"Hər dəfə Bakıya dönəndə..."
"Təyyarəni ən təhlükəsiz
nəqliyyat vasitəsi sayıram"
"Turne" verilişinin müəllifi Mirsəməd Cəfərli: "Təəssüf ki, bu gün şou-proqramlar telekanallara daha çox reytinq qazandırır"
Yerli telekanallardakı
verilişlərin sayı
çox olsa da, maraqlı və məzmunlu proqram qıtlığı
var. Yaxşı telelayihə
isə tamaşaçı
gözündən yayınmır. Bizim ATV-də
yayımlanan "Turne"
yaxşı mənada
seçilən proqramlardandı.
Elə ona görə də "Turne" vasitəsi ilə dünyanın müxtəlif
ölkələrini, gəzməli-görməli
şəhərlərini tamaşaçılara
göstərən, uzaq
elləri bizə yaxın edən Mirsəməd Cəfərlini
oxucularımıza daha
yaxından tanıtmaq
istədik.
Düzdü, Mirsəməd Cəfərli
teleməkanda təzə
sima deyil, uzun müddət müxtəlif telekanallarda
çalışıb, Lider
TV-nin bir neçə xarici ölkədə, həmçinin
Avropa İttifaqı yanında Daimi Nümayəndəliyində təmsilçisi
olub. 2013-cü ilin ortalarından start verdiyi yeni telelayihəsində xarici məmləkətlərdə
görməyə alışdığımız
müsahibimizlə şəhərimizin
sakit guşələrindən
birində görüşdük.
- Mirsəməd bəy, xoş gördük, nə əcəb Azərbaycandasız?
- Arada buralarda da olmaq lazımdı...
Zarafat öz yerində, amma xarici ölkələrdən
çəkdiklərimi montaj
eləmək, proqramları
hazırlamaq üçün
Bakıya gəlmək
vacibdi. Siz zəng edəndə
Omandan yenicə qayıtmışdım. "Turne"mizdə işlər
elədir ki, səfərlər çox
da uzun çəkmir,
bəzən bir həftəyə, bəzən
də 10 günə çəkilişləri yekunlaşdırıb
qayıdıram. Bu da seçilən marşrutdan, getdiyim ölkədə maraqlı
yerlərin çoxluğu
və azlığından
asılı olur.
- Tanış etmək istədiyiniz ölkələri,
səfər marşrutlarını
hansı ardıcıllıqla
seçirsiz?
- Mən "Türk Hava Yolları" şirkəti ilə əməkdaşlıq edirəm.
Məlum
olduğu kimi, "Türk Hava Yolları" dünyanın
ən çox ölkəsinə uçuşlar
edən şirkətlərdən
biridi. Marşrutları seçərkən təbii ki, bu şirkətin təklif və məsləhətlərini nəzərə
alıram. Elə ölkələr
və ya şəhərlər var ki, oraya konkret
mövsümlə bağlı
getmək daha məqsədə uyğundur.
Məsələn Finlandiya
yeni il
ərəfəsində maraqlıdır.
Ona görə də tamaşaçıları
Şaxta babanın vətəni Laplandiya bir qədər də yaxından ilə tanış
etmək üçün
Finlandiyaya dekabrın sonlarında getmək maraqlı olur.
Bəzən də təkliflər dövlətlərin özündən
gəlir, onlar öz ölkələrini
təbliğ etmək,
Azərbaycan turistlərinin
marağını artırmaq
üçün təklif
göndərirlər və
mən də bunu dəyərləndirməyə
çalışıram. Bu gün bir çox
ölkələr son dövrlər
azərbaycanlıların səyahətə
olan marağının
artdığını müşahidə
etdiklərindən istirahət
məkanlarını, tarixi
yerlərini və mətbəxlərini bizim
turistlərə tanıtdırmaq
istəyirlər. Çalışırlar ki, Azərbaycandan öz ölkələrinə
daha çox turist cəlb etsinlər, ona görə də "Turne" ilə əməkdaşlıqda maraqlıdırlar.
Bu gün Argentina, Kuba kimi ölkələr
Azərbaycanda səfirliklərini
açıblar, dövlətlərarası
əlaqələrə önəm
verirlər. Artıq Argentina tərəfdən dəvət
almışıq və
yəqin ki, "Turne" həmin ölkədən silsilə
reportajlar hazırlayacaq.
Son günlər Kuba da dünyaya
açılır, münasibətləri
bərpa edir. Kuba mənə çox cəlbedici gəlir.
- Bu gün yerli və əcnəbi telekanallarda belə demək mümkünsə,
oxşar verilişlər
az deyil,
deməli həm də rəqabət var. Rəqabətdən qorxmursuz?
- Təəssüf ki, bu gün tamaşaçı
kontingentinin bəlli bir hissəsi xarici kanalları izləməyə üstünlük
verir. Onların sayı gündən
günə artdığı
üçün bu acı reallığa görə həqiqətən
də təəssüflənməyə
dəyər. Amma bir məsələni də nəzərə almaq mütləqdir, axı tamaşaçılarımızın heç də hamısı rus, ingilis və digər xarici dilləri bilmir. Əgər izləyici yerli telekanalda dünyanın müxtəlif ölkələrini
tanıdan, tarixi, maraqlı məkanları göstərən və öz doğma ana dilində olan proqrama baxmaq
imkanı qazanırsa bunun nəyi pisdir ki? Rəqabətə gəlincə...
