"41-ci ilin iyun faciəsi Stalinin çox
böyük səhvinin nəticəsi idi"
Almaniyanın SSRİ-yə hücumunu "xaincəsinə"adlandırmaq
nə dərəcədə düzgündür? Stalin Sovet
İttifaqının hansı ərazilərini hərbi əməliyyatların
dayandırılacağı təqdirdə Hitlerə təklif
etmişdi? Müharibədən əvvəl
kəşfiyyatçılar nə üçün məhv
edilirdi? -İkinci Dünya müharibəsindən
70 ildən çox keçməsinə baxmayaraq, politoloqlar,
tarixçi alimlər hələ də bu məsələləri
araşdırır, qaranlıq mətləblərə
aydınlıq gətirməyə çalışırlar.
Moskvada fəaliyyət göstərən "Memorial" cəmiyyəti
elmi-informasiya və maarifləndirmə Mərkəzinin sədr
müavini, tarixçi N. Petrovun "Novoe vremə"
jurnalına (№21, 2015-ci il) verdiyi müşahibə də bu cəhətdən
diqqətəlayiqdir. Aşağıda həmin
müsahibə ixtisarla dərc olunur.
9 may - qələbə
günüdür: döyüşdülər, tab gətirdilər,
kimlərsə sağ qala bildi, Berlin süqut etdi, Hitler məhv
oldu və s. Bəs 22 iyun - bu nədir?
Ölkəmizdə kimdən soruşsanız, əlbəttə
deyər - "müharibənin başlandığı
tarix". Bu haqda çox şeydən xəbərdar olsa da,
düşünmədən əlavə edər - "eyni
zamanda Stalinin faciəvi və bağışlanmaz səhvlərinin
acı nəticəsidir, hansı ki, xalqımıza milyonlarla
insanın həyatı bahasına başa gəlib". Biz müxtəlif dərsliklərdə oxuyur və
müasir tarixçilərin çıxışlarında
eşidirik ki, Sovetlər Birliyi bu müharibəyə
hazırlaşırdı. Onda sual yaranır: bəs
Molotovun 22 iyun, Stalinin isə 3 iyul 1941-ci il
tarixli çıxışları haradan ortaya
çıxdı? Orada incik məqamlar açıq-aydın
ifadə olunurdu - almanlar, biz sizə inanırdıq, bəs siz?.. Stalin Hitlerə hansı əsaslarla
inanırdı - tarixçilər bunu qətiyyən izah etmirlər.
Eyni zamanda işə yarayan "xaincəsinə
hücum" tezisi altında bəzi qaydaların, öhdəliklərin
pozulması, nəhayət, heç bir hadisənin baş verməyəcəyinə
bizim inamımızın qırılması kimi təəssüratlar
yaradılırdı. Bəs əslində
necə idi? Cavab birmənalıdır: müharibənin
başlanması Stalinin siyasi manevrlərinin, qurduğu
kombinasiyaların və bir də Hitleri necə olur-olsun
qabağlamaq cəhdinin nəticəsi idi.
Faciədən əvvəlki dövr
Bizə məlumdur ki, müharibə iyunun 22-si, səhər
saat 4-də başlanıb. Bu tarix, heç
olmazsa, düzdurmü? Almaniya ilə
SSRİ arasındakı müharibə vəziyyətindən
danışdıqda, əlbəttə, söhbət 22 iyundan
gedir. Məhz bu gün Berlindəki sovet səfiri
Dekonazov Almaniya XİN-ə çağırılaraq və
ona müvafiq məlumat verilmiş, eyni zamanda Almaniyanın
Moskvadakı səfiri xarici işlər naziri Molotovun yanına
dəvət olunaraq ondan izahat verməsi istənilmişdir.
Ümumiyyətlə, bu məşhum tarixdən bir
neçə ay əvvəl şayiə gəzirdi ki,
müharibə bu gün-sabah başlanacaq. Aprelin 24-də almanların
Moskvadakı hərbi-dəniz attaşesi fon
Blumbax Berlinə yazırdı ki, hamı yaxınlaşmaqda
olan müharibədən danışır. Böyük
Britaniya səfiri isə konkret tarix göstərirdi - 22iyun.
