Mükafat yağışı

 

Teatr mövsümünün bağlanışını bayrama çevirənlər

 

Səhər tezdən teatrın bütün kollektivini iş yerinə çağırmışdılar. Mətbuat nümayəndələrini dəvət etmişdilər ki, hadisədən oxucular, tamaşaçılar da xəbər tutsunlar. Belə ciddi məsələləri el-aləmdən gizlətməyə dəyməz. Qoy hamı bilsin ki...

 

Teatr asılqandan başlayır ya cığıraçanlar

 

Dövlət Musiqili Teatrın foyesində, asılqanın qarşısında iynə atsaydın, çətin ki, yerə düşəydi. Səhnədə görməyə alışdığımız aktyor aktrisalar, balet truppasının üzvləri, xorda oxuyanlar, orkestrin musiqiçiləri, texniki işçilər foyeyə toplaşmışdı. Bayramsayağı geyinməklərindən belə anlamaq olurdu ki, əlamətdar hadisəni qeyd etməyə cəm olublar. Teatr Xadimləri İttifaqının nümayəndələri, Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan adlı-sanlı rejissor aktyorlar da gözə dəyirdi. Qonaqlar da həmkarlarının arasında olduqlarından elə özlərini ev sahibi kimi aparırdılar. Aparmaq demişkən, bəs tədbirin aparıcısı kim olacaq?

Sualın cavabını tapmaq üçün çox fikirləşməyə ehtiyac olmadı. Əməkdar artist, Prezident Mükafatçısı Əkbər Əlizadə Elza Seyidcahanın aktyorların həyatından bəhs edən mahnısını ifa edəndən sonra aparıcılıq missiyasını öz üzərinə götürdü. İstedadlı aktyor dedi ki, kollektivin bura cəm olmasının səbəbi, daha doğrusu, səbəbləri var. Buna görə sözü verdi Dövlət Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Əliqismət Lalayevə.

Teatrın direktoru dövlətin incəsənətə, mədəniyyətə diqqət qayğısından danışdı, kollektivin son illər qazandığı uğurlardan söz açdı. Əliqismət müəllim bildirdi ki, Azərbaycan incəsənətində özünəməxsus yeri olan Dövlət Musiqili Teatr yeni bir inkişaf dövrünü yaşayır, maraqlı tamaşalar hazırlayır, beynəlxalq layihələrdə iştirak edir, festivallara dəvət alır. Son illər kollektivin üzvləri müxtəlif fəxri adlara layiq görülüblər, onlardan 10 nəfəri Prezident Mükafatı alır. Xalq artistləri Afaq Bəşirqızı İlham Namiq Kamal "Şöhrət" ordeni ilə təltif olunublar. Teatrın hazırladığı Qoqolun "Evlənmə" tamaşası Mədəniyyət Turizm Nazirliyinin "Zirvə" mükafatına layiq görülüb. Daha bir "Zirvə" isə Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" əsərinin bu səhnədə hazırlanan tamaşası ilə bağlıdı. Əməkdar artist Şövqü Hüseynov həmin tamaşadakı Məşədi İbad obrazının uğurlu ifasına görə bu nüfuzlu mükafata sahib çıxıb.

Direktor onu da vurğuladı ki, yola salmağa hazırlaşdıqları 105-ci mövsüm kollektiv üçün yaddaqalan olub.

Nəhayət bugünkü çal-çağırın səbəbi məlum oldu. Əliqismət müəllim bildirdi ki, Dövlət Musiqili Teatrı növbəti ilkə imza atmaq istəyir. Təntənəli bağlanış mərasimi keçirmək ilk dəfə məhz bu kollektivə nəsib olacaq. Başa çatan mövsümdə yaradıcılıq fəaliyyətləri ilə seçilən, uğurlu rolları, sənət uğurları, öz peşələri ilə hörmət qazanan, teatrın inkişafına xidmət edən əməkdaşlar mükafatlandırılacaq. Teatr tariximizdə ilk dəfə geridə qalan mövsümün belə bir bayram ovqatında qeyd olunması xüsusilə gənclərin gələcək fəaliyyətlərində mühüm rol oynayacaq, onlara böyük stimul verəcək. Direktor onu da xüsusi vurğuladı ki, mükafatlar əsasən gənclərə təqdim olunacaq.

 

Xalqın artistiya Afaq Bəşirqızıdan maraqlı addım

 

Bayram ovqatlı bağlanış mərasiminin ən həyəcanlı anları başladı. Mükafat sahiblərinin adları açıqlanmazdan öncə Xalq artisti Afaq Bəşirqızı podiuma çıxdı. Afaq xanım elə bir xəbər dedi ki...

