Ləzə-ağ donlu
gözəl
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
"Bu mərkəz Azərbaycanda ən böyük turizm mərkəzidir
və dövlət xətti ilə turizm infrastrukturna qoyulan ən böyük vəsait Qusar
rayonuna yatırılıb".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən sayımızda)
Gözəlliklər məskəni Ləzə
kəndinin adı dünyaya
yayılmaqdadır. Qışda buralar daha füsunkar
olur. Təsadüfi deyil ki, kəndin ərazisində yerləşən "Şahdağ"
qış-yay turizm kompleksinə gələn yerli və əcnəbi
turistlərin sayı durmadan artır. Mövsüm
başlayandan kompleksin
çeşidli və
yüksək keyfiyyətli
xidmətlərindən 25 mindən
çox turist istifadə edib.
Zirvələrdə böyük
inkişaf dövrü
Ölkədə turizm sektorunun inkişafına xüsusi önəm verilir. Təkcə paytaxt
Bakıda deyil, regionlarda da müasir turizm obyektlərinin, istirahət
mərkəzlərinin tikilməsi
Azərbaycanda bu sahəyə diqqətin artmasına nümunədir.
"Şahdağ" qış-yay turizm kompleksi kimi universal obyektlərin, otellərin inşa olunması ölkəmizdə turizm biznesinin inkişaf etdiyini, qeyri-neft sektorunda bu sahənin
xüsusi çəkisinin
ildən ilə daha da artdığını
təsdiqləyir. Belə böyük
layihələrin Qusarda,
digər rayonlarımızda
qurulması regionların
sosial-iqtisadi inkişafına
öz töhfəsini
verməkdədir.
Dövlət başçısı yanvarın sonunda növbəti dəfə
"Şahdağ" qış-yay
turizm kompleksinə səfər edərkən
burada görülən
işlərə yüksək
qiymət verib, qarşıda daha böyük hədəflərin
dayandığını diqqətə
çatdırıb:
"...Şahdağ kurort mərkəzində işləyənlərin
80 faizi yerli insanlardır, Qusar rayonunun sakinləridir. Yadımdadır, təməl
daşını qoyanda
demişdim ki, bu mərkəz, eyni zamanda, iş
yerlərinin yaradılmasına
xidmət göstərəcək.
Çünki turizm sektoru çoxsaylı iş yerlərinin açılmasına gətirib
çıxarır.
Nəzərə alsaq ki, biz hələ
birinci mərhələdəyik,
demək olar, bizim bütün planlarımız otellərin
tikintisi ilə artıq reallaşıb. Ancaq Şahdağ turizm mərkəzinin əsas fəaliyyət dövrü
bundan sonra başlayacaq..."
"Enerjili mövsüm" ili qeyd
olunur
Azərbaycanda builki qış
turizm mövsümünə
ötən il dekabrın 20-dən start verilib
və bu müddət ərzində
"Şahdağ" qış-yay
turizm kompleksinə 25
min nəfərdən artıq
turist gəlib. "Şahdağ" Kompleksi İdarəsinin Müştərilərlə
iş şöbəsinin
müdiri Aygün Həsənovanın sözlərinə
görə, turistlər
həftəsonları bura
gəlməyə daha
çox üstünlük
verirlər: "Gələn
turistlər arasında
xarici turistlərin sayı ötən ilə nisbətən bu il daha
çoxdur".
