"Ən gözəl kişi mənim sənətimdi"

 

Səhnəyə gələndən bəstələri, fərqli ifa tərzi, ekstravaqant geyimləri, fikirləri ilə gündəm yaratdı. Qınayanları, sevənləri, qibtə edənləri oldu. Hər nə etdisə müzakirə olundu. Özü və yaradıcılığı haqqında danışanda zamanı qabaqladığını deyir. Nə bilmək olar, bəlkə də haqlıdı. Tarixin səhifələrində yaşadığı dövranda qəbul edilməyib, zəmanəsində dəli deyilib illər sonra dahi adlandırılanlar o qədər olub ki! Təki bu da onlardan biri olsun!

Ürəyi dolu idi. Sözün birini qoyub, o birini danışırdı. Əsəbləşdi, qarğıdı, öz dediyini özü təkzib etdi, kövrəldi, kükrədi. Bir sözlə, həmişəki kimi maraqlı və təzadlı Elza Seyidcahan - bəstəkar, müğənni, gözəl qadın və son zamanlar yeni məşğuliyyəti olan şairliyi ilə "Ədalət" qəzetinin qonağı oldu.

 

İradə Tuncay: Sizin yaradıcılığınızla danışığınız arasında çox böyük fərq var. Özünüzü ifadə edə bilmirsiz. Hərdən fikirləşirəm ki, çox qeyri-adi, fərqli mahnıları yaradan adam necə bu qədər bəsit danışa bilər?

Elza Seyidcahan: Pafosla danışmalıyam?

İradə Tuncay: Yox, pafosla nə üçün! Bəlkə də çox oxumamısız, mütaliəniz az olduğundandı...

Elza Seyidcahan: Sizinlə razı deyiləm... Bəlkə də sadə danışıram, fikrimi tam çatdıra bilmirəm, bu mövzudan digərinə keçirəm. Bunlar hamısı mənim emosianallığımdandı. Amma həmişə fikrimi aydın, məntiqlə ifadə etmişəm. Mən siyasətçi deyiləm ki, gözəl danışım.

İradə Tuncay: Bəlkə o zaman susmaq lazımdı?

Elza Seyidcahan: Susuram da elə... Başqalarının fikrinə də hörmətlə yanaşıram. Amma kimsə mənə məcburi öz fikrini sırıya bilməz. Mən elə insanam ki, kənardan özümü görməyi çox gözəl bacarıram. Burda məni, tutalım nə qədər tərifləsəniz də, buna layiq olmasam, o tərifi qəbul etmərəm.

İradə Tuncay: Mən sizin ancaq musiqinizi tərifləyə bilərəm, şeirlərinizi yox! Şeirlərinizi qəbul eləmirəm. Onlar heç şeir də deyil. Sizi musiqidə heç kim inkar edə bilməz! Şəxsən mən ilk dəfə sizə qulaq asanda anlamışdım ki, yeni bir musiqi tərzi gəlir.

 

"Mən uğur məbədimi artıq qurmuşam. Dalımca danışanlar o məbədin gümbəzini qururlar”

 

