Müasirliyin ünvanı - Ağcabədi
"...Biz
öz gücümüzlə,
öz bacarığımızla,
öz qabiliyyətimizlə
bütün dünyaya
nəyə qadir olduğumuzu bir daha sübut etdik. Beynəlxalq aləm gördü
ki, Azərbaycan nəyə qadirdi, hansı gücün sahibidi. Bunu ermənilər də
gördü. Ermənistan
hakimiyyəti bundan nəticə çıxarmalıdı..."
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(Əvvəli ötən saylarımızda)
Ağcabədidə tanış
olduğum Hacı Mirələmlə bir az yol yoldaşlığı
etdik. Mənim yazılarımdan, imzamdan xəbərdar olan Hacı zarafata salıb bildirdi ki, elə
sizin kimi bir həmsöhbət axtarırdım. Mən
də onun bu səmimiyyətinə cavab olaraq soruşdum:
- Xeyir ola?
Hacı
ciddi bir görkəm alaraq səsinin kəsərini artırıb dedi:
- Gəl, rayonu birlikdə gəzək. Şəhərdə hansı işlər
görüldüyünü, hansı yeniliklərin edildiyini özüm sənə göstərəcəm.
Ondan sonra nə demək
istədiyimi yəqin ki, anlayacaqsan.
Etiraz etmədim. Birlikdə Ağcabədi
şəhərini eninə-boyun
gəzdik. Hacı
böyük həvəslə
tikilən sosial obyektləri, qaçqınlar
üçün salınmış
şəhərciyi, açılmış
iş yerlərini, bir sözlə rayonun bugünkü mənzərəsini həvəslə
mənə göstərdi
və bu işlərin necə sürətlə və keyfiyyətlə aparıldığını
vurğulamağı da
unutmadı. Biz gəzə-gəzə yeni
bir obyektin önünə gəlib çıxdıq. Bu, Ağcabədidə tikilmiş
möhtəşəm bir
otel idi. İçəri daxil olduq.
Cavan bir oğlan bizi qarşıladı.
Məlum
oldu ki, otel ilk qonaqlarını qəbul etsə də, ayın ikinci ongünlüyündə
tam istifadəyə veriləcək.
Amma inanın ki, cəbhə bölgəsində, necə
deyərlər, əyalətdə
belə bir oteli görmək, onun şəraiti ilə tanış
olub heyran qalmamaq qeyri-mümkündü.
Əsl beynəlxalq standartlara uyğun ən yüksək xidmət şəraiti olan bir otel Ağcabədidə
tikilib. Buna ancaq sevinmək olar. Üstəlik, onun yerləşdiyi
ərazidə yaradılmış
səliqə-səhman o otelə,
onun yanındakı digər obyektlərə çəkilmiş yüksək
keyfiyyətli asfalt yol da bu
səliqə-səhmanı tamamlayır.
Mən Hacı
Mirələmin həm
təqdimatı, həm
də bir növü iştirakı
ilə Ağcabədini
gəzərkən bir
məqamın da şahidi oldum. Belə ki,
rayon sakinləri ölkəmizin
həyatında baş
verən hadisələrə
çox həssaslıqla
yanaşırlar. Haqsız iradlara,
təxribat xarakterli çıxışlara etirazlarını
dərhal büruzə
verirlər. Ümumiyyətlə bu rayonda ictimai-siyasi
durum çox aktivdi.
Hətta cavan bir oğlan (onu Hacı Mirələm
müəllim mənimlə
tanış etdi və məlum
oldu ki, Kooperasiya Universitetini bitirib Ağcabədidə
işləmək üçün
buraya gəlib və uyğun da bir iş
tapıb. O, barəsində
bəhs etdiyim oteldə bizi qarşılayan Rüfət
adlı oğlan idi - Ə.M.) bildirdi
ki, ailədə tək oğlan uşağı olsam da valideynlərimin razılığı ilə
buraya işləməyə
gəlmişəm. Əslən də
ağcabədiliyəm. Bakıda evimiz, şəraitimiz var.
Məni torpaq çəkib gətirib buraya. Burada diqqət yetirəndə
görürəm ki, hər kəs üçün işləməyə
imkan və şarit yaradılıbdı.
Necə deyərlər,
əksəriyyətin pay torpağı,
şəxsi təsərrüfatı
mövcuddu. Sadəcə, bizim bəzilərimizin
canında bir tənbəllik hakimdi.
Əli-ayağı "quru"
bir iş arzusundayıq. Zəhmətə qatlaşmaq əvəzinə
çayxanada əyləşməyə
meyl göstəririk.
