nəzər
salsaq, ya ilk görüşlərdən uduzmuşam ya da
çempion olmuşam. Yalnız bir dəfə
- 2002-ci ildə ikinci olmuşam. O vaxt 20 yaşım
vardı, finala çıxanda sevincimin həddi-hüdudu yox
idi. Ona qədər də 8 il idi ki,
yunan-Roma güləşçiləri dünya
çempionatında medal qazana bilmirdi. Azarkeşlər,
məşqçilər, dostlar üstümə
atılır, qucaqlayır, təbrik edirdilər. Bu da məni bir növ ikinci yerlə kifayətləndirdi.
Finala çıxan, məğlub olan idmançılara
da həmişə özümdən misal gətirirəm ki,
qızıl uğrunda mübarizə aparan idmançı gərək
elə fikirləşsin ki, mən məhz bu görüşdə
qələbə qazanmaqla medal qazanacam. Əgər
fikirləşirsə, bu görüşü uduzsam belə,
artıq gümüş medalım var, o, mütləq məğlub
olacaq.
2002-ci ildəki məğlubiyyətim mənə
böyük dərs oldu. Bəlkə də mən həmin il
dünya çempionu olsaydım, olimpiadanı qazana bilməzdim.
2002-ci ildə ikinci olanda fikirləşdim ki, mən nəyi
itirmişəm... İkinci yer elədir ki, get həkimdən
bir arayış al, heç finalda mübarizə aparma, yenə
də var. Həm də biri var "dünya
çempionatının gümüş
mükafatçısı", biri də var "dünya
çempionu". Həm qısa, həm də
gözəl səslənir.
2007-ci ilin dünya çempionatında finala
çıxarkən üzərimdə böyük məsuliyyət
vardı. Çünki görüşü cənab Prezidentimiz
də öz ailə üzvləri ilə birlikdə izləyirdi.
Mən həmin dünya çempionatında
bütün rəqiblərimlə iki hissə güləşdim,
heç biri ilə əlavə 2 dəqiqəyə
qalmadım. Final görüşündə
çox ehtiyatla güləşirdim, artıq hərəkətlər
etməməyə çalışırdım. Təmkinlə güləşib, hər iki hissədə
rəqibi məğlub edərək dünya çempionu oldum.
Sonradan onunla Polşada keçirilən Qran-prin
turnirində yenidən qarşılaşdım. Bu turnir əsasən hazırlıq xarakteri
daşıdığından bütün potensialımı
ortaya qoyaraq açıq güləş nümayiş etdirdim
və təmiz qələbə ilə fransalı Cenotu məğlub
etdim.
2009-cu ilin finalında qarşılaşdığım
gürcü Sxadaya məni həmin ilin Avropa
çempionatının üçüncü yer uğrunda
qarşılaşmasında məğlub etmişdi. Bir növ final
görüşü mənim üçün həm də
revanş xarakteri daşıyırdı. Manuçar
döşəkdə artıq hərəkətlərdən
istifadə edir, sanki rəqs edirdi. O, parter vəziyyətində
mənim fənd işlətməyimə ayaqları ilə
mane olurdu. Hakim bir dəfə şifahi xəbardarlıq
etsə də, o, yenidən bunu təkrar etdi və beləliklə
mənə avtomatik 1 xal verildi. Manuçar
hay-həşir salsa da sonradan özü də
görüşün nəticəsi ilə
razılaşdı.
-Stiv Cenot
2008-ci il Pekin Olimpiadasının
qızıl, Manuçar Sxadaya isə 2012-ci il London yay Olimpiya
Oyunlarının gümüş medalını qazandı...
- 2008-ci il Pekin Olimpiadası ərəfəsi 3-4 gün
xəstə yatdım, antibiotiklər qəbul edirdim. Pekinə yola düşəndə hələ də
qızdırmalı idim. Görüşə
çıxarkən psixoloji olaraq özümə təlqin
etmişdim ki, mütləq qələbə qazanacam, çox əminiydim.