Elza Seyidcahan: Vaxt var idi mənim musiqimi də tərifləmirdiz. Mən vaxtilə musiqi yazmağa başlayanda məni qəbul eləmirdilər. Mənimlə bir başlayanlardan, hətta ara müğənnilərindən pul alıb efirə buraxıblar, amma məndən yox. Rəhmətlik Telman Adıgözəlov telekanallarda deyərdi ki, Elza istedadlı qızdı, onu irəli çəkin. Mənə də həmişə dəstək olub deyirdi ki, sən onsuz da Elza Seyidcahan olacaqsan. Mən ondan soruşurdum ki, mənə bu yaxşılığı niyə edirsiz, cavab verirdi ki, mən bunu elədim, ya eləmədim onsuz da sən irəli gedəcəksən, sənin gələcəyini görürəm. Aktyorlar üçün yazdığım o himn tarixə düşüb. Deməyim odur ki, məni dəyərləndirənlər olub və indi də var. Kimlər ki, məni qəbul eləmir, onlar məni vurmaq, meydandan uzaqlaşmaq istəyənlərdi. Mahnılarım artıq qəbul olunmağa başlayanda, mükafatlar qazananda, həmin o "biz"ləyənlər dərhal tərifə keçdilər. Haqqımda lağ-lağı danışanlar içlərində yana-yana qalanlardı. Onlar bilirsiz kimlərdi? Çör-çöplər, yuxarıda yeri olmayıb, aşağını bəyənməyənlər, yəni uğursuzlar. Mən uğur məbədimi artıq qurmuşam. Dalımca danışanlar o məbədin gümbəzini qururlar. Amma o qədər boş danışıb qan qaraldırlar ki, bəzən yaxınlarım belə məni anlamır. Oğluma deyirəm ki, mənə mükafat verirlər. Cavab verir ki, səni ələ salırlar, ona görə verirlər. Deyirəm ki, qoy səni də ələ salıb mükafat versinlər də... Mənə mükafatı verənlər başdanxarab adamlar deyillər. Onlar ziyalı, səviyyəli insanlardı. Mənə elə yerdən mükafat veriblər ki, o bir neçə günə üzə çıxanda qurbağa gölünə daş atılacaq. Hələlik bircə onu deyə bilərəm ki, mükafatı verən başqa ölkədi. Yaxınlarım çox vaxt əsəbiləşirlər, haqqımda yazılanlar onları da qıcıqlandırır. Deyirəm ki, qurban olum, həmişə sizin arxanızdayam. Amma mənə görə əgər sizi də təhqir edəcəklərsə, məndən imtina edin, onlar mənə bir daş atanda siz ikisini atın, deyin ki, Elza bizdən deyil, dözməyin, qəbul eləməyin... (kövrəlir).

İradə Tuncay: Niyə ağlayırsız?!

Elza Seyidcahan: Sadəcə anlayıram ki, siz də məni vurmağa çalışırsız. Mən bunu hiss edirəm. Mən sizdən gözləyirdim ki, İradə xanım, sizin kimi bir insan mənə qahmar çıxsın. Amma mənə dedilər ki, siz mənim haqqımda yaxşı danışmamısız. Deyirdilər, məni tənqid edənlərdən biri İradə Tuncaydı. Dedim ki, mən onun iradını qəbul edərəm, ona görə yox ki, o Məmməd Arazın qızıdı, ona görə ki, əvvəla yaşca böyükdü, ikincisi özünə, qələminə dərin hörmətim var. Dünən televiziyada sizi izlədim, necə gözəl, səlis danışırdız, bir mövzudan o birinə hiss olunmadan keçirdiz. Fikirləşdim ki, bunu mənə deyənlər bəlkə ara vurmaq istəyirlər, yalan deyirlər. Ona görə də bura gəldim. Amma gördüm ki, yox, yalan deyilmiş... Yenə də Allah canınızı sağ eləsin. Mən bura Məmməd Arazın kitablarını götürməyə gəlmişəm. Verməsəniz də başqa yerdən alaram. Amma onu bilin ki, sizə böyük hörmətim var.

İradə Tuncay: Sizi bura ona görə dəvət eləmədim ki, əsəbiləşib kövrələsiz...

Elza Seyidcahan: Kövrəlməyim təkcə bu səbəbdən deyil, evdə qanqaraçılıq var. Elə haqqımda danışılanlara, yazılanlara görə. Artıq tənqiddən təhqirə keçiblər. Oğlum da yaman əsəbiləşmişdi. Güclə qabağını almışam. Həmin o təhqir edəndən də polisə şikayət eləmişəm.

İradə Tuncay: Həddən artıq ciddiyə alırsız haqqınızda deyilənləri.

Sübhan Mahmudlu: Həm də çox aqressivsiz, bəlkə də, bu üzdən məsələyə belə əsəbi yanaşırsız...

