Tofiq Abdinin yeri
Hər şənbə imzası "Ədalət"in və "525-ci qəzet"in səhifələrində görünsə də Tofiq Abdinin sonuncu iş yeri Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan "Xəzər" jurnalının redaksiyası idi. Mərkəzin ikinci qatındakı sadədən də sadə iş otağında özü üçün bir dünya qurmuşdu. Ötən il fevralın 24-də Tofiq abi dünyasını dəyişdi.
Ötən bu bir ildə çox şeylər əvvəli kimi deyil. Tofiq Abdinin çalışdığı təşkilat Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinə çevrilib. Mərkəzin yerləşdiyi bina əsaslı təmirə dayanıb, şəhərin mərkəzində, "Qış bulvarı"na yaxın ərazidə müvəqqəti ofis kirayələnib. Tərcümə Mərkəzinə yaradılan şəraitə irad bildirməyə çox az söz taparsan, otaqlardakı yaradıcılıq mühiti, məxsusi ovqat ayrı bir yazıya mövzu ola bilər.
Tofiq Abdinin Tərcümə Mərkəzində yeri görünür. Abi Tərcümə Mərkəzinin bu günlərini kaş ki, görə bilsəydi...
Zakir Fəxri: "Onu görəndə şübhələndim..."
"Xəzər" jurnalında Tofiq Abdinlə birgə çalışmış şair Zakir Fəxri iş yoldaşını belə anır: "Sovet vaxtı məni Dövlət Təhlükəsizlik Komitəsinə çağırmışdılar. Binaya çatanda Tofiq Abdini gördüm. Sözün açığı, əvvəlcə ondan şübhələndim ki, yəqin mənim adımı o verib. Bəlkə elə o da məndən şübhələnmişdi. Sonra görüşdük və məlum oldu ki, ikimizə də eyni sualları veriblər, üstəlik bizi eyni adam- qələm dostumuz satıb.
Sağ olsaydı Tərcümə Mərkəzinin indi məskunlaşdığı bu binada oturmağa yer tapmayacaqdı, mərtəbələri gündə az 40 dəfə aşağı-yuxarı qalxacaq, yazılarına görə mübahisə edəcəkdi. Ən çox da söz-söhbəti, mübahisəsi Sadayla idi..."
Saday Budaqlı:
"Elə bil ki, Tofiqi o
binada qoyub gəlmişik..."
Yazıçı-tərcüməçi Saday Budaqlı Tofiq abinin sonuncu iş yerindəki otaq yoldaşı olub. Mərkəzin indi təmirə dayanan binasında keçən günlərlə bağlı xatırlanası çox şey var: "İş yoldaşlarımız arasında yeri həmişə görünür. Rəhmətə gedəndən sonra şəkilini oturduğu masanın arxasındakı divardan asdıq, Mərkəzin binası təmirə bağlananda da şəkil qaldı orda. Elə bilirəm ki, Tofiqi o binada qoyub gəlmişik...
Tofiqlə Tərcümə Mərkəzinin çətin günlərində çalışdıq. Bu günləri görsəydi... Yəqin ki, otaqlarımız daha səsli-küylü olardı, təbii yenə bir otaqda oturardıq. "Xəzər" jurnalına yazılar yazardı, amma yüz faiz əminəm ki, indi Tərcümə Mərkəzinin nəşr etdirdiyi "Aydın yol" qəzetində də köşəsi olardı. Çox çalışqan insan idi, heyf ondan. Tofiq başqa oğul idi..."
Əlisəmid Kür:
"Tofiq camaatı aldadırdı..."
Uzun fasilədən sonra yenidən Tərcümə Mərkəzinə
qayıdan şair Əlisəmid Kür Tofiq Abdini həmkəndlisi və qohumu
kimi yada salır:
"Tofiqlə uzaqdan-uzağa dostluq eləməyin özü
də maraqlı idi. İstanbulda
yaşayanda türk mətbuatında
şair və
yazıçılarımız haqqında məqalələr
çap etdirirdi. Mənim
haqqımda da bir
neçə dəfə yazıb, həmin yazılardan birini çərçivəyə
saldırıb evdə divardan
asmışam. Həyatda elə insanlar var ki, sən ondan təkcə yazı-pozunu yox,
ümumiyyətlə çox şeyi öyrənirsən. Tofiq
Abdin öyrəndiyimiz insanlardan
idi. Ona ilk mükafatı Tərcümə Mərkəzində
o vaxt nəşr etdiyimiz "Yol" qəzeti
verib. "Altun Ay" mükafatının ilk
laureatlarından biri də o
oldu. Həmişə deyirdi
ki, 50 yaşıma qədər heç bir mükafat almamışdım. Tale elə gətirdi ki, uzun fasilədən sonra Tərcümə Mərkəzi Tofiqin taleyində rol
oynadı, "Xəzər" jurnalında
çalışmağa başladı. Əgər bu gün də burda Tofiq abi
xatırlanırsa, deməli, onun yeri ürəklərdə qalıb. Əli bəy
Hüseynzadə haqqında ilk dəfə
sanballı araşdırmalar aparmasına baxmayaq
Salyanda keçirilən yubiley
mərasiminə abini dəvət etmədilər.