Uduzduğum Ukrayna təmsilçisini də
olimpiadadan ay yarım öncə beynəlxalq turnirdə
qarşılaşıb, təmiz qələbə ilə məğlub
etmişdim.
Xəstə, zədəli olmayıb, məğlub
olduğum hallar da çox olub. Mən məğlubiyyətə
normal yanaşıram, amma təkrarlanmamaq şərtiylə.
Hər məğlubiyyət nəticə
çıxarmaq üçün bir vasitədir.
-Olimpiadadakı
məğlubiyyətiniz bütün ölkə ictimaiyyətini
xeyli üzmüşdü, amma 2009-cu ildə dünya
çempionatında qazandığınız qələbə
ilə bunu layiqincə sığortalaya bildiniz...
-Mənim
karyeram həmişə enişli-yoxuşlu olub, standart
olmayıb. 2001-ci ildə gənclər arasında dünya
çempionatının qalibi olarkən neçə il idi ki, nəticə göstərə
bilmirdim. 1997-ci ildə yeniyetmələr
arasında dünya çempionatında ikinci olmuşdum.
1998-ci ildə analoji turnirdə əlim
qırıldı, mübarizəm yarımçıq
qaldı. Növbəti 2 ildə də nəticə
qazana bilmədim.
2003-cü ildə hər iki mötəbər turnirdən
-Avropa və dünya çempionatlarından əliboş
qayıtdım, amma 2004-cü ildə olimpiya çempionu oldum. Bundan sonra
belim zədələndi. Bu səbəbdən
2005 və 2006-cı illərdə heç bir yarışda
iştirak edə bilmədim. 2007-ci ilin
Avropa çempionatını da buraxdım. Bu illər mənim həm yaşımın gözəl
vaxtı, həm də karyeramın pik dövrü idi.
-Sizin
medal kolleksiyanızda yeganə çatışmayan Avropa
çempionatının mükafatıdır. 2010-cu
ildə qitə çempionatı Bakıda keçirilirdi, bu
turnirdə bütün idman ictimaiyyəti sizdən nəinki
medal, çempionluq gözləyirdi. Bakıdakı
turnirdə qalib olacağınız təqdirdə
adınızı Azərbaycan idmanı tarixinə ilk və
yeganə olimpiya, dünya və Avropa çempionu kimi
yazdıra bilərdiniz...
-Turnirin
ilk görüşündə iki yerdən çənəm
qırıldı. İkinci görüşə
o vəziyyətdə çıxdım, zədəm daha da
pisləşdi, amma yenə də qələbə qazandım.
Üçüncü - 1/4 final
görüşündə artıq məndən
soruşmadılar ki, güləşmək istəyirsən ya
yox, təcili yardım maşını ilə birbaşa əməliyyata
aparıldım.
"Karyeramı
London Olimpiadasından sonra yekunlaşdırmaq istəyirdim"
-Bildiyim qədər
bu titulu qazanmaq sizin ən böyük arzularınızdan biri
olub. Karyeranızı bitirməyib, bunu növbəti
illərdə reallaşdıra bilməzdiniz?
-Karyeramı
London Olimpiadasından sonra yekunlaşdırmaq istəyirdim. Ancaq çənəm qırıldıqdan sonra
fikrimi dəyişməli oldum. Çünki
zədəm çox ciddiydi, bərpası üçün
azı 6-7 ay vaxt lazım idi. Həm də anam xeyli təkid
etdi, dedi ki, bəsdir daha proffessional idmandan
uzaqlaşmalısan. Onun sözünü də yerə
sala bilməzdim.
-Karyeranızı
bitirdikdən sonra yunan-Roma yığmasına baş məşqçi
təyin olundunuz. Sizin rəhbərliyiniz
altında komanda kifayət qədər yüksək nəticələr
göstərdi, ard-arda iki dünya çempionatında
qızıl medal qazanıldı. Məşqçilik
fəaliyyətinizi niyə davam etdirmədiniz?
-Mən
istefa qərarımı 2011-ci ildə İstanbulda keçirilən
dünya çempionatından sonra verdim. Lisenziya
xarakterli bu dünya çempionatına komanda yaxşı
hazırlaşmışdı, ancaq turnirdə bunun əksi
müşahidə olundu. Rövşən
Bayramov çempion, Saman Təhmasibi isə beşinci oldu.