Lakin başqa tarix göstərənlər də vardı -
20may. Stalin, əlbəttə, müharibəyə
hazırlaşırdı. Qoşunlar yerbəyer edilir, səfərbərlik
aparılır, yeni diviziyalar yaradılırdı... Bəs bu diviziyalar sərhəddə necə yerləşdilirdi?
Göbbels öz gündəliyində bu barədə çox
aydın yazırdı: "Qızıl ordu hissələri
hücum mövqeyində idi. Bu heç də dərində
eşelonlar yerləşdirilmiş müdafiə deyildi, bu
qoşunlar hücum üçün
hazırlanmışdı. Onlar hətta
bizim arzu edə bilməyəcəyimiz şəkildə cəmləşmişdilər
- çoxlu sayda və ayrı-ayrı yerlərdə".
Stalin hesab edirdi ki, müharibə özgə ərazidə
gedəcək? Şübhəsiz. Necə ki, bizim insanlara
aşılamışdılar, necə ki sovet təbliğatı
daim təkrar edirdi sovet rəhbərləri də buna
inanırdı - ordu özgə ərazidə, özü də
"az itki, güclü zərbə" ilə
döyüşəcək. Bundan əlavə, beynəlmiləlçiliyə
də böyük inam vardı - axı Qızıl ordu fəhlə
və kəndlilərə azadlıq bəxş edəcəkdi!
O elə ilk zərbəni vuran kimi bütün burjua sistemi
dağılacaq, bütün burjua hökümətləri
yıxılacaq, hansı ki, daim zorakılığa əsaslanır
və öz xalqını əsarətdə
saxlayırdılar. Baş qərargah daxilində
hansısa müzakirələr gedirdimi? 1941-ci
ilin mayında Baş qərargah tərəfindən Almaniya ərazisində
bizim necə döyüşəcəyimiz barədə plan
hazırlanmışdı (yeri gəlmişkən, bir qədər
sonra ictimaiyyətə açıqlandı). Əlbəttə, heç kəs güman etmirdi ki,
almanlar bizim əraziyə daxil olacaq və biz burada onlara
müqavimət göstərəcəyik. Stalinin
Almaniya ilə mümkün toqquşma haqqında öz sxemi
vardı, lakin o bundan daim ehtiyat edirdi. 1940-cı
ilin yayından başlayaraq bütün sovet siyasəti -
Hitleri sakitləşdirmək siyasəti idi. Stalinin sxemi
çox sadə idi: almanlardan ultimatum gəlir və yalnız
bundan sonra Almaniyaya zərbə endirilir. Rəhbər,
rəqibin də öz sxemi ilə hərəkət edəcəyini
yaxşı anlayırdı. Lakin 1941-ci
ilin mayında Hitler Rusiya ilə bağlı planını dəyişdi.
O heç kəsin ğözləmədiyi bir hərəkət
etdi. İyunun 16-da dediyi fikirlər Göbbelsin gündəliyində
öz əksini tapıb: "Bu dəfə başqa cür hərəkət
edəcəyik: mətbuatda heç bir polemikaya girişmir, tam
sükut şəraiti yaradır və "X"
günündə sarsıdıcı zərbə vururuq". Niyə Stalinin başqa nəsə gözləməsi
haqda inamla danışmaq olar? Ona görə ki,
SİTA-nın 14 iyun 1941-ci il bəyanatından
aydın olduğu kimi, Moskva Almaniyadan heç bir ultimatum
almayıb.
Nə bəyanat idi bu belə? Bu çox məşhur
bəyanat idi. Onu hələ elan
olunmamışdan əvvəl, iyunun 13-ü axşam Molotov
Almaniyanın Moskvadakı səfiri Şulenburqa təqdim
etmişdi. Qəzetlərdə ertəsi
gün dərc olundu. Orada deyilirdi ki, guya
Almaniyanın SSRİ-yə qarşı ərazi və iqtisad
xarakterli tələbləri barədə şaiyələr
dolaşır, sovet dövləti isə buna məhəl qoymur
və cavab olaraq sərhəddə qoşun toplayır.