Üstəlik də, əsassız,
mənasız müzakirələrə
qatılırıq. Unuduruq ki,
Ağcabədi kimi bütöv Azərbaycan da bizim hər
birimizin evimizdi, vətənimizdi. Onu qorumaq
da, onu inkişaf
etdirmək də bizim vətəndaşlıq
borcumuzdu.
Bəli, məlum olduğu kimi, Ağcabədidə respublika əhəmiyyətli
məhdud məsuliyyətli
cəmiyyətlər, şirkətlər
fəaliyyət göstərir. Əsasən heyvandarılq, yəni ətçilik. Südçülük üzrə ixtisaslaşmış
bu şirkətlərin
məhsulları ölkənin
bütün bölgələrində
həvəslə qarşılanır.
Elə bu məsələ ilə bağlı fikirlərimi nizamlayarkən
yadıma millət vəkili, Ağcabədidə
hər kəsin böyük ehtiramla qarşıladığı, özünə
doğma bildiyi Tahir Rzayevin sözləri yadıma düşdü. Hörmətli millət vəkili bildirmişdi ki, bu gün Ağcabədidə
çox normal işgüzar
mühit hakimdi. Rayon icra hakimiyyətinin
başçısı və
onun komandası həqiqətən Ağcabədinin
müasirləşməsi, inkişaf etməsi üçün böyük
işlər görürlər.
Bir də ki, inkişaf
təkcə hansısa
sosial obyekti tikmək, hansısa bir yaraşıqlı binanın açılışını
etmək deyil. İnkişaf həm də
insanların işləməsi
üçün, fikir
mübadiləsi aparmaq
üçün şərait
yaratmaq, adamları dinləmək, onlarla ünsiyyət qurmaq və yerlərdən gələn fikirlərə,
təkliflərə qulaq
asıb ona yaşıl işıq yandırmaqdı. Bu kompleks
şəkilində götürəndə
həm abadlıq deməkdi, həm iş yeri deməkdi,
həm də demokratiya. Bax, ölkə rəhbəri
də hər bir məmurdan bunu tələb edir. Çox sevindirci haldır
ki, bu gün
Ağcabədidə belə
bir mühit hakimdi.
Doğurdan da cəmi bir
neçə saat qonağı olduğum Ağcabədidə gördüklərim,
eşitdiklərim məni
bir vətəndaş
kimi həm heyrətləndirdi, həm
də düşündürdü. Çünki həyat, daha doğrusu Ağcabədinin
timsalında gördüklərim
bir daha sübut etdi ki, Azərbaycan insanı hər şeyə qadirdi. Gözəllik yaratmaq, onun
işığında ətrafı
göz oxşayan bir cənnətə çevirmək bu xalqın böyük istedadının bəhrəsidi.
Ancaq ona da heyrət
etdim ki, abadlığı, yaradılan
gözəlliyi görmək
istəməyənlər. Ona qara eynək arxasından baxanlar da var. Bu həqiqətən
heyrət və təəssüfedici bir haldı. Görünür,
biz yaxşıları, yaxşılıqları
görmək və unutmamaq üçün onlara təbii bir ehtiyac var. Ona görə də həmin adamlar öz "missiyalarını" bacardıqları
kimi yerinə yetirirlər.
Azərbaycan prezidenti İlham Əliyev cənablarının
son çıxışlarının birində vurğuladığı
kimi, "biz öz gücümüzlə, öz
bacarığımızla, öz qabiliyyətimizlə
bütün dünyaya
nəyə qadir olduğumuzu bir daha sübut etdik. Beynəlxalq aləm gördü
ki, Azərbaycan nəyə qadirdi, hansı gücün sahibidi. Bunu ermənilər də
gördü. Ermənistan hakimiyyəti
bundan nəticə çıxarmalıdı. Onlar da anlamalıdılar ki, biz problemin sülh yolu ilə həll edilməsinin tərəfdarı
olsaq da torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç
vaxt icazə verməyəcəyik. Ona görə
də real vəziyyəti
qiymətləndirib torpaqlarımızdan
çəkilib getməlidilər.
Əks halda, biz özümüz onları qovmalı olacağıq".
Bəli,
cəbhə bölgəsinin
beş addımlığında,
necə deyərlər,
düşmənin gözü
önündə hər
gün yeniləşən
Ağcabədi rayonu özünün inkişaf
sürəti və uğurları ilə həqiqətən könül
açır və bir daha bəyan
edir ki, işgüzar kollektiv torpağa bağlı insanlar və bir də təcrübəli
kadr ən çətin problemlərin
öhdəsindən gəlməyə
qadirdi. Məhz Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin
Məmmədov və eləcə də onunla çiyin-çiyinə
çalışan hər
kəs Ağcabədidə
bunu sübut edə bilib.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2015.- 8 iyul.- S. 3.