"ÖMÜR ADLI YOL KEÇDİM"
Yusif Kərimov -
75
Qrupumuz ürəyimizcə idi. Səmimi, mehriban,
çalışqan həmyaşıdlarım özləri ilə
Azərbaycanın müxtəlif bölgələrinin
ab-havasını gətirmişdilər.
İlk gəncliyimizin arzusuna çatmış, tələbəlik
həyatına qədəm qoymuşduq. Uşaqlıq,
yeniyetməlik arxada qalmışdı. Ömrümüzün
həmin çağlarına atalarımızın,
yaxınlarımızın girdabına düşdüyü
müharibə kölgə salmış və o ağır
vaxtların, ehtiyacın "rəngi" üzümüzdən
hələ tamam silinməmişdi. Xüsusən
Yusiflə mənim kimi atasız böyüyüb ana ümidinə
qalanların. Birinci kursun ilk günlərindən
başlanan, indi yarım əsri adlayan dostluğumuzun bir səbəbkarı
da analarımızın oxşar taleyi idi. Və
bununla bağlı ən maraqlı, ibrətamiz, məni
xüsusilə təsirləndirən bir hadisəni indi də
həyəcanla xatırlayıram. Bu,
universitetə qəbul imtahanında Yusifin inşa
yazısı ilə əlaqədardır.
Mövzu M.Qorkinin "Ana" romanında ana obrazı
idi. Yusif isə
öz anası barədə bir növ sərbəst mövzuda
inşa yazmış, lap axırda əlavə etmişdi:
"Mənim anam Lalə Pavelin anası Pelageya Nilovnaya bənzəyir".
Bu, imtahan komissiyasında mübahisəyə səbəb
olmuşdu. Bəziləri abituriyentin mövzudan
yayındığını iddia etsələr də,
böyük pedaqoq, görkəmli ədəbiyyatşünas
alim Abbas Zamanovun fikri ilə razılaşmış, yazı
"əla" qiymətə layiq
görülmüşdü.
Yusif indi
də yeri düşəndə bu barədə qürurla
danışır və deyir: "Mənim universitetə qəbul
olunmağımın səbəbkarı anam olub".
Universitetdə təhsil aldığımız tələbəlik
illəri bizi büsbütün dəyişdi. Bu, uzaq rayonlardan, kəndlərdən
gələn bizlər üçün başqa bir aləm, hər
müəllim isə əsil məktəb, örnək, xəzinə
idi: akademiklər Həmid Araslı, Cəfər Cəfərov,
professor, görkəmli yazıçı Mir Cəlal,
İsmayıl Əlizadə, dilçi alimlər Səlim Cəfərov,
Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz,
tədqiqatçı jurnalistlər kafedra müdiri Həsən
Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd
Hüseynov, Nəriman Zeynalov, Nəsir İmanquliyev, Nüsrət
Bağırov, Seyfulla Əliyevg
Qrupumuzla
ilk görüşündə Nurəddin müəllim bizimlə
açıq söhbət etdi: "Bu günədək mən
sizin heç birinizi tanımamışam. Burada
qohumum, yaxınım yoxdur. Müəyyən
vaxtdan sonra isə olacaq. Yadınızda saxlayın: kim
jurnalist sənətinə hörmətlə yanaşsa, bunu
öz qələmi ilə sübut etsə, mətbuatda
yazıları ilə çıxış etsə, həmkarım,
qələm dostum kimi ona hörmət bəsləyəcəyəm".
Nurəddin müəllim sözünün üstündə
möhkəm durdu. O, görkəmli tədqiqatçı, təşkilatçı
jur-nalist, "Bakı" qəzetinin baş redaktoru Nəsir
İmanquliyev və maraqlı yazıları qəzetlərdə
müntəzəm çap olunan, "Kommunist"in
şöbə müdiri Nəriman Zeynalov bizə sənətin
sirlərini, yazı mədəniyyətini öyrədir,
müxtəlif mövzularda yazılar
tapşırırdılar. Onların köməyilə
mətbuata ayaq açdıq, yazılarımız dərc
olundu.
Qrupda hamımız səy göstərirdik,
çalışırdıq həm dərslərimizi mənimsəyək,
həm də mət-buatda çıxış edək. Çap olunan
ən kiçik xəbərdə, yazıda görünən
imzamız bizə böyük sevinc gə-tirirdi. Getdikcə Ələkbərin, Yalçının,
Namiqin, Əlikramın, Aydının, Rafiqin, Mailənin, Dilarənin,
İlyasın, Zöhrabın, Hafizin qələmləri itiləndi.