Beləliklə də cəmi iki lisenziya
qazanıldı. Bu nəticə də təbii
ki, məni qane etmədi. Həm də
açığı, bu iş məni çox yorurdu, ailəyə
heç cür vaxt ayıra bilmirdim.
-Sizin
gedişinizdən sonra Vitali Rəhimov çəkisini dəyişərək
66 kiloqramda çıxış etməyə başladı. O
da müəyyən nəticələr göstərdikdən
sonra karyerasını bitirdi. Hazırda həmin
çəkidə Həsən Əliyev çıxış
edir. Onun çıxışı nə dərəcədə
uğurludur?
-Hər
halda Həsən Əliyev dünya və Avropa çempionudur.
-60 kiloqramda
-60 kiloqramda(gülür). O, 66 kiloqramda son Avropa
çempionatında ikinci oldu. Həsən
Əliyev öz üzərində daha çox
çalışmalı, səhvlər üzərində
işləməlidir. İnanıram ki, o,
yüksək nəticələr göstərə bilər.
Mən Həsəni 66 kiloqramda dünya güləşinin
ən yaxşılarından biri hesab edirəm.
-Son
dünya çempionatında onun bəxti heç gətirmədi.
Yarımfinala qədər bütün rəqiblərini tam
üstünlüklə məğlub etsə də, gözlənilmədən
Serbiya güləşçisinə məğlub oldu...
-Həsənin
boynunda zədə var, bununla bağlı mundialda problem
yaşadı. Görüşdə boynu yerə
çox pis dəydi, bu da onun lazımınca güləşməsinə
əngəl yaratdı.
-Serbiya
güləşçisi finalda da gözlənilmədən
İran güləşçisini məğlub edərək
dünya çempionu oldu. Onun bu nəticəsi dünya güləş
ictimaiyyətini xeyli təəccübləndirdi...
-Stefanek mənim
vaxtımdan çıxış edir, dünya güləş
ictimaiyyətinə də tanış
simadır. O, əvvəllər də 60 kiloqramda dünya və
Avropa çempionatlarında mükafatlar qazanıb.
"Toğrul
olimpiya çempionluğunu təkrarlamaq üçün nə
etmək lazım olduğunu çox gözəl bilir"
- Azərbaycan
idman ictimaiyyətinin ikiqat olimpiya çempionu kimi
gördüyü bir namizəd var; Toğrul Əsgərov.
Sizin fikrinizcə, o, hazırda Rio
Olimpiadasını qazanacaq gücdədirmi?
-Toğrulda
bu potensial var. O, öz üzərində daha çox işləsə
çempionluğa nail ola bilər. Toğrul olimpiya çempionluğunun nə
olduğunu və bunu təkrarlamaq üçün nə etmək
lazım olduğunu çox gözəl bilir.
-Bir
vaxtlar uğurları üçün idman arenalarında tər
tökdüyünüz qurumun rəsmisi olmaq necə hissdir?
-Bu postda məhz biz olmalıyıq. Çünki idmanın incəliklərini, idmançıya nə lazım olduğunu biz bilirik. Bunu idmançı karyerasının bütün mərhələlərini keçənlər anlayar, sıravi insan bunu bilməz. Bizim olimpiya və dünya çempionlarımız idmanın bütün çətinliklərini, qələbəyə gedən yolda nəyin gərəkdiyini öz üzərlərində müşahidə ediblər. Mən hazırda federasiyanın Gənclər üzrə vitse-prezidentiyəm, Namiq Abdullayev isə yeniyetmələr üzrə analoji vəzifəni tutur. Biz mütəmadi olaraq, təlim məşq toplanışlarında iştirak edir, məşqçilərlə, güləşçilərlə söhbət edirik. Onlara nəyi aşılamaq lazım olduğunu bilirik.
Sahib Əsədbəyli
Ədalət.-
2015.- 11 fevral.- S.8.