Baş qəhrəman Azərbaycandır
Tanınmış jurnalist Fazil Rəhmanzadə:
"Vəziyyət elə bir həddə çatıb ki,
efirdə..."
"Uzun illər idi ki,
oxucularımı bu kitaba hazırlayırdım"
"Tükənməz
yaradıcılıq potensialına, böyük istedadına,
publisistik dilinin bənzərsizliyinə, zəhməti və
çalışqanlığı sayəsində sənətin
fövqündə yer tutmağına əla bələd
olduğuma görə görkəmli publisist Fazil Rəhmanzadənin
yeni kitabının da nəşrini səbirsizliklə gözləyirdim.
...Fazil Rəhmanzadə doğrudan
da hərtərəfli
və ensiklopedik biliyə malik müqtədir qələm
sahibidir. "Bu
isimdə bir can..." deyilənlərə
əyani sübutdur.
...Bu müdrik qələm sahibi tükənməz dərin
intellektinin gücü
ilə öz "portretini" hər kitabında olduğu kimi son yaradıcılıq
nümunəsində də
aydın göstərir.
Müəllif oxucuya bildirir ki, bu
intibah, sivil inkişaf- ümumbəşəri
ideallar yolunda xalqımızın misilsiz
tarixi, ruhi-mədəni
qələbələrinin nəticəsidir.
... İki kitabdan ibarət əsər yüz illik zaman çərçivəsində
Azərbaycan barədə
ensiklopedik bilik aşılayır..."
Bu fikirləri sənətşünaslıq doktoru,
professor Məryəm Əlizadə
yeni çapdan çıxan "Bu isimdə
bir can..." kitabına yazdığı
"Qibtə doğuran
Fazil" adlı
"Ön söz"də
qeyd edib.
"Bu isimdə
bir can..." kitabının müəllifi
öz isə deyir ki, iki
hissəli əsərin
qəhrəmanı Azərbaycanımızdır.
Kitabın müəllifini
tanıtmaq məqamı
yetişdi. İşin asan
tərəfi də elə budur. Fazil Rəhmanzadə geniş təqdimata ehtiyacı olmayan qələm sahiblərindən biridir.
Bir zamanlar SSRİ Jurnalistlər İttifaqı
İdarə Heyətinin
üzvü olan, "Qızıl qələm",
"Humay", Həsən
bəy Zərdabi adına mükafatlar laureatı, əməkdar mədəniyyət işçisi
Fazil Rəhmanzadənin
yaradıcılıq yolu,
peşəkarlığı gənclərimizə nümunə
ola bilər. Fazil Rəhmanzadə bu gün jurnalistikaya könül verən yeni nəslin qibtə edə biləcəyi bir enerji ilə çalışmaqdadır. Bu günlərdə "Bu isimdə
bir can..." kitabını oxuculara təqdim edib.
- Fazil müəllim, özünüz də qeyd etdiyiniz kimi, yeni kitabınızın
qəhrəmanı Azərbaycandır.
İlk baxışdan bir qədər iddialı səslənmir ki?
- Hər bir yaradıcı
insanda iddia olmalıdır, lakin bu iddianın arxasında istedad, bacarıq və zəhmət dayanmalıdır.
Əks halda, hay-küydən başqa ortaya heç nə çıxmayacaq. Məni tanıyanlar
yaxşı bilir ki, həmişə özümə inanmışam.
Gücüm çatmayan işi
heç zaman üzərimə götürməmişəm,
başladığım işi
isə həmişə
yüksək səviyyədə
tamamlamağa çalışmışam.
Kənardan bəlkə də
dediklərim eqoizm kimi görünə bilər, lakin bu, eqoizm yox,
yaradıcı insanın
özünə inamıdır.