Yusif "Bakı" qəzetində tez-tez
çıxış edirdi. O, axırıncı kurs-da qəzetin
müsabiqəsində qalib gəldi və redaksiyada
yarımştat işə qəbul olundu. Universiteti
bitirəndən sonra isə o vaxtlar respublikanın baş qəzeti
sayılan "Kommunist"ə təyinat aldı. Burada cəmi üç ay işləmişdi ki, Yusifin
"gözəl jurnalist, xeyirxah insan" kimi
tanıdığı Qubad Süleymanov onu yenicə fəaliyyətə
başlayan rayonlararası qəzetdə məsul katib vəzifəsinə
dəvət etdi. Baş redaktor, qocaman jurnalist İsrafil
Nəzərov da məsləhət gördü ki, bir müddət
rayonda çalışıb təcrübə qazansın, elə
oradan "Kommunist"ə yazılarını göndərsin
və nəhayət, Bakıya qayıdanda öz əvvəlki
işinə davam etsin.
Belə də oldu. O, rayonlararası (Jdanov - indiki Beyləqan, Füzuli,
İmişli) "Yüksəliş" qəze-tində
işlədi. Təcrübəli jurnalist, redaktor Qubad
Süleymanovdan çox şey öyrəndi, məsul katib kimi
qəzetin məzmunlu, maraqlı, nəfis tərtibatlı
çıxmasında, oxucuların rəğbətini
qazanmasında, respublika mətbuatında layiqli yer tutub,
sayılıb seçilməsində biliyini,
bacarığını, qələmini əsi-rgəmədi.
Həmçinin respublika qəzetlərində
("Kommunist", "Sovet kəndi", "Azərbaycan gənc-ləri")
müntəzəm çıxış etdi, oçerkləri,
felyetonları, məqalələri diqqət çəkdi.
Mən o vaxt rayonlararası (Salyan, Cəlilabad, Puşkin
- indiki Biləsuvar) "Məhsul" qəzetində işləyirdim
və tələbə-qələm dostumun
yazılarını oxuyur, yaradıcılığını
izləyirdim.
Yusif maraqlı, məzmunlu, bənzərsiz yazırdı,
öz dəst-xətti ilə seçilirdi, oxucuları
düşündürən, fəal olmağa səsləyən,
onlara gözəl duyğular aşılayan oçerklər,
reportajlar, məqalələr yazırdı
("Torpağın səsi",
"Çüllüçalanın nəğməsi",
"Son qozanın qiyməti"). Eyni zamanda onun
qələmi əyintilərə, nöqsanlara qarşı
dözümsüz, barışmaz idi. Rast
gəldiyi, aşkara çıxardığı neqativ hallar,
ey-bəcərliklər, ətalət felyetonlarının
mövzusuna çevrilirdi ("Mundiri murdarladı",
"Əsi yemək axtarır",
"Qızışdılar, qızışdılarg
barışdılar", "Güloğlanın
qarmonu").
Rayonlararası
"Yüksəliş" qəzetində işlədiyi iki il qələminin sınaq dövrü oldu.
Arazbasarı, Mili, Muğanı öznünün dediyi kimi
qarış-qarış gəzib gördüklərini,
duyduqlarını qəlbinə, beyninə həkk elədi. Və gələcək əsərlərinin bir
çoxu məhz həmin iki ilin bünövrəsi üzərində
yarandı.
Yusif 1964-cü ildə Bakıya qayıdıb yenidən
"Kommunist" qəzetində işləməyə
başladı.
Lakin Nəsir müəllim öz yetirməsini
baş redaktoru olduğu "Bakı" qəzetinə təkidlə
dəvət etdi. O, qayğıkeş müəlliminin
sözünü yerə salmadı. Düz on il
zamanının populyar, oxunaqlı qəzetinin "qaynar"
şöbəsinə - "Şəhər xəbərləri"nə
rəhbərlik etdi. Ən operativ xəbərləri,
informasiyaları, isti reportajları, şərhləri,
müsahibələri oxucular "Bakı"dan gözləyirdilər.
Günün nəbzini tutan bu vacib, maraq
doğuran yazıların əksəriyyətinin müəllifi
şöbə müdiri Yusif Kərimov idi.
Baş redaktor istəkli tələbəsini,
istedadlı, zəhmətkeş, zirək həmkarını
ev-eşik sahibi elədi. Nəsir müəllimin bilavasitə dəstəyi
ilə Yusif şəhərin münasib yerində mənzil
aldı, toy elədi. Vəg vaxtilə
işlədiyi rayonda "tapdığı" Aliyə
xanım bu evə gəlin köçüb ona ömür
sirdaşı oldu.