Aygün Həsənova "Şahdağ"da turistlər üçün bir çox əyləncə xarakterli əlavə xidmətlərin təşkil edildiyini də diqqətə çatdırdı. Şöbə müdiri bildirdi ki, belə tədbirlərdən biri "JAGUAR Snow Bowling" ekstremal yarışıdır: "Bu layihə "SaySome Production" və "JAGUAR Energy Drink" tərəfindən "Şahdağ" istirahət kompleksinin dəstəyi ilə təqdim olunur. Qışın ən ekstremal və maraqlı yarışının qaydalarına görə, iştirakçılardan biri iki kameralı böyük bir hava şarının içərisinə daxil olur, hansı ki, çox böyük sürətlə hündürdən aşağıda düzülmüş 3 metrlik nəhəng keqliləri dağıtmaq üçün dağdan aşağı atılır. Şarı həmin yola gətirən ikinci iştirakçı isə bütün gücü ilə şarın qabağında qaçır ki, altında qalmasın. Bu oyun Azərbaycanda və "Şahdağ" kompleksində ilk dəfə keçirilməsinə baxmayaraq böyük maraq doğurub". Yeri gəlmişkən, onu da vurğulayaq ki, belə əyləncəli oyunlarda iştirak edənlər "Paşa Sığorta" tərəfindən də sığortalanır, oyun zamanı iştirakçıların avtobus, yemək və s. xərclərini təşkilatçılar ödəyir.
Kompleks nümayəndəsi
"Şahdağ"da
qiymətlərin gün ərzində dəyişdiyini
də dedi. Kanat yollarından istifadə 08:00-dan 16:30-a kimi
25 manat, 08:00-dan 12:30-a kimi
15 manat, 12:30-dan 16:30-a kimi
isə 15 manatdır. Bu qiymətə bütün
kanat yolundan istənilən qədər
istifadə etmək olar. 1 dəfə
istifadə isə böyüklər üçün
10, (ancaq təcrübəsiz
kanat yolundan istifadə) uşaqlar üçün 6 manatdır.
Kompleksdə xizək yollarına
aparan 3 kanat istifadədədir. Kanatdan istifadə
etmək ücün ödəniş edənlər
3 kanat yolundan da istifadə edə bilərlər.
Turda növbəsiz xizək kirayələmək istəyən
turistlər mütləq
ən azı turun başlamasina 3 gün qalmışa kimi ad, soyad, boy, çəki, ayaq ölçüsü və
doğum tarixlərini
sifariş verdikləri
turizm şirkətinə
bildirməli və ödəniş etməlidirlər.
Xizək
kirayəsi 20 manata başa gəlir. Əks halda, onlar xizəklə
təmin olunmayacaqlar.
Bu qayda müştərilərin
növbəsiz rahat xizəklə təmin olunması məqsədilə
müəyyənləşdirilib. Xizəkdən istifadə qiyməti
vaxta görə bölünməyib, yəni
1 saatlıq və ya 1 günlük qiymət eynidir.
Qeyd edək
ki, "Şahdağ"
qış-yay turizm kompleksində rəngarəng
menyuları olan restoran turistlərin ixtiyarındadır. Bundan əlavə, kompleksdə
maşın dayanacağı,
tibb məntəqəsi,
xizək məktəbi,
bar, hotel, xizək-idman avadanlıqları
satılan dükan da fəaliyyət göstərir. Kompleksin özünə
isə giriş pulsuzdur.
Hazırda qış turizm mövsümünün ən
qaynar vaxtıdır. Ölkəmizdə fəaliyyət göstərən
"Şahdağ" qış-yay
turizm kompleksi turistlərin daha çox seçdiyi istiqamətdir. Turizm şirkətləri
də "Şahdağ"ı
diqqət mərkəzində
saxlayır, hər həftə sonları bu istirahət məkanına müxtəlif
turlar təşkil edirlər.
Azərbaycanda qış turizm sənayesinin yaradılması
və inkişaf etdirilməsi məqsədilə
"Şahdağ" qış-yay
turizm kompleksinin ilkin mərhələdə
istifadəyə verilmiş
hissəsində 2012-2013-cü ilin qış mövsümündən qonaqların
qəbuluna başlanılıb. Fəaliyyətə başladığı gündən
etibarən təxminən
200 minə yaxın yerli və əcnəbi
turist kompleksə səfər edib, Ləzə kəndinin ərazisində yaradılan
bu möcüzəyə
heyran qalıb. Təsadüfi deyil ki, Qusarın dağlar qoynunda yerləşən ağ donlu gözəli-Ləzə kəndi
təkcə Azərbaycanda
deyil, uzaq-uzaq ölkələrdə də
tanınmağa və
geniş təbliğ
olunmağa başlayıb.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2015.-27 fevral.-S.8.