ƏDƏBİ HƏYAT
MÜASİR AZƏRBAYCAN ROMANI
(icmal)
(Əvvəli
ötən şənbə saylarımızda)
Ömrünün ədəbi gənclik yaşı ilə vidalaşmayan Natiq Məmmədli də ilk romanını oxuculara təqdim edib. Biz onun hekayələr kitabı haqqında bir resenziya ilə çıxış etmişdik və yazmışdıq ki, Natiqdə həyatı müşahidə qabiliyyəti güclüdür, o, gerçəkliyin reallıqlarını bədii reallığa çevirə bilir, mükəmməl süjet təqdim etmək qabiliyyətinə malikdir, onun təqdim etdiyi obrazlar da bədii ümumiləşdirmə meyarına uyğundur. Onun "Körpüdə ümid" romanında həyati bir problem qoyulub və müəllif bu problemi bədii şəkildə, romanın tələbləri baxımından həll etməyə cəhd göstərmişdir. Romanda günümüzün, çağdaş dövrümüzün gerçək problemləri ilə qarşılaşırıq və Natiq Məmmədli onları ümumiləşdirmə meyarına uyğun olaraq bizə təqdim edir.
Nədir bu problemlər? Siz yəqin ki, böyük ədibimiz Nəriman Nərimanovun "Pir" povestini oxumusunuz. Kütlənin axın-axın, dəstə-dəstə Pirə böyük ümidlə pənah gətirməsi və axırda da onun daşa tutulması süjeti ilə tanışsınız. Bu əsər təbii ki, kütlənin şüurundakı dini fanatizmi məhv etməyə yönəldilmişdi və Nərimanovun bəlkə başqa bir məqsədi də yox idi.
Natiq Məmmədlinin romanında da insanlar Ümidqovan kəndinə-Pirə ziyarətə gəlirlər. O, bu Pirin yaranmasının müxtəlif versiyalarından tutmuş onu idarə edənlərin - icraçıların missiyalarına qədər təfərrüatı ilə nəql edir. Romanın sonunda bu pir də dağılır, amma Nərimanovun əsəri sırf realistik planda yazılmışdısa və məqsəd də o idi ki, beyinlərdəki xurafatı darmadağın etsin... bu romanda isə tamam başqa məqsəd güdülür.
"Ümid körpüsü" fanatizmin, ya xurafatın tənqidi və ifşasına həsr olunmayıb və sonda Ümid pirinin dağılması belə buna haqq vermir ki, deyək ki, gənc romançının da məqsədi böyük ədibimizin məqsədiylə eyni idi. Romanda reallıqla fantaziya, şüuraltı ilə şüur elementləri üslubu müəyyənləşdirən vasitələr kimi diqqəti cəlb edir. Müəllif cəmiyyətdəki kataklizmləri, mənəvi müflisliyi, insanların bir-birinə qənim kəsildiklərini daha sərt və kəskin planda, təbii ki, rəmzə, simvola ehtiyac duymadan da tünd boyalarla təsvir edə bilərdi. İnsanların ədalət axtarışları romanda bir neçə hadisənin timsalında ümumiləşdirilə bilərdi. Ədalət axtarışları varsa, deməli, bu, ədalətsizliklərin geniş masştabından xəbər verir. Amma sonda, məktubların oxunuşu prosesi qismən də olsa, həmin boşluğu aradan qaldırır.
Roman başa çatır, amma suallar bitmir. Ümidqovanın
axırı necə olacaq? Dünya düzələcəkmi?
Cavid Zeynallının "Leyla"sı. Cavan bir nasir -
Cavid Zeynallı da artıq iki romanın müəllifidir.
O, bir neçə hekayənin müəllifi kimi
tanınırdı, deyəsən, arabir şeir də
yazırdı. Amma hekayədə kifayət qədər talant
nümayiş etdirməmiş o, "Günəşi gözləyənlər"
adlı bir roman çap elətdirdi və tənqidçi
Əsəd Cahangir həmin romana "İnsan olmaq
lazımdır!" adlı kifayət qədər tərifli və
tanıdıcı bir məqalə həsr elədi
"Leyla" romanında müəllif mənəvi-əxlaqi
bir problem qaldırır və təqdim etdiyi qəhrəmanlarının
timsalında bu problemi bədii-estetik səviyyədə ifadə
etməyə çalışır. Müəllif bu romanın təqdimatında
söyləyib ki: "Leyla bir müğənninin
obrazıdır. Onun timsalında mən Azərbaycan
şou-biznesinin çağdaş durumunu və şou-biznes
mühitində bir insanın faciəsini göstərməyə
çalışmışam". Amma biz
belə düşünmürük. Çünki
şou-biznes aləmi (əslində, Azərbaycan mühitində
belə bir aləm hələ tam formalaşmayıb) məhdud
bir sahədir və bu məhdudluq özünü o dərəcədə
hiss etdirir ki, haqqında mənəvi-əxlaqi prizmada
danışmağa haqq vermir. Çünki
romanda qaldırılan problem "şou-biznes" problemindən
daha üstündür.
