BU DÜNYA
GÖRÜŞ YERİDİ
Səndən sonra sənin barəndə...
Bilmirəm, bəxtim belə yazılıb, yoxsa su axıb çuxurunu tapıb, amma hər nədisə mən dərddən-kədərdən nə qədər qaçıramsa, o mənə bir az da yaxın gəlir, bir az da doğmalaşır. Elə bil ki, bir-birimizin kölgəsinə çevrilmişik, ayrı dura bilmirik bir-birimizdən. Üstəlik dost-tanış, yaxın ətrafım da mənə bu dərddən-kədərdən uzaqlaşmağa imkan vermir. Onların da mənlə obrazlı desəm, "düşmənçilikləri" var, yoxsag
Hə, iki gün öncə xətrini çox əziz tutduğum, sözə, ədəbiyyata böyük önəm verən, "Azərbaycan" nəşriyyatından tanıdığım Həqiqət xanım bir kitab göndərmişdi. Daha doğrusu, özü gətirmişdi. Müəllifin adını bilirdim, az-çox yazılarına da bələdçiliyim vardı, amma çox dərindən tanımırdım Aqil İmanı. Və Həqiqət xanım da kitabı mənə verəndə bircə kəlmə dedi:
- İstəyirəm bu kitab barəsində bir şey yazasang
Təbii ki, bu mənə kifayət etdi və mən Həqiqət xanım otağı tərk edəndən sonra işimi-gücümü bir kənara atıb kitabı öncə vərəqlədim. Elə vərəqləyə-vərəqləyə də oxumağa başladım. Gördüm ki, tanıdığım, canımdan-qanımdan hər gün süzülən dərdin, kədərin, ayrılığın, həsrətin, bir sözlə, ilıq və həzin sözlərin bir toplusu mənimlə üz-üzə dayanıb. Elə bil müəllif, yəni Aqil İman oturub gözümün qarşısında, öz şeirlərini mənə oxuyur və mən də böyük maraqla onu dinləyirəm. Çünki onun hər misrasında məni düşündürən, məni silkələyən nələrsə var.
İnsanın
üstünə kədər qoşunla,
Gələndə
nədənsə sevinc tək olur.
Gözlərin yol çəkib yol qurtaranda
Ümidlər ağaran qara tük olur.
Hər kiçik zərbədən qəddini əyən,
Həyatın cəsarət
andını bəyən!
Dünyanın dərdini
çəkə bilməyən,
Dünyanın
özünə ağır yük olur.
İman, ömür
adlı qurduğun daxma,
Yüz tufan görəcək,
min şimşək çaxma,
Üzü dönük olan
sevincə baxma,
İztirab insanla ömürlük olur.
Düz yazıbmı? Mənə elə
gəlir ki, hər kəs bunun bir gerçək
olduğunu etiraf edər. Şəxsən mən bu misraların yaratdığı
auranın içərisində
hər gün çabalayıram. Ona görə
sözə, elə dünyanın özünə
çox gənc yaşından əlvida demiş Aqil İmanla iki əllə razılaşıram.
Və etiraf edirəm ki, nə qədər
yollar uzansa da, nə qədər
sular axıb durulsa da fərq
etmir, yazılan qalır, deyilən eşidilir. Sadəcə
bir az
geci-tezi olur. Ona görə də hər günahın babalı kiminsə boynunda qalır. Aqil İmanın dediyi kimi:
Udsam da dərdi çeynəyib,
Bilirəm az deyil eyib.
İman nə günah eləyib,
Babalı sənin boynuna!
Həqiqətən də biz etdiyimiz günahların babalını
təkcə öz boynumuzda, öz çiynimizdə daşımırıq. O həm
də bizimlə həmfikir olan, bizə dəstək olan, bizi özündə-sözündə
görən yaxınların,
doğmaların, sevdiklərimizin
boynunda da qalır. Üstəlik bizim təkcə
günahımız, babalımız
yox, həm də eldən, torpaqdan gələn dərdlərimiz də həmin o sadaladıqlarımla
paylaşılır. Çünki dərdi dağa-daşa demirlər ki, insana deyirlər. Lap bu şeirdə olduğu kimi:
Dərd qoşundu, İman
təkdi,
Dözən yazıq bu ürəkdi.
Həsrətindən uzun çəkdi,
Ölüm, ay dağlar, ay dağlar.
Və yaxud da:
İman çəkir ahu-zarı,
Gözü yolda qoyma barı.
Düşəcəkmi sənə sarı,
Görən bir də yönüm, Göyçə?!
Aqil İmanın
kitabında təqdim olunan şeirlərin demək olar ki, hamısı bir-biriylə ruhən, mövzu baxımından o
qədər bağlıdır
ki, elə bil bir silsiləni
oxuyursan, bir poemanın parçalarını
gözdən keçirirsən. Bu da şəxsən məndə bir oxucu kimi bütöv
orqanizmin gözdən
keçirilməsi, səhifələnməsi
təəssüratını yaradır. Görürəm ki, bu orqanizmin hər bir üzvü, hər bir əzası
yerindədi. Özü də
onların hamısı
danışır, özünü
təqdim edir. Sadəcə
onları dinləmək,
onları təqdir etmək lazımdır.
Bəli, Aqil İmanın görüş yeri adlandırdığı bu
dünyada özündən
sonra bir kitabı qalıb. Onun da barəsində mən öz təəssüratımı
sizlərlə bölüşərkən
bir şey idə xatırlatmaq istəyirəm. Belə ki,
dəyərli tənqidçi
dostumuz Əsəd Cahangir bu kitaba
Ön söz yazıb. Həmin Ön sözün
başlığı mənə
çox mətləbləri
anlatdı. Əsəd
bəy yazıb ki, "Eşq səni İman elədi"!!! Doğrudan da Qeysi Məcnun edən eşq Aqili də İman edib. Məhz bu kitabda ayrıca
bir fəsil kimi təqdim olunmuş Aqillə bağlı dost xatirələri,
yəni Sərraf Şiruyənin, Eldar İsmayılın, Məcnun
Göyçəlinin, Mütəllim
Həsənovun, Eldar Həsənlinin, Fərid Hüseynlinin və digərlərinin xatirələri,
fikirləri də Əsəd Cahangirin yanılmadığını bir
daha sübut edir.
Mən də dərddaşımın, ruh dostumun, yəni Aqil İmanın ruhu qarşısında baş əyməklə özündən sonra işıq üzü görən kitabına "Mübarəkdi!" deyirəm. Düşünürəm ki, bu arzumu, diləyimi onun ruhu qəbul edəcək.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2015.- 10 iyul.- S. 4.