Dördüncü hakimiyyətin
gücü
Ümumiyyətlə, yazmaq,
yaratmaq, dilsiz, boş vərəqələri gözəl
misralarla bəzəmək, könül oxşayan, üzdə
təbəssüm və eyni zamanda kədər hissi oyadan həyatdan
mənzərələrə ədəbi dil ilə qulaq
asmaq-bu, həm şair, həm yazar, həm də dinləyici
üçün başqa bir aləmdir. Sevinc
də, kədər də, qüssə də, qəm də
hamısı insan üçündür.
Kimisi bu hissləri
içində saxlayır, kimisi də
bunları başqaları ilə bölüşür.
Başqa sözlə desək, bu hissləri içərisində yaşayanlara işıq tutub
tərcüman olurlar. Bu
ilahidən gələn bir vəhdir. Hər
kəsin istəsə də sahib ola bilməyəcəyi bir
istedaddır.
Siyasətdə, iqtisadiyyatda, təbiətdə baş alıb gedən böhranlar, aşınmalar xeyli vaxt idi ki, mənəvi dəyər olan əxlaqa da keçmişdi. Şüurlu surətdə düşünülmüş imperiya siyasəti, nəhayət ki, Azərbaycan türkünün psixologiyasına, durumlu ailə-məişət ənənələrinə təsir etmişdi. Şərqliliyi özündə ehtiva edən xalqımızın demoqrafik vəziyyəti təhlükə qarşısında qalmışdı. Belə ki, ərsəyə çatan oğlanlarımız bir ucdan təbliğatın, bir ucdan da sosial təzyiqin vasitəsilə şimala "repressiya" olunurdular. Onları getdikləri yerlərdə gəlirli bazarlar, yüksək maaşlı iş yerləri, əcnəbi qızlarla ucuz başa gələn toy mərasimləri gözləyirdi. Qızlarımıza qismət olunasılar yad ellərdə beləcə əriyib "yoxa" çıxırdılar.
Azərbaycandan başlanan və hələ də davam edən sosial münaqişələr qələm adamlarımız tərəfindən oxucuların nəzər-diqqətinə çatdırılmışdır. Belə yazarlardan biri də hörmətli qələm dostumuz Camal Zeynaloğludur. Mən onun xeyli kitablarını çap etmişəm. Ümumi şəkildə bildirmək istəyirəm ki, onun bədii dili rəvan, canlı və səlisdir. O, təfərrüata, sözçülüyə uymaq azarından uzaqdır.
Adətən deyirlər ki, qəzetin bir günlük ömrü olur. Doğrudur, hətta elə qəzetlər, elə məqalələr var ki, heç bir gün, bir saat yaşamır, oxucunun diqqətini əsla cəlb eləmir.
Ancaq söhbət əsil jurnalistikadan, ictimai məna daşıyan, oxucuya yol göstərən, cəmiyyəti kamilliyə səsləyən sanballı məqalələrdən gedir. Elə məqalələr olur ki, elin qayğılarından yaranır,qəlblərə yol tapır, əsil hadisəyəçevrilir, əldən-ələ gəzir, müvafiq qurumları tərpədir, konkret tədbir görülməsinə yol açır. Bax, belə hallarda mətbuat dördüncü hakimiyyət rolunu görür və dördüncü hakimiyyət adalnır.
Camal Zeynaloğlunun "Ağrılı düşüncələrim" kitabında ölkənin ictimai-siyasi həyatına fəal təsir edən, müəyyən sahələrdə sistem halında kök salmış qüsurları, yanlış iş üslubunu açıb göstərən yazılar geniş rəğbət qazanır və bu zaman jurnalistika əslində dördüncü hakimiyyət rolunu oynayır.
Bəllidir ki, üç hakimiyyət növü mövcuddur. Qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Onların hər birinin rəsmi statusu, konkret təsir sahəsi və üsulları vardır. Dördüncü hakimiyyət saydığımız jurnalistikanın isə belə statusu yoxdur. Mətbuatın rolu ictimai-siyasi dəyəri və cəmiyyətə təsir gücü ilə əsaslanır. Jurnalistikaya dördüncü hakimiyyət anlayışını ilk dəfə on səkkizinci əsrdə -1776-cı ildə ingilis filosofu və publisisti Edmund Bek gətirmişdir. E.Bek dördüncü hakimiyyət deyiləndə jurnalistikanın hakim dairələrə nəzarət funksiyasını nəzərdə tuturdu.
