Dördüncü Möhür

 

 (romandan bir parça)

(Əvvəli ötən saylarımızda)

 

Binnət məktəb binasından çıxıb yavaş-yavaş Sərkisin "Qaz 53"-nə sarı addımladı, sual dolu nəzərlərini rayon mərkəzindən gələn bu yekəpər adama dikdi. Sərkis Binnət müəllimin qoluna girib ətrafa oğrun-oğrun baxdı, pıçıltıyla sözə başladı:

-Ara, mən ömrüm boyu sənin dədənin çörəyini yemişəm, yalan olmasın, düz otuz il onun şoferi olmuşam...İndi deyəcəyim sözləri dədənə deməyə üzüm gəlmir, xəcalət çəkirəm...

-Noolub axı, Sərkis əmi?- Binnət hövsələsini basa bilmədi.- Yenə milisə düşmüsən?

-Ba, yox, ara! Milisə düşsəydim nə vardı ki? Qubuş əmi yenə çıxardardı məni...Məsələ tamam ayrı cürdü... Çox ciddi, çox qorxuludu...Vallah, nə deyim, bunların başı xarab olur deyəsən...

-Kimi deyirsən?

-Ovanesdi, Aşotdu... sora o gədə vardı ha, poçtda işləyən...

-Qarik?

-Həəə, hə, onun da başına hava gəlib...

- Heç nə başa düşmədim... Sərkis əmi, adam kimi anlat görüm noolub axı? Yenə ev yarıblar?

-Ev yarıblar yox e, ev yıxırlar...Səbr elə hindi başa salaram... Binnətcan, bax mən hindi Gorusdan gəlirəm...Bu yaramazlar qoşulublar Yerevandan gələn dəstəyə...hazırlıq görürlər... Mən onların söhbətlərini bu qulaqlarımla eşitdim... And olsun Allaxa, yalan deyirəmsə, dilimdə çiban çıxsın...

-Nə danışırsan, nə dəstə, nə Yerevan? Nəyə hazırlaşırlar? Bu nə sözdü?

-Dayan, qulaq as, gör nə deyirəm...Sən elə bu gün Qubuş əmiyə xəbər elə...Siz burdan nə qədər tez köçsəniz, o qədər salamatlıq olar.

Sərkis yenə nəsə dedi, mızıldadı, yan-yörəsinə boylana-boylana ərkyana donquldandı, Binnəti nəyəsə inandırmağa çalışdı. Amma elə bil bütün bunlar Binnətə çatmırdı, o, daha heç nə eşidə bilmirdi. Hirsindən güldü, bərkdən güldü. Yoldan ötüb keçən məktəblilər tarix müəllimlərini heç vaxt belə gülən görməmişdilər, təəccüblə boylanıb Binnət müəllimə baxırdılar. Binnət doğrudan da qulaqlarına inanmırdı: yəni bu sözləri Sərkis deyir? "İt oğli it!" deyə ürəyində onu söydü, nəhayət, özünü ələ alıb yarızarafat, yarıciddi:

-Sərkis əmi, sən xəstə-zad deyilsən ki?-soruşdu.

-Ara, sən mənim sözlərimi qəribliyə salma... Ba! - Sərkisin üz-gözü əyiş-üyüş oldu.- Mən sizin xətrinizi istəyirəm, ona görə maşını birbaşa bura sürüb gəlmişəm... Vallah, onlar Yerevandan siqnal gözləyirlər... Bu gün-sabah burda qan su yerinə axacaq... Hamını qovacaqlar! İnan mənə... Özü də deyirdilər ki, dünən gecə Qorbaçovdan razılıq alıblar... Zori Balayan Moskvadan Yerevana gəlib...

-Sərkis, sən nə çərənləyirsən? Sən ha vaxtdan...

-Binnətcan, mən şofer baba olsam da, hər şeydən xəbərim var... Hamını da yaxşı tanıyıram. Kimin nə yuvanın quşu olduğunu bilirəm... Hər halda, türmədə yatıb çıxmışam... Sənnən də iyirmi bayram böyüyəm...- Sərkis səsini qaldırdı, hirsindən rəngi qızardı.- Yatmısız fil qulağında. Nəysə... Mənnən deməkdi. Atana çatdır bunları... Elə bu gün yığışın gedin... lazım olsa, mən də maşınımla qulluğunuzda duraram...Sonra gec olar... Di sağ ol, getdim...