Beləliklə, SİTA tam məsuliyyəti ilə bəyan
edir: Almaniya heç bir tələb irəli sürmür, o
bütün danışıqlara və razılaşmalara əməl
edir, sovet qoşunları isə yay toplanışına gedir -
sadəcə döyüş hazırlığını
yoxlamaq üçün. Bəyanat əslində
Almaniyanı ultimatuma dəvət etmək idi. Stalinə mütləq ultimatum lazım idi. Bəzi tarixçilərin fikrincə, Stalin Almaniyaya
hücum etməyə qəti şəkildə hazır idi və
yalnız bəhanə axtarırdı. Bəs
Sovet İttifaqı kifayət qədər gücə malik
idimi ki, Almaniyanı qabaqlasın və müharibəyə
başlasın? Elə də nəhəng
gücə malik deyildi, lakin sərhəddə cəmləşmiş
qoşunların sayına görə üstün idi.
Burada hər şey bir məsələdən asılı idi,
- Stalin bunu çox gözəl anlayırdı, - kim zərbəni birinci vuracaq. Qoşunların
belə konfiqurasiyası və düzülüşü, - istər
SSRİ tərəfdən, istərsə də Almaniya tərəfdən,
- deməyə əsas verirdi ki, ilk zərbəni kim vursa o da qalib olacaq. Mühasirə,
müdafiəni yarma, eşelonlar yerləşdirilməmiş
arxa cəbhədə irəliləmə - bütün bunlar əslində
Stalin üçün böyük üstünlük idi, əgər
hücuma o başlasaydı. Yəqin bunu
generallar da bilirdi. Onda bəs nə
üçün SSRİ Almaniyaya zərbə endirmədi?
Ona görə ki, Almaniya həmin vaxt sxemi dəyişdi.
Ultimatum gözlənilirdi, lakin olmadı. 1941-ci ilin 21 iyununda Kominternin görkəmli nümayəndəsi
Georgi Dimitrov Molotova bildirdi ki, ayın 22-də Almaniya hücuma
keçərək. O isə cavabında dedi: - Vəziyyət
hələ tam aydın deyil, böyük oyun gedir, hər
şey bizdən asılı deyil. Bəs nə
üçün "hər şey bizdən asılı
deyil?" Ona görə ki, həqiqətən
bir bəhanə lazım idi. Axı Stalin bu müharibəyə
başlamaqla nəyə nail olmaq fikrində idi? O, Almaniya ilə
başabaş qalmaq istəmir, çalışırdı ki,
Böyük Britaniya ilə birgə hərəkət etsin. Axı Böyük Britaniya müharibə vəziyyətində
idi, Almaniya onun şəhərlərini bombalayır, imperiya da
onunkunu. Hava müharibəsi çox ciddi
xarakter almışdı.
Başqa
sual: Stalin Hitlerin partiya üzrə müavini Rudolf Gessin
Londonla danışıqları barədə nəsə
bilirdimi? Bu barədə hələ də dəqiq
məlumat yoxdur, sual açıq qalmaqdadır.
Belə fərziyyə
var ki, britaniyalılar Almaniya ilə sülh haqda
düşünürlər...
Bunu başa düşmək üçün çox da ağıllı olmaq lazım deyil. Danışıqlar məhz bu haqda idi. Hətta adi məntiqlə də başa düşmək olar: nədən Hitler partiyasının bir üzvü qəfildən, həm də böyük risk edərək Londona yollanır? Aydındır ki, onun konkret məqsədi vardı. Doğrudur, Almaniya Gessdən öz yaxasını kənara çəkdi. Berlində danışırdılar ki, Gess dəlidir, biz bilmirik birdən onun ağlına nə gəldi. Lakin bu sözlərə kim inanardı? Məhz bu cür hiylələrlə almanlar ictimai fikri dəfələrlə çaşdırmışdılar.
