Vahid dünyası
(Ölməz
şairimiz Əliağa Vahidin xatirə gününə)
Əliağa Vahid XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri.
Füzuli və Seyid Əzimdən
sonra qəzəl janrını və əruz vəznini yeni bir
zirvəyə qaldıran, klassikanı sönməyə,
qürub etməyə qoymayan bənzərsiz şairimiz.
Qəzəlləri muğam sənətimizin, muğam
ifaçılarının repertuarından düşməyən
ustad sənətkarımız.
Aylar, illər keçdikcə xalqın dilindən
düşməyən Vahidimiz.
O, elə
bir dövrdə ədəbiyyata gəlmişdi ki, qəzəl
janrı artıq öz nüfuzunu itirməyə
başlamışdı və Mirzə Ələkbər Sabir
bir satirasında epiqonçu qəzəlçiləri
lağa qoymuşdu. Qəzəlin dili, bədii təsvir
vasitələri sanki bir dairənin - özü də
qapalı bir dairənin içindən sıyrılıb
çıxa bilmirdi. Qəzəl xalqa gedib
çatmırdı.
Vahid gəldi
və qəzəlləriylə xalqın ürəyinə yol
tapdı, onu xəlqiləşdirdi, mümkün qədər
mücərrəd ərəb və fars kəlmələrindən
təmizlədi, həm də qəzələ yeni məzmun gətirdi.
Azərbaycan
ədəbiyyatında qəzəl janrının qədim
köklərə malik olduğu, bu janrda Füzulinin, Nəsiminin,
Xətainin, Saib Təbrizinin, Zakirin, Seyid Əzim Şirvaninin,
Nəbatinin, Natəvanın, Buzovnalı Azərin, Süleyman
Rüstəmin böyük xidmətləri olmuşdur. Ancaq Qəzəl
dedikdə üç böyük ustad xəyalə gəlir:
Füzuli, Seyid Əzim və Vahid.
Vahid Füzulini çox sevirdi. Bir gün şairlər məclisində
Füzuli sənətindən söhbət düşəndə
Vahid deyir: "Füzulinin hər bir qəzəli möcüzədir.
Mən təəccüb eləyirəm ki, bu
böyük ustad nə əcəb peyğəmbərlik
iddiasında olmayıb? Əgər belə
bir fikrə düşmüş olsaydı, kəlamlarını
möcüzə kimi təqdim edib məqsədinə nail
olardı. O məclisdə biri deyir: "Ay Vahid, siz
özünüz də Füzuli yadigarı, Füzuli
şagirdisiniz". Vahid etiraz etmiş, demiş: "A kişilər,
nə deyirsiniz, mən Füzulinin şagirdinin şagirdi ola bilmərəm. O kişi
ad qoyub gedib. Onun əsərləri dəryadır.
Mən də o dəryadan bircə qaşıq
götürə bilmişəmsə, o da çay
qaşığıdır. Mən bu barədə
yazmışam: ""Böyük Füzulimizin xaki
payının biriyəm"".
Vahid cəmi dörd sinifli bir məktəb bitirmişdi. Nəinki ali
təhsil, heç orta təhsil də almamışdı. Yalnız öz şəxsi mütaliəsi və dərin
zəkası hesabına şeirin-sənətin zirvəsinə
yüksəlmişdi.
O,
yaradıcılığa böyük Sabirin təsirilə
başlamışdı. Hələ qəzəllərdən
əvvəl elmsizliyi, nadanlığı, cəhaləti tənqid
edən şeirlər yazmışdı. Ona
şöhrət gətirən, bir şair kimi xalqın
sevimlisinə çevirən qəzəlləri oldu.
Əzəldən Bakı ədəbi məclisləri əsl
poeziya məktəbi olub. Vahid də bu məktəbin yetirməsidir.
Bakıda XIX əsrin sonlarında "Məcməüş-şüəra"
("Şairlər yığıncağı") ədəbi
məclisi fəaliyyət göstərirdi. Bu məclis XX əsrin otuzuncu illərinə qədər
davam edib. Burada Məhəmmədağa Cürmi,
Ağadadaş Sürəyya, Ağakərim Salik, Mirzağa
Dilxun, Mikayıl Seydi, Seyid Zərgər, Əbdülxalıq
Yusif,, Əbdülxalınq Cənnəti, Haşıbbəy
Saqib, Ağadadaş Müniri, Azər Buzovnalı kimi
istedadlı şairlər öz şeirlərini oxuyur, bu
şeirlər barədə fikir və mülahizələrini
söyləyirdilər. Azər Buzovnalı
Vahidin ustadı olmuşdur. Məclis
üzvləri daha çox Əbdülxalıq Yusifin evinə
toplaşardılar. Bir gün cavan
Əliağa da bura gəlir. Bir tərəfdə
oturub yaşca böyük müasirlərinə qulaq
asırmış. Adət belə idi ki, məclisə
yeni gələn şair gərək ustadların şeir
sınağından keçəydi. Vahid
bu sınaqdan uğurla çıxır. Əbdülxalıq
Yusifin açdığı qafiyəni sona yetirir. O,
ayağa durub Vahidi qucaqlayır və deyir: "Sən bu
gündən sonra bizim məclisimizin üzvüsən. Mən sənə VAHİD ləqəbi verirəm".
