Mübariz Tağıyev: “Bu uşaqlar
məhv olacaq”
“Mən
yaşımı hiss etmirdim,
amma bu ədalətsizlik
məni qocaltdı. Dünənə kimi Elnur vardı, amma yada düşmürdü.
Türkiyədə yer tutan
kimi başladılar, nə
başladılar”.
Xalq artisti Mübariz Tağıyev “aznews.az”a müsahibə verib.
“A24.az” həmin müsahibəni
təqdim edir.
– Bir müddət bundan öncə səhhətinizdə problem yaranmışdı.
İndi özünüzü
necə hiss edirsiniz?
– Səhhətim yaxşıdır.
Hər şey qaydasındadır.
Dəvətlər gəlir, sadəcə
hər dəvət olunduğum məkana getmirəm. İndi yaşlı sənət
adamları telekanallara
ancaq ekspert kimi dəvət olunurlar. Bir də tok-şoulara.
O da daha mənlik deyil. Tok-şoular,
problemlər məni boğaza yığıb.
– “O Səs Türkiyə”
yarışmasını izləyirdiniz?
– Hərdən.
– O müsabiqədə Azərbaycanı
təbliğ edən Elnur Hüseynovun çıxışına baxırdınızmı?
– Mən estrada müğənnisi
kimi Elnur Hüseynovun uğuruna sevindim. Bu uğur
Azərbaycanın adı
ilə bağlıdır.
Azərbaycan estrada
məktəbinə gələn
müğənnilərin əksəriyyəti
xanəndə məktəbinin
nümayəndələridir. Yəni, kök muğamdan gəlir. Elnurun isə ilk addımı estrada aləmi
ilə bağlı olub. Yəni, bunun da öz incəlikləri
var. Bu, həqiqi mənada
böyük uğur idi. Mən onun cəsarətinə
sevindim. Çoxları bu addımı atmır. Əgər yaş imkan
verirsə, başqa müsabiqələrə də
getmək lazımdır.
Niyə də getməyək?
Bizim gənclərdə maraqlı
xüsusiyyətlər yaranıb.
– Nə kimi?
– Biri deyir ki,
mənim müəyyən
uğurlarım olub, keçirilən müsabiqələrdə
yer tutmalıydım, amma olmadı. Elnuru kim
ora aparıb, bilmirəm. Amma bu, Azərbaycan estrada sənət
dünyası üçün
şad xəbər idi.
– Tanınmış sənət
adamları deyir ki, Elnur Hüseynov
Azərbaycanda layiqli qiymətini ala bilmədi, ədalətsizliyə dözməyib
Türkiyəyə üz
tutdu…
– Bu, həmişə belə olub. Özü də tək
Azərbaycanda deyil, bütün ölkələrdə.
Mən indi adlar çəksəm,
bir qədər düz olmaz. Burada çox tanınmış
simalar var ki, onlar da
ədalətsizliyə dözməyib
Azərbaycanı tərk
edib. Məsələn, biri Müslüm
Maqomayevin özü.
Müğənnilər, sənət adamları Azərbaycanda yenə var. Sadəcə olaraq, bu gün
Azərbaycanda estrada musiqisi ikinci plana keçib.
– Sizcə, buna səbəb nədir?
– Düzünü deyim ki, bilmirəm. Bir az əvvəl telekanallarda müsabiqələr keçirilirdi.
İndi onların arası kəsilib. Elnur kimiləri də
həmin müsabiqələrdən
tanındı. Mən istəyirəm
ki, müsabiqələr
dövlət səviyyəsində
keçirilsin. SMS-lə olan müsabiqələr
kimə lazımdır?
Bu SMS məsələsi müsabiqəyə qatılan
gəncin fikrini yayındırıb ayrı
istiqamətə aparır.
Yəni müsabiqələr SMS-siz
olsa, görərsiniz ki, nə qədər
istedadlı uşaqlar
üzə çıxar.
İstedadlı uşaqların maliyyə
imkanı yoxdur deyə onlar SMS qazana bilmədiyindən müsabiqəni tez tərk edir. “Eurovision” müsabiqəsinin seçim turunda da mən Azərbaycanda
nə qədər istedadlı uşaqların
olduğunu gördüm.
Samirin (Cavadzadə – red) özü
də çox talantlı uşaq idi. Bizim “Yeni ulduz”dan
çıxan Azad vardı.
Estrada opera aləmi deyil
ki. Buraya üz tutanların
güclü manevrləri
olmalıdır. Bu da həqiqətdir ki, Azərbaycan estradasında manevrlər yoxdur.
– Bəs bunu nə
ilə əsaslandıra
bilərsiniz?
– Məktəbsizliklə. Məktəbdən uzaq olanların irəli getməsi çətin məsələdir.
Amma kimisə özünə müəllim
seçən, onun etdiklərinin qismən də olsa bir
hissəsini etməyə
çalışan, inkişaf
etmək üçün
addımlar atan gənclər az
da olsa irəli
gedə bilirlər.
– Türkiyənin məşhur
müğənnisi Özcan
Dəniz “Sevimli təhlükəli” filminin
təqdimat mərasimində
bildirib ki, son 10 ildə Türkiyədə
Elnur kimi səs yetişməyib.
