Bir təcrübə kitabı

 

Jurnalistlik fəaliyyətinə uzun illər öncə başlamış və imzasını geniş oxucu kütləsinə çatdırmış Qərənfil Dünyamin qızı (Qərənfil Quliyeva) bu yaxınlarda jurnalistlərə, mətbuatla maraqlananlara və ümumən Azərbaycan oxucusuna yeni kitabı olan "Dahinin istəyi, qələmin qüdrəti" kitabını təqdim etdi.

Kitab müəllifin, əsasən, "Kaspi" qəzeti olmaqla ölkənin bir sıra mətbu orqanlarında çap etdirdiyi elmi-publisistik və bədii məqalələrindən ibarətdir. Qərənfil xanımın jurnalistika sahəsində ərsəyə gətirdiyi digər kitablar kimi bu kitab da hər bir jurnalistin kitabxanasında yer almalıdır. Kitabdakı məqalələr sayəsində jurnalistlər və jurnalist olmaq istəyənlər böyük bir təcrübə ilə tanış olurlar. Düzgün araşdırma aparılması, bunun məqaləyə çevrilməsi və oxucuya hansı lövhələrlə çatdırılması baxımından kitabdakı məqalələr bu toplunun tam bir təcrübə kitabı olduğunu sübut edir. Kitabdakı ilk məqalə olan Odlu bir yol keçən "Odlar Yurdu" məqaləsi ilə bir növ müəllif jurnalistikanın klassik ənənələri və heç bir əngəl qarşısında yıxılmayan əzmini göstərərək müasir jurnalistikaya məsləhət verir. Məqalədə azadlıq uğrunda mübarizə dövrlərində mətbuatın önəmindən danışılır. Müəllif 1988-90-cı illər azadlıq hərəkatını 1918-20-ci illərlə əlaqələndirir və əsrin sonunda hərəkatın ruhunun 1918-20-ci illərdəki hərəkatın ruhundan gəldiyini çatdırır. Əsrin sonundakı mübarizə dövründə tanınmış yazıçı Elçin Əfəndiyevin xaricdə yaşayan həmvətənləri ilə birlikdə "Vətən" cəmiyyətini yaratması və bu cəmiyyətin orqanı olan "Odlar Yurdu" qəzetinin fəaliyyəti araşdırılır. Qəzetin senzuranın, təqibin olduğu dövrdə öz xalqı üçün qorxmadan xidmət etdiyinin diqqətə çatıdırılması bugünkü mətbuata da öz vəzifəsini göstərir. Kitabda diqqət çəkən məqalələrdən biri də "Füyuzat"çı Nigar xanım məqaləsidir. Məqalədə görünür ki, "Füyuzat" jurnalının yazarlarının fotoları verilən ilk səhifədə Nigar xanım adlı birinin fotosu var və müəllif həmin şəxsin kim olduğunu araşdırmağa başlayır. Qərənfil xanımın tarixin qaranlığında qalmış və bizlər üçün böyük önəm daşıdığı halda məlumatımız olmayan şəxsiyyəti gündəmə gətirməsi, oxucuya çatdırması həqiqətən təqdirəlayiq bir təşəbbüsdür. Bunlardan əlavə kitabın digər məqalələri də oxucunu bilgiləndirir, onun dünyagörüşünə, məsələlərə baxışına təsir edir.

Mətbuat tarixçisi, fəlsəfə doktoru olan Qərənfil Dünyamin qızının bu kitabı tarixin təcrübəsindən istifadə edərək öz işini daha da təkmilləşdirmək istəyənlər üçün əvəzsiz bir vəsaitdir.

 

Nurlan Səlim

BDU-nun jurnalistika fakültəsi,

II kurs tələbəsi

 

Ədalət.- 2015.- 11 iyul.- S. 7.