Cəfər Namiq Kamal: "Ona mənim tərbiyəm yol verməz"

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Cəfər Namiq Kamalın Milli.Az-a müsahibəsi.

- Cəfər müəllim, yaradıcılığınızda hansı yeniliklər var?

- Vaqif Səmədoğlunun “Generalın son əmri” tamaşasında generalı oynayıram. Quruluşçu rejissor xalq artisti Ramiz Həsənoğludur. Bu tamaşada məndən başqa Mehriban Xanlarova, Sabir Məmmədov və digərləri də oynayırlar. Bir də Şərif Qurbanəliyevin quruluş verdiyi “Laləli düzən” tamaşasında varam. Bu pyesi mərhum rejissorumuz Rəhman Əlizadə yazıb.

 

- “Üç bacı” serialındakı Maarif rolunuz çox uğurlu alınmışdı. Ancaq bu serialdan sonra heç bir seriala çəkilməmisiniz. Təklif yoxdur, yoxsa var, özünüz imtina edirsiniz?

- Hazırda bir bədii filmə çəkilirəm. Həm də ”SOY” kampaniyası yeni seriala başlayır, mənimçün də rol yazılır. Çəkilişlərim mart ayından başlayacaq.

 

- Çəkildiyiniz bədii film necə adlanır, süjet xətti nədən ibarətdir?

- Film “100 kağız” adlanır. Burada əsas süjet xətti ondan ibarətdir ki, yüz manat əldən-ələ keçir və sahibini dəyişir Həmin şəxslər isə həkim, müğənni, falçı, yol polisi, molla və başqalarıdır. Burada məndən başqa xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, aktyorlar Bəhram Bağırzadə, Azər Axşam da rol alıblar.

 

- Peşəkar aktyorlar gileylənirlər ki, filmlərə, seriallara qeyri-ixtisas sahibləri çəkilirlər. Belə olan halda isə ixtisaslı aktyorlar kənarda qalırlar. Sizcə, aktyor üçün təhsil vacibdirmi?

- Atalar deyiblər ki, çörəyi ver çörəkçiyə, birini də üstəlik. İstedadlı adamın əlindən yaxşı iş çıxar. İstedadsız isə beş dəqiqəlik işi beş aya uzadar. O ki qaldı təhsilə, diplom olmasa da, olar. Bizim mərhum aktyorlarımızın çoxunun təhsili olmayıb. İstedad daha vacibdir.

 

- Gənc aktyorlardan bəyəndiyiniz, gələcəyinə ümid bəslədiyiniz kimlər var?

- Mən nə rejissoram, nə də teatrşünas. Özümə cavabdehəm. Mənə rol təklif olunanda komanda ilə maraqlanıram. Bəyənirəmsə, hə deyirəm, bəyənməsəm, uzaqlaşıram. Yəni, kiməsə qiymət vermək, bəyənib-bəyənmədiyimi söyləmək istəmirəm.

 

- Sizi həm bir çox tamaşalarda, o cümlədən həmçinində serialda komediya aktyoru kimi görmüşük. Ancaq dram teatrında işləyirsiniz. Bu baxımdan özününzü Akademik Milli Dram Teatrında necə hiss edirsiniz?

- “Azdrama”da özümü çox yaxşı hiss edirəm. Aktyor olan bəndə insan mühəndisidir. O, komediyanı da oynamalıdır, ciddisini də, dərdlisini də, xəstəsini də, ağıllısını da. Aktyorları amplualara bölmək lazım deyil.

 

- Cəfər Namiq Kamalla “Üç bacı”dakı Maarifin hansı oxşar cəhətləri var?

- Oxşarlığı bilirsən nədir? Əslində, Maarif çox təmiz adamdır, sanitardı. Hər binaya elə bir sanitar adam lazımdır ki, qudurğanları yerində oturtsun. Maarif də yaşadığı məhəllədə eyni işi həyata keçirən şəxsdir. Mənim də qudurğan adamlarla aram yoxdur. Onlarla görüşmək istəmərəm. Bu barədə oxşarlığımız var.