– Mən səsdən danışmaq istəmirəm.
Səs ikinci məsələdir.
Əsas onun oxu tərzi,
manevridir, öz səsinin boğaza tabe olmasıdır. Burada söhbət səsdən
deyil, oxu tərzindən gedir.
Estrada müğənnisi özünün oxu tərzi ilə digərlərindən fərqlənir.
Məsələn, bir
çox estrada
ifaçıları vardı
ki, sinədən birdən-birə fansetə
keçirdi. Bu, Rəşid Behbudovda da var idi.
Bunu ancaq başa düşənlər tuta
bilirdi. “O Səs Türkiyə”də
münsiflər heyəti
estradaya nə qədər bağlıdır,
bax onu bilmirəm.
Çünki mən onların
heç birini tanımıram.
– Necə edək ki, istedadlı gənclər Azərbaycandan
getməsin?
– Fikir verin, bir
müddət əvvəl
müsabiqələr keçirildi,
onların hər birindən istedadlı uşaqlar tanındı. Bəs hanı bu müsabiqələrdə
iştirak edənlər?
Başa düşürəm, qızlar
ərə gedir, bəs oğlanlar hanı? Fərid vardı, indi
yoxdur. Bu uşaqlar hardadır?
Kimin bir balaca dəstəyi
varsa, axarı ilə gedir, qalanlar haradadır?
Bu uşaqlar efirlərdə,
konsert proqramlarında
olmalıdırlar. Yaxşı biz necə və nə cür edək? Mənim bir fikrim var,
bilirəm ki, yüksək peşəkar
estrada məktəbinin
yaranma vaxtı artıq çatıb. Bu olmasa estrada
sənətində böyük
çətinliklər olacaq.
Gənclər bu gün bir
istiqamətə meyl edib – pul qazanmaq,
vəssalam. Ona görə də
toylara üz tuturlar. Qınamaq da olmur.
Çünki Azərbaycanda toydan
başqa bazar yoxdur. Bu kimə
lazımdır? Çox ifaçılar
var ki, müraciət
etdiyi mahnını oxuya bilmir. Hərəsi
bir-iki toya gedir, özündən çıxır. Düşünürlər
ki, birtəhər pul qazanıb bir mahnı alıb, klip çəkdirsin, təki
toy bazarına daxil olsun.
Axırda
o yerə gətirib çıxacaq ki, Azərbaycan estrada
məktəbi tamamilə
itəcək. Bu gün
Azərbaycanda estrada demək olar ki, yoxdur.
Belə
olan halda estrada teatrının
yaranması mütləqdir.
Səhnə, məkan olmalıdır.
Tamaşaçılar üçün bir klub, bir
yer olmalıdır.
Bunlar konsertlərdə olub, iştirak edib tamaşaçı ilə
təmasda olmalıdır.
Yoxsa, bu sənətlə yanaşı onların ifaçıları da ölüb batacaqlar.
Ustad dərsləri keçirilməlidir.
Xoreoqrafiya mütləq olmalıdır.
Zərb alətlərində ifa edən gənclərimiz yoxdur. Bilənlər də orta nəslin nümayəndələridir.
Gitara ifaçıları yoxdur.
Bisavad böyüyürlər,
göbələk kimi
gündə biri çıxır, savadları
da ki, yox…
Vokalçıların özünun də
səhnə mədəniyyəti
yoxdur.
– Bu sadaladığınız imkanların
olmadığını nəzərə
alsaq, Azərbaycan estrada sənətinin
özünü də
itirə bilərikmi?
– Yüz faiz, bu qaçılmaz prosesdir. Estrada ilə
bağlı qurum yaradılmalıdır. Yoxsa bu uşaqlar məhv olacaqlar. Məktəbsiz səhnəyə gələn ifaçı
zirvəyə çıxa
bilməz. Mən
bunları tələb
edəndə deyirlər
ki, həmin dərslər İncəsənət
Universitetində keçilir
də…
Bunlardan savayı İncəsənət
Universitetində tədris
olunan başqa sahələr də var. Təkcə budur bəyəm?
– Bununla bağlı sizin aidiyyəti qurumlara hansısa təklifləriniz
olubmu?
– Bəli, təkliflər olub.
Özü də çox.
Amma
gözlə ha gözlə. Mübariz Tağıyevin də saqqalı
uzanıb, yaşlaşıb, nə qədər
çığırsa da eşidən yoxdur. Ən dəhşətlisi isə odur ki, bəziləri düşündü ki, Mübariz Tağıyev bu
teatrın açılmasını özü
üçün istəyir. Özünə
yer edir. Bu nə düşüncədir? Mübariz Tağıyevin bütün
həyatı səhnədə keçib.
Mən yaşımı hiss etmirdim, amma bu ədalətsizlik məni qocaltdı.
İnsanın olanını onun
üzünə deməyi xoşlamırıq. Birinin
digərinə əl tutmasını da.
Dünənə kimi Elnur
vardı, amma yada düşmürdü. Türkiyədə yer tutan kimi
başladılar, nə başladılar. Mənim fikirimcə, bütün istedadı olanlara
önəm vermək lazımdır.
Ədalət.-2015.-26 fevral.-S.8.