Elza Seyidcahan: Yox, mən aqressiv deyiləm, həmişə təmkinimi qorumağa çalışmışam. Burda əsəbiləşdim bir az, bağışlayın. Dediyim kimi, haqqımda yazılan təhqir dolu son şeir məni təbdən çıxartdı. Ürəyim doludu, problemlərim çoxdu. İki gündür gözümə yuxu getmir. Bir tərəfdən dostları da oğlumun beynini doldururlar... Oğlumu birtəhər başa salmışam ki, səni qızışdıranlara fikir vermə.

İradə Tuncay: Baxın, Elza xanım, musiqi cameasında elit və ara müğənnilər olduğu kimi jurnalist və yazarlar arasında da bu təbəqələşmə var. Mətbuatın yuxarı təbəqəsində sizin haqqınızda heç bir təhqiramiz söz yazıla bilməz. Bu gün bu təhqirləri güman ki, təşkil eləyən var, vaxtınızı, iş-gücünüzü buna həsr eləməyin nə mənası var?

Elza Seyidcahan: Axı bu təhqirləri oxuyan sadə xalq bunu bilmir! Görün nə yazıblar (Cavidan adlı bir qızın ona "ithaf" elədiyi şeiri oxuyur) Burda nəinki məni, atamı belə təhqir edir. O qızın buna nə ixtiyarı var? Belələrini ancaq gərək məhkəmələrdə süründürəsən! Onu müflis eləməyincə, əl çəkən deyiləm! Yoxsa gələcəkdə belələrinin qabağını almaq olmaz.

Şəfiqə Şəfa: Elza xanım, belə görünür ki, siz təxribata tez uyan adamsız...

Elza Seyidcahan: Yox, mən təxribata uymuram. Sadəcə, nə qədər dözmək olar, artıq bu adamları yerində oturtmaq lazımdır!

İradə Tuncay: Axı belə şeylər sizi sənətinizdən kənara çəkir, vaxtınızı alır!.. Əsəbləriniz səhhətiniz gedir...

Elza Seyidcahan: Mən belə şeylərə baş qoşan deyildim, illərdir danışırlar, mən heç kimə fikir vermədən yazmaqda, bəstələməkdə davam edirəm. Amma artıq ağın çıxardıblar. Həm də sizin kimi hörmət etdiyim adamların da mənə qarşı çıxması qəlbimə toxundu. Mən sizi çox istəyirəm.

İradə Tuncay: Qarşılıqlıdı, mən də sizi çox istəyirəm, amma bir bəstəkar kimi görmək istəyirəm, şair kimi yox!

Elza Seyidcahan: Siz gərək belə danışmayaydız. Məmməd Arazın qızısınız, gərək elə ilk siz məni başa düşəydiz.

 

İradə Tuncay: Nəsiminin kəkələmək şeiri deyirsiz, o hansı janrdadı? (sonradan baxdıq - həqiqətən belə qəzəl varmış. Amma hürufatın sırasıyla yazılıb. Kəkələmək deyil - redaktordan)

Elza Seyidcahan: Onu siz tapmalısız e... Bu boyda "Ədalət" qəzetidi. Gedin araşdırın, məndən niyə soruşursuz ki!..

İradə Tuncay: Qəzet şeir araşdıran orqan deyil!

Elza Seyidcahan: Mən yaradıcılığımı açıqlamalı deyiləm. Hansı sənət və ya qələm adamı öz əsərini açıqlayıb onun izahını verir ki! Mən bəstəkaram, mahnımı yazıb ortaya çıxardıram və ya şeir yazıram. Müsiqişünaslar, tənqidçilər var, götürüb açıqlasınlar. Bəzən buna ehtiyac qalmır. Elə sadə adamlar yazdıqlarımın izahını verirlər ki, özüm də mat qalıram. Həmin adamlar nə vəzifəlidirlər, nə yazardılar. Sadə vətəndaşdılar. Amma başqaları anlamadıqlarından məcbur oluram. Bax, Nəsiminin qəzəlinə qayıdaq: insan sevəndə kəkələyir, hisslərini, sözlərini aydın çatdıra bilmir.

