DÖZMƏYİR ÜRƏK DƏ, GƏLİBDİ DİLƏ...

 

Böyük hind mütəfəkkiri R.Taqor yazırdı: "Ədəbiyyat dünyanı insan qəlbinin nuru ilə işıqlandırır".

Bu sözün gerçəkliyinə həmişə inanmışam oxuduğum gözəl bədii əsərlərin mənə aşıladığı estetik zövqün təsirindən çıxmamışam. Bəzən bir şeir, bəzən böyük bir roman məni illər boyu öz "əsarətində" saxlayıb. Düşünmüşəm ki, müəllifin mənə aşıladığı bu hiss duyğu, bu estetik zövqbədii sözün gözəlliyindəndir. Sözün gözəlliyi ağlın, ürəyin gözəlliyindən gəlir. Firdovsi Cəfərxanı da mən bədii sözün gözəlliyini duyan bu gözəlliyi şeirlərində yaşadan bir qəlbin sahibi kimi tanıyıram. O, qələmini şeir, nəsr publisistika janrlarında sınamışdır. Necə deyərlər, sənət həm duyğulandırır, həm düşündürür. Bu mənada Firdovsi Cəfərxanın növbəti "Sənə səndən şikayətim var" şeirlər kitabı həqiqətdə duyğulandır düşündürür. O, "Bir ömür yetməz" şeirində yazır:

 

Neçə qışı, neçə yazı keçmişəm,

Əldə dəryaz, neçə zəmi biçmişəm,

Buz bulaqdan doyunca su içmişəm,

Ölsəm belə bu sevda yenə bitməz,

Səni sevməyimə bir ömür yetməz.

 

Firdovsi, şeh düşüb çəmənə, çölə,

Sonalar qayıdır əvvəlki gölə.

Tənha bir qu üzür, qorxuram ölə.

Duman bu dağlardan ötər, ya ötməz?!

Səni sevməyimə bir ömür yetməz.

 

Bu şeiri dinləyəndə adama elə gəlir ki, kiçik bir daşı gölə atanda gölün üzərində ətrafa sanki saysız dairələr yayılır. Yalnız daş dibə çatanda göl sakitləşir.

Bu bir müsbət haldır ki, Firdovsi Cəfərxan yaradıcılığının ana xəttini vətən sevgisi təşkil edir. Əlbəttə, dərk olunmuş vətənpərvərlik təbii ki, daha dayanıqlı, daha faydalı olar. Kitabın ilk şeiri "Azərbaycan"dır. Heç təsadüfi deyildir ki, Azərbaycanın xalq artisti, professor, tanınmış bəstəkar Nəriman Məmmədov bu şeirdən təsirlənərək gözəl bir melodiya-marş yazmışdır. Bu əsər mötəbər məclislərdə xoş əhval-ruhiyyə ilə qarşılanır:

 

Uzaq əsrlərdən, illərdən bəri,

Bəxş etdin cahana neçə nərləri,

Səninlə fəxr edir Turan elləri,

Dünyaya sığmayan şöhrətim, şanım,

Mənim ana yurdum, Azərbaycanım!

 

Bir daha enməsin məğrur bayrağın!

Aləmə nur saçsın ömür çırağın!

Qoy eşitsin, bilsin düşmənin, yağın,

Sənə bir sipərdi, qurbandı canım,

Mənim ana yurdum, Azərbaycanım!

 

Müəllif digər bir şeirində vətən uğrunda qəhrəmanlıq göstərmiş oğullarımızı tərənnüm edir, gəncliyimizi mübarizəyə səsləyir. "Qalx ayağa, Azərbaycan övladı" şeirində yazır:

 

Mübarizdən dərs almırıq, niyə biz?!

Dirənib boğaza Vətən dərdimiz,

Yetər artıq, tükənibdir səbrimiz,

Qalx ayağa, Azərbaycan övladı!..

 

Cihada qalx, bu gün beyət günüdü,

Bugünkü gün Türkün niyyət günüdü,

Yetər artıq, namus, qeyrət günüdü,

Qalx ayağa, Azərbaycan övladı!

 

Firdovsinin şeirlərinin bir qismi sevgidəndir. o, bu ali hissi təkcə iki şəxs (oğlan qız) arasında olan intim duyğular kimi qələmə almır. Vətən sevgisi, anaya məhəbbət, təbiətə heyranlıq... bunlar da onun sevgi şeirlərinin tərkibindədir.

Əvvəlcə anaya həsr edilən şeirlərdən başlayaq. Azərbaycan poeziyasında elə bir şair yoxdur ki, bu mövzuda şeir yazmasın. Lakin Firdovsi Cəfərxanın ana obrazı- onun oğul məhəbbətindən, sonsuz ehtiramından yaranan bir obraz kimi seçilir, fərqlənir.

 

tez tükəndin, bitdin,

Dünyamdan köçüb getdin,

Məni pərişan etdin,

Ana, ana, ay ana!

 

Bizə verdiklərini,

Əkib biçdiklərini,

Gördük çəkdiklərini,

Ana, ana, ay ana!

 

Burdan bir el ötürdü,

Məndən namə götürdü,

Görən, sənə yetirdi?!

Ana, ana, ay ana!

 

Qurban sənin adına,

Düşürəmmi yadına?

Gəl, yetiş fəryadıma,

Ana, ana, ay ana!

 

Müqəddəs ana üçün yazılan bu şeir hər hansı bir oxucunu kövrəldə bilər.

Firdovsi Cəfərxanın lirik qəhrəmanı sevgini - bu ali hissi bütün varlığı ilə yaşayır. Sevgi onun üçün həyat mövcudluq deməkdir. Sevgi yolunda fədakarlığı isə həyatının mənası bilir. Görün, yazır?

 

Qəlbimin atəşi, gözümün nuru,

Səmadan aydınsan, bulaqdan duru,

Sevgi - səadətin, sevincin nuru,

Könlümün sultanı, məndən dilər?

 

Nazı dağlar qədər ağır olsa da,

Həsrəti ümman tək qəlbə dolsa da,

Lap ölüm hökmümü verən olsa da,

Könlümün sultanı, məndən dilər?

 

Sevgi insana təkcə yaşamaq, sevinmək deyil, həm əzab çəkmək, bu yolda məşəqqətə dözmək fədakarlığı da bəxş edir.

Firdovsi Cəfərxan işləməkdən, yazmaqdan yorulmur. Onun son illərdə oxuculara təqdim etdiyi "Səndən qalan bir sevgidir", "Dil açıb dinlənən könlüm", "Bir ömür yetməz" şeir kitabları, "Ölmə, ölsən məni götür", "Taleyimdən qorxuram", "Qədr gecəsindən üç gün sonra" romanları, "Hardan gəldi bu sevda" povesti "İnsanlığın keçdiyi yol" adlı bədii-publisistik toplusu oxuculara çatdırılıb. Düşünürəm ki, Firdovsi Cəfərxanın "Sənə səndən şikayətim var mənim" şeirlər kitabı oxucuların marağından yan ötməyəcək. Çünki kitabdakı şeirlər təbii səmimi hisslərdən, duyğulardan yoğrulub. Ona yaradıcılıq uğurları diləyirəm.

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

 

Ədalət.- 2015.- 8 iyul.- S. 3.