Əbülfət Mədətoğlu “Dünya dəyirmanı mənim kimiləri rahat üyüdür”

 

Persona.az –ın bu dəfəki qonağı tanınmış şair-publisist, "Ədalət” qəzetinin redaktor müavini Əbülfət Mədətoğludur.

 

Adalet.az müsahibəni təqdime dir:

-Xoş gördük, Əbülfət müəllim! Sizə müraciət edərkən ağlıma qəribə bir ifadə gəldi: "Qarabağ-adam”. Maraqlıdır, məlum hadisələrdən sonra bir çox soydaşlarımız aramıza pənah gətirdi, çoxları Qarabağ dərdini ürək dolusu yaşadı, özününküləşdirdi. Amma qarabağlıların içərisində sırf Qarabağın simasını gəzdirən insanlar da var. Onlardan biri də sizsiniz. Xəyalınızdakı Qarabağ və indiki Qarabağın xəritəsi nələri anladır sizə?

- Öncə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Belə dəyərli bir saytda müsahib olmaq mənim üçün böyük diqqətdi.

O ki qaldı suala, ona iki tərəfdən baxmaq olar: birinci sizin ifadə etdiyiniz Qarabağ – adam! Bəli, yaxşı ifadədir. Əslində poetik olsa da gerçəklikdi. Çünki hadisənin mahiyyətinə varsaq görərik ki, Qarabağ əsirlikdədir. Deməli, o, həm də insandı, adamdı. Ona görə də Qarabağ adam əsirlik yaşayır, digər adamları gözləyə-gözləyə. Sualın ikinci tərəfi, mənim xəyalımdakı Qarabağ indiki Qarabağı həmişə kölgədə saxlayır və mən gözümü açanda gördüyüm, özümün bir parçası hesab etdiyim Qarabağı təkcə kənd-kənd, ev-ev deyil, hər bir bulağıyla, çayıyla, dağıyıa, meşəsiylə tanıyıram. Düşmən indiki Qarabağı nə qədər özününküləşdirməyə çalışsa da, o kənd də, o ev də, meşə də, çay da mənimdir. Böyük Nizami demişkən, qara torpaq qızılı nə qədər gizlətsə də o, yenə öz dəyərində qalır. Bu müqayisəyə görə oxucudan üzr istəyirəm. İndiki Qarabağı müəyyən televiziyalar nümayiş etdirəndə mən göstəriləndən çox, onun arxa qatını görürəm. Çünki onun bünövrəsi mənimdir. Düşmən onun üstündə nə tikir tiksin, nəyi dağıdır dağıtsın, onsuz da biz bünövrəyə, kökə qayıdacağıq. Torpağın üzündən silinəni tarixdən silmək mümkün deyil.

- Bir müddət ədəbi arenada Qarabağ müharibəsi haqqında xeyli yazı nümunələri meydana gəldi. Sonradan sanki bu tendensiya bir qədər arxa plana keçdi. Sizcə bu nə ilə əlaqədardır? Ümumiyyətlə, bu mövzuda yazılan əsərlər sizi qane edirmi?

-Doğrudan da hadisələrin ilk başlanğıc nöqtəsini göz önünə gətirəndə çox yazılar yada düşür. Hətta sovet dönəmi olmasına baxmayaraq o illərin qəzetləri də məsələyə ayrı-ayrı prizmalardan geniş səhifələr açmışdılar. Topxana hadisəsi yəqin ki, yadınızdadır. Sonra işğallarla bağlı yazılar. Görünür yaranın isti vaxtı hər kəs bacardığı kimi onu sarımağa, yardım etməyə cəhd göstərir. Amma yara qaysaq bağladıqca onda bir onun sahibi, bir də o sahibə qanınyla, canıyla bağlı olanlar sızıltını duyurlar. Üstəlik həyatın yaratdığı problemlər, xüsusilə iqtisadi problemlər, ailə-məişət qayğıları və bir də elmi-texniki tərəqqi adamları özlərinə çəkir. Adamlar həm bir az çaşqın duruma düşürlər, həm də nəyəsə çatmağa can atırlar, gecikmək istəmirlər. Bax bu mənada yazarlar da Qarabağ dərdini "oturub gözləyən dərd” kimi görməyə başladılar. Xüsusilə yeni nəsil yazarlar ölkə sərhədlərindən kənarda oxucu tutmaq üçün "izm”lərdən qaynaqlanan mövzulara yön çevirdilər. Ancaq hər nə olursa olsun Qarabağ dərdimizi ifadə edən dəyərli əsərlər də yaranıb və yaranmaqdadır. Onların içərisində Aqil Abbasın, Sabir Əhmədlinin, Mustafa Çəmənlinin, Nemət Veysəllinin, Hüseynbala Mirələmovun, Seyran Səxavətin və digərlərinin sanballı nəsr əsərləri , Zəlimxan Yaqubun, Akif Səmədin, Vaqif Bəhmənlinin, Musa Yaqubun və başqalarının dillər əzbəri olan poema və şeirləri də yazılıb. Amma etiraf edim ki, Qarabağ dərdimizi ifadə edən və onun bütün çalarlarını, iynə-sancağına qədər göstərən Şoloxovun "Sakit Don” əsəri kimi ağır çəkili əsərlərə hələ ehtiyacımız var. İnanıram ki, indiki, bir növ lal sükut həm atəşkəsdən yanadır, həm də müharibənin hələ bitməməsi üzündən gözləmə mövqeyindəndir. Qələbədən sonra mütləq o möhtəşəm əsərlər ortaya qoyulacaq.