Həmin vaxtlar mən Azərbaycan Televiziyasının Gənclər
üçün proqramlar Baş redaksiya-sında şöbə
müdiri işləyirdim. Baş redaktorumuz,
yazıçı-publisist Nahid Hacızadənin təşəbbüsü
ilə "Səhər" gənclik proqramı
hazırlayırdıq. Verilişə
aparıcı jurnalist axtarırdıq. Mən
tələbə yoldaşımı təklif etdim. Baş redaktor razılaşdı. Və Yusif o vaxt televiziya
tamaşaçılarının çox sevdiyi "Səhər"in
aparıcı jurnalisti kimi öz vəzifəsinin öhdəsindən
bacarıqla gəldi.
Tale elə gətirdi ki, mən Mərkəzi Komitənin
qərarı ilə rayona işləməyə göndəriləndən
sonra Yusif televiziyanın Gənclər üçün
proqramlar Baş redaksiyasında əvvəl şöbə
müdiri, bir müddət sonra isə baş redaktor oldu. Çoxsaylı
televiziya tamaşaçılarının diqqətini çəkən
maraqlı verilişlərin həm müəllifi, redaktoru, həm
də yaradıcı kollektivin rəhbəri və təşkilatçısı
kimi tanındı.
Bakı
Ali Partiya Məktəbində siyasi təhsilini müvəffəqiyyətlə
başa vuran, mətbuatın müxtəlif pillələrində
18 il çalışan, yazıb-yaradan, qələmi ilə
tanınan Yusif Abbas oğlu Kərimo-vun tərcümeyi-halında
və yaradıcılıq bioqrafiyasında ötən əsrin
80-ci ilində yeni səhifə açıldı: "Azərbaycan
gəncləri" qəzetinin baş redaktoru!
Həmin
dövrdə jurnalistika aləmində deyildiyi kimi, barmaqla
sayılacaq baş resupblika qə-zetindən birinin, yarım
milyon tirajla çıxan mətbuat orqanının "dirijor
pultunda" duruş gətirmək, "özünü təsdiq
etdirmək" çətindən də çətin idi. Ondan əvvəl bu vəzifəyə
sayılıb-seçilən tanınmış qələm
sahibləri "öz möhürlərini" vurmuşdular.
Bəs indi? Yusif sonralar "İtkilər
və ümidlər" kitabında yazdı: "Redaksiyada hər
cəhətdən redaktorluğa layiq, həm də bu vəzifəyə
umacağı olan jurnalistlər
çalışırdılar. Odur ki, "kənardangəlmə"
redaktoru, yəni məni "həzm edə" bilmirdilər.
Bu səbəbdən ilk aylarım çətin
"məneəni" dəf etməyə sərf olundu".
O,
"maneəni" dəf edə bildi. Necə?
Həftədə üç dəfə
çıxan qəzetin hər bir nömrəsini özü
üçün sınaq, imtahan hesab edən Yusif bu
taleyüklü yaradıcı işin məsuliyyətini
çiyin-çiyinə ça-lışdığı həmkarlarına
da hər vasitə ilə aşıladı. Redaksiyada əsil yaradıcı mühit, tələbkarlıqla
qayğının ahəngindən doğan insani münasibətlər,
gözəl ab-hava yarada bildi.
Yalnız
qəzetin yaradıcı kollektivini deyil, eyni zamanda
çoxsaylı oxucuların, qələm sahib-lərinin,
ziyalıların birgə səyi və özünün
yüksək təşkilatçılıq, peşəkarlıq
səriştəsi ilə Yusif Kərimov "Azərbaycan gəncləri"
qəzetinin baş redaktoru olduğu 15 il ərzində
böyük uğurlar qazandı, Azərbaycan Jurnalistlər
İttifaqının "Qızıl qələm",
Yazıçılar Birliyinin "Yaddaş" milli
mükafat-larına layiq görüldü, Heydər Əliyev
adına Beynəlxalq Xeyriyyə Fondunun laureatı oldu.
"Azərbaycan
gəncləri"nin 75 illik yubileyində
qəzetin keçmiş redaktoru, qocaman jurnalist,
yazıçı-publisist Cəmil Əlibəyov özünəməxsus
səmimiyyətlə dedi: "Gənclər" mənim əzəli
və əbədi istəklimdir, üstəgəl məslək
varisim. Bu heç də hamıya qismət
olmayan varislik hüququmun qorunması üçün fürsətdən
istifadə edib Yusif Kərimova xüsusilə minnətdarlığımı
bildirirəm".
Mətbuatımızda özünəməxsus yeri olan qəzetin
gözəl ənənələrinə Yusif sadiq
qalmış, əsil varis kimi onları qorumuş, inkişaf
etdirib zənginləşdirmişdir.
