ƏLLİ YAŞ VƏ YAXUD DA
ƏSRİN YARISI
Bir dosta əl boyda məktub
Adətən mən doğmalarla, dostlarla, tanınmış şəxslərlə, ümumiyyətlə, cəmiyyətdə layiqli yeri olan insanlarla bağlı xoşməramlı, təbrik xarakterli, bir növü içimdən gələn yazılar yazmaq istəyəndə çox da düşünmürəm, götür-qoy etmirəm. Sadəcə, birbaşa bilgisayara yaxınlaşıb ürəyimdən keçənləri, düşündüklərimi diktə edirəm... Bu da səbəbsiz deyil. Çünki belə yazıları yazarkən ondan xəbər tutanlar məsləhət verir, istiqamət göstərir, hətta nəyi necə yazmağı adama öyrətməyə çalışır, bir növü diktə edir... Onda da yazı adamın istədiyi kimi, necə deyərlər, ürəyincə alınmır. Bir növü könülsüz doğulan uşaq kimi olur. Ona nə sevgi duyursan, nə onun üçün təlaş keçirirsən. Nə də onun taleyi ilə maraqlanırsan...g
Bəli, bax bu səbəbdən də mən adətimə uyğun olaraq birbaşa könlümdən keçib ağlımın diktə etdiklərini bilgisayara söyləyirəm və elə həmin o ovqatla da təxminən 20-22 il bundan uzaq bir tarixə qayıdıram. O tarixə ki, onda artıq Şuşa işğal altında idi və şuşalılar da yurd-yuvalarından didərgin düşüb Azərbaycana səpələnmişdilər. Və...g
Mənim həyatımda bir çox dostlar-tanışlar var ki, onlarla münasibətimin yaranmasının səbəbkarı Şuşada, Qarabağda sayılıb-seçilən, işi ilə, xeyir-şər adamı olması ilə Zahid Abbasovun xüsusi yeri var. Zahid müəllim bir növü dayaq nöqtəsidi, dayaq mərkəzidi. Və onun ətrafında olan kifayət qədər dəyərli ziyalılar, hörmətli şəxslər var ki, onların hər biri ilə tanış olmaq, söhbət etmək özü-özlüyündə böyük bir həyat bilgisi qazanmaq deməkdi. Adətən insanlar ünsiyyət, mehribançılıq, səmimiyyət gördükləri yerə meyl edirlər. Bu mənada mən də vaxt olduqca Zahid müəllimin həmişə adamların üzünə açıq olan qapısını döymüşəm. Belə görüşlərin birinə gedəndə bir anlıq qapıda ayaq saxladım... qapını döymək istədim. Məni görən Zahid Abbasov:
- Əbülfət müəllim, gəl içəri! - dedi.
Otaqda Zahid müəllimlə üzbəüz cavan bir oğlan oturmuşdu. Ona görə də bir az tərəddüd etdim. Düşündüm ki, cavan oğlan yəqin Zahid müəllimin yaxınlarından biridi, hansısa bir işlə əlaqədar onun yanına gəlib. Çünki mən belə məqamların çox şahidi olmuşdum. Məhz ona görə də mane olmamaq üçün bayırda gözləməyə üstünlük verdim. Amma Zahid müəllim özü qapıya gəlib mənimlə öpüşüb-görüşdü və sonra da o cavan oğlanı mənə təqdim etdi:
- Salman müəllim bizim Şuşa Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin direktorudu. Çox bacarıqlı və həm də nümunəvi bir məktəbimizin rəhbəridi.
Doğrusu, gözlərimə inanmadım. Yeniyetmə yaşında olan orta boylu, üz-gözündən işıq tökülən bu cavan oğlan mənə hardasa ali məktəbin son kurs tələbələrini xatırlatdı. Amma artıq təqdimat olmuşdu, ona görə də bir-birimizə əl uzatdıq. Mən bu cavan oğlanın əlini sıxarkən ani olaraq ağlımdan gəlib keçən sualı ona verdim:
- Siz qaçqın kimi Biləcəri qəsəbəsində məskunlaşmısınız?
- Bəli! - dedi.