Yeni kitabıma
gəlincə, Azərbaycanımız,
onun XX əsrdəki intibahının müxtəlif
məqamları haqqında
yazmaq və bu yazıları iki kitaba sığışdırmaq
asan məsələ deyildi. Bu missiyanın çətinliyini və məsuliyyətini yaxşı
dərk edirdim, çünki uzun illər idi ki, araşdırma aparırdım. Belə
demək mümkünsə,
əvvəlki kitablarımda
"Bu isimdə bir can..."a doğru yol gəlirdim. Bundan əvvəl yazdığım
kitablarda hissə-hissə
bu mövzuya toxunmaqla həm özümü, həm də oxucuları hazırlayırdım.
Azərbaycanımız iki dəfə- XII və XX əsrdə intibah dövrü yaşayıb. Mən bu kitabda
1900-2000-ci illəri əhatə
edən hadisələri
işıqlandırmağa çalışmışam. Həmin dövrün ayrı-ayrı
məqamları sənədli,
bədii əsərlərdə
çox əks olunub. Amma bütöv bir
halda bu məsələləri kitab
halına salan olmayıb. Bu kitabımda Azərbaycanın
XX yüzildəki intibahı
ilə bağlı tarixi-nəzəri, bədii-sənədli,
publisistik qeydlər toplanıb. Çalışmışam ki, "Bu isimdə
bir can..." kitabından həm adi oxucular, həm
də alim və mütəxəssislər
faydalana bilsinlər.
Tarixdən məlum olduğu kimi, Azərbaycanımız
zaman-zaman müxtəlif
imperiyaların nəzarətində
olub, hücumlara, soyqırımlara, təxribat
və repressiyalara məruz qalıb. Lakin bütün
bu çətinliklərə
və basqılara baxmayaraq Şərqdə
ilk peşəkar teatr,
dramaturgiya, mətbuat-qəzet
və satirik jurnal, opera, balet, məhz Azərbaycanda yaranıb. İlk Demokratik Cümhuriyyəti,
parlamenti məhz biz qurmuşuq. Bütün bunlar Azərbaycan
xalqının istedadından,
gücündən və
potensialından xəbər
verir. Bu cür böyük işləri yalnız zəngin mədəniyyəti,
tükənməz istedadı
olan xalq yarada bilərdi.
- Görkəmli publisist kimi tanınan Fazil Rəhmanzadəni oxucular bu kitab
sayəsində bir tarixçi kimi də görmək imkanı qazanacaqlar...
- Mətbuatda çalışdığım
uzun illər ərzində incəsənətin
müxtəlif sahələrini
əhatə edən yazılar yazmışam,
30-a yaxın kitab müəllifiyəm. Ötən əsrin
80-ci illərindən başlayaraq
məndə tariximizin
tədqiqinə, araşdırılmasına
maraq yarandı. Həm sovet məkanında, həm də xarici ölkələrdə nadir arxiv
materialları ilə tanış olmaq imkanı qazandım və bundan istifadə edib Qarabağın, Naxçıvanın, indi
Ermənistan adlanan ərazinin tarixi ilə bağlı dəyərli sənədlərlə
tanış oldum. Bayaq qeyd etdiyim
kimi, əvvəlki kitablarımda az
da olsa bu
məsələlərə yer vermişəm. "Bu isimdə bir
can..." kitabında
isə tariximizlə bağlı illər uzunu araşdırdıqlarımı,
öyrəndiklərimi daha
geniş və ətraflı işıqlandırmağa
çalışdım.
- Yeni kitabınızın daha bir özəlliyi
diqqət çəkir.
Kitabın Redaksiya Şurası var, tanınmış bir çox isimlər bu siyahıda yer alıb...