 

- Qəhrəmanınız Maarif tez-tez qonşulardan polisə şikayət edirdi. Olubmu ki, qonşuda kimsə siz demişkən, qudurğanlıq etsin, səhvə yol versin, polis çağırasınız?

- Yox, mən elə işlərə qarışmıram.

 

- Amma dediniz ki, oxşarlığınız var...

- Onu Maarif edər. Hər adam o işi bacarmaz. Ona görə Maarif o barədə ad çıxarıb da.

 

- Maariflə Kübranın aqibəti necə oldu?

- Hə, yaxşı oldu.

 

- Siz hər zaman intriqalardan uzaqsınız..

- Elə də olmalıdır.

 

- Amma işlədiyiniz teatrda yetərincə intriqalar var.

- Mən o işlərə qarışmıram.

 

- Ümumiyyətlə, teatrdaxili intriqalar, dedi-qodular, bəzi aktyorların rəhbərliklə yola getməməsi yaradıcı prosesə mane olurmu?

- Bilirsiniz necədir? Aktyorun işi təzə rollar, obrazlar yaratmaqdır. Aktyor enerjisini ancaq bu işə sərf etməlidir. Mən belə düşünürəm. Kimin kiminlə münasibətlərinin necə olmasının mənə heç bir dəxli yoxdur. İndiyə kimi dəxli olmayıb, indidən sonra da olmayacaq. Allah nə qədər ömür veribsə, yaradıcılıqla məşğul olmalıyıq. Özü də indi elə yaşdayıq ki, bir az da tələsməliyik ki, daha çox işlər görək, lent yazılarımız qalsın. Enerjimi boş-boş işlərə sərf etməyə nə tərbiyəm yol vermir, nə də ona vaxtım yoxdur.

 

- Qardaşınız İlham Namiq Kamal da Dövlət Musiqili Teatrının aparıcı aktyorlarındandır. Vaxt edib onun oynadığı tamaşalara baxa bilirsiniz?

- Bəli, baxıram.

 

- Son baxdığınız tamaşası hansı olub?

- Sonuncu dəfə Üzeyir Hacıbəyovun “Ər və arvad”ına baxmışam. İlhamın bütün tamaşalarına baxıram.

 

- Siz üç qardaşsınız və zahirən çox bənzəyirsiniz...

- Elədir, çünki atamız da bir adam olub, anamız da.

 

- İkiniz aktyorsunuz, digər qardaşınız hansı peşə sahibidir?

- O, tamam başqa sahədədir.

 

- İlham Namiq Kamalla hansı oxşarlığınz var?

- Nizam-intizam barədə oxşarlığımız çoxdur. Sənətə qarşı dəqiqik. Məşqə, işə vaxtında gəlməyi xoşlayırıq. Aktyor belə şeylərlə seçilir də.

 

- Bəs sırf aktyor kimi oxşarlığınız nədir?

- İlham da ciddi rol oynaya bilir, mən də. Bizdə amplua söhbəti yoxdur. Bu, ümumiyyətlə, düzgün söhbət deyil.

 

- Bəs fərqli cəhətiniz nədir?

- O, iş baxımıdan daha inadkardır, hansısa işin ardınca düşəndir. Mən isə tənbələm. İlhamda o həvəs var hələ.

 

- Boş vaxtlarınızda hansı işlə məğul olursunuz?

- Kitab da oxuyuram, bulvara da çıxıram. Ara-sıra dostlarımızla görüşürük, çay içirik. Boş olanda domino da oynayırıq. Dığdığdan, qeybətdənsə belə şey daha yaxşıdır. Həm də beyin bir az istirahət edir.

 

Elçin Tağıyev

Ədalət.-2015.-17 fevral.-S.8.