"Səttar Bəhlulzadə məktəb
formalaşdırmayıb"
Tofiq
Ağababayev: "Mən istərdim ki, bizim xalqın
talantlı canına üç damla alman qanı
keçsin"
Tofiq Məmmədəli oğlu Ağababayev 1928-ci il, sentyabr ayının 8-də Bakı şəhərində anadan olub. İlk rəssamlıq təhsilini 1946-1951-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almış, daha sonra isə Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali-sənaye Rəssamlıq Məktəbinin (indiki Baron Stiqlits adına Rəssamlıq Akademiyası) keramika-şüşə fakültəsində təhsilini davam etdirmişdir.
O, müxtəlif yerli və xarici ölkə sərgilərinin iştirakçısıdır. Əsərləri Azərbaycan, Rusiya və ABŞ muzeylərində, Kanada, Türkiyə, Fransa, Rusiya və digər ölkələrin nüfuzlu şəxsi kolleksiyalarında saxlanılır.
T.Ağababayevin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O,1981-ci ildə Azərbaycan Respublikasının Əməkdar ali məktəb işçisi, 1992-ci ildə Azərbacan Respublikasının Əməkdar incəsənət xadimi, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı adlarına layiq görülüb. Rəssam eyni zamanda 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.
"Kamil əsər yalnız Qurani-Kərimdir"
- 87 yaşlı Tofiq Ağababayev özünü necə hiss edir?
- İnsan daxilən zəngin olanda, paxılllıq hissi olmayanda, həyatı sevinclə bol olanda, ətrafında xoşbəxtlik hökm sürəndə ömrü uzun, mənalı olur. Özümü çox yaxşı, gümrah hiss edirəm. Məni yaşadan sənət, ona olan sevgidir.
- Bu yaş yaradıcı insan üçün nə deməkdir?
- Yaradıcılıq kamilliyə gedən sonsuz yoldur. Yaradıcı insan nə qədər çalışsa da onun əsəri heç zaman kamil olmayacaq. Kamil əsər yalnız Qurani-Kərimdir. Qalan bütün əsərləri dəyişmək, ona yeni forma, məzmun vermək mümkündür.
Elə sənətkarlar var ki, onlar kamilliyə çatmasalar da qismən yaxınlaşırlar. Motsart 30 il yaşayıb, ancaq bu gün onun yaradıcılığı dünya musiqisinin parlaq səhifəsi hesab olunur. Üzeyir Hacıbəyov 23 yaşında Leyli-Məcnun operası yazıb, indiyədək də səhnədən düşmür. Mənim fikrimcə, yaradıcı insan üçün 2 ömür lazımdır. Biri baxıb öyrənmək, digəri isə yaratmaq üçün.
-Biz niyə hazırda Sovet dövrünün incəsənəti üçün darıxırıq?
- Biz hələ müstəqilliyimizi dərindən anlamırıq. Millətin formalaşması lazımdır. Qısa müddət ərzində Azərbaycan tarixində çox faciəli hadisələr yaşandı. Bunlar da xalqın yaradıcılıq şüuruna təsirsiz ötüşmədi.
Yaradıcılıq işi zaman tələb edir. Rəssamda sənətinə qarşı sevgi, istək varsa, o, zamanla mütləq yaxşı iş ortaya çıxaracaq. Azərbaycan xalqı çox istedadlıdır.
"Susqunluq bütün dünya ölkələrinin incəsənətində hökm sürür"
- Sözünüzdən belə çıxır ki, baş verən hadisələrin xalqın yaradıcılıq şüuruna mənfi təsiri olub. Ancaq bunlar yaradıcı insanların- rəssamların qarşısında əksinə, daha böyük üfüqlər açır, eyni zamanda boyunlarına daha ağır məsuliyyət qoyur. Sizə bir misal gətirim; Məşhur ispan rəssamı Pablo Pikasso İspaniya Vətəndaş müharibəsinə həsr olunmuş "Gernika" əsəri ilə heç bir yerdə tanınmayan eyniadlı kəndi, orda baş verən hadisələri bütün dünyaya tanıtdı. Hazırda da bu əsər BMT-nin kolleksiyasında saxlanılır...
-Götürək "Cokonda"nı. Niyə İtaliyada o rəsmin müəllifi Leonardo da Vinçi kimi rəssam yoxdur hazırda? Niyə Hollandiyada Rembrant yoxdur? Bu susqunluq bütün dünya ölkələrinin incəsənətində hökm sürür.
Gündə Pikasso gəlmir dünyaya. Fransa 3 rəssamla fəxr edir. Biri Pikasso, biri Matiss, digəri isə Şaqaldır. Pikasso əslən ispan olsa da bütün ömrünü Parisdə keçirib, bir sənətkar olaraq orada formalaşıb. Ancaq əsərlərinə baxanda ispan ruhu açıq-aşkar hiss olunur. Matissdə fransız, Şaqalda yəhudi ruhu hiss olunur.
