Aydın Hüseynov: “O anları xatırladıqca qürur hissi duyuruq

 

“Oyunların baş tutması, yüksək səviyyədə təşkili qara qüvvələri susmağa vadar etdi

 

 

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun Adalet.az-a müsahibəsi.

-Aydın müəllim, Birinci  Avropa Oyunları tarixə qovuşdu. Sizin bu oyunlarla bağlı təəssüratlarınızı öyrənmək istərdik.

-Birinci növbədə onu deyim ki, Birinci Avropa Oyunları çox yüksək səviyyədə həyata keçirildi ümumilikdə indiyənə qədər keçirilən Avropa digər oyunların təzahürlərini özündə birləşdirərək yeni, müasir zövqə oxşayan, düşündürücü, maraqlı eyni zamanda indən sonra bu oyunların necə keçiriləcəyi ilə bağlı yeni bir standart ortaya qoydu. Bu hamı tərəfindən çox yüksək dəyərləndirilir, fəxr hissi yaradır. Bir Azərbaycan vətəndaşı olaraq belə bir tədbirin keçirilməsi üçün prezident İlham Əliyevə, prezidentin öz təbirincə desək, öz canını qoyan Mehriban Əliyevaya təşəkkür edirik ki,  Azərbaycanın adına layiq bir oyun keçirildi. Sualda yaxşı qeyd etdiniz. Bu oyunlar artıq tarixin yaddaşına həkk olundu. Ancaq bu tarix qızıl həriflərlə yazıldı. Biz bu oyunların canlı şahidi kimi o anları xatırladıqca qürur hissi duyuruq.

-Dünya mətbuatı hələ açılış bağlanış mərasimindən danışır...

-Açılış bağlanış mərasimi bir sürpriz oldu. Heç kim fikirləşə bilməzdi ki, belə bir mərasim təşkil olunar. İndiyənə kimi olan Olimpiadalar, oyunlar var. Təxmin edirdik ki, o oyunlarda olan açılış bağlanış formatlarından istifadə olunacaq. Ancaq qarşılaşdığımız mənzərə tamamilə fərqli idi. Bu mərasimlərdə dərin fəlsəfə, tarix, mədəniyyət öz əksini tapırdı. Muğamın oxunması, tarın, kamanın səhnədə yer alması, odun səhnədə peşəkarcasına canlandırılması heyrətamiz idi. Biz bununla bütün dünyaya Azərbaycanın zəngin tarixi keçmişə malik olduğunu bir daha sübut elədik. Mən onu deyə bilərəm ki, bu tədbirlər Azərbaycan dəyərlərini dünyəviləşdirdi.

Bir məsələni qeyd etmək lazımdır ki, açılış bağlanış mərasimlərinə dünya ictimaiyyətinin geniş maraq göstərməsi heç təsadüfi deyil. Çünki orda dünya ictimaiyyətinin zövqünə oxşayan elementlər var idi, hər bir xalq orda özünə uyğun nəyisə görürdü. Bu təkcə Azərbaycan çərçivəsində qalmadı. Azərbaycan çərçivəsində hər şeyi parlaq göstərdi.

-Aydın müəllim, yarışların iqtisadi siyasi üstünlüyü nədən ibarətdir?

-İlk öncə onu qeyd edim ki, belə mötəbər bir idman yarışının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu Azərbaycanın siyasi bir uğuru idi. Vaxt azlığına baxmayaraq ortaya çox böyük qoyuldu. Bunu təşkilat komitəsinin nümayəndələri dəfələrlə bəyan edib ki, belə qısa zamanda işlərin yekunlaşdırılması eyni zamanda belə gözəl yarışların keçirilməsini məhz Azərbaycan hökuməti edə bilərdi. Bununla yanaşı biz bir cəbhədə vuruşmadıq. Bu oyunların ölkəmizdə keçirilməsinə qarşı olan qüvvələr var idi. Onlar əllərindən gələni edirdilər ki, bu oyunlar baş tutmasın. Ancaq onların bütün səyləri suya düşdü. Avropa Oyunları keçirildi. Bunu da siyasi uğur kimi göstərmək olar. Oyunlar dünyanın bir çox ölkələrində yayımlandı. Oyunlarla yanaşı Azərbaycanla bağlı geniş informasiyalar verildi. Bütün bunlar uğurdur.

Bütün yarışlarda olduğu kimi bu yarışların iqtisadi baxımdan səmərəli olacağı proqnozlaşdırılırdı. bu baş verdi.  Siz həmin oyunlar dövründə bizim milli valyutamızın məzənnəsini izləsəydiniz görəcəksiniz ki, milli valyutamıza tələbat artdı. Bu artıq bir göstəricidir. Nəqliyyat, turizm digər sahələrdə canlanma yarandı, bu da bizim cari gəlirlərimizə öz müsbət təsirini göstərdi. O biri tərəfdən gələcək üçün əslində bizim cari gəlirlərimizdən çox iqtisadi mənfəətimiz gözlənilir. Bunu da onunla əsaslandıra bilərik ki, yarışların açılış bağlanış mərasimlərinə dünyanın bir neçə ölkə başçısı gəldi. Onlar Azərbaycanın iqtisadi potensialını gördülər. Bu da növbəti iqtisadi əlaqələrin qurulmasını stimullaşdırır.

Eyni zamanda ayrı-ayrı idman klublarını yarışlara çıxaran, onlara sponsorluq edən iqtisadi mərkəzlər var. O şirkətlərin nümayəndələri burda idi. Onlar da müəyyən təhlil apardılar. Bütün bunların səmərəsini biz yaxın vaxtlarda görəcəyik.

-Siz qeyd etdiniz ki, qara qüvvələr aparırdı. Müşahidələr onu deməyə əsas verir ki, Oyunlar zamanı həmin qüvvələr sanki yox oldular...

-Adətən bu qara niyyətli mərkəzlər inanmadı ki, birdən-birə möhtəşəm bir həqiqətlə üzləşəcəklər. Onlar düşünürdülər ki, Azərbaycan bu öhdəliyi yerinə yetirə bilməyəcək. Oyunların baş tutması, yüksək səviyyədə təşkili onları susmağa vadar etdi. Özləri çaşbaş qaldılar. Artıq bu yöndə nəsə deyəcəkdilərsə bu onların məhvi demək idi. Ona görə də susmağa üstünlük verdilər.

 

Ədil Ədilzadə

 

Ədalət.- 2015.- 11 iyul.- S. 3.