Öncə dedik ki, Vahid qəzəli xəlqiləşdirdi,
qəzəl birbaşa xalqın auditoriyasına daxil oldu. Vahid qəzəli
məzmunca da yeniləşdirdi, onu mücərrəd rəmzlərdən,
simvolikadan xilas etdi, göy gözəllərindən deyil, yer
gözəllərindən yazdı, qəzələ nikbinlik
çalarları aşıladı.
Əsrlərdən bəri qəzəlin baş
mövzusu EŞQ olub. Amma bu EŞQin mənaları da birrəngli
olmayıb. Vətən məhəbbətindən,
Tanrıdan tutmuş gözələ ülvi hisslərlə
doludu onun şeirləri.
Sevgilim,
eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqidən məhrum olan insanlığa biganədir.
Sevgidir,
yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.
Mən əsiri
eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vətənin
qəzəllərində Eşq ali,
müqəddəs bir hiss kimi tərənnüm olunur. Onun sevgisi kamil və safdır, cismani məhəbbətlə
bağlı deyil. Dar mənfəətdən
uzaqdır. Bu mənada Füzulinin eşq
konsepsiyası ilə Vahidin məhəbbət
düşüncələri arasında heç bir ziddiyyət
yoxdur. Fərq yalnız orasındadır
ki, Vahid gözəlin vəsfində, ona olan sevgi hisslərində
daha çox real həyat adamı idi. Vahid deyirdi ki:
Bəxtiyar
aşiq odur ki, onu cananı sevir,
Binəva bülbülünü öz güli-xəndanı
sevir.
Mən o
zülfün azı yüz dəfə bəlasın çəkdim,
Dəli könlüm yenə ol zülfü-pərişanı
sevir.
Sevirəm
mən o nəzakətli gözəl dilbəri ki,
Musiqi elmini, rəssamı, qəzəlxanı sevir.
Piri
könlüm gəlir ilhamə, görərkən hərdən,
Bir nəcabətli gözəl qız, gözəl
oğlanı sevir.
Vahidin qəzəlləri küllən gözəl bir
eşq dastanını xatırladır. Burada
Aşiq-Məşuqə sevgisi, bu sevginin hər anı insan qəlbinin
ən dəruni hisslərinin ifadəsidir.
Ey gül, sənə dünyada bərabər yenə
varmı?
Səndən də gözəl sevgili dilbər yenə
varmı?
Gülzari-cahanda
görəsən, səndən əlavə,
Ən incə, lətafətli güli-tər yenə
varmı?
Qadına, sevdiyi gözələ sitayiş Vahid qəzəllərində
dönə-dönə vurğulanır. Vahidin lirik qəhrəmanı
canan yolunda hər bir əzaba hazırdır, təki vüsala
yetsin. Çünki sevmək, sevilmək
dünyanın ən müqəddəs duyğusudur. Bəs insan nəyə görə yaşayır?
Xaki-məzar
Vahidə bir laləzar olur,
Qoysan əgər onu öz əlinlə məzarə sən.
Vahid sadə, kasıb bir həyat tərzi keçirmişdir. Amma
bütün ömrü boyu bir kimsəyə baş əyməmiş,
həmişə qürurlu olmuşdur. Yazıb-yaratmağa
1914-cü ildən başlamışdır. İlk
şeirlərini-qəzəl, meyxana və felyetonlarını
"İqbal", "Zəhmət", "Bəsirət",
"Tuti", "Məzəli" qəzet və jurnallarda dərc
etdirmişdir. Şura inqilabından sonra isə şeirlərini
"Kommunist", "Maarif və mədəniyyət",
"Şərq qadını", "Yeni yol", "Gənc
işçi" və s. mətbuat səhifələrində
çap etdirmiş, özü də mətbuatda
çalışmışdır. Müharibə
illərində isə təbliğat-təşviqat
briqadaları tərkibində kolxozlarda, fabrik və zavodlarda
çıxışlar eləmişdir. O, meyxana
janrına da meyl etmiş, öz hazırcavablığı ilə
o zaman Bakı məclislərində hörmət
qazanmışdı. Məmməd Rahim öz
xatirələrinin birində yazır ki, Ukraynadan Bakıya
qonaqlar gəlmişdi. Təsadüfən
Vahid və Müşfiq də o məclisdə idi. Vahiddən
xahiş edirlər ki, bədahətən bir bədiə desin.