Sərkis iri bədənini yellədə-yellədə maşına tərəf yeridi. Bir azdan "Qaz 53" toz qopara-qopara gözdən itdi. Binnət hələ də yerində donub qalmışdı, özünə gələ bilmirdi. İnanmırdı, inanmaq istəmirdi. O, dönüb köhnə məktəb binasının qabağında ucalan Leninin ovulub tökülmüş heykəlinə baxdı. Boğazı qurumuşdu, yoldan qayğısız-qayğısız ötüb keçən şagirdlərinin salamını belə eşitmirdi, gözlərini heykələ zilləmişdi. "Yox! Ola bilməz! Sovet hökuməti buna yol verməz! Belə şey olar?" Sonra gözlərini hər gün girib dərs dediyi köhnə məktəb binasına, onun suvaqları oyulmuş daş divarlarına dikdi. Bu məktəbin təxminən yüz yaşı vardı. Nikolay vaxtında camaat burda namaz qılar, Allaha dualar göndərərdi; Lenin gələndən sonra buranı bir müddət sovet hökuməti düşmənlərinin tutulub saxlandığı müvəqqəti təcridxanaya döndərdilər; Stalinin vaxtında xalq düşmənlərini əvvəlcə buraya gətirər, sorğu-sual edəndən sonra aparardılar Yerevana, ordan da ya Sibirə, ya da gedər-gəlməzə yollayardılar. Xruşşov hakimiyyətə gələn kimi buranı ibtidai siniflər üçün məktəb elədilər, Brejnevin vaxtında məktəb döndü oldu klub, mədəni-kütləvi tədbirlər, konsertlər, bayram mərasimləri üçün yaradı; yenidənqurmadan qabaq buranı yenə məktəbə çevirdilər, əvvəllər uşaqlar doqquz-onuncu sinifləri oxumaq üçün beş kilometr yol qət edib gedirdilər Sisyana. Son illər məktəbi bir qədər böyütmüşdülər, əlavə sinif otaqları tikdilər, nə isə, çöyür tatı, vur tatı, elədilər orta məktəb. İndi bu məktəb binasına hər gün təxminən yeddi yüzə yaxın məktəbli gəlib-gedir.

"Yox! Belə şey qətiyyən mümkün deyil!". Binnət "Qaz 53"-ün dalınca xeyli baxandan sonra ürəyində güldü, inamsız-inamsız qayıdıb məktəb binasına girdi. Qara müəllim müəllimlər otağına gəlmişdi, ağzı köpüklənə-köpüklənə nədənsə danışırdı. Müəllimlər maraq və təəccüb dolu baxışlarını direktora zilləmişdilər. Qara müəllim Binnəti görən kimi dərhal soruşdu:

-Dədənin keçmiş şoferi nə deyirdi? Deyəsən, Aqanbekyan kimi onun da başına hava gəlib, hə?

-Aqanbekyan kimdi, Qara müəllim?-Binnət qeyri-ixtiyari soruşdu.

-Xəbəriniz yoxdu? Qorbaçovun məsləhətçisidi də... Dünən Fransada müsahibə verib, deyib ki, "Dağlıq Qarabağ erməniləri acından ölür, Azərbaycan onlara baxmır... Qarabağa müstəqillik vermək lazımdı...Aləm dəyib bir-birinə. Səhərdən radio bar-bar bağırır, Bakıdan, Yerevandan dəhşətli xəbərlər gəlir...

Binnətin nitqi qurudu. "Deməli, Sərkis düz deyirmiş..."

Yenidənqurma başlayandan camaatın əksəriyyəti onun nə demək olduğunu dərk etməmişdi. Bununla belə, "islahat zamanı gəldi!" deyə guruldayan sovet təbliğat maşınına möhkəm inanırdılar. Adamlar düşünürdülər ki, "islahatlar" cəmiyyətdəki bütün əyintiləri, alaq otlarını, tör-töküntüləri təmizləyəcək, kəndlər abadlaşacaq, məktəblər tikiləcək, yollar çəkiləcək, yeni-yeni qəsəbələr salınacaq, camaatın günü-güzəranı daha da yaxşılaşacaq. Əsrin ən böyük yalanına hamı ümidlə baxırdı. Hamı gözünü cazibəli nitqlər söyləyən Qorbiyə dikmişdi. Lakin üç ay bundan qabaq o, Əliyevi Kremldən uzaqlaşdıranda Dədə kənd ağsaqqallarının yığıncağında qəlyanını tüstülədə-tüstülədə dedi:

-Xallı pişikdən daha heç nə gözləməyin! Yenidənqurma o ingilis qadının sifarişidir, Qorbi də bu sifarişi yerinə yetirmək üçün taxta çıxıb...