Şəfiqə Şəfa: İfadə edəndə, danışanda kəkələyə bilər, yazanda adam kəkələmir.

Elza Seyidcahan: Mənim aləmimdə belədi. Əsərlər, şeirlər həyatdan götürülüb. İnsanın övladı necə özünə əzizdisə, mənim də yaradıcılığım əzizdi. Mən onu yaratmışam, mənim bəhrəmdi. Şikəst uşağı valideyni aparıb uşaq evinə atanda qınayırıq ki, insan öz övladını necə atar! Bax, yaradıcılıq odur, pis də olsa, yaxşı da olsa sənindi.

Şəfiqə Şəfa: Belə çıxır ki, siz öz yaradıcılığınızı şikəst hesab edirsiz?..

Elza Seyidcahan: Sizlərin gözüylə baxanda belə çıxır. Mənim aləmimdə belə deyil, qüsursuzdu.

Sübhan Mahmudlu: Maraqlıdı, siz hər şeyi necə düşünürsüzsə, elə də görmək istəyirsiz...

Elza Seyidcahan: Bu mənim düşüncəmdi, mənim fikirlərimdi. Nə siz mənə öz fikirlərinizi yeridə bilərsiz, nə də mən sizə. Sizin düşüncənizə müdaxilə eləmirəm ki, niyə mənə hansısa fikri yeritməyə çalışırsız? Siz təpədən dırnağa başqa insansız, mən bambaşqa.

Şəfiqə Şəfa: Elza xanım, onsuz da bəstələrinizlə, geyimləriniz və fikirlərinizlə gündəmdəydiz, çox müzakirə olunurduz. Bir də şeir yazmaq nəyinizə gərək idi? Şeirə başlayanda fikirləşmirdiz ki, bu da tənqidə səbəb ola bilər?

"Heç kəs yazmayanda mən şeir yazırdım”

Elza Seyidcahan: Xeyr, mən şeir yazmağa uşaqlıqdan başlamışam. O vaxt nə bəstəkar idim, nə də indiki Elza Seyidcahan! Heç kəs yazmayanda mən şeir yazırdım. 8 yaşımdan yazıram - təbiətə, anaya, vətənə aid. Hətta uşaq vaxtı şair olmaq istəyirdim. Anam məni o vaxt Sumqayıtda şairlər dərnəyinə aparardı. Sonra pavidla qablarında nağara çalmağa başladım. Anam o qabların ağzını kəsib dəri üzlük çəkdi. Əllərimin yara olduğunu görüb nənəmgil mənə əsl nağara alıb yolladılar. Əmimoğlanları o nağaranı çalmaqdan partlatdıqdan sonra qarmona başladım. Bu dəfə də nənə köməyə gəldi, mənə qarmon hədiyyə elədi. Sonra birdən şeirlərimə musiqi yazmağa başladım...

Şəfiqə Şəfa: Yəni şeiri yaradıcılığınızın bazası hesab edirsiz. Musiqi yazmaq təsadüfən alınıb...

Elza Seyidcahan: O da Allahın bir işidi də, qarmondan imtahan verirdim, elə bil Allah özü yönəltdi məni bəstəkarlığa. Anam da bunu görüb mənim üçün piano aldı. Məni qarmondan uzaqlaşdırdı, halbuki qarmonla toylara getmək istəyirdim. Hiss edirdi ki, bəstəkar olacam, məni qarmondan ayırdı. Anam uzaqgörən qadındı, dahilər dahisidi. Məktəb oxumayıb, amma ağıllı qadındı. Mənə bayaq deyirsiz ki, yaxşı danışmaq üçün çox kitab oxu. Bəyəm mənim danışığımda çatışmamazlıq görürsüz?! Sadəcə, emosionalam, bəziləri kimi yalandan özümü göstərib kişi axtarmıram!