Roman bir jurnalistin bir şöhrətli müğənni
ilə tanışlığından başlayır, bu
tanışlıq getdikcə dərinləşir,
qarşılıqlı anlaşma halına da keçir. Qırılan
anlar da olur, anlaşılmazlıqlar da yaranır, amma bu
tanışlıq, sonra "eşq" münasibətləri,
daha sonra müğənniyə görə zorakılıq,
döyülmə faktı romanda təfsilatı ilə nəql
edilir. Romanın sonluğu heç bir
gözlənilməz hadisə ilə diqqəti cəlb eləmir
və müəllif, qəhrəmanı olan jurnalistin
"Leyla" romanını bitirdiyini söyləyir. Əlbəttə, biz Cavid Zeynallı ilə onun qəhrəmanı-jurnalist
Rəcəbi eyniləşdirmək fikrində deyilik.
Lakin yazıçı ilə onun qəhrəmanı
arasında fikir eyniliyi, hədəf müəyyənliyi nəzərə
çarpır və bu mənada Cavid Zeynallının
romanında, münasibətini və mövqeyini açıq
şəkildə bildirməsə də, müəlliflə
onun qəhrəmanı arasında həmrəyliyi hiss edirik.
Cavidin romanına qəhrəman konsepsiyası
nöqteyi-nəzərindən yanaşdıqda, ilk növbədə,
onun təqdim etdiyi obrazların yaşadığı, fəaliyyət
göstərdikləri mühiti də nəzərə
almalıyıq. Bu mühit ziyalı mühitidir, lakin orada
işıq, müsbət ideal, yəni o dövrdə bizim
axtardığımız işıq və ideal nəzərə
çarpmır. Sadəcə olaraq bu
ziyalı mühitinin işıqlı tərəfləri yox,
işıqsızlığı canlandırılır.
"Leyla" romanını biz Cavidin gələcək əsərləri
üçün yaxşı mənada bir məşq hesab
edirik.
VARİSİN
ROMANLARI. İkimininci illərin əvvəllərində Azərbaycan
oxucuları yeni bir romançı ilə də tanış
olmaq imkanı qazandılar. Bu, "Sonuncu ölən ümidlərdir",
"Bir ovuc torpaq", "Sənə inanıram" və
"Metamorfoz" romanlarının müəllifi Varisdir.
Varisin
romanları oxunan romanlardır və o, bunu əyani sübut eləmək
üçün hər romanının ilk səhifələrini
"Oxucu sözü"nə ayırır.Azərbaycanlı
və hətta dünyanın müxtəlif xalqlarına məxsus
oxucular birmənalı şəkildə təsdiq edirlər
ki, "əsər təsirlidir", "mən bu dərəcədə
maraqlı kitab oxumamışdım", "bu həyatda
tüğyan edən hadisələri belə gözəl qələmə
aldığınız üçün sizə minnətdarlığımı
bildirirəm", "əsərdən çox zövq
aldım", "romanı çox bəyəndim, əla
romandır", "sizin kitabı böyük çətinliklə
əldə etdim. Çox maraqlı, ürəyə
toxunan əsərdir. İnanın, göz yaşları
içində oxudum", "Metroda, avtobusda, işdə, evdə,
harada boş vaxtım olurdusa, dərhal açıb sizin
kitabınızı oxuyurdum" və s. və i.a. Geniş
oxucu marağının (mən Varisin kitablarının ilk səhifələrində
öz ürək sözlərini ifadə edən müəllifləri
nəzərdə tuturam) sirri nədədir? Fikrimizcə,
burada heç bir sirr, müəmma yoxdur. Sadəcə
olaraq bir qisim oxucular var ki, onları romanda təsvir olunan
gözlənilməz hadisələr, macəralar, bir az sevgi, bir az kriminal olaylar maraqlandırır və
bu marağı da Varis layiqincə ödəyə bilir.