O,
"Zaman - İnsanlar - Özüm" silsiləsindən olan
kitabında bu barədə ürək dolusu söhbət
açır.
Yusif Kərimov ədəbi fəaliyyətə
başladığı vaxtdan gözəlliyin,
paklığın, müqəddəsliyin təntənəsinə
inam hissi ilə yazıb yaradıb. Qələmə aldığı
obrazlar insanları ədalətli olmağa, ləyaqət və
şərəflərini qorumağa səsləyib
("Yollar", "Bir buta gül",
"Üçbucaq", "Qırmızı sahil",
"Qarabağ şikəstəsi", "Sarı sim",
"Zülmətin bəyaz rəngləri",
"İçimə açılan pəncərə",
"Dram əsərləri").
"Zaman
- İnsanlar - Özüm" silsiləsindən kitabların
müəllifini bir nigarançılıq üzürdü:
"Özüm haqqında, özümdən keçənlər
başqaları üçün nə dərəcədə
maraqlı olar bilər?"
"Bu əsər
biz yaşda olan nəslin həyat aynasıdır"
(Yalçın Əlizadə), "Səni oxuyandan sonra yenidən
yazmaq istədim" (Aqşin Babayev), "Taleyin sifarişi ilə
yazılan əsər" (Əjdər Fərzəli) kimi
fikirlər, oxucu rəyləri müəllifin
nigarançılığına son qoydu və əsərin
ictimai dəyər daşıdığına şəhadət
verdi.
Yusif mənim
də rəyimi bilmək istəyəndə dedim: "Elə
bil mənim həyatımı yazmısan".
Yazımın əvvəlində vurğulamışdım ki, tələbəlikdən başlanan dostluğmuzun bir "səbəbkarı" da oxşar taleyimiz olub: ağır müharibə illəri, atasız böyüməyimiz, analarımızın fədakarlığı. İkimiz də M.Qorkinin təbirincə desəm "həyatın dibindən" çıxmış, uşaqlığımızı caynağına almış ehtiyacın girdabından qurtulmuşuq. Və mən "Ömrümün kitabı"nda bunları qələmə alsam da, Yusifin xatirələrində saf övlad məhəbbətilə Lalə Anadan yazdıqlarını oxuyanda ötənləri yenidən yaşadım.
Qəribədir, insan yaşa dolduqca o hisslər, duyğular nəinki solur, əksinə yaddaşa hakim kəsilir, daha kövrək, daha əziz olur. Çünki müqtədir şairimiz Əliağa Kürçaylının dediyi kimi, bizlərdən hər birinin qəlbində zamanın sərt sınağının sındıra bilmədiyi Analarımızın "Qüdrətdən yaranmış heykəli" naxışlanıb.
Müdriklər deyib: "Ananın borcundan çıxmaq mümkün deyil". Bu, danılmaz həqiqətdir. Ancaq təsəllimiz budur ki, analarmız bizim xoş çağlarımızı gördülər, xoş güzəranlı nəvələrini böyütdülər, ürəkdən sevindilərg
Anam sevinməkdən qorxardı, tez salavat çevirib: "İlahi, bu günləri balalarıma çox görmə", - deyib dua edərdi. Yusif yazır ki, onun da rəhmətlik anası sevinməkdən qorxarmış və bug əbəs deyilmişg
Şükürlər olsun ki, Yusif ömür-gün sirdaşı Aliyə xanımla övladlarının, fidan nəvələrinin xətrinə özlərində qüvvə tapıb qəzavü-qədərin müsibətinə dözə bildilər. Həyat davam etdi, təzə nəvələr dünyaya gəlib dil açdılar, böyüdülər, məktəbə getdilər. Ərinin ürəyi "sözünə baxmayıb" əməliyyat olunanda Aliyə xanım gecə-gündüz onun keşiyini çəkdi.
Yusif sağaldı və bir gün mənə sevincək xəbər verdi ki, böyük nəvəsi Fəridə yüksək balla ali məktəbə qəbul olunub, kiçik nəvəsi Abbas dayısının adını yaşadır, Allah saxlamış ağıllı, fə-rasətli oğlandır. Maraqlı hekayələr, kövrək etüdlər yazan qızı Lalə qardaşının adını təxəllüs götürüb: Lalə Abbas!
