Müasirliyin ünvanı - Ağcabədi

 

"Respublikamızın hər bir bölgəsinin, o cümlədən Ağcabədinin uğurlu inkişafı bizim qarşıya qoyduğumuz əsas məqsədlərdən biridir".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Kürün körpüsündən keçib gedən yolla üzü bağlara tərəf hərəkət edirəm. Əslində bu yol dağlara gedən daha doğrusu, dağları mənə yaxınlaşdıran yolların bəlkə ən uzunudu. Çünki torpaqlarımızın işğalı həmin o qısa yolların qarşısında bir səngər qurub. O səngəri keçmək üçün döyüşmək lazımdı. Biz təbii ki, bütün gücümüzlə Ali Baş Komandanın rəhbərliyi altında hər gün, hər an o döyüşə hazırlaşıb əmr gözləyirik. Bax, belə bir durumda olduğumuz üçün Kürün üstündən keçən yolu bir az fikirli, bir az xatirələrin qoynunda qət edirəm. Taxta körpü deyilən ərazini keçəndən sonra yol bir az da rahat olur. Hiss edirsən ki, bu yolun sahibi var, bu yola diqqət yetirilir. Yolun sol tərəfi meşəlikdi. Sağında kəndlər, yaşayış evləri görünür. Bu görünən kəndlərə ayrılan yolların durumu özü-özlüyündə olduğum bölgənin növrağından xəbər verir.

Bəli, bu da giriş qapısı. Bura Ağcabədidi. Mən böyük həvəslə gəldiyim bu ulu məkana həmişəki kimi yenilik axtarışıyla, yenlik görmək istəyiylə dörd gözlə baxıram. İstəyirəm ki, son aylarda nələr baş verdiyinin diqqətimdən qaçırmayım. Çünki bura 15-20 il bunan öncəki Ağcabədi deyil. Bura 5 il bundan öncənin Ağcabədisi deyil. Bura əslində elə bu günün lap içərisində olduğumuz zamanın Ağcabədisidi. Mən qədimliyinə, böyük ziyalı potensialına sonsuz ehtiram bəslədiyim Ağcabədinin bu gününü daha çox sevirəm. Çünki o, az qala mənim gözlərimin önündə yenilənir, təzələnir, müasirləşir.

Şəhəri gəzib dolaşıb mərkəzi meydana gəlirəm. Diqqətimi bir yerə cəm olmuş adamlar çəkir. Onlara yaxınlaşıram. Neçə illərdi tanıdığım Rövşən Əhmədov partiyadaşları ilə birlikdə Ulu Öndərin muzey kompleksinin önündə barədəsə fikir mübadiləsi edir. Salam verirəm. Bu insanlar arasında məni tanıyanlar da var, tanımayanlar da. Rövşən müəllimlə görüşüb hal-əhval tuturuq. O, məni YAP-ın təmsilçilərinə təqdim edir. Mən öz növbəmdə hər kəsi uğurla başa çatan Birinci Avropa Oyunları münasibəti ilə təbrik edirəm. Sonra birlikdə YAP-ın binasına doğru addımlayırıq. Rövşən müəllim ətrafa maraqla baxdığımı görüb deyir:

- Yəqin televizorda izlədiniz. Bizdə çox möhtəşəm mərasim keçirildi. Az qala bütün Ağcabədi məşəli qarşıladı. Rayonumuzun sakinləri uzun müddət həmin coşqulu anları unutmayacaq. Çünki həm respublika səviyyəsində, həm dünya səviyyəsində unudulmaz bir tarix olan həmin o məşəlin alovlanması bizi özümüzü ətrafımızı tanımaq üçün səfərbər etdi. Rayonun bütün kəndlərində, qəsəbəsində, şəhər mərkəzində yaradılan şərait, aparılan abadlıq işləri bayramı bir az da rövnəqləndirmişdi. Hər yerdə səliqə-səhman, necə deyərlər, göz oxşayan bir mənzərə var idi. rayonumuzun icra hakimiyyətinin başçısı Şahin Məmmədovun xüsusi diqqət ayırması bizləri bir komanda olaraq səfərbər etmişdi. Bax, bu meydanda həmin anların müəyyən təəssüratları indi qalmaqdadı. Yəni gördüyünüz səliqə-səhman, aparılan abadlıq işləri Ulu Öndərimizin abidəsinin ətrafındakı bu göz oxşayan mənzərə yəqin ki, sizin ürəyinizcədi.