Darmadağın
edilmə və sövdələşmə cəhdi
İkinci Dünya müharibəsi barədə araşdırmalar aparan amerikalı tədqiqtçısı K.Merrideyl yazır ki, müharibə başlanandan bir il sonra artıq sovet ordusu darmadağın edilmişdi. Əgər 1941-ci ilin iyununda Qızıl orduda 4,5 mln əsgər vardısa, bir il sonra, 1942-ci ilin iyununda ondan heç nə qalmamışdı - ya əsir düşmüşdülər, ya da öldürülmüşdülər. Bütün bunlar həqiqətə uyğundur. 1941-ci ildə Almaniya, doğrudan da, SSRİ üzərində hərbi qələbə qazanmışdı. O başqa məsələ ki, sovet ordusu yenidən formalaşdı, özünə gəldi və s. Əlbəttə, Vermaxt öz qarşısında duran məqsədə çatmadı - Moskva və Leninqrad ələ keçirilmədi, almanlar Astraxan - Kirov - Arxangelsk xəttinə çıxa bilmədilər. Yeri gəlmişkən, Hitler müharibədən qabaq da Stalinə belə siqnallar göndərirdi - qoy o, Uralın o tayında tam hökmranlıq etsin.1941-ci il mayın 25-də Stalinə Berlindən alınmış belə bir məlumat şatdırıldı: "Almaniyanin SSRİ ilə müharibə planı bütün detallarına qədər mükəmməl hazırlanıb - müharibə maksimum altı həftəyə bitməlidir. Bu müddətdə Almaniya SSRİ-nin Avropa hissəsini bütünlüklə tutmalı, lakin Sverdlovskdakı hökümətə toxunmamalıdır. Əgər Stalin SSRİ-nin qalan hissəsində sosialist quruluşunu xilas etmək istəsə, Hitler buna mane olmayacaqdır". Bütün bunlar məqsədli şəkildə Stalinə göndərilən siqnallar idi. Bəs Stalin ölkənin Avropa hissəsini Hitlerə verməyə hazır idimi? Avropa hissəsini yox - amma nələri güzəştə getmək fikrində olduğunu XDİK-in məşhur əməkdaşı P. Sudoplatovun 1953-cü il avqustun 7- də MK-nın rəyasət heyətinə təqdim edtiyi qeydlərdən görmək mümkündür. Məlum olur ki, müharibə başlayandan cəmi bir neçə gün sonra o, Moskvada bolqar diplomatik nümayəndəsi İ.Stamenovla görüşüb və Almaniyaya çatdırılması üçün ona bir neçə sual verib. Beriyanın öz qeyd dəftərçəsindən diktə edib yazdırdığı bu sualların ona kim tərəfindən verildiyini təsəvvür çətin deyil. Dörd sualdan ibarət "qeydlər"in üçüncüsü belə idi: "Sovet ərazisindən Pribaltika, Ukrayna, Bessarabiya, Bukovina və Kareliya bərzəxinin almanlara verilməsi onları qane edərmi?"
Bolqar diplomatının bu sualları Hitlerə çatdırıb-çatdırmaması bəlli deyil. Ola bilsin ki, bu barədə məlumat sovet kəşfiyyatının diqqqətindən qaçıb. Hər halda Almaniyadan heç bir reaksiya olmadı.
Bəs sonra Stalinlə bağlı nə baş verdi? 1941-ci il iyunun 28-də Minsk süqut etdikdən sonra, rəhbər iki gün öz məsləkdaşlarının gözünə görünmədi - Dövlət müdafiə komitəsinin yaradılması ilə bağlı hazır planla onun yanına gələnədək. O, "Yaxın bağça"da idi, heç kimi qəbul etmir, heç nə barədə danışmırdı. Bəziləri deyirdilər ki, rəhbər yüngülcə xəstələnib. Mən fikirləşirəm ki, onda ruh düşkünlüyü yaranmışdı. Və bu sözlər, hansı ki, öz məsləkdaşlarına demişdi,-"Lenin bizə nəhəng dövlət qoyub getmişdi, biz isə onu ... batırdıq" (ifadə Stalinin özünə məxsusdur), - belə düşünməyə əsas verir.
Hitlerin ehtimalları
Nə üçün Hitler SSRİ-yə hücum etdi? O, hər halda bütün Qərbi
Avropaya nəzarət edirdi. Daha məntiqli
olmazdımı, Stalinin onunla mehribanlığa hazır
olmasını nəzərə alaraq, birləşib
Böyük Britaniyanı birlikdə əzsinlər?