İradə Tuncay: Bunun məsələyə nə dəxli var, bəyəm dedim ki, siz kişi axtarırsız?

"Molla anama dedi ki, qızın falçı olacaqdı, bəstəkar yox!”

Elza Seyidcahan: Deməyim odur ki, göstərişi sevmirəm. Gözə girmək istəyən qadınlar kimi poza vermirəm. Səmimiyəm, necəyəmsə elə də varam. Bir sözlə, beləcə bəstəkarlığa da başladım. Konservatoriyaya girmədən oncə qəribə yuxular görərdim. Piri baba kimi Nuranu kişidən yuxuda xahiş edirdim ki, başıma əlini çəksin, mən də konservatoriyaya girim. Anam məni mollaya aparırdı. Molla anama dedi ki, o kişi bunun başına əl çəksə idi qızın falçı olacaqdı, bəstəkar yox! Sonra anam məni Bülbül adına musiqi məktəbinə gətirdi. Orda Niyazi bəstəkar Telman Hacıyevə tapşırdı ki, məni yoxlasın. Oxudum, uşaqlar başladı mənə gülməyə, yəqin elə o vaxtdan istedadımı görüb paxıllıq ediblər. Əvvəlcə nəzəriyyə şöbəsinə qəbul oldum, 3-cü kursdan bəstəkarlığa keçdim. Tez ailə həyatı qurduğum üçün bir müddət uzaq düşdüm. Evdə yazırdım mahnılarımı, mənim istedadımdan qorxum evdə qarşımı alırdılar. O "Aygün" filmi var ha! Eyni mənim həyatımdı. İnanın, şöhrətli olmağı heç istəməmişdim. Konservatoriyanı bitirib Sumqayıtda müəllimlik etmək istəyirdim...

Şəfiqə Şəfa: Bəs necə oldu ki, müğənni oldunuz? Arzulamadığınız halda hardan çıxdı bu istək?

 

"Mahnılarım bir yana,gözəlliyimin də onları üstələdiyini bilirdilər”

 

Elza Seyidcahan: Mən heç də müğənni olmaq istəməmişdim. Arzum ancaq bəstəkar olmaq idi. Nənəm rəhmətə getməklə, sanki yolumu açdı. Dəfndən gələndən sonra konservatoriyaya getdim. Bəstələrim vardı. Onları göstərdim. Pis iş görmürdüm ki, sənətlə məşğul idim. Sonra gördüm ki, istedadı olmayanları hansısa "sponsor"lar irəli çəkdi. Fikirləşdim ki, bu cür adamlara mahnı yazana qədər elə özüm oxuyaram da... Səsim var, oturuşuğum-duruşuğum, xarici görkəmim yerində, hər nə qədər də sizin dediyiniz kimi "danışığımı bilməsəm" də özümü bilən adamam. İçmirəm, narkotik istifadə etmirəm, qəlyan çəkmirəm, əsl, gül kimi Azərbaycan xanımıyam. Mən bu günə qədər nə geyimimlə, nə də yaradıcılığımla bir nəfərin də tərbiyəsini pozmamışam. Əksinə, maarifləndirmişəm. Heyvanlara, təbiətə, Ramazan ayına həsr etdiyim konsertlərimlə insanlara nəyisə təbliğ etməyə, aşılamağa çalışmışam. Mənim müəllimlərim, böyük bəstəkarlar konsertlərimə gəlir, məni başa düşürlər, bəyənirlər. Bəzi müğənnilər var, mənim mahnımı oxuyurdular, amma gözəlliyimdən o qədər qorxurdular ki! Mahnılarım bir yana, gözəlliyimin də onları üstələdiyini bilirdilər. Amma layiqli müğənnilər də var ki, bunu həmişə dəyərləndiriblər. Brilyant Dadaşova mənə deyirdi ki, sən gözəlsən, səhnədə axıra kimi qal ki, qoy sənə görə baxsınlar. Otur piano arxasında, məni sonadək müşayiət elə. Mən Brilyant xanıma çox borcluyam. Oxudum, dövlətim də mənə dəyər verdi, oldum Əməkdar Artist. Bəstəkarlar İttifaqının üzvü oldum. Böyük bəstəkarlarla işləmişəm, indi də davam edirəm. Anlamayan özü bilər. Ona qalsa Arif Məlikovu, Tofiq Quliyevi, Qara Qarayevi də vaxtı ilə əziblər. Qara Qarayev deyirdi ki, "xoşbəxtəm ki, məni yeddi nəfər başa düşür".