 

- "Şeirlə torpaq alınmır” ifadəsinə necə baxırsınız? Ədəbi təbliğatın bu sahədə əhəmiyyəti nə qədərdir, sizcə?

-Bu fikirlə qismən razıyam, çünki böyük Səməd Vurğun hələ sovet-alman müharibəsində elan etmişdi ki, "müsəlləh əsgərəm mən də bu gündən”. Ancaq şeirlə, torpağı alacaq oğulları döyüşə çağırmaq, döyüşə ruhlandırmaq, aparmaq mümkündür, çünki burda insanın ən həssas nöqtəsi olan ürəyinə müdaxilə olunur. Ürəyi, fikri torpaq üstündə kökləyəndə döyüşmək də, qalib gəlmək də asanlaşır. Yeri gəlmişkən, telekanallarımızda hərdənbir Qabilin "Azərbaycan əsgəri” şeiri klip şəklində təqdim olunur. Mən onu aktyorlarımızın ifasında dinlədikcə, evin içində yanımda olan hər kəsin də bir anlıq ayaq saxlayıb sona qədər o kadrları izlədiyini görürəm. Böyüklü-kiçikli hamı nəfəs almadan bu şeiri dinləyir. Və yaxud Şəmistan Əlizamanlının əsgər marşlarını yadınıza salın. Məncə bu böyük bir ordu deməkdir. Sadəcə bunun təqdimatı məni qane etmir. İndi ordumuzun yeni rəhbərliyi bu sahəyə diqqəti artırıb və bu sevindiricidir.

-Siz uzun müddətdir "Ədalət "qəzetində çalışırsınız. Bu qəzet həyatınıza hansı çalarları gətirdi?

- Bəli, az qala əsrin dörddə birini "Ədalət” qəzetiylə, obrazlı desəm, onun şinelində yaşayıram. Bu qəzet mənə özümü ifadə etmək, düşündüklərimi, duyduqlarımı yazmaq, ədəbi ictimaiyyətlə geniş əlaqə yaratmaq imkanı verib. Demək olar ki, hər gün "Ədalətin” redaksiyasında yeni müəlliflərlə, yeni kitablarla, yeni imzalarla qarşılaşıram. Bu da təbii ki, əlaqələrin oxucu arenasının böyüməsi deməkdir.

- Publisist yazılarınızla bərabər, həm də, bir neçə şeir kitabının müəllifisiniz. Nə vaxtdan şeir yazmağa başlamısınız və sizcə yazmamaq mümkündürmü?

- Bütün yazarlar kimi mən də öncə məktəbin divar qəzetində çıxış etmişəm 1973-cü ildə. Sonra ədəbiyyat müəlliməm məni daha da həvəsləndirib və ilk şeirim altıncı sinifdə oxuyanda rayon qəzetində işıq üzü görüb, adı da "Şor bulaq”. Beləcə başlayıb şeirlə nəfəs almağım. Və bu günə qədər də şeir məni həyatımın demək olar ki, hər anında kök atıb, ruhuma, düşüncəmə hopub. Ona görə də mən artıq özümü onsuz təsəvvür etmirəm. Demək olar ki, hər gün də yazıram. Burda söhbət yazılanların hamısının şedevr olmasından getmir, sadəcə bacardığım, duyduğum, ürəyimin söylədiyi kimi yazıram.

Bizə açılan qapı

Daşdı, dəmirdi bala

Düyüb yeddi rəng sapı –

Ömrü gəmirdi bala –

bu həyat...

-Bu misralarda dünyadan şikayətin bədiiləşmiş formasını məharətlə vermisiniz. Nədən dünyayla yola gedə bilmirsiniz?

- Sağ olun, mənə bu şeirimi xatırlatdınız. Və mən bu dünyada bütün münasibətlərin daha çox ədalətsizlik üzərində dayandığını hər gün görürəm, duyuram və birmənalı şəkildə anlayıram ki, zor həmişə "haqlıdır”, o həmişə hökm edir və Məmməd Araz demiş, "heç kimin olmayan dünya”ya zor sahib çıxmağa çalışır. Bu yolda da kim qarşısına çıxsa tapdalamaqdan çəkinmir. Ona görə də mənim kimi insanların ömrü elə öz içində əriyib gedir. Çünki dünya dəyirmanı mənim kimiləri rahat üyüdür. Axı mən özüm, belə götürəndə, bu dünyayla dil tapmayan, onunla barışmayan bir dərd parçasıyam.

-Bu günki ədəbi mühiti necə xarakterizə edərdiniz?