Bizim tarixi əsərlərimizi də məhz azərbaycanlılar yaratmalıdırlar. Böyük rəssamlarımız olacaq, bu dəsti xəttlə getsək, mütləq olacaq.
-Azərbaycan təsviri sənətindəki problemlər əsasən heykəltaraşlıqda özünü biruzə verir. Gənc heykəltaraşlar ordusunun yetişməməsi bir yana, abidələrin istər hazırlanmasında, istərsə də yerləşdirilməsində ciddi nöqsanlara yol verilir. Nəzərə alsaq ki, siz Bakının ilk baş rəssamı olmusunuz, bu mövzu haqda fikirlərinizi öyrənmək maraqlı olardı.
-Mən bu vəzifəyə təyinat alanda ilk olaraq şəhərdəki heykəllərin yerləşdirilməsi məsələsi ilə məşğul oldum. Əzizbəyovun heykəli plana əsasən Mərdəkanın girişində- Əzizbəyov rayonunda qoyulmalı idi. Əzizbəyov heykəlini gətirib şəhərin mərkəzində qoydum. Cəfər Cabbarlının heykəli Dağlı məhəlləsində qoyulmalı idi. Cəfər Cabbarlının heykəlini gətirdim şəhərin mərkəzinə, 28 may metrosunun qarşısına. Bu məsələdə ümummilli lider Heydər Əliyev də mənə çox kömək etdi.
Əliş Ləmbəranski ilə çox az işlədim, ondan sonra mer postuna Ramazan Abdullayev gətirildi. Abdullayev mənə dedi ki, Bakının gerbi haqqında bir şey fikirləş. Əslində, əvvəllər şəhərin gerbi var idi. Orada üç od əks olunmuşdu, amma dəniz yox idi. Mən yeni gerbi hazırladım. İki sıra beş ləpə eskizi olan gerb təsdiqləndi. İndi hərə bir cür çəkir; 6 ləpə, 3 ləpə edirlər. Gerb necə təsdiqlənibsə elə də çəkilməli və qalmalıdır. Sonra mənə Bakının açarını hazırlamaq tapşırıldı. Hazırlanan açarı Brejnev gələndə ona bağışladılar. Ancaq məndə hələ də bu açarın eskizi qalıb.
Bakı sirkinin mozaikalarına görə mənə Nazirlər Kabineti tərəfindən xüsusi mükafat verildi, Tretyakov qalereyasının qızıl fonduna salındı. Amma indi o rəsmlərdən əsər-əlamət qalmayıb.
Əvvəllər şura fəaliyyət göstərirdi, baş verən hər hansı neqativ hallar tənqid olunur, qarşısı alınırdı. İndi hər hansı heykəltaraş bir iş görür, digərləri onu kopyalayıb başqa yerdə qoyurlar. O vaxt şura buna icazə verməzdi.
"Yaradıcı insan elədir ki, onu heç bir vasitə ilə saxlamaq olmur"
- Ümumi fikirlərinizdən belə qənaətə gəlmək olur ki, bizdə sənət əsərini qoruyub saxlamırlar, ona laqeyd münasibət göstərirlər.
- Toğrul Nərimanbəyovun Moskva Mehmanxanasında "Aşığın mahnısı" adlı monumental divar rəsmləri vardı. Sonradan o da it-bata düşdü.
Azərbaycanda sənətin bütün sahələrində dağınıqlıq hökm sürür. Rusiyada bir sənətşünas vardı, Azərbaycanpərəst insan idi. O, mənə bir yaxşı söz dedi. Dedi ki, siz incəsənətin bütün sahələrində çox talantlı xalqsınız. Çox gözəl sənət əsərləri yaradırsınız, ancaq saxlamırsınız, atırsınız sağa-sola. Beləliklə də ermənilər və digər xalqlar sizin sənət nümunələrinizi öz adlarına çıxırlar.
Sovet dövründə azərbaycanlı rəssamların çox böyük hörməti olub. 15 respublikanın analoji qurumları içərisində ən öndə gedəni Azərbaycan Rəssamlar İttifaqı idi. O vaxt rəssamlar üçün xüsusi fond fəaliyyət göstərirdi ki, bu da onların yaradıcılığının maddi tərəflərini artıqlamasiyla qarşılayırdı.
-Bu Azərbaycan rəssamlarının yaralı yeridir. Orta və yaşlı nəsil sənətkarların çoxu Sovet dövründəki Yaradıcılıq fondunun xiffətini çəkir.
-Fond rəssamların işinə yarayırdı, onları sosial-məişət qayğılarından böyük ölçüdə azad edirdi... Ancaq bilirsiniz, rəssam özlüyündə subyektiv varlıqdır. Məsələn, mən, emlatxanamda hər müdirəm, həm fəhlə. Bəzən alıcılar gəlir, hər hansı əsərimi alır, bununla birtəhər yaşayıram. Acından ölmürəm, mənə dövlət tərəfindən də pul ayrılıb, bununla dolanıram. Yaradıcı insan elədir ki, onu heç bir vasitə ilə saxlamaq olmur. Acından da ölsə yaradıcılıqla məşğul olacaq. Bu onun həyat tərzidir. Mənə elə də çox pul lazım deyil, geyimə, yemək- içməyə kifayət etsin, bəsimdir.