Varisin "Bir ovuc torpaq" və "Sənə
inanıram" romanları haqqında nə deyə bilərik? Sərt bir tənqidçi
ədası ilə bu romanların əyləndirici, yalnız
bir zaman kəsiyinin romanları kimi təhlil etmək fikrindən
uzağıq. İnsafən,"müasir cəmiyyətin
bədii təhlili" bu romanlarda az-çox hiss edilir, duyulur,
ancaq hansı aspektdən? Bax, məsələ
burasındadır. Sosial problematika var, biz
bu romanların əksər səhifələrində
yaşadığımız cəmiyyətdə baş verən
xaosu, hərcmərcliyi görürük. İnsanları
qətl törətməyə, cinayətə sürükləyən
səbəblər də gizli qalmır.Uəmiyyətdə
bir-birindən fərqli ayrı-ayrı zümrələrin yaşayış
tərzi, dünyabaxışı, müxtəlif nəsillərin
bir-birinə münasibəti də romanlarda öz əksini
tapır.Və bu romanları oxuduqca, oradakı hadisələrin
və insan talelərinin izinə düşdükcə, deyə
bilərik ki, "burası Azərbaycandır". Başlıcası odur ki, bütün bu hadisələri
biz hər gün mətbuatdan, televiziyadan izləyirik, amma
olmuşlar və gerçəklər bədii formada təqdim
ediləndə başqa təsir bağışlayır.
Varis öz romanlarında bir qurucu və bədii tikinti
ustası kimi pis işləmir. Adi, normal roman
poetikası baxımından nəzər yetirdikdə ciddi bir
qüsur tapa bilməzsən. Süjet də
öz axarı ilə gedir, düzgün qurulub və o, təsvir
etdiyi obrazların heç birinin taleyinə etinasız
qalmır. Son nöqtə qoyulur və
intizarlı anlar da ötüb keçir.
Bayaqkı
sualımıza qayıdıram: "Baxır hansı aspektdən?"
Bax, bu məqamda üzümüzü Varisə tutub deyirik:
Sizin romanlarınızda cəmiyyətin, bu cəmiyyəti təşkil
edən insanların hərəkətləri, əməlləri,
bir-birilə üzdə olan münasibətləri
yaxşı təsvir edilib. "Bir ovuc
torpaq"dakı Zaur-Nicar-Anar xətti macəravi üsulla diqqəti
cəlb etsə də, hər halda, maraqlıdır. Ammagbütün bunlar sadəcə, maraqlıdır,
dərinliyinə varandagnəsə
çatışmadığını hiss edirsən. Nədir bu çatışmayan? Cinayətlər, qətllər, xaos, hərc-mərclik,
gizli mafiyalar, "burası Azərbaycandır"ın
qaranlıq görüntülərü-hər şey varkən,
çatışmayan nədir? Dərin,
sosioloci, psixoloci bədii təhlillər görmürük.
Obrazların daxili dünyası bizdən gizli
qalır. Hərəkət,
qarşılıqlı münasibətlər fonunda
obrazların düşüncə arsenalından təcrid
olunmasını seyr edirik. Hər iki romanda hadisəçilik
deyilən BƏLA obrazların iç dünyasına gedən
yolu bağlayır.
Qan Turalının "Mustafa" romanının
süjetində də ilk baxışda uğursuz bir sevgi macərasının
təsviri durur. Mustafa tələbə yoldaşı Nilufəri
sevir və bu sevgi heç cür alınmır. Amma
müəllif heç də sevgi romanı
yazmamışdır,ona görə də
romanda iki xətt bir-birilə çulğaşmır. Birinci
xətt: müəllif bir süjet daxilində həyat,
ölüm, ölkədə baş verən ictimai-siyasi hadisələr,
tarixi həqiqətlər və s. haqqında
düşündüklərini oxuculara çatdırmaq istəmişdir.
İkinci xətt: əzabla yaşamağın "ləzzəti"ni duyan bir insanın hissləri təsvir olunur. "Bir insan sevgisiz yaşamaq istəyirsə, burax
yaşasın. Ömrünün
axırına kimi. Qoy bunun ləzzətini
çəksin. Acılarla, əzablarla
yaşamağı çoxdan öyrənmisən". Amma biz "acılarla, əzablarla yaşayan"
yeni bir sevgi qəhrəmanının, deyək ki, müasir
Qeysin yox, sevgidən daha çox dünyanın gedişatı
barədə düşünən bir "filosof"u
görürük. Bu qəhrəman
doğrudan da düşüncə adamıdır, onun
ayrı-ayrı fikir və mülahizələri
maraqlıdır, hətta öz həmfikirləri ilə
ictimai-siyasi bir "təşkilatda" fəaliyyəti də
pis təsir bağışlamır. Amma roman
poetikasına bələdsizlik, sücetdə
dağınıqlıq, pərakəndəlik, lüzumsuz təsvirlər
"Mustafa"nı roman kimi yox, bir tələbənin
təəssüratları kimi oxudur.
