ALTMIŞIN HEÇ NƏYƏ DƏXLİ YOXDU
Aydın
Ağazadə də altmışın belini
sındırdı
Hər dəfə, xüsusilə dostların əhatəsinə düşəndə müxtəlif xatirələr adamın yaddaşını təzələyir, söz-sözü
çəkir, fikir fikrə calanır. Və bir də baxıb
görürsən ki,
çox-çox uzaq illərə, uzaq yerlərə gedib çıxmısan. Açığını
deyim ki, hərdən o yerlərdən
üzü bəri qayıdıb gəlmək
də istəmir adam. Şəxsən mən nostalji hisslərin bir növ dəlisiyəm.
Elə məni ayaqda saxlayan bəlkə də həmin o dəliliyimdi. Və mən
ötənlərin səhifələrini
çevirdikcə uğurlu,
yaddaqalan anların sayının daha çox olduğunu hiss edirəm. Bu da mənə müəyyən yazıları
yazmaqda, müəyyən
fikirləri səsləndirməkdə
stimul verir. Elə bu yazımda
olduğu kimi...
Tam səmimiyyətlə deyim ki, mən
bir yazı adamı olaraq onunla şəxsi tanışlığa "Ədalət"də
başladım. Bundan öncə sadəcə
onun barəsində eşitmişdim. Dostlar hərdənbir
onun zarafatlarından, atmacalarından söz açırdılar. Bu da mənim yaddaşımda
ilişib qalırdı.
Həyat
elə gətirdi ki, günlərin bir günündə "Ədalət" dünyaya
gəldi və onun damı altında bizim yollarımız kəsişdi.
Mən bu eynəkli oğlanı onda daha yaxından tanıdım. Necə deyərlər,
adını eşitdiyim
igidin üzünü
də gördüm.
Bu igid isə Aydın Ağazadə idi!..
Bir səmimi
etiraf da edim. Yəqin Aydını yaxından
tanıyanlar da mənim bu etirafımla
razılaşarlar. Çünki
Aydın Ağazadə
mənim yaddamışda,
mənim həyatımda,
mənim dostlarımın
sırasında daha çox "tikansız"
adam kimi
qalıb. Yəni bu adam heç kimə problem yaratmağı qarşısına
məqsəd qoymayıb.
O, işlədiyi bütün
ünvanlarda tam səmimiyyəti
ilə, öz dünyasının adamı
olması ilə seçilibdi. Bu günə
qədər mən kiminsə Aydın haqqında ağız büzdüyünü, arxasınca
danışdığını eşitməmişəm. Düzdü, biz dostlar ondan danışırıq.
Təbii
ki, daha çox onun zarafatlarından, onun özünəməxsus jetslərindən
və bir də mənim duyduğuma görə, çox kövrək və həssas olmasından. Yeri gəlmişkən, bir xatirəni təzələmək
istəyirəm...
Dağlıq Qarabağda hadisələrin
ən gərgin anları yaşanırdı. Burada fəaliyyət
göstərən Respublika
Təşkilat Komitəsi
vəziyyətə müəyyən
qədər nəzarət
etsə də, amma ermənilər öz bildiklərindən qalmırdılar. Onda vilayət
daxili işlər idarəsində rəis müavini vəzifəsini
hadisələrin canlı
iştirakçısı olan,
dəfələrlə ölümlə
üz-üzə gələn
və ermənilər
tərəfindən həmişə
ehtiyatla yanaşılan
Sabir Məmmədov idi. Günlərin birində Aydın Ağazadə "Ədalət"
qəzetinin əməkdaşı
kimi Xankəndində baş verən hadisələri daxildən
görmək və gördüklərinə reportajlar
hazırlamaq arzusu ilə qəzet rəhbərliyinə müraciət
etdi və Aqil Abbasın vasitəsilə Xankəndinə,
iş yerinə tələsən polis polkovniki
Sadir Məmmədov öz xidməti maşınında Aydın
Ağazadəni də
Ağdamdan götürüb
özü ilə Ağdama apardı. Belə bir ağır şəraitdə şəhərli
balasının hadisələrin
ocağına getməsi
redaksiya rəhbərliyini
çox narahat etmişdi. Təsəvvür edin ki, Aydın Ağazadənin Xankəndindən geri qayıtdığı ana
qədər yaşanan
gərginliyin, narahatlığın
sözlə ifadəsi
mümkün deyil.
Hətta
sonralar Aqil Abbas zarafatla deyirdi ki, Aydın
Xankəndinə gedib gələnə kimi mən nələr yaşadım onu bir Allah bilir. Bu, təkcə qəzet
rəhbərliyinin Aydına
sevgisi deyildi, əməkdaşa diqqəti
deyildi, bu həm də şəhərdə yaşamış,
böyümüş bir
qəzetçinin torpağa
olan sevgisinə sayqı idi. Və həmin səfərdən sonra həm polkovnik Sadir Məmmədov, həm də Aydını Xankəndində
görənlər bildirirdilər
ki, bu eynəkli
oğlan az qala qarşısına çıxan ermənilərin
hamısına "ilişir"di.