Sonralar bu barədə bir sıra fikirlər söylənilmiş, hətta "xalqdan sonra birinci hakimiyyət mətbuatdır" deyənlər də var idi. Mətbuata dördüncü hakimiyyət funksiyası rəsmi qaydada verilmir, dərin ictimai məna daşıyan sanballı yazılarla bu mərtəbəni özü qazanır. Axı mətbuat ictimai rəyin formalaşmasına ən güclü təsir edən bir qurumdur. Əbəs demirlər ki, mətbuat həyatın güzgüsüdür. Məhz buna görə də müdrik H.B.Zərdabi yazırdı ki, "hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun... yaxşı-yamanlığın aşkar eləsin", xalqın "hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün".
Hələ ötən əsrin əvvəlində, xüsusən əsrin ikinci yarısında ictimai mahiyyət daşıyan belə yazılar istər oxucunun, istərsə də müvafiq rəhbər orqanlarının diqqətini cəlb edir, bir qayda olaraq irəli sürülən nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görülürdü. Bu sahədə ulu öndər Heydər Əliyev çoxcəhətli fəaliyyəti ilə hamıya nümunə göstərirdi.
Gözəl bir ənənə var idi. Mətbuatın dəyərli çıxışları
iləəlaqədar konkret
tədbirlər görülür,
müntəzəm surərdə
redaksiyaya cavablar verilirdi. Bu kitabı tərtib eləməklə
demək istəyirik ki, bizdə jurnalistikanın dördüncü
hakimiyyət dövrü
olub və bu da ölkəyə
heç də az fayda
gətirməmişdir.
Jurnalist sadəcə məqalə
yazan mirzə deyildi. Öz dəyərli axtarışları
ilə müəyyən
problemlərin həllinəçalışır,
məhz dördüncü
hakimiyyət rolunda ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, kitaba toplanan yazıları nəzərdən
keçirir, mövzuların,
məqalələrin istiqamətinə
verilən cavabların,
görülən tədbirinin
mahiyyətinə baxırsan.
Jurnalistin fəaliyyət
dairəsi necə də genişdir!
Jurnalist - yollar boyu ağaclar
əkir.
Jurnalist - yarımçıq obyektlərin
inşasını sürətləndirir.
Jurnalist - İstehsalatdakı cinayətin
üstünü açır.
Jurnalist
- Teatrın repertuarını
təmizləyir,
Jurnalist - Mənzil bölgüsündə
hərc -mərcliyi ifşa edir.
Jurnalist - Qədim abidələr aşkarlayır.
Jurnalist - Qəhrəman Mübariz İbrahimova mənzil muzeyi düzəldir.
Jurnalist - Partizan Tahir İsayevə abidə qoyur.
Bütün bunlar və onlarca digər yazılar barədə nüfuz sahibləri tərəfindən verilən
cavabları oxuduqca iftixarla deyirsən. Jurnalistika
öz dövründə
dördüncü hakimiyyət
rolunu necə cəsarətlə, ləyaqətlə
yerinə yetirirdi!
Görünür kütləvi mətbuat haqqında qanunlara yenidən baxılmalıdır. Demokratik cəmiyyətdə
jurnalistikanın rolunun
yüksəldilməsi, ona
rəsmi qaydada dördüncü hakimiyyət
funksiyasının verilməsi
çox yaxşı olardı.
Oxuculara təqdim olunan "Ağrılı düşüncələrim"
kitabındakı materiallar
və ötən əsrin sonlarında fəaliyyət göstərmiş
onlarca jurnalistin, mətbuat orqanının nümunəsi buna əsas verir. Yaxşı ənənələri
isə yaşatmaq, inkişaf etdirmək lazımdır.
Camal Zeynaloğlunu
xeyli vaxtdı tanıyıram. 90-cı illərin ortalarından.
Qəzetdə işləyirdi, özü
də müxbir kimi. mən
onu ciddi, təvazökar, işinə
inamla yanaşan, yeri gələndə mübarizə aparan bir jurnalist kimi,
qələm adamı kimi tanımışam. Və bu gün də
belədir.
Tale elə gətirdi ki, Camal müəllimlə
mən haradasa 5-6 il bir-birimizi
görmədik. Yəni hər
birimiz öz işimizlə məşğul
idik. Mən İçəri Şəhərdə Azərbaycan
Ensiklopediyasında işləyirdim.
Ara-sıra kitablar çap
eləyirdik. Günlərin bir günü ensiklopediyanın qabağında
Camal Zeynaloğlu ilə görüşdüm.
Hal-əhval tutduq.
Məlum
oldu ki, sən demə, o, elə ensiklopediyaya bitişik binada işləyirmiş. Beləcə münasibətimiz yenidən
bağlandı. O, biləndə
ki, mən yenə kitablar çap eləyirəm, çox sevindi. Dedi ki, mənim
çapa hazırlanmış
çoxlu kitablarım
var. İnşallah, biz görüşəcəyik.