Şəfiqə Şəfa: Sizi neçə nəfər başa düşür, Elza xanım?

 

"Heyvanlarla bağlı konserti Avropada görsəydilər mənim alnımdan öpərdilər”

 

Elza Seyidcahan: Məni bir nəfər başa düşsün, o elə mənə bəsdi. Bilim ki, o bir nəfər Azərbaycan üçün bayraq qaldıranlardandı. İkiüzlülük eləmir, kimsənin haqqını yemir. Layiqli adam olsun. Millətini, dövlətini lənətləyən adamların məni başa düşməsini də heç istəmirəm. Mən fikir eləmirəm ki, məni kimsə başa düşəcək, ya yox. Mən heyvanlara konsert verəndə o qədər tənqidi şərhlər gəldi ki! Övladlarım, qohumlarım dilə tuturdular ki, bu konsertdən vaz keçim. Bunu anlamadılar, halbuki bu konserti Avropada görsəydilər mənim alnımdan öpərdilər. Ayaqlarını cütləyib o konserti qınayanların gözlərinə soxardılar. Orada heyvana insandan daha çox qiymət verirlər. Avropada düz də edirlər. İnsan var ki, o qədər yaxşılıq edirsən, çörəyə çatdırırsan, naxələf çıxır, amma heyvan bəsləyirsən, sonadək sadiq qalır. Avropada bir qadın var, deyir ki, "mən eşşəklərin anasıyam". Eşşək dünyanın ən ağıllı heyvanıdı. Təhlükə görəndə dayanır, itələyirsən də getmir, ta təhlükə aradan qalxanadək. Eşşək öz-özünü təmizləyir, bütün günü insanlara xidmət eləyir... Məni dilə-dişə salanlar isə heç o eşşək qədər insanlığa xidməti olmayanlardı. Bir jurnalist soruşmuşdu ki, konsertin ilk sıralarında hansı heyvanları oturdacaqsız, dedim meymunları. Çünki Darvinə görə meymun bizim əcdadımızdı, özüm də meymun ilindənəm. Ona görə də meymunlara hörmət elədim. Camaat konsertə də gəldi, hərəsi əlinə bir meymun da götürdü. Çox uğurla keçdi. Hələ bir neçə müddət o konsertin ab-havasında çıxa bilmədilər.

İradə Tuncay: Yəni prinsipə düşüb elədiz bunu? Siz odu-atəşi bilərəkdən üstünüzə yığırsız.

Elza Seyidcahan: Təkcə prinsip məsələsi deyil e, İradə xanım. Mən sadəcə anlamayanla bu cür davranıram. Siz bəyəm, sizə qarşı çıxanlara üsyan eləməmisiz? Acığa düşüb dediyinizi etməmisiz?

İradə Tuncay: Siz musiqiyə elə istedadlı gəldiniz ki, indi insanlar bunu qəbul eləyə bilmirlər. Şeir sizin zəif yerinizdir. Vurmağa da yeni yer tapılıb... Mən şəxsən sizin şeirlərdən bir-ikisini oxudum, gördüm məni əsəbiləşdirir, daha oxumadım. Bəlkə də yazdığız şeirləri mahnının içində oxusaydız, onların zəifliyi hiss olunmazdı.

Elza Seyidcahan: Bu yaxınlarda Kazana gedirdim. Elə təyyarədəcə mənim şeirimi qınayanlara cavab yazdım. Mənə mükafat verən adamlar bu şeiri əzbərdən dedilər.