Öz sualları ilə, öz prikolları ilə onlardan informasiya qoparmağa çalışırdı. Hətta daxili işlər idarəsinin içərisindəki
erməni əməkdaşları
da onun hər
kəsə etinasız,
saymazyana, əsl torpaq sahibi və
jurnalist kimi təsir etməsi onları çaş-baş
salmışdı.
Bəli,
Aydın Ağazadə
istər teleradioda işləyəndə, istər
yazılı mətbuatda,
yəni "Azərbaycan",
"Ədalət" qəzetlərində
çıxış edəndə
reallığı, gördüyü
və onu düşündürən hadisələri
qələmə almaqda
çəkinməmişdi. Hətta onun bəzən heç nədən mövzu yaratması, mövzu tapıb qəzet səhifəsinə çıxarması
da indinin özündə də
"köhnə" "Ədalət"çilərin
yadında qalmaqdadı.
Aydın Ağazadə
həm də bir yazıçı-dramaturq
kim də
cəmiyyətdə öz
imzasını təsdiq
edibdi. Şəxsən mən onun əsərlərini oxuyanda
elə bilirəm ki, həmin əsərlərin qəhrəmanlarından
biri də məhz müəllifin özüdü. Çünki Aydın Ağazadə öz səmimiyyətini qələminə hopdurubdu.
Bu mənada onun "Cəllad aman istəyir", "Əbədi
Selcan", "Sabun köpüyü" kitablarında
oxucuya təqdim olunan mənzərələr
həyatın həm də görüntüləri
və diktəsidi.
Teatrsevərlər Aydın Ağazadənin "Sonuncu şahid", "Baş tutmayan elçilik", "Dahi", "O dünyada görüşərik" pyeslərini də yəqin ki, unutmayıblar. Ən maraqlısı budur ki, Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq, sonra Dövlət Universitetinin hüquq fakültəsini bitirən Aydın Ağazadə bütün sevgisini qələmə, yazıya bağlayıb. Yəni onun qələmi həmişə içində, varlığında olan sözün xidmətində dayanıbdı. Özü də bunu xüsusi qeyd etməliyəm ki, Aydın Ağazadənin qələmi və sözü təmənnasız, həm də minnət götürməyən qələm və sözdü. Təbii ki, bu da onun səmimiyyətindən və saflığından qaynaqlanır.
Həyatın müxtəlif sınaqları ilə üzləşmiş və hər dəfə də qarşılaşdığı problemlərin kürəyini yerə vurmağı bacarmış Aydın Ağazadə bu gün məsul bir vəzifədə çalışır, ədliyyə müşaviridi. Ancaq onun qələmi və sözü yenə də oxucuların qulluğundadı. Mən 60 yaşı tamam olan dostumun bütöv həyatının yalnız müəyyən məqamlarını diqqətə çatdırdım. Ona görə ki, onun tutduğu vəzifə, onun təmsil etdiyi qurum reklamdan bir qədər sərhəd saxlayır. Yəni mənim dostum dolayısı ilə desəm, hüquq, qanun adamıdı. Mən onun barəsində daha geniş, daha ətraflı yazımı günlərin birində yəqin ki, elə onun özünə və oxucularına təqdim edəcəyəm. Amma onu deməyi özümə borc bilirəm ki, Aydın Ağazadənin 60 yaşını təbrik edən Azərbaycan Yazıçılar Birliyinin ona ünvanlanmış məktubunda belə bir cümlə var: "Hörmətli Aydın müəllim! Sizi - tanınmış yazıçı-publisisti 60 illik yubileyiniz münasibəti ilə təbrik edirik". Mənə elə gəlir ki, bu sözlərdən sonra biz dostlar da bu fikirləri həmin təbrikə əlavə edə bilərik:
- Aydın Ağazadə! Biz "Ədalət"çilər də "köhnə" "Ədalət"çi Aydın müəllimi 60 yaşı münasibəti ilə ürəkdən təbrik edir və sizi həmişə öz cərgəmizdə görürük. Siz faktiki başqa bir ünvanda çalışsanız da, sizin sözünüz, söhbətiniz, sizlə bağlı xatirələriniz həmişə bizim dilimizdə, bizim yanımızdadı. Odur ki, bu əl boyda təbrikimizi sənə ünvanlayırıq.
... Bəli, zamanın sürəti,
arxada qalan illər bizi bir-birimizə doğmalaşdıran həyat,
onun bizlərə
bağışladığı könül
xoşluğu və nəhayət, bir-birimiz üçün
müxtəlif məqamlarda keçirdiyimiz
müxtəlif hisslər bizim hələ
yaşamalı illərimizin, günlərimizin qarşıda
olduğunu söyləyir. Ona
görə də sənə demək istəyirəm ki, əzizim Aydın, altmışın hələ
heç nəyə dəxli yoxdu. Çünki qabaqda görüləsi işlər və
Xankəndinə səfərlər var. Bunu gəl unutmayıq!
Ədalət.-2015.-18 fevral.-S.5.