O isə bu gün də yazıçı təxəyyülünə sığmayan həyatının dolaylarında tale-yin zərbələrinə və nəhayət, cərrah bıçağına tuş gələn ürəyinin ağrı-acısını vərəqlərə yazır, əlli il sirdaş olduğu qələminə dinclik vermir. Bir-birinin ardınca işıq üzü görən kitablarından adəti üzrə bizim ailəyə də "dost payı" ayırır: "İstedadlarına və insanlıqlarına dərin hörmət bəslədiyim əvəzedilməz cütlüyə - Əlövsət Bəşirliyə və Dilarə Vəkilovaya, onların ləyaqətli övladlarına dost payı. Yusif Kərimov".
"Əvəzedilməz cütlük" deyəndə o, ailə quran tələbə yoldaşlarını - Dilarə ilə məni nəzərdə tutur. Neçə illər rayonda işləyəndə, sonralar Bakıya qayıdanda evimizin qapısını tələbə yoldaş-larımız ərklə açıblar. Yusif də zarafatla deyir ki, siz yaxşı iş görüb tələbə dostlarımızın rahat görüşməyinə səbəbkar olmusuz.
Belə görüşlər, bir yerə yığışmağımız bizə həmişə bir mərhəmlik gətirir: tələbəlik çağlarının şirin anlarını xatırlayan kim, qrupumuza məxsus deyimləri yada salan kim, ərkyana zarafatlar edən kimg
Bir dəfə bütün qrupu evimizə ad günü münasibətilə dəvət etmişdik. Hamısı da gəlmişdi. Məclisimizin tamadası Yusif dedi: "Səbəbkar Dilarə xanım olsa da, elə hamımız az fərqlə "60"-ın ətrafındayıq. Odur ki, gəlin ürək sözlərimizi deyib səbəbkarla birlikdə bir-birimizi də təbrik edək və Əlövsət bu məclisimizin lent yazısının üzünü köçürüb hər birimizə versin".
İndi həmin kasetə baxanda inana bilmirəm ki, o gündən 15 il keçib, Yusif demişkən, artıq "75"-in ətrafındayıq. Və mən ötənləri xatırlayaraq tələbə dostumun, həmkarımın "Ömür adlı yol keçdim" kitabını oxuyuram. Kitabda onun son illərdə qələmə aldığı publisist yazıları ilə yanaşı, "Mənim bestellerim" silsiləsindən bədii əsərləri yer alıb: "Bakirələr xiyabanı" romanı, "Mələklərin harayı", "Qara qərənfil", "Üçbucaq" povestləri, "Qısqanclıq" novellası, "Dad, məni tutdular" hekayəsi.
"Çətin oxunan əsərin içərisində qızıl xırdalasan da faydası yoxdur". Kitabın epiqrafında böyük fransız yazıçısı Floberin müdrik sözləri diqqəti cəlb edir.
Mübaliğəsiz deyə bilərəm ki, Yusifin qələmindən çıxan yazılar, xüsusən bədii əsərlər ilk səhifəsindən başlayaraq oxucunu ahənrüba kimi özünə çəkir. "Ömür adlı yol keçdim" kitabındakı publisist yazılarını, hekayə, novella, povest və romanını mən də beləcə maraqla oxudum. Və onun qələminin zaman keçdikcə necə cilalandığının, yetkinləşib kamilləşdiyinin şahidi oldum.
Yusif Kərimov yaradıcılığına xas olan diqqətəlayiq xüsusiyyətlər yaxınlarda çapdan çıxan "İşğal vadisi" tarixi romanında özünü bariz şəkildə büruzə verir. Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində bu, xüsusilə vurğulandı.
"XIX-XX əsrlərin ictimai-siyasi hadisələri və bunların içərisində formalaşan milli oyanış tariximizi işıqlandıran romanda müəllifin oxucularına çatdırmaq istədiyi həqiqət budur: Biz keçmiş faciələrimizdən ibrət almalı, işğal tariximizi unutmamalı, səhvlərimizdən nəticə çıxarmalıyıq. İndiki dövrdə yaşamaq hüququmuzu qorumalı, təcavüzlərdən, işğallardan qurtulmağı bacarmalıyıq". (Şəfəq Nasir)
Azərbaycan tarixinin taleyüklü, ağrılı-acılı dövrünün bədii təcəssümü olan "İşğal vadisi" romanı ömrünün 75-ci pilləsinə qədəm qoyan yazıçının oxucularına yubiley töhfəsi, ədəbiyyatımızda diqqətəlayiq hadisədir.
Özünün təbirincə,
"Ömür adlı yol keçən",
enişli-yoxuşlu yaradıcılıq yolunda inamla irəliləyən
qələm dostumuza möhkəm cansağlığı, yeni
uğurlar diləyirəm.
Əlövsət Bəşirli
Ədalət.-
2015.- 4 iyul.- S. 11-12.