 

Eh... dəlidilər e vallah!

Nə bilsinlər ki, bir-birimizi

dəlicəsinə süzürük

Süzüb gedirik.

İstəyirik gedək lap uzaqlara

Gedə bilmirik çünki

Bağlıyıq bütün ki

Bu gün biz sənə, mənə,

ona bağlanmışıq axı!

Bilmirlər ki, ondadı hər şey...

Dəlicəsinə ölürük biz, sevirik biz

Vəhşicəsinə yanın, qanın, anın...

 

İradə Tuncay: Yox bu şeir deyil...

Elza Seyidcahan: Mən demirəm ki, bu şeirdi, bu mənim müraciətimdi. Qafiyəyə salınmış "fonovoy" müraciətdi. Mən yazıb bunu səhifəmə atıram. Kim istəyir anlasın, kim də istəyir qınasın. Mənim şeirlərimin nəyi pisdi. Bəlkə içində bir biabırçılıq var?!

İradə Tuncay: Əgər buna poeziya demək istəyirsizsə, deyil. Şeirin qaydası var, bəlli ölçüsü, forması var... Necə ki, musiqinin bəstələmə qayda-qanunları var!

 

"Sizlər danışdıqca mən şeir yazacam”

 

Elza Seyidcahan: Məni şeirlərim yox, sizlər şair edirsiz. Sizlər danışdıqca mən şeir yazacam. Hər kəs susanda mən artıq şeir yazmayacam. Mən bu şeirləri özümçün yazıram, kitab çıxarmaq niyyətim yoxdu. Düzdü, çox üstümə gəlsələr, acığa düşüb kitab da çıxardaram. Mən öz şeirlərimə Məmməd Araz kimi şairlərin yanında cızma-qara deyə bilərəm. Qalan hallarda isə kimin yazısından əskikdi?! Belə baxanda mənim cızma-qaralarım çoxlarının şeirindən yaxşıdı.

Şəfiqə Şəfa: Belə çıxır ki, şeirləri acığa yazırsız?

Elza Seyidcahan: Sadəcə danışanlara şeirimlə, sənətimlə cavab verirəm. Mənə Yeni Azərbaycan Partiyasından petisiya ilə bağlı zəng vurmuşdular. Dedilər ki, Serj Sarkisyanın hərbi cinayətkarlığı əleyhinə səs toplayırıq. Siz də qoşulun, fanatlarınız var, onları da cəlb edin. Mənim vətənpərvər mahnılarım var, amma yenə də içimdə bir kin yığılıb qalmışdı və Sarkisyana etirazımı bu cür yazdım. Mən indi jurnalistlərə, yazarlara da şeir yazmışam. Orda da lazım olanı demişəm, sözü ortaya atmışam, götürən götürəcək. Danışmıram, sözümü belə ifadə edirəm. Bunu etiraf sayırsız, giclik hesab edirsiz, öz işinizdi.

Şəfiqə Şəfa: Sizin şeirləriniz haqqında ədiblər nə deyirlər. Dəstəkləyənlər varmı?

 

"Şeirlərimlə bağlı ədiblərə əziyyət vermək istəmirəm”

 

Elza Seyidcahan: Mən onları niyə narahat edim ki! Şeirlərimlə bağlı ədiblərə əziyyət vermək istəmirəm. Şərh eləmək istəyən özü bilər. Yazıçı Çingiz Abdullayev müsahibəsində deyir ki, hərdən Allaha məktub yollayır. Mən də yazmışam da Allaha məktub, mən eləyəndə niyə söz olur? Mən istəmirəm bu qədər gündəmə gəlim. Çünki gündəmə gələndə hər sözümü, hərəkətimi söz edib bəzəyirlər. Evimdə narazıçılıq olur. Halbuki bilirəm pis-yaxşı nədi. Sənətimlə, işimlə məşğulam. Beyons, Madonna kimi səhnəyə çılpaq çıxmıram ki!