Layihəyə başlamışamsa deməli, rəqabətdən
çəkinmirəm. "Turne" iki
mövsümdür ki,
uğurla davam edir və baxılır.
Konkret bizim kanallarda mövzu baxımından oxşar veriliş ola
bilər, lakin fərqli cəhətlər
də çoxdur.
- Məsələn...
- "Turne"də bizi
izləyən tamaşaçıları
təkcə maraqlandırmaq
yox, həm də maarifləndirmək,
hər dəfə yeni və lazımlı
məlumat vermək istəyirəm. Yerli teleməkanda maarifləndirici
verilişlərə ehtiyac
olduğuna əminəm.
Ona görə də çalışıram tamaşaçılar
bizim verilişdən nələrisə öyrənsin.
Sözün açığı,
bu iş özümə də ləzzət edir. İnsan sevdiyi işlə məşğul olanda cəmiyyət də bundan xeyir görür.
ATV rəhbərliyi sağ
olsun ki, "Turne"ni hazırlayan,
araya-ərsəyə gətirən
komandaya hər cür şərait yaradır. Onlar bizim proqramın
maarifçilik missiyasını
düzgün dəyərləndirir.
Təbii ki, mən də
bizim telekanallarda insanları düşündürən,
maarifləndirən proqramların
çox olmasını
istəyirəm. Amma təəssüf ki, hələlik şou xarakterli verilişlər üstünlük
təşkil edir və reytinq qazandırır.
- "Çox oxuyan
çox bilməz, çox gəzən çox bilər"- zərb-məsəlini bu gün də aktual hesab etmək
olarmı?
- Əlbəttə olar. Azərbaycan digər sovet respublikaları kimi bir müddət qapalı rejimdə yaşayıb. İndi isə durum tam fərqlidi, dünyanın istənilən nöqtəsinə getmək, yeni ölkələr görmək və müxtəlif mədəniyyətlərlə tanış olmaq asanlaşıb. Xüsusən gənclərimiz xarici ölkələrdə təhsil almaq, dünyaya daha fəal və sürətli inteqrasiya olunmaq fürsəti qazanıblar, həqiqətən də onların qarşısında geniş imkanlar açılıb. Bu baxımdan indiki gəncliyi şanslı sayıram.
- İki televiziya mövsümüdür ki, "Turne" efirdə nümayiş etdirilir. Bu müddətdə tamaşaçıları neçə ölkəyə qiyabi səyahətə aparmısız?
- 20-dən çox ölkə bizim proqramda təqdim olunub. Uzaq Cənub-Şərqi Asiya ölkələri həm proqramın müəllifi , həm də səyahətlə maraqlanan bir insan kimi məni daha çox maraqlandırır. Onlar ötən əsrin 70-ci illərindən sonra turizmi inkişaf etdirməyə başlayıb və artıq bu sahədə böyük uğurlar əldə etməyi bacarıblar. Ada dövləti olan Sinqapuru xüsusi qeyd edə bilərəm, az müddətdə bu kiçik ölkə böyük ilklərə imza atıb. Nəqliyyat sistemi elə dəqiq qurulub ki, avtomobillərin həddindən artıq çox olmasına baxmayaraq şəhərdə bir dəfə də tıxaca düşmürsən. Sinqapurluların qanunlara ciddi əməl etmələri və qənaətcil olmaları xüsusilə diqqət çəkir.
Bayaq dediyim kimi, Omandan yeni qayıtmışam və orda gördüklərim də marağıma səbəb oldu. Oman əhalisinin sadəliyi insanı cəlb edir, neftlə zəngin digər ərəb ölkələrindən fərqli olaraq Oman camaatı təkəbbürlü deyil. Torpaqlarına, tarixlərinə çox bağlıdırlar, İslamı ilk qəbul edən ölkələrdən biri olmaqları ilə fəxr edirlər.
- Gəzdiyiniz müxtəlif ölkələrdə insanlarla ünsiyyət problemini necə həll edirsiz?
- İngilis dilini mükəmməl dərəcədə mənimsəməsəm də ünsiyyət qura bilirəm. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirməyim, ərəb və fars dillərini bilməyib bəzi ölkələrdə köməyimə gəlir.
- İşinizin xüsusiyyəti elədir ki, tez-tez səfərə çıxır, yolda olursuz. Hər dəfə səfər başlayanda hansı hisslər keçirirsiz?
- Təyyarə havaya qalxmağa başlayanda həmd-surə oxuyuram. Allahın gözəl kəlmələri ilə başlanan yolun sonunda həmişə uğur var. Uçuş müddətindən asılı olmayaraq təyyarədə heç bir narahatlıq-filan keçirmirəm, çünki mənim fikrimcə ən təhlükəsiz nəqliyyat vasitəsi elə təyyarədir.
- Bəs geri dönərkən sizdə hansı hisslər yaşanır?
- Doğma məmləkətinə, ocağına, ailəsinə qayıdan bütün normal insanlar hansı hislər keçirirlərsə mən də o hissləri yaşayıram. Əvvəllər xaricə gedəndə çox məsələlərə görə oradakılara həsəd aparırdıq. Azərbaycanın iqtisadi qüdrəti artdıqca ölkəmiz həqiqətən də sürətlə inkişaf edir və həsəd aparmalı az məsələ qalıb. Hesab edirəm ki, bəzi xırda-para nöqsanlar da zamanla düzələcək.
Ədalət.-2015.-28 fevral.-S.14.