Rövşən müəllim söhbət etdikcə mən bir az da artıq maraqla son iki-üç ayda Ağcabədidə baş verən dəyişiklikləri yaddaşıma köçürürəm. Təkcə icra hakimiyyəti binasının yerləşdiyi ərazidə çox möhtəşəm işlər görülüb. Bu ərazinin önündə olan meydanın hər iki ala qapısı bir kompleks kimi inşa olunub. Döşənən tamet daşlar, səki, milli ornamentli bölgülər, üstəlik icra hakimiyyətinin binası ilə üzbəüz olan inzibati binaların, xüsusilə məktəbin ümumi ansambılda çox xoş ovqat yaratması danılmazdı. Sadəcə, bu kompleksi görmək ona sevgi ilə baxmaq lazımdır ki, yaradılmış şəraiti qiymətləndirə biləsən.

Mən elə bu məqamda fürsətdən istifadə edib həmin meydandakı yaşıllıqlara, güllərə qulluq edən adamlara yaxınlaşıram. Havanın isti olmasına baxmayaraq, bir neçə nəfər ətrafda necə deyərlər, havanı nəzərə almadan adamın ruhuna musiqi kimi hopa biləcək bir yanaşmayla əkdikləri gülləri suvarır, qurumuş yarpaqları, solmuş çiçəklərin ovulub tökülən ləçəklərini yenidən torpağa qarışdırmaq üçün səylə çalışırdılar. Özümdən asılı olmadan onlara yaxınlaşıram:

- Yorulmayasınız, - deyirəm.

Dolu bədənli, amma əsl əyalət adamı səmimiyyətiylə mənə cavab verən cavan oğlan (öyrəndim ki, adı Nadirdir- Ə.M.) hər hərəkətiylə, hər sözüylə hiss etdirirdi ki, bu işinin əsl bilicisidir. Çünki becərdiyi çiçəklərin Gəncədən gətirildiyini söyləyən bu insan az qala hər bir çiçək haqqında, hər bir torpağa sancılmış çubuq haqqında bilgi verməyi, özü ətraflı onu sənə təqdim etməyi özünə sanki borc bilirdi. İnanın ki, mən onun söylədiklərini dinlədikcə bu güllər, bu çiçəklər haqqında qədər az məlumatlı olduğuma daxilən təəssüfləndim. Amma necə deyərlər, öyrənmək heç vaxt gec deyil. Elə o savan oğlan da mənə bildirdi ki, bu çiçəklərin bəzilərinin bir həftə, bəzilərinin 15 gün ömrü var. Üstəlik, bu çiçəklər günəşli havada, toranlıq düşəndə rənglərini dəyişə bilirlər. Demək bütün bunlar bir Allah möcüzəsi olmaqla yanaşı, həm insan əməyinin nəticəsidi. Bax, Ağcabədidə sakinlər torpağa, əkinçiliyə, qurub-yaratmağa sevgiylə, möcüzə yaratmaq istəyi ilə yanaşdıqları üçün bu qədim ünvan son dərəcə müasirləşibdi.

Ağcabədidə həmsöhbət olduğum yaşlı bağban marağımı nəzərə alıb məni necə deyərlər, öz ərazisində gəzdirir. Bir-bir yeni əkilmiş tingləri, həmişəyaşıl kolları, artıq dibinə kölgə salan xan çinarları mənə təqdim edir. Üstəlik, bu ərazidə uzun illər "sakin"i olmuş ömrünü başa vurduğu üçün dibindən kəsilən tut ağacını da mənə xatırladır. İndi onun yerində bir neçə ağac əkilib ki, onlar da göstərilən diqqəti özlərinin yaşıl yarpaqlarıyla büruzə verirlər. Hiss olunur ki, bu ərazidə yaradılan kompleks artıq tamamlanmaq üzrədir. Yəni tikinti işləri öz yerini artıq yaşıllaşmaya bir təbii ki, bütün görülənlərin qorunub saxlanmasına ayrılan diqqətə veribdi.

Deməli, təkcə şəhərin kiçik bir ərazisində gördüyüm bu mənzərənin davamını seyr etmək üçün Ağcabədidə gəzmək həm yaddaşa, həm qeyd dəftərimə işarələr qoymaq lazımdır. Mən də bir mətbuat adamı kimi bunu edirəm.

 

(Ardı var)

 

Ədalət.- 2015.- 4 iyul.- S. 4.