Stalinlə birləşmək mümkün deyildi, o daimi
bir təhlükə idi. Gəlin xatırlayaq: Molotov 1940-ci ilin noyabrında Berlinə
gedərək Finlandiya məsələsini bitirmək,
Balkanları təsir zonasına bölmək, xüsusən də
Bolqarıstanda sovet qoşunlarını yerləşdirmək
barədə təkliflərini Hitlerə çatdırdı.
Eyni zamanda boğazlar barədə
danışıqlar apararaq Almaniyanın Türkiyəyə təsir
göstərməsini xahiş etdi. Sovet
nümayəndəsi pozitiv cavab gözləmirdi. Bu o demək idi ki, əslində Hitler
üçün Sovet İttifaqı artıq müttəfiq
deyildi - potensial qurbana çevrilmişdi. Böyük
Britaniya ilə işləri yoluna qoymaq üçün Hitler
arxa cəbhədə təhlükəsizliyi təmin etməli,
əmin olmalı idi ki, ona arxadan zərbə endirilməyəcək.
Hitler
1941-ci il iyunun 21-də Mussoliniyə
yazdığı məktubda bildirirdi ki, həyatında ən
çətin bir qərar qəbul edib: artıq 250 il
coğrafi genişlənməni davam etdirən Rusiyaya son
qoymağın vaxtı çatıb. Onu
Pribaltikanın sovetləşdirilməsi özündən
çıxarmışdı, Molotovun təklifləri də
xoşuna gəlmədi.
Güman etmək olardımı ki, Hitlerin SSRİ üzərində
erkən qələbə planı 6 milyon insanın məhvinə
səbəb olmuş kollektivləşmənin nəticələri
üzərində qurulmuşdu? O gözləyə bilərdimi ki,
bundan sonra əhali almanları bir xilaskar kimi
qarşılayacaq?
Əgər Hitler həqiqətən bunu ehtimal etsəydi, daha çox uğur qazanardı, ümumiyyətlə, "xilaskarlıq missiyası"na ciddi əsaslanılsaydı, onda almanlar konkret addımlar atmalı olardılar - kolxozlar ləğv olunar, nəinki yerli özünüidarə işə salınar, hətta Rusiyanın dirçəlişi naminə ona yeni ideyalar verilərdi. Lakin bu mümkün deyildi, çünki Hitlerin başqa xalqlar kimi ruslara qarşı da təkəbbürlü münasibəti geniş yayılmışdı. Yeri gəlmişkən, SSRİ-də vətəndaş müharibəsini alovlandırmaq siyasətinə də maraq göstərilmədi, hansı ki, onsuz da 1941-45-ci illərdə faktiki olaraq gedirdi - böyük müharibənin içində yeni bir müharibə kimi. Almanlara kütləvi müqavimət bir qədər də Stalinin onu hər vasitə ilə qızışdırmasına görə baş verirdi. Rəhbər hesab edirdi ki, işğal olunmuş ərazilərdə vəziyyət nə qədər pis olsa onun xeyrinədir. Çünki sovet mətbuatı dərhal almanların vəhşiliklərinə diqqəti cəlb edirdi. Əlbəttə, bu cür qəddarlıqlar kifayət qədər idi, lakin əsas məsələ insanların şüuruna belə bir sadə tezisi yeritmək idi - müharibə xalqımızı məhv etmək üçün aparılır, söhbət onnan gedir ki, SSRİ xalqları azad olmalıdır, yoxsa kölə vəziyyətinə düşməlidir...
Qorxulu paranoyya
Məlum olduğu kimi, sovet kəşfiyyatı daim yaxınlaşmaqda olan müharibə haqda məlumatlar verir, Stalin isə rezidentləri öz qərargahlarından geri çağıraraq onları güllələtdirirdi. Niyə?
Bu, hələ müharibədən qabaq, 1937-38-ci illərdə baş vermişdi. Sovet kəşfiyyatı XDİK-in digər bölmələri kimi acı aqibəti yaşamalı oldu. O illər əsl qırğın illəri idi və o, dövlət aparatının bütün həlqələri, o cümlədən kəşfiyyat üçün təşkil edilmişdi. Stalin 1937-ci ilin mayında bir qrup kəşfiyyatçının qarşısında çıxış edərək demişdir: - Başa düşün, kəşfiyyatda bizi sındırmışlar... - O bunu nəzərdə tuturdu: bütün ətrafımız "əkiz" agentlərdən ibarətdir - kimi ki biz ələ alırıq, əslində öz rəislərinə xidmət edir; onların cəlb etdikləri zabitlər isə avam insanlardır, başa düşmürlər ki, artıq bu yolla ələ alınıblar. Bax bu ayrıca mentallıq, paranoyyanın xüsusi növüdür.