- Hə, sizi mən Biləcəridəki istirahət parkında görmüşəm. Hərdən mən də orda şuşalı, füzulili qaçqınlarla görüşüb dərdləşirəm...g
Beləcə başladı tanışlığımız və həmin tanışlığın davamı çay süfrəsi arxasında şaxələndi. Düzünü deyim ki, mən bu cavan oğlanın üz-gözünə baxdıqca onun dilavərliyi, onun emosionallığı məni əməlli-başlı öz təsiri altına salırdı. Mənə elə gəlirdi ki, mən bu oğlanla 50-100 il bundan öncə görüşmüşəm, yolyoldaşı olmuşam, onunla qaynayıb-qarışmışam... Görünür, bunun da səbəbi ondakı istiqanlılıq idi. El dilində desək, bizi bir-birimizə qan çəkirdi, qan yaxınlaşdırırdı. Lap sonralar bunun bir səbəbini də öyrəndim. Bildim ki, mənim ailəmə və özümə doğma olan bu cavan oğlanın özündən əvvəl onun qayınatasını tanımışam. Hətta barəsində gücüm çatan səviyyədə yazı da yazmışam. Belə ki, söhbət zamanı mən Salman müəllimdən bəzi məqamlara aydınlıq gətirən suallarıma cavab aldım. Təbii ki, biz azərbaycanlılar ilk görüşdüyümüz adamdan hardan, hansı nəsildən olduğunu soruşur. Mən də gənc dostuma elə bu sualları ünvanladım və öyrəndim ki, Salman Ərşad oğlu Ağalarov 1965-ci il fevral ayının 16-da Şuşa şəhərində doğulub. Atası Ərşad kişi tikintidə çalışıb. Əlinin qabarı, alnının təri ilə ev-eşik qurub. Şuşa şəhərindəki Mehmandarov küçəsindəki 42 saylı evdə ömür-gün yoldaşı ilə birlikdə bir qız, üç oğul böyüdüb. Həmin uşaqların üçüncüsü olan Salman bu evin işığına, havasına, oduna bir musiqi də qatıb...g
Doğrudu, Qarabağda hər kəs musiqi ilə nəfəs alır. Ancaq bununla bərabər müəyyən insanlar da o musiqi ilə yaşayırlar, ondan bəhrələnirlər, onu yaşadırlar. Bax, Salman müəllim də kiçik yaşlarından könlünü tara verdi. Onu sinəsinin üstünə qaldırıb tellərinə toxunanda xəyalı neçə-neçə yerləri gəzdi, neçə-neçə hadisələrdən xəbərdar oldu və bu sevgi onu Şuşa Musiqi Texnikumuna aparıb çıxardı. 1980-84-cü illərdə Şuşa Musiqi Məktəbində tar ixtisası üzrə aldığı təhsilini Şuşa Musiqi Texnikumunda tamamladı. Və əmək fəaliyyətinə başladı. Qısa bir zamandan sonra, yəni 1988-1993-cü illərdə o, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qiyabi təhslini başa vurdu. Amma oxumaqla yanaşı, o həm də işləyirdi. Özü də böyük bir kollektivə rəhbərlik edirdi. Təsəvvür edin ki, 23 yaşlı bu oğlan 1988-ci ildə Şuşa Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin direktoru idi. Hər biri ifa etdiyi musiqi aləti kimi müxtəlif xarakterlərə malik olan musiqiçi pedaqoqları, sabahın musiqiçilərini idarə etmək, onlarla dil tapmaq, onların istəklərini bir səmtə yönəltmək o qədər də asan iş deyildi. Ancaq Salman Ərşad oğlu bunu bacardı. Özü də düz 22 il həmin məktəbin direktoru oldu.