Həmin gün məktəb direktoru ağsaqqala inanmamışdı, hətta Binnətə demişdi ki, "sənin atan siyasi səhvlər buraxır, görünür, qocalığın əlamətidi..." İndi Qara müəllim elə danışırdı ki, guya o, elə əvvəldən yenidənqurmanın əleyhinə imiş, bilirmiş ki, yenilik nəsimiylə, yeni iqtisadi və insani münasibətlərə çağırışlarla bağlı şüar və haraylar boş şey imiş. Sən demə, bütün bunlar böyük bir ölkəyə və onun çoxillik beynəlmiləlçi ənənələrinə xəyanətin misilsiz fəndi imiş. İndi direktor müəllimlər otağında sanki nitq söyləyir, ona maraqla qulaq asan müəllimlərin ümidsiz baxışlarına inam qatmaq istəyirdi.

-Bilirsiz, ən dəhşətlisi budur ki, hər eşitdiyinə inanasan... Kimlərinsə yaydığı şaiyələrə uyasan... Onda vay halına... Xarici düşmənlərin işidir. Bizim sarsılmaz birliyimizi poza bilməyəcəklər... Şayiələr düşmənlərin silahıdır. Biz onlarla bir torpağın ətrini qoxlamışıq...Torpağın, suyun, havanın xeyir-bərəkətini bir yerdə götürmüşük. Eyni bulaqların gözündən su içmişik, bir süfrə başında duz-çörək kəsmişik. Bir ocağın istisinə qızınmışıq. Biz ruhən, qəlbən bir-birimizə yaxınıq. Odur ki, hər hansı xoşagəlməz bir hal hər birimizdən səbr, ehtiyat və müdriklik tələb edir. Axı, bizim böyük şəxsiyyətlərimiz... məsələn, elə götürək Mirzə Fətəli Axundovu... O da Xaçatur Abovyan da, Hovanes Tumanyan da, Mirzə Cəlil də böyük amal, məram və məqsədlə yaşayıb yaradıblar... Nəsilləri hər zaman sülhə, dostluğa, əmin-amanlığa səsləyiblər. Biz də onların açdığı işıqlı yolla getməliyik. Ailələrimiz, ailə başçılarımız bir-birləri ilə xoş ünsiyyət bağlayıb mehriban olanda, bunun digər ailə üzvlərinə də təsiri olur. Dostluq münasibətlərinin artması, təfəkkürün, şüurun, ağılın artmasına səbəb olur...

Qara müəllim uzaq tarixdən danışırdı, tarixin dərslərindən yox! Əslində heç kim tarixin dərslərini yadda saxlaya bilmir. İnsan tarixi hadisələrə hər zaman özgə gözləriylə baxır, bəlkə elə buna görə də o, "tarixi dərsləri" qan yaddaşına köçürə bilmir. Qara müəllim danışa-danışa Binnətə partiyalı gözüylə baxırdı. Direktorun sınayıcı nəzərləri süzgün və ehtiyatlı idi, orda yalançı vətənpərvərliklə yanaşı, sonsuz tərəddüd və şübhələr də vardı. Lakin Binnət elə bil onu eşitmirdi. O, indi heç nəyin fərqində deyildi. Düşünürdü ki, kaş Sərkisin dedikləri yalan çıxaydı, kaş bütün bu xəbərlər şayiə olaydı, çünki onun və Qaratelin arzuları, istəkləri tükənmirdi, əksinə, daha da çoxalmışdı. Hələ bir ay bundan qabaq Qaratellə Gorusa bazarlığa gedəndə qayıdanbaş birdən-birə Qaratelin halı pisləşdi, az qala bayılsın. Dərhal həkimə getdilər, müayinədən sonra Qaratel bic-bic gülüb ərinə dedi ki, uşağa qalıb. Banuyla Reyhanın deyəsən bir qaqaşı da olacaqdı. Düzü, Binnət çox sevindi, Qaratel də sevinirdi. Ər-arvad qərara aldı ki, bu "sirri" hələlik heç kimə açmasınlar, vaxtı-vədəsi yetişəndə hamı biləcək.

İndi bu anlarda Binnət oğul atası olacağı barədə düşünürdü. Fərəh və qürur hissiylə düşünürdü. O, fikirləşirdi ki, onun da varisi olacaq, evinə, ocağına sahib dura biləcək, ona bütün işlərdə dayaq ola biləcək igid oğul doğulacaq, ailə ocağını sönmyə qoymayacaq. Həyat onların üzünə sevimli-sevimli gülümsəyən bir vaxtda, hər şeyin- evin, həyət-bacanın, göz oxşayan yaşıl meşəli dağların onun ailəsinin başına bəxtəvər-bəxtəvər dolanması çağında bu məmnuniyyəti və sevinci onun əlindən kim ala bilər axı? Yox, bu, real deyil! Hər şey bu qədər sadə ola bilməz! İnsan cəmiyyəti öz səadətinin sağlam ruhunun xəstələnməsinə yol verə bilməz!