Bu barədə yazaq, qoy oxucuların, teatr həvəskarlarının da xəbəri olsun. Afaq Bəşirqızı bu yaxınlarda layiq görüldüyü Prezidentin fərdi təqaüdünün ilk ayına düşən pulu doğma kollektivin texniki işçiləri arasında bölüşdürəcək.

Alqışa səbəb olan bu şad xəbərdən sonra mükafat yağış kimi yağmağa başladı. İstedadlı aktrisa, son illər müxtəlif ödüllər alan Gültac Əlili bu dəfə də fərqləndi və "Mövsümün aktrisası" seçildi. Amil Həsənoğlu "Mövsümün aktyoru", Cəlalə Novruzlu "Mövsümün ən yaxşı balet artisti", Səma Cəfərova "Mövsümün ən yaxşı xor artisti", Hacı Məmmədov "Mövsümün ən yaxşı musiqiçisi", Əzizağa Əzizov "Mövsümün sevilən aktyoru", Əliməmməd Novruzov "Mövsümün perspektivli aktyoru" nominasiyasının qalibləri elan olunduqlarına görə pul mükafatını və təbrikləri qəbul etdilər.

Aktrisa Svetlana Bulax "İlin yubilyarı" oldu. Azərbaycanın ən tanınmış teatr rəssamlarından sayılan Nabat Səmədova tədbir keçirilən gün doğum gününü qeyd etdiyinə görə "Günün yubilyarı" seçildi. Həmin gün istedadlı rəssam üçün əsl yubiley idi. Rəqəmi özümüz yazmırıq, onsuz da Nabat xanımı yaxından tanıyanlar ona bu yaşı vermirlər.

Maraqlıdır ki, teatr rəhbərliyi səhnədə görünməyən işçiləri diqqətdən kənarda saxlamadı. Yelena Almazova "Mövsümün ən yaxşı sex rəisi", Məcid Hüseynov isə "Mövsümün ən yaxşı texniki işçisi" kimi mükafatlandırıldı.

Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluş verdiyi "Toya bir gün qalmış" tamaşası isə "İlin ən yaxşı tamaşası" nominasiyasının qalibi oldu.

Mükafatlar bununla bitmədi. Unudulmaz sənətkar, Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi "Billur alma" mükafatı Əməkdar artist Səidə Şərifəliyevaya aktyor Səmədzadə Xasıyevə təqdim edildi. Hər iki laureata pul mükafatı da qismət oldu.

Növbəti mükafat isə Teatr Xadimləri İttifaqından gəldi. Aktyorlar Emil Heydərov, Marina Litvenonko, Mehriban Zalıyeva Elnarə Nağdəliyeva mövsüm boyu göstərdikləri səmərəli fəaliyyətlərinə görə bu qurumun fəxri diplomları ilə təltif olundular. Diplomları qaliblərə Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov təqdim etdi.

 

Direktor da unudulmadı

 

Sonra mikrofon önünə teatrın direktor müavini Hüseyn Hüseynov çıxdı daha bir şad xəbəri bayram iştirakçılarına xatırlatdı. Məlum oldu ki, Dövlət Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Əliqismət Lalayev bayramın bayrama qarışdığı bu gündə dünyaya gəlib. Hüseyn Hüseynov dedi ki, teatrımızın inkişafı üçün böyük işlər görən, kollektivin hər bir üzvünə qarşı diqqətlə yanaşan direktorun ad gününü səssizcə keçirmək fikrində deyillər. Ona görə işçilər xüsusi hazırlıq görüblər. Alqışlarla səhnəyə dəvət olunan Əliqsmət Lalayevə xatirə hədiyyəsi təqdim olundu doğum günü münasibəti ilə bişirilən, üzərində isti sözlər yazılmış tort kəsildi.

Tədbirin gedişində mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyevlə telefon bağlantısı yaradıldı. Nazir müavini mükafat alanları kollektivin bütün üzvlərini təbrik etdi, Musiqili Teatra payızda start götürəcək yeni mövsümdə daha böyük uğurlar arzuladı.

Dövlət Musiqili Teatrın kollektivi mərasimin sonunda doyunca oxuyub rəqs etdi. İlk dəfə mövsümün bağlanışı belə təmtəraqla qeyd olundu. İndi görün yeni mövsümün açılışı necə maraqlı olacaq...

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2015.- 11 iyul.- S. 9.