2010-cu ildə Salman müəllimin həyatında, daha doğrusu, onun əmək fəaliyyətinin ünvanında dəyişiklik baş verdi. O, Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinə direktor göndərildi. Doğrudu, əvvəlki kollektivdən ayrılmaq, orada yaratdığı şəraiti qoyub təzə bir ünvana köçmək o qədər də asan deyildi. Amma insanlarla işləmək məharəti, rəhbərlik qabiliyyəti olan Salman Ərşad oğlu Xəlfəli məktəbində də qısa bir zamanda kollektivi öz ətrafında cəmləyə bildi. Onun canıyananlığı, xüsusən içindəki gənclik od-alovu kollektivdə dərhal müsbət bir auranın yaranmasına səbəb oldu. Hamı gördü ki, yeni direktor onlara qaynayıb-qarışmağı bacırır, onlarla yüz ilin dostu, doğması kimi rəftar edir. Təbii ki, səmimiyyət həmişə qalib gəlir. Elə Salman müəllimin bu səmimiyyəti də onun yeni iş yerindəki problemlərin çözülməsində yardımçısı oldu. Günlərin bir günü mən yenə Zahid müəllimin iştirakı ilə artıq qaynayıb-qarışdığım Salman müəllimlə söhbət edəndə (səhv etmirəmsə, onda da fevral ayı idi - Ə.M.) mövzumuz Şuşa, Qarabağ, Xankəndi, bir sözlə, 1988-ci ilin fevralı idi. Bəlli olduğu kimi, Dağlıq Qarabağda hadisələr də məhz 1988-ci ilin fevralında başlamışdı. Ona görə də biz fevralın ağrılı-acılı bir il olduğunu dilə gətirdik və bu söhbət əsnasında mən onu da öyrəndim ki, Salman müəllim fevral ayının 16-da doğulub və o həmişə fevralın Qarabağın tarixi üçün düşmənin məkrinin oyanışı kimi də yadında saxlayıb. Çünki illərlə üzümüzə gülüb süfrəmizin başında əyləşən düşmən məhz fevralda öz əsl sifətini göstərmişdi. Bu hadisələrin fonunda, yəni fevral ayında Qaradağlı qətliamı, Xocalı qətliamı törədilmişdi. Amma bir məqam da var idi ki, mənim yaddaşımda hələ Şuşadan yazılıb gələn bir ad da var idi. Bu adın sahibi Salman müəllimin qayınatası, mənim dostum Zakir idi. Şuşada Zakiri hər kəs tanıyırdı. Onun atdığı top mərmiləri düşmənin kürkünə çox od salmışdı. Təəssüf ki, biz Zakirlə ikinci dəfə Biləcəridə görüşdük. Bu görüşə sevindiyimiz qədər də kədərləndik. Çünki biz Şuşasız qalmışdıq. Nə isə...g
Bəli, bu gün iki övlad atası olan Salman müəllim yarım əsrin kürəyini yerə vurur...g Bu gün onun çöhrəsində təbəssüm var, yenə gözlərindən od-alov tökülür. Amma mən diqqətlə baxanda görürəm ki, onun gözlərinin lap dibində bir Şuşa nisgili yaşayır. Söhbət etdikcə bəlkə də ilk dəfədi ki, onun xəyala daldığını görürəm. Mənə belə gəlir ki, 50 yaş onu Şuşalı günlərə çəkib aparır. Təsəvvür edin ki, 50 ilin tən yarısını Şuşada doğulub Şuşada yaşayan bir insan indi həsrət qaldığı yurd-yuvası üçün, yuxularında yaşatdığı doğma yerlər üçün necə göynəyir, necə kövrəlir. Bir də insan yaşa dolduqca doğulduğu yerə, torpağa daha çox üz tutur, daha çox meyl göstərir. Və mən dostumun gözlərinin dibindəki həmin o kədərin bütün mənalarını anlayıram və bu yubiley ovqatındakı kədərlənməsini də təbii qarşılayıram.
Bəli, Salman Ərşad oğlu! Bizi öncə torpaq dostlaşdırdı - yəni Qarabağ!!! Sonra ortaq dostumuz Zahid Abbasov doğmalaşdırdı. Nəhayət, yaşadığımız Biləcəri ərazisi bizi bir-birimizə simsar etdi və sənin ədəb-ərkanın, böyük-kiçik yerini bilməyin, ən əsası isə səmimiyyətin səni mənim üçün dəyərli bir kişiyə, əziz bir dosta çevirdi. Mən də səni, yəni bu dəyərli dostumu bu əl boyda yazı ilə təbrik edirəm. Əgər qismət olsa, Şuşada bu günü xatırlayarıq.
Mədətoğlu Əbülfət
Ədalət.-
2015.- 11 fevral.- S4.