- Dəyərli oxucularım
bu kitabımda elmi yükü olan materiallarla tanış olacaqlar. Kitab üzərində çalışanda
akademiklər Rafael Hüseynovla,
Urxan Ələkbərovla,
professorlar Nizami Cəfərov və Məryəm Əlizadə
ilə, ağsaqqal deputatımız Fəttah
Heydərovla, tanınmış
diplomat Hüseynağa Sadıqovla,
musiqimizi dünyada tanıdan bəstəkar Arif Məlikovla, general Cəbrayıl Usubovla, Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə
ilə tez-tez məsləhətləşirdim, dəqiqləşdirmələr aparırdım. Yaşımın elə vaxtıdır
ki, səhv etmək mənə yaraşmaz. Sabah niyə
kimsə desin ki, Fazil müəllim
filan faktı düzgün yazmayıb.
- Milli mətbuatımızın
140 illik yubileyi ərəfəsindəyik. "Bu isimdə bir can..." kitabını da bu əlamətdar
hadisəyə ithaf etmisiniz...
- Kitabım çapdan çıxandan bir neçə gün sonra ölkə başçısı İlham
Əliyev Milli mətbuatımızın 140 illik
yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam
imzaladı. Prezident mətbuatımızın inkişafı, maddi-texniki
bazasının gücləndirilməsi,
jurnalistlərin sosial problemlərinin həlli üçün çox mühüm addımlar atır. Görülən bütün bu
işlər ölkə
rəhbərinin mətbuata,
bu sahədə çalışan insanlara
olan hörmətinin və etimadının təzahürüdür.
Sevinirəm ki, ömrümün 50-dən
çoxunu jurnalistikaya
sərf etmişəm. Nəsir İmanquliyev
kimi nadir bir insanın baş redaktor olduğu "Bakı" qəzetində
çalışmışam. Uzun illəri əhatə edən həmin dövrdə Nəsir müəllimdən özümə
qarşı daim diqqət və qayğı görmüşəm.
Bu gün də
ehtiramla anılan ustaddan çox şeylər öyrənmişəm.
Sevinirəm ki, Milli mətbuatımızın 140 illik
yubileyinə kiçik
də olsa töhfə vermək mənə də nəsib oldu və "Bu isimdə bir can..." kitabı peşə bayramımız ərəfəsində
işıq üzü
gördü.
- "Bu isimdə bir
can..." iki kitabı əhatə edəcək. Bəs ikinci kitabı
nə zaman oxuya biləcəyik?
- İkinci kitab Azərbaycanın XX əsrdəki
intibahının 1950-2000-ci illər dövrünü
əhatə edəcək. Kitab redaktə
mərhələsindədir, yəqin ki, yaxın günlərdə
nəşriyyata təqdim
edə biləcəyəm.
Müəllif kimi çox
istərdim ki, hər iki kitabı
oxucular, xüsusi ilə gənclərimiz diqqətlə oxusunlar.
Sabahımız olan bu insanlar Azərbaycanın tarixini, zəngin mədəniyyətini öyrənsinlər.
Bilsinlər ki, xalqımız dünya musiqisinə, incəsənətinə
Üzeyir bəy, Qara Qarayev, Fikrət
Əmirov, Niyazi, Cahangir Cahangirov, Arif Məlikov, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Adil İsgəndərov, Ələsgər Ələkbərov,
Tahir Salahov kimi simalar bəxş
edib. Lütfi Zadə, Yusif Məmmədəliyev, Kərim
Kərimov, Sabit Orucov, Fərman Salmanov bu xalqın
övladlarıdır.
Təəssüf ki, əksər telekanallarımız, qəzetlərimiz
belə insanları gənclərə tanıtmaq
istəmir. Elə ona görə
vəziyyət o yerə
gəlib çatıb
ki, Səməd Səmədov, Ədalət
Şükürov, Manaf
Ağayev, Rəqsanə,
"Davay, do sividaniya"
meyxanasının müəllifləri
bu gün efirin, mətbuatın qəhrəmanlarına çevriliblər.
Gələcəyə belə qəhrəmanlarla
gediriksə görən
bizi qarşıda hansı fəlakətlər
gözləyir?
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2015.- 4 iyul.- S. 5.