Bəs hanı əsrimizin qəhrəmanları?
XXI əsr. Təzadlı, mürəkkəb, hər günü sevincdən çox kədərin, insanlıqdan çox antihumanizmin, qızılgüldən çox qaratikanın, oyuncaqdan çox raketlərin, bombaların əsri. Milli dəyərlərin, mənəvi sərvətlərin "qloballaşma" adı ilə az qala gözdən salındığı bir əsr. Lokal müharibələrin meydan suladığı bir əsr. Gözümüzün önündəcə məmləkətimizin-onun cənnət bir guşəsi olan Qarabağımızın işğal olunduğu bir əsr. Sosializm məngənəsindən qurtulub vaxtilə lənətlədiyimiz kapitalizm burulğanına düşdüyümüz bir əsr- hələ də keçə bilmədiyimiz "keçid dövr"nü yaşadığımız bir əsr. Villaları göz oxşayan sərvət sahiblərinin və qul bazarlarında iş axtaran yoxsulların birgə yaşadıqları əsrimiz..Bədii sözün kəsərinin azaldığı, söz oyunbazlığınınsa şiddətləndiyi əsrimiz.
Əsrimizdə kimi qəhrəman sayırlar? Bax, budur məsələ!
Bəs siz hansı ədəbi qəhrəmanları, sözün əsl mənasında XXI əsr insanını (o insan ki, yaşadığımız bu gerçəkliyin ucalığında dursun. O insan ki, qoy mürəkkəb, çətin bir həyat yolu keçsin, səhvləri də olsun, amma o, bizim həyatımızın ruporuna çevrilsin - çağırışla, direktivlə, qərarla yaradılan "müsbət qəhrəman" yox, bütün ziddiyyətləri ilə İnsan-Qəhrəman olsun!) ədəbiyyata gətirmisiniz? Milli Qəhrəmanımız Mübariz İbrahimovun böyük hünəri, misilsiz şücaəti müqabilində elə bir ədəbi qəhrəman yaratmısınızmı o həyatdan ədəbiyyata gəlsin?
Ey roman yazan gənc ədiblər, kifayətdir öz içində boğulan, dərdini ancaq ürəyində daşıyan, dabanına tikan batanda fəryadı ərşə qalxan zəif, cılız insancıqları, "lümpen proletarlar" cinsinə mənsub hər cür əxlaqsız, mənəviyyatca pozğun adamları təsvir etdiyiniz. Bizə Aqşin Yeniseyin Leş Əlisi, Əli Əkbərin Muradı və Şeylası, Rasim Qaracanın şəhvətçi "qəhrəmanları", Sevinc Pərvanənin Almazı lazımmı? Bu leş sürüsü oxucu zövqünü bəsitliyə yuvarlamırmı? Bəsdir Qərbdən əsən yabançı küləklərin, "izm"lərin təsiri altına düşdüyünüz. Qərb ədəbiyyatından öyrənməyi heç kim sizə qadağan edə bilməz, amma milli dəyərləri yabançı "izm"lərin dəyirmanında da üyütməyin.Siz "yeni ədəbiyyat", "yeni roman" elə bizim yaratdıqlarımızdır" deyirsiniz, hətta bəziləriniz ata-babalarınızın sevə-sevə oxuduğu, tərbiyə və mədəniyyət əxz elədiyi ədəbiyyatı inkar edirsiniz, "bu, tərəkəmə ədəbiyyatıdır" deyə dodaq büzürsünüz. Amma düşünün ki, bu ədəbiyyatın yetirdiyi Nizami, Nəsimi, Füzuli zirvələri dünya ədəbi nəhənglərinin ucaldığı zirvələrlə yanaşı durur.
Əlbəttə, Azərbaycan ədəbiyyatı və Azərbaycan romanı dünya əldəbi prosesindən təcrid olunmamalıdır, amma biz Dünya Ədəbi Qatarına öz milli ədəbi dəyərlərimizlə qoşulmalıyıq.
ədalət.-2015.-28 fevral.-S.15.