- Gənclərə lazımdır axı...
- Gənclər özlərini sübut edə bilmirlər, sənətlərinə məsuliyətsiz yanaşırlar. Ümumiyyətlə mən istərdim ki, bizim xalqın talantlı canına üç damla alman qanı keçsin.
Baxıram ki, tələbələr dərs vaxtı mobil telefonla oynayırlar, bütün fikirləri orda qalır. Çox vaxt imtahan baxışına qoyulan rəsmləri də telefonda, kompyuterdə qurub-qoşurlar.
- Peterburq Rəssamlıq Akademiyasında Dekorativ-tətbiqi sənət ixtisası üzrə təhsil almısınız. Ancaq yaradıcılığınıza nəzər saldıqda əsasən rəngkarlıqla məşğul olduğunuz görünür.
- Pikassoya kim demişdi ki, qobelen üzərində işləsin. Elçin Məmmədov gözəl teatr-dekor rəssamıdır, ancaq tikmə ixtisasını bitirib. Azərbaycanın böyük rəssamı Cavad Mircavadov təkcə Əzimzadə adına rəssamlıq məktəbini bitirib, heç bir ali təhsili yoxdur. Biri professional ney ifaçısıdır, təhsillidir, ancaq bir çobanın ifası elə olur ki, ondan da yaxşı, ürəyəyatımlı olur.
Rəssam təsviri sənətin bütün sahələrində fəaliyyət göstərməlidir rəssamlıq universal yaradıcılıq tələb edir.
"Bizim sənətşünaslar tənqidi ancaq ad olaraq dərk edirlər"
- Yaradıcı insanın adını əbədiləşdirən əsas xüsusiyyət nədir?
- Dahi fransız rəssamı Sezann daha çox natürmort çəkib. Ancaq onun meyvə rəsmlərinə baxanda belə, o dövrü oxumaq mümkündür. O, üslub formalaşdırıb. Hətta Cavad Mircavadovu da müəyyən mənada sezannist hesab etmək olar. Biz Səttar Bəhlulzadəni çox şişirdirik, onu dahi rəssam adlandırırıq, amma, o, heç bir məktəb formalaşdırmayıb. Şəxsən mən onun əsərlərinə baxdıqda inkişaf görmürəm. Mikayıl Abdullayev də eləcə, özündən sonra məktəb qoymayıb.
- Tahir Salahov necə?
- Tahir Salahov yaxşı rəssamdır, amma,
onun da ardıcılı yoxdur. Məktəb odur ki, rəssamın
üslubu kök salsın, ardıcılları olsun.
- Yaradıcılığın bütün sahələrində olduğu kimi rəssamlıqda da inkişaf üçün sağlam, elmi-bədii əsaslara söykənən tənqidi fikir məktəbi olmalıdır. Necə fikirləşirsiniz, Azərbaycan sənətşünaslığının hazırki vəziyyəti istənilən səviyyədədir?
- Tənqidçi gərək sənəti dərindən anlasın. Bizim sənətşünaslar tənqidi ancaq ad olaraq dərk edirlər; Bu filan əsərdir, filan üslubdadır, müəllifi filankəsdir. Bunları nənəm də bilir(gülür).
Mən elə özüm də rəssamın adı yazılmasa da onun işini tanıyıram, üslubunu təyin edə bilirəm.
"Mən xalqıma, onun istedadına, gələcəyinə inanıram"
- 2013-cü ildə sizin 85 illik yubileyiniz oldu. Keçirilən tədbirlər sizi qane etdi?
- Sağolsunlar. Ələlxüsus çalışdığım təhsil ocağı- Rəssamlıq Akademiyası çox əziyyət çəkdi. Rəssamlar İttifaqı da sərgi təşkil etdi, kataloq nəşr etdirdi.
- Dünyanın bir çox ölkələrində sərgiləriniz təşkil edilib. Bunlardan ən yaddaqalanı hansı olub?
- Azərbaycanda olan sərgilər.
- Xalqın sərgilərə olan münasibətindən razısınız?
- Bir o qədər də yüksək səviyyədə deyil. Sərgi təşkil olunur, tamaşaçılar gəlir, bir-biri ilə öpüşüb-görüşür, rəsmlərə də gözəyarı nəzər salıb gedirlər. Ancaq sərgiyə əslində birinci gün getməzlər.
- Son sözünüz...
- Mən xalqıma, onun istedadına, gələcəyinə inanıram.
Sahib Əsədbəyli
Ədalət.-2015.-10 fevral.-S.6.