O dövrdə nə qədər kəşfiyyatçı güllələnmişdi?
Yüzlərlə. Qırğın kütləvi olmuşdu. Məsələn, 1938-ci ilin sonuna yaxın etiraf edilirdi: Polşada bizim nə rezidenturamız var, nə də agentimiz. Bu, sadəcə XDİK-in sənədində yazılmışdı. "Mərkəz" casuslara inanmır, onlar ölkəyə çağırılaraq sürgün edilir, məhbəsə salınırdılar.
Rezidenturalarda çoxlu yəhudi agent vardı. Stalin hesab
edirdimi ki, Hitlerin antisemit siyasəti yəhudiləri yaxın
müttəfiqə çevirər?
Yox. Stalinin məntiqi tamam başqa cür idi. Həmin
çıxışında o (may,1937-ci
il) belə əsaslandırılırdı: "Düşmənimizin
düşməni bizim dostumuz deyil. Mümkündür
ki, onlar bir müddət bizimlə məcburi müttəfiq
olsunlar, lakin onlar bizim dostlarımız deyildir, onlar bizim
inanmadıqlarımızdır".
Madam ki Stalin Almaniya ilə müharibənin
labüdlüyünü bilirdi, bəs onda niyə müharibənin
başlanğıcında Qızıl ordunun hər dörd
zabitindən biri "otururdu". Dairə
komandirləri də. Məgər belə
deyildi?
Yox, heç də belə deyildi. Əgər "orduda təmizləmə"dən
danışılırsa demək lazımdır ki, komanda heyətində
7 min zabit güllələnmiş, 40 min nəfər isə tərxis
olunmuşdu. Sonralar bəzilərini
qaytardılar.
Stalin başa düşmürdü ki, ordunun gücdən
salınması prosesi gedir?
Bax, burada
yenə Stalinin məntiqi işə düşür: "gedənlər"in
yerinə yeni kadrlar gəlir - sovet generalları, onun general
etdikləri gəlir. Ordu rəhbərliyinə
divan tutulması Qızıl orduda "hərbi-faşist
sövdələşməsi" ilə motivasiya olunurdu.
Stalin
hesab edirdi: nə qədər general lazımdırsa
hazırlayarıq, lakin ən mühüm -siyasi sadiqlik və
itaətkar tabeçilikdir. Yeri gəlmişkən,
Stalinin məntiqini Hitler 1944-cü ildə, "altına bomba
qoyulduğu" bir vaxt belə izah edirdi: "Stalin ordu
komandanlığını darmadağın etdi, yəqin ki,
düz də etdi". Halbuki, müharibədən əvvəl
o, başqa söz deyirdi: "Stalin ordunu tam gücdən
saldı".
* * *
Almaniyanın "xaincəsinə hücumu" tezisi hələ
də gündəlikdə dolaşmaqdadır. Stalin, əlbəttə,
hücum haqda məlumatlı idi. Lakin
almanları güclü təşkil edilmiş müdafiə
ilə qarşılamaq üçün lazımi tədbirlər
görmədi. Onun 41-ci il məğlubiyyətinə
görə xalq qarşısında ən böyük
günahı özlərinin uydurduğu sxem üzrə
müdafiəyə atılması oldu.
...Yaxınlaşan
faciə barədə 1947-ci il iyunun 17-də
Berlindən növbəti kəşfiyyat məlumatı
alınmışdı. Orada konkret tarix göstərilməsə
də, açıq-aydın bildirilirdi ki, hücuma
hazırlıq artıq başa çatıb və hər an zərbəni gözləmək olar. Bəs Stalin bu xəbəri necə
qarşılayır? Özünəməxsuz şəkildə
- məlumat əsassızdır, onu göndərən isə
yalandan xəbər verir...
Hazırladı:
Səfər
Mahmudzadə,
hərbi jurnalist
Ədalət.-
2015.- 10 iyul.- S. 3.