KÖVRƏK XƏYALLARLA KƏNDDƏN
BOYLANAN ŞAİR
Sazı-sözü
qədimdən qədim olan,
adət-ənənəsi min illərin qaynağından su içən Borçalı mahalında,
Bolnisi rayonunun Darvaz kəndində Təbriz
İman adlı bir şairimiz yaşayır. Adı ən çox sevdiyimiz ana şəhərimiz Təbrizin
adından götürülüb. Kəndinin adı
Darvazdır. Darvaz kəndinin
uca qayaları, sıldırım dağları,
əlvan meşələri,
qaynar bulaqları, yaşıl çəmənləri
poeziyadır, sözün
əsl mənasında
poeziya. Bu şeiriyyatın içində
Təbriz yaşayıb-yaradır.
At minənləri, cıdıra
çıxanları, qılınc
oynadanları, yarışa
duranları, uzaq yollar yoranları da, Təbrizin udduğu hava, çəkdiyi nəfəs,
içdiyi su, yediyi çörək və qövsü-qüzeh
rəngləri də hamısı başdan-başa
şeiriyyətdir. Meşələr qoynunda yerləşən Darvaz həm də Borçalıda dağla aranın qovuşduğu, əsrarəngiz
təbiəti ilə seçilən bir yerdir. Bu təbii gözəlliklə hər
gün təmasda olan, dağlardan qürur, qocaman palıd ağaclarından
məğrurluq, mətinlik,
suyu diş göynədən bulaqlardan
saflıq, paklıq alan, durulan
və durula-durula ucalan Təbriz aran-yaylaq yollarını hər gün görür və gördüklərini sevə-sevə
şeirə gətirir:
Arı kimi bu çiçəkdən
o çiçəyə qonuram,
Təbrizəm, zövq ala-ala
yaşadır dağlar məni.
Doğurdan da, arı kimi
güldən-gülə qonmaq,
çiçəklərdən şirə çəkmək,
çəkdiyi şirəni
bala döndərmək
arılara və şairlərə qismət
olur. Təbriz də belə
bir aləmdə yaşayır.
Təbriz
şair olduğu üçün üzünü
elinə-obasına, yurduna-yuvasına
tutur, "uman yerdən küsərlər"
deyib məhəbbətə
məhəbbət, sevgiyə
sevgi umur və haqlı olaraq deyir:
Şair balanızın qədrini
bilin,
Bir də doğacaqmı analar məni.
İnam sevəndə, seviləndə
böyüyür, ucalır. Təbriz də
hamı kimi böyümək, sevmək
və sevilmək istəyir. Bu, onun şair haqqıdır.
Şəhər həsrətiylə kənddən
boylanıb,
Kövrək xəyallara dalan şairdi.
Təbriz İman - onun ömrü kənddən şəhərə boylanan,
şəhər həsrətiylə
alışıb yanan,
ancaq kəndinə-kəsəyinə
bağlı bir ömürdü. Onun həmsöhbəti təkcə insanlar deyil, yarpaqdı, torpaqdı, daşdı, qayadı, ağacdı, otdu, sudu, göydə
süzən quşlar,
suda üzən balıqlardı, meşədi,
kökdü, budaqdı,
bir sözlə, ana təbiətdi.
Mənim yolum saz yoludu,
sazın yolu öz yolum,
Aramızda vəhdət qurur
söhbət yolum, söz yolum.
- deyən Təbrizin
yolu elin, sazın-sözün, məclisin,
duyan ürəklərin,
sevən könüllərin
yoludur. Bu yol
onu ucalığa, yüksəkliyə, uğura,
zirvəyə doğru
aparır, haqqa-həqiqətə
doğru çəkir.
Xalq öz şairinə arxa duranda, onu hər
bəladan qoruyanda şair də, xalq da böyüyür,
gərək xalq öz şairinə sahib çıxmağı bacarsın. Vay o gündən
ki, şair xalqın yolundan çıxa, xalq da şairin. Dünya onda gözəl olur ki, xalq şairin
qədrini bilə, şair də xalqı iki gözü kimi sevə!
Küsər dağları, gül
açmaz,
Şair yaddan çıxanda.
Günəş də şəfəq
saçmaz,
Şair yaddan çıxanda.
Tarix susar, il
ağlar,
Bəm sızıldar, zil
ağlar.
Ağlar, anadil ağlar,
Şair yaddan çıxanda.
Yaxşı şairlər, qələm
ustaları heç vaxt xalqın yadından çıxmır. Allahın da,
xalqın da sevimlisi olur.
Təbriz İman Allaha, Tanrıya, yerə-göyə,
təbiətə, həqiqətə
bağlı şair olduğu üçün
şeirləri təbii
və səmimidir. Onun şeirləri
ona görə təbiidir ki, qoynunda yaşadığı
təbiəti yaxşı
duyur, görür, oxuyur, düşünür
və düşündürür.
Bir tərəfi Başkeçid
yaylaqlarına söykənən
Darvaz dərəsi deyilən coğrafi məkan onun ruhunun, ürəyinin, şeirinin baş qəhrəmanıdır. O, ilhamını bu qəhrəmandan, yəni torpaqdan, Borçalı torpağından alır. Mən də Borçalı mahalının,
Başkeçid yaylaqlarının,
Darvaz ellərinin arzularına qoşulub şair dostumuza uğurlar arzulayıram! Təbriz İman! Qoy bu ad adı
qürurla çəkilən
böyük Təbrizimizin
cərgəsində səslənsin!
Amin!
Zəlimxan YAQUB, Xalq şairi
Ədalət.- 2015.- 4 iyul.- S. 14.