O, evə qayıdarkən yolboyu düşünürdü ki, məktəbdə eşitdiklərini Qaratelə deməsin. Arvadının qanını belə boş şeylərdən ötrü qaraltmaq istəmirdi. Qaratelə həyəcanlanmaq olmaz! Həm də qızlar narahat ola bilər, onsuz da bu gecə hər ikisi qorxub. Amma evə gələn kimi Banu nə anasına, nə də bacısına aman vermədi, həyəcanla dedi:

-Ata, məktəbdə hamı danışır ki, ermənilər bizi kəndimizdən qovacaqlar... Silahlı dəstələr düzəldiblər. Düzdü?

Qaratel qollarını sinəsində çarpazlayıb matdım-matdım ərinin don vurmuş sifətinə baxır, onun nə cavab verəcəyini səbirsizliklə gözləyirdi.

-Şayiədi, qızım, inanmayın. Görünür, kimsə bizi sevmir...

-Qarabağ məsələsi də şayiədi? Şəmsəddin müəllimin oğlu deyirdi ki, "Krunk" təşkilatı yaradıblar orda... Yerevanda da "Qarabağ" komitəsi yaranıb...Biz də qalmışıq dünyanın lap qurtaracağında, heç nədən xəbərimiz yoxdu...

Binnət könülsüz-könülsüz güldü, sonra qızını sinəsinə sıxıb dedi:

-Sən belə şeylərlə özünü yorma, dərslərini oxu. Hökumət onların dərsini verəcək...Səncə, hökumətə qarşı çıxan adamlar cəzasız qala bilər?

-Burda hökumət var bəyəm?- deyə Qaratel narazı-narazı peçə odun salmağa başladı.-Ermənistanda havaxt hökumət olub ki? Elə Nuh əyyamından nə istəyiblər onu da ediblər... Guya bilmirsən bunu? Sən bir get Sərkisgilə, o bilməmiş olmaz... Öyrən, gör nə məsələdir?

-Sərkis özü gəlmişdi. Dədəmgilə getməyə üzü gəlməyib, məni çəkdi qırağa, sözünü deyib getdi...

Qaratel həyəcanlandı.

-Nə dedi?

-O da elə Banu deyəni dedi.

-Binnət, əməlli danış görüm... Başa düşmədim. Yəni, bunlar doğurdan da silahlanıblar?

-Yox! Deyir, kənddən çıxın gedin... Bir müddət keçsin, ara sakitləşər, gələrsiz... Mal-mülkünüzə mən baxaram. Arxayın olun.

-Dədənə dedin?

-Yox! Kişinin bağrı çatlayar. Qoy görək sabah nə olur? Mənim qoşalüləmi gətir.

Qaratel həqiqətən qorxdu, qızların rəngi ağardı. Banu dərhal cumub yataq otağındakı taxçanın böyründə ağzı yuxarı divara söykənmiş tüfəngi gətirdi. Qız elə bil qapının kandarında durub onların evinə soxulmağa çalışan mənfur təhlükənin qarşısını atasının bu andaca alacağını və bununla da rahat nəfəs alacaqlarını zənn edirdi. Lakin atası tüfəngi alaraq tələsmədən keçib oturdu kətilin üstündə, başladı onu sökməyə. Bir anlıq evə sükut çökdü. Bayırda narın yağış yağırdı, günortadan xeyli keçmişdi, hava qaralmaq üzrəydi; hər yanı çən bürümüşdü. Havadan qar iyi gəlirdi. Qızlar dinməz-söyləməz öz otaqlarına keçdilər. Qaratel paltar dolabının başındakı qalın boz dəsmala bükülmüş torbanı mizin üstünə qoydu. Binnət adətən ova getməmişdən bir gün qabaq, ya da ovdan gələn kimi silahı sökürdü, torbaya bükülmüş ləvazimatlardan istifadə edib tüfəngi təmizləyir, lülələrinin içini təmiz əsgiylə silir, yağlayır, sonra da təzədən əvvəlki vəziyyətinə gətirirdi.

Bir azdan Qaratel təndir çörəyi, yuxa, pendir, qatıq və göy-göyərti gətirdi, dünən axşamdan qalmış yarpaq dolmasını boşqaba töküb mizin üstünə qoydu...

 

 

Ədalət.-2015.-19 fevral.-s.4.