Vahid razı olur, bu şərtlə ki,
Müşfiq ona şagirlik etsin. Vahid belə bir bədiə
başayır: "Qorxum yoxdur vuruşmadan, vaynadan, Xoş gəlibdir
qonaqlar Ukraynadan".
Vahid və
musiqig
Həm Vahidin sağlığında, həm də indi elə bir xanəndə yoxdur ki, Vahiddən oxumasın. Çünki Vahidin qəzəlləri dilinin sadəliyinə, xəlqi məzmununa və məna zənginliyinə görə muğama, mahnıya tez yatır. Musiqi haqqında, onun insanın estetik tərbiyəsindəki müstəsna rolu haqqında Vahidin bir neçə qəzəli var. Bir qəzəlində deyir ki:
Musiqi sənətini Azərbaycan yaradıb,
Qoy bu tarixi həqiqətləri Tehran oxusun.
Qarabağdır bizim öz ölkəmizin Şirazı,
Öz muğamatını lazımdı hər insan oxusun.
Belə bir sual: necə oldu ki, Əliağa Vahid 37-ci ilin repressiya tufanına, qara siyahıya düşmədi? Əvvəla, Vahid ümumxalq məhəbbəti qazanmış bir şair idi. Xalqın böyük sevgisi onunla idi. Xanəndələr gecə-gündüz Vahiddən oxuyurdular. Özü ilə ailəsi darısqal, kasıb bir otaqda ömür sürürdülər. Rəsmi ədəbi məclislərdə Vahid çox az görünürdü. Qəzəl yazdığına görə Vahidi tənqid edirdilər, o, çətinliklə çap olunurdu. Nəşriyyat, radio, ekran Vahidi yada salmırdı, sağlığında çox az kitabı işıq üzü görmüşdü. Hərçənd ki, müharibə illərində "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülmüşdü. Vahid heç bir siyasətə qoşulmurdu, deyək ki, laybalı bir həyat keçirirdi. Amma xalq sevgisiydi onu bəlalardan xilas edən. Vahidin ən böyük xidməti o oldu ki, böyük ənənələri olan qəzəli qoruyub saxladı. Vahid kommunist deyildi. "Yuxarıda əyləşənlər" də bunu yaxşı bilirdilər. Toxunmurdular ona.
Vahidin Vətən sevgisindən də ayrıca söz açmaq olar. Əksər qəzəllərində bu sevginin parlaq ifadəsini görürük:
Ürəyimdə o qədər sevgi varımdır vətənə,
Necə ki, bülbülü-şeyda olur aşiq çəmənə.
Bu şərafət mənə nəslən qalacaqdır Vahid,
Nə qədər xidmət edəm Azərbaycanım üçün.
Vahidin yaradıcılığı haqqında təəssüf ki, bəzi məqalələr istisna olmaqla (mərhum Məmməd Nuruoğlunun "Əsər ki, qaldı cahanda" monoqrafiyası da bura daxildir), ciddi, onun poeziyasının mahiyyətini, keçdiyi yaradıcılıq yolunu açıqlaya bilən, Vahidin Vahidliyini isbat edən elmi əsərlər hələ yazılmayıb.
Vahidin qəzəl dünyası Azərbaycan klassik poeziyasının sonuncu zirvəsidir, desək yanılmarıq. Doğrudur, Vahiddən sonra da qəzəl bir janr kimi qürub etmədi. Elə Vahidin yaşadığı dövrdə Süleyman Rüstəm, Mirmehdi Seyidzadə kimi şairlər də gözəl qəzəllər yazdılar. Ancaq qəzələ, qəzəl şairlərinə münasibət dəyişmirdi, qəzəl köhnəlik qalığı hesab edilirdi. Buna baxmayaraq sovet dönəmində də Vahidin yolunu davam etdirən qəzəl şairləri yarandı. Hacı Mail, Seyidağa, Ələkbər Şahid, Əliağa Bakir kimi istedadlı şairlər qəzəl ocağını-Vahid ocağını sönməyə qoymadılar. Müstəqillik illərində isə qəzəl yenidən poetik janrlar içərisində öz qanuni yerini tutdu. Bu da bir növ, Əliağa Vahidə olan böyük məhəbbətin təzahürü idi, çünki yeni qəzəlxanlar Vahidin poetik məktəbindən öyrənir, təsirlənirdilər.
1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əliağa Vahidin 100 illiyi təntənə ilə qeyd olundu.
Unudulmaz Vahid bir əsrin şairi deyil, nə qədər Azərbaycan xalqı var, Vahid də var olacaq!
ədalət.-2015.-18 fevral.-s.5.