Şəfiqə Şəfa: Amma siz bir dəfə demisiz ki, lazım gəlsə, sizin ideyalarınıza uyğun olsa, səhnəyə çılpaq da çıxa bilərsiz...

Elza Seyidcahan: Hə, çılpaqlıq orda bir sənət nümunəsi olsa, çıxaram. Yoxsa rejissor öz mənfəətləri üçün bunu istədi deyə, soyunmaram. Mən də az bilmirəm e... Yeri gələndə rejissordan çox bilirəm. Bu Hollivud ulduzlarından danışırıq amma, yeri gələndə çox şeyi onlardan qabaq eləmişəm. Mənim dəmir sancaqlı saç düzümümə baxın! Rihanna məndən sonra bunu edib. Aygün Kazımova İnstagramda yazır ki, Rihanna onu təkrarlayıb. Xəbəri yoxdu ki, mən 2 il öncə ikisini də qabaqlamışam. Bəhsə girib çimərlik paltarında çıxaram, görərlər ki, Cennifer Lopes də mənim yanımda heç nədi, Beyons da! Səhnə də elə rəqs edib şou göstərərəm ki! Ledi Qaqanı gördüz də, necə şou göstərdi. Səhnədə soyunub-geyindi. Geri çevriləndə ağzında uşaq əmziyi vardı, yəni özünü bir körpə kimi təqdim elədi, səhnə yaratdı. Amerikanın nüfuzunu qaldırdı. Heç Elvis Preslinin vaxtında Amerika şou-biznesinin belə hörməti yox idi.

Şəfiqə Şəfa: Yeri, gəmişkən bu stil ideyalarını sizə kim verir, özünüz fikirləşirsiz?

Elza Seyidcahan: Mənim ruhuma yaxın olan insanlar! Bir neçə belə stilistlər var ki, onların işini mən qəbul edirəm, bəyənirəm. Onlar da mənə məsləhət verir. Amma çox şeyi mən onlara deyirəm ki, nəyi nə cür eləsinlər. Məsələn, bu dəmir sancaqlı saçımla bir ay bütün konsert və tədbirlərə getdim. Layihənin də adını qoydum "İron Rose" (Dəmir qızılgül). Çox maraq oyatdı. Paxıllığımı çəkib gözü götürməyənlər əlbəttə ki, ona da ağız büzdülər. Amma sevənlərim dəstəklədi. Məni o qədər təmiz qəlblə sevənlər var ki... Hətta uzun illərdir ki, sevməkdə davam edirlər. Bu dəqiqə istəsəm, mənlə evlənən olar. Hətta elə bir insan var ki, deyir "sən qocalanda, heç kimə lazım olmayanda gəlib səni alacam. Mənim məhəbbətimin saf olduğunu görəcəksən".

Şəfiqə Şəfa: Yeri gəlmişkən, ailə qurmaq haqqında düşünürsüzmü? Artıq oğlunuzu evləndirib, qızınızı da nişanlamısız. Özünüz haqqında düşünməyin vaxtı deyilmi?

Elza Seyidcahan: Qızımı da ərə verim, görsəm ki, mənə qarşı həqiqi hiss bəsləyən layiqli adam var, niyə də olmasın. İslamda da deyilir ki, qadın tək olmamalıdır. Həyatda mənə dost, sirdaş ola biləcək adam olarsa, düşünərəm bu barədə. Amma hələ ki evlənməyi əsas plan kimi qarşıma qoymamışam. Sənətim başımı elə qarışdırır ki, buna ehtiyacım yoxdur. Sənətim məni yedirir, geydirir, bütün hissləri yaşadır, ehtiraslandırır, qoruyur. Qazandırdıqlarını başıma çırpmır. Kişi pul verir, deyir otur evdə, sənətim pul verib deyir gəz dünyanı! Bir sözlə, ən gözəl kişi mənim sənətimdi.

Şəfiqə ŞƏFA,

Sübhan MAHMUDLU

Ədalət.-2015.-21 fevral.-S.8-9.