-Çağdaş ədəbi mühitimiz kifayət qədər dinamikdir. Xüsusilə gənc nəsil bütün enerjisi ilə yazıb yaradır. Mən onların demək olar ki, az qala hər gün keçirilən təqdimatlarının sorağını alıram, iştirakçısı oluram. Ədəbi mühitin belə qaynarlığı çox sevindiricidir.

-Sizcə bu günki, ədəbi durumda, sizing təbirinizcə "dinamik”, mənim fikrimcə "xaotik və senzurasız” tənqidçi fikrinə ehtiyac varmı? Tənqidçi sözü nə qədər keçərlidir?

- Etiraf edək ki, bu gün ədəbi tənqid ədəbi mühitin ikinci yox, hətta dördüncü sırasında yer tutur. Ona görə də ədəbi proseslərə kifayət qədər təsir edə bilmir. Üstəlik də sözün nisbətən urvatdan düşməsi, "boz” kitabların hər yeri zəbt etməsi tənqidçiləri də çaş-baş salıb. Ona görə də kəsərli tənqidçi sözü ya deyilmir, ya da deyiləndə həmin o hay-küyün içərisində əriyib gedir. Kitab bolluğu tənqidçilərimizi əməlli-başlı tərksilah edib.

-Yaradıcılığınız üçün hansını daha vacib hesab edirsiniz, oxucu rəğbətini, yoxsa tənqidçi resenziyasını?

-Açığını deyim ki, biz səksəninci illərin nümayəndələriyik və müəyyən zaman kəsiyində tənqidçi resenziyalarına böyük sayqı ilə yanaşmışıq. Hətta bizi tənqid edəndə də hansısa bir sözümüzlə diqqəti çəkdiyimizə müəyyən qədər sevinmişik də. Amma zaman tamam fərqli notlar üzərində köklənib, ona görə də mən həm oxucunun, həm tənqidçinin diqqətində olmağa üstünlük verərdim. Bütövlükdə isə yazdıqlarımın beş gün, on gün, bir il sonra oxuyanda ürəyimə təsir etmək gücündə olması məni daha çox düşünddürür.

- Facebook səhifəsindən istifadə edirsinizmi? Virtual aləmə münasibətiniz necədir?

-Açığını deyim ki, facebook səhifəsindən çox az, hətta hiss olunmayacaq dərəcədə yararlanıram. Çünki orada qarşılaşdığım müəyyən eybəcərliklər məni iyrəndirir. Ona görə də öz dünyamda qalmağa üstünlük verirəm.

-Bir həqiqətdir ki, virtual həyat ədəbiyyata da öz təsirini göstərdi və ədəbiyyatın virtual sürətə uduzmağı göz önündədir. Sizcə yeni ədəbi mərhələ yarana bilərmi?

-Sizin söylədikləriniz təəssüf ki, həqiqətdir və mən bu dediyiniz virtual ədəbi mərhələnin yaranma prosesini də görürəm, amma bunu heç arzu etməzdim. Çünki o səhifələrdə elə nümunələr təqdim olunur ki, yumşaq desəm, adamın ətini tökür.

-Ədəbi gəncliyə münasibətiniz necədir? Kimləri oxuyursunuz?

-Mən ədəbi gəncliyi daim izləyirəm, onlarla səmimi münasibətim var. "Ədalət” qəzetində ədəbi gəncliyə kifayət qədər yer ayrılıb və mən sevinirəm ki, bu gənclərin hansısa bir yazısının "Ədalət”in oxucularına təqdim olunmasında kiçik də olsa xidmətim olub. Mən Aysel Əlizadənin, Seymur Baycanın, Xuraman Hüseynzadənin, Elnur Aslanbəylinin, Qan Turalının, Aqşinin, Kənan Hacının, Cəlil Cavanşirinn, İradə Aytelin, Kəramət Böyükçölün, Həyat Şəminin, Nuranə Nurun, Zəka Vilayətoğlunun və digərlərinin yazılarını, bütövlükdə isə mətbuatda işıq üzü görən hər bir yazını oxumağa, izləməyə çalışıram.

-Bir təcrübəli yazar olaraq gənc yazarlara nələri tövsiyyə edərdiniz?

-Bilirsiniz, dünyada ən asan iş məsləhət verməkdir. Mənim isə həyatım boyu asan işim olmayıb. Nə qazanmışamsa, nələrdən keçmişəmsə hamısını dişlə, dırnaqla, ağır zəhmətlə əldə etmişəm. Ona görə də həmin o yüngül işi hər kəsin öz ixtiyarına buraxıram. Kim necə bacarırsa, hansı yolu seçibsə o yolla xalqımıza, ədəbiyyatımıza xidmət etsin. "Atalar və oğullar” probleminin içindən çıxıb, bir-birinin uğuruna sevinə-sevinə yazı masası arxasında yazar ömrü yaşasınlar. Və sizə də, kollektivinizə də məhz belə şərəfli bir ömür arzu edirəm. Düşünürəm ki, saytınız öz yoluyla gedəcək və heç vaxt hansısa "izm”lərin, hansısa qrupların təsiri altına düşməyəcək

 

Ədalət.-2015.-18 fevral.-S.4.