Bu da ona pis
təsir etmişdi, çünki Tofiq bəy həssas insan idi. Son illər professor Elçin
İsgəndərzadə ona
çox mənəvi
dayaq oldu, kitablarını nəşr
etdirdi.
Bu yaxınlarda erməni
helikopterini vuran hərbçi Tofiq Abdinin qohumudu. Bu barədə
danışılanda hər
dəfə Tofiq yadıma düşür,
sağ olsaydı, bilirsən necə sevinərdi... Cavanlarla çox oturub-durmağı
ilə, yaxşı yazıya sevinməyi və öyrənmək istəyi ilə də yaşıdlarından
seçilirdi.
Sağlığında da, dünyadan köçəndən sonra
da hamı deyirdi ki, guya
Tofiq Abdin ölümdən qorxurdu. Mənə
elə gəlir ki, Tofiq özünü
belə göstərməklə
camaatı aldadırdı...
Onu Buzovna yolunun üstündəki qəbirstanlıqda,
torpağa tapşırdıq.
Təsəvvür elə
ki, o boyda qəbiristanlıqda Tofiqin
məzarı elə əzbər yadımda qalıb ki... Hər dəfə Şüvəlana
gedib-gələndə istəyirəm
ki, hasarı aşıb Tofiqlə görüşüm, deyim,
nətəhərsən?"
Mahir N. Qarayev:
"Bir də görürsən
ki,
lampalardan biri sönüb..."
Tərcümə Mərkəzinin əməkdaşı
şair-tərcüməçi Mahir N. Qarayevin yaddaşında Tofiq Abdinin yeri var:
"Biz ədəbiyyata başlamaq
istədiyimiz dövrdə
"Qobustan"ı oxuyurduq,
Bu jurnal mətbuatımıza
yeni bir nəfəs gətirmişdi. Hamımız "Qobustan"da dərc olunmaq istəyirdik, Tofiq Abdin bu
jurnalda çalışdığından
ona əlçatmaz kimi baxırdıq. Yaş fərqimiz olduğundan Tofiqə yaxınlaşa bilmirdik. Dostum, təkcə istedadlı
jurnalist kimi deyil, həm də türkçü kimi tanıdığım
Məzahir Əhmədoğlu
onunla yaxınlıq edirdi və bizə Tofiq abinin türkçülüyündən,
Türkiyə sevgisindən
danışırdı. Tofiq Abdinin Türkiyədə yaşadığı dövrləri
xatırlayanda yadıma
Xalq yazıçısı
Anarın "Otel otağı" əsəri
düşür və
təəssüf ki, Tofiq də həmin
povestin qəhrəmanı
kimi həmişə həsrətində olduğu
Türkiyə gedəndən
sonra xəyal qırıqlığına uğradı.
Tofiq maraqlı,
əsl məclis adamı idi, onunla darıxmaq mümkün deyildi, təzə və doğru fikir deyən özündən
cavanları dinləməyi
bacarırdı. Boğazdan yuxarı söz
deməzdi, tərifdə
də, tənqiddə
də obyektiv olurdu, nəyə görəsə söz deməklə arası yox idi.
Sözün açığı, mən
onu şair kimi yox, jurnalist
və gözəl bir publisist kimi
daha çox sevir və hörmət
edirdim. Onun qəfil ölüm
xəbərini eşitmək
çox ağır oldu. Bəzən otaqda işığın
azaldığını hiss edirsən, başını
yuxarı qaldıranda
görürsən ki,
lampalardan biri sönüb..."
Tofiq Abdin
bir il əvvəl
dünyasını dəyişdi, amma onun yeri dəyişməyib.
Abi yenə dostlarının, iş yoldaşlarının qəlbindədi.
Ədalət.-2015.-21 fevral.-S.6.