Sonralar iş birliyimiz başladı. Və mən Camal müəllimin Aqata Kristinin "Baş nazirin oğurlanması" adlı
tərcümələr toplusu,
"Tanrı cəzası",
Ölüm doğmalığı",
Nakam məhəbbət",
"Həqiqət işığında",
"Talelər dünyası",
"Gecikmiş sevgi",
"Qarabağ dərdi
- erməni vandalizmi",
"Xeyixah əməllər
yolçusu" kitablarını
çap elədim. Onu da qeyd edim
ki, Camal müəllim çox zəhmətkeş, öz
üzərində işləyən
bir qələm adamıdır, jurnalistdir.
Mən onun kitablarını işləyəndə şahid
oldum ki, o, bir jurnalist kimi
hər şeyi ölçüb-biçən, reallığa dəqiq qiymət verən adamdır. C.Zeynaloğlunun yaradıcılığı çox rəngarəngdir,
çox sahəlidir.
O, hər şeydən
yazır: Qarabağdan,
ağrılı yerlərimizdən,
kasıbçılıqdan, məhəbbətdən, insan
münasibətlərindən, cəmiyyətin sosioloji və psixoloji həyatından, günümüzün
reallıqlarını əks
etdirən ağrılı-acılı
problemlərindən və
s.
Tanışlığımız zamanı məlum oldu ki, Camal
müəllim həm də gözəl pedaqoq və psixoloq olub. O, gənc
nəslin təlim-tərbiyəsi
yolunda gecə-gündüz
işləyib, şagirdlərinin
gələcəkdə cəmiyyət
üçün layiqli
bir vətəndaşkimi
formalaşmasında bütün
bacarıq və səylərini əsirgəməyib.
Biz bunu onun
vaxtilə yazdığı
pedaqoji və psixoloji elmi məqalələrində də
aydın görürük.
Belə ki, Camal müəllimin hələ orta məktəbdə işlədiyi
dövrlərdə yazdığı,
"Sinifdənxaric oxu
və onun aparılması", "Xarici
dil tədrisinin məqsədi", "Şagirdlərin
yaş xüsusiyyətləri
və qabiliyyətlərin
formalaşması", "Şagirdlərə fərdi
yanaşma prinsipi",
"Şagirdlərin şüurlu
intizam tərbiyəsi",
"Şagirdlərin əmək
tərbiyəsi", "Mənfi
emosiyalar və onların aradan qaldırılmasında özünüələalmanın
rolu", "Təlim
fəaliyyətinin psixoloji
cərəyanı" və
s. kimi məqalələri
buna sübutdur.
Camal müəllimin bu kitabını çap etməmişdən qabaq özü məndən xahiş etdi ki, kitabına ürək sözlərimi yazım. Məmnuniyyətlə razı oldum. Çünki mən demək olar ki, onun bütün yaradıcılığına bələdəm. Özünü isə daha yaxşı tanıyıram. O, alicənab, humanist, yaxşı və etibarlı dost, yaxşı ailə sahibi və nəhayət gözəl insandır. Mən 20 ilə yaxındır ki, qələm adamları ilə işləyirəm. Hələ Camal müəllim kimi öz üzərində gərgin çalışan, yazı-pozudan qorxmayan, işini dəqiq bilən insan görməmişəm. Mən onun haqqında humanist sözünü elə-belə işlətmirəm. Çünki C.Zeynaloğlu həmişə bütün qələm adamlarına əlindən gələn köməyi təmannasız eləyir. O, olduqca çox sadə bir adamdır. Onun iş yerində də böyük hörməti var. Bir insan kimi hamı onun haqqında yaxşı fikirdədir.Amma, Camal Zeynaloğlu jurnalistdir, dördüncü hakimiyyətin nümayəndəsidir. Eşq olsun belə ziyalılarımıza, qələm dostlarımıza.
Allah hər adama qələm tutmağa istedad verməz, şükür qüdrətinə. O elə kəramət sahibidir ki, hər kəsə elə qəlbinə görə verir.
Nə isə, əziz qardaş, elə olduğun kimi də ol, belə daha yaxşıdı, ömrün uzun, canın sağ, qələmin iti, sözün kəsərli, işin asan, əlin qazanclı olsun ki, arvad-uşağın içində, dost-tanışın yanında utanmayasan. Çünki indi "dünya, zamana dəyişib" deyirlər, bu da mənim arzumdu, amma deyəsən adamlıq dəyişib, nə isə təki sən dəyişmə.
Mənim çox adam tərifləməkdən xoşum gəlmir, amma sən tərifini özündə gəzdirən kişisən, göz qabağındasan, ömrünə bərəkət.
Adam var gözləri zülmət içində,
Adam var xəyalı nur işığıdır,
Adam var təbiət bezib əlindən,
Adam var həyatın yaraşığıdır...
Camal müəllim, siz həqiqətən də həyatın yaraşığısız. Tanrı amanında!
Ədalət